17.02.2021
Fərhad Abdullayevin sədrliyi
ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi
konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
İclasda Azərbaycan
Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
332.3-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri
- Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Milli Məclisi
Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin Hərbi
qanunvericilik sektorunun müdiri E.Əsgərovun, mütəxəssislər - Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun və Bakı
Apelyasiya Məhkəməsinin hakimi K.Əkbərovun mülahizələrini, işin materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin “Bu Məcəllənin 332.1,
332.1-1, 332.1-2 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər” müddəası
həmin Məcəllənin 332.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsin sağlamlığına
ağır zərər vuran və ya digər ağır nəticələrə səbəb olan yalnız “tabelik münasibətlərində
olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının
pozulması” əməlini ehtiva edir.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.