Konstitusiya Məhkəməsinin sədri onlayn formatda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib

Xəbərlər

2021 Feb

25.02.2021

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev fevralın 24-25-də Çexiya Respublikası Konstitusiya Məhkəməsinin sədirliyi ilə onlayn formatda keçirilmiş Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatı Sədrlərinin iclasında və Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının XVIII Konqresində iştirak edib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, Sədrlərin iclasında Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası ilə Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatı arasında Memorandumun imzalanması, Təşkilata növbəti sədrlik edən Konstitusiya Məhkəməsinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunub.

Konqresdə Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio, habelə konstitusiya ədliyyəsi üzrə regional təşkilatlara sədrlik edən Çexiya Respublikasının Konstitusiya Məhkəməsinin sədri Pavel Rıxetski, Qazaxıstan Respublikasının Konstitusiya Şurasının sədri Kayrat Mami və Anqola Konstitusiya Tribunalının sədri Manuel Araqao açılış nitqləri ilə çıxış ediblər.

Konqresin praktiki hissəsində milli qanunvericilikdə təsbit olunmuş insan hüquqları, beynəlxalq hüquq müstəvisində əksini tapan insan hüquqları, Konstitusiya məhkəmələri tərəfindən bir sıra hüquqların müdafiəsi və konstitusiya ədalət mühakiməsi ilə bağlı digər məsələlər üzrə məruzələr dinlənilib.

Tədbirin yekununda qəbul edilmiş qərara əsasən, növbəti üç il ərzində Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatına sədrlik Moldova Respublikası Konstitusiya Məhkəməsinə keçib.