2010-12-10 Konstitusiya Məhkəməsi Aparatının əməkdaşlarının “Qış Akademiyası” tədris proqramında iştirakı

Xəbərlər

2010 Dec

Cari ilin 25 oktyabr – 13 noyabr tarixlərində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) tərəfindən Berlin şəhərində Cənubi Qafqaz ölkələrini təmsil edən hüquqşünaslar üçün təşkil olunmuş “Qış Akademiyası” tədris proqramında Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları Nigar Dünyamalıyeva və Humay Əfəndiyeva iştirak etmişlər.

Tədris proqramında həmçinin Azərbaycan Respublikasının Milli Məclisi, Ədliyyə Nazirliyi, Ali Məhkəməsi aparatlarının nümayəndələri, habelə Vəkillər kollegiyasının üzvü iştirak etmişdirlər. 

Tədbirdə hüquq elminin müxtəlif sahələrinə - dövlət quruluşunun konstitusion əsasları, qanunvericilik sistemi və onun konstitusion əsasları, milli və beynəlxalq hüququn qarşılıqlı əlaqəsi, mülkiyyət hüququ, onun konstitusion əsasları, tərkib elementləri və müdafiəsi mövzularında mühazirələr dinlənilmiş, sadalanan mövzularla bağlı fikir mübadiləsi aparılmış, işçi qruplar şəklində məşğələlər keçirilmişdir. Tədris kursu çərçivəsində habelə, danışıqlar prosesi və münaqişələrin nizama salınması, kommunikasiya və təqdimat, liderlik bacarığı kimi mövzularda da praktik məşğələlər aparılmışdır.

Səfər çərçivəsində Almaniya parlamenti – Bundestaqda “Qış Akademiyası”nın iştirakçısı olan hüquqşünaslarla görüş keçirilmiş, görüşdə parlamentin Avropa İttifaqı məsələləri üzrə komitəsinin katibliyinin rəhbəri tərəfindən Almaniya parlamentinin tarixi, strukturu, fəaliyyəti barədə ətraflı məlumat verilmiş, görüş iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı. 

Maraq doğuran tədbirlərdən biri də Konrad Adenauer və Robert Boş fondları tərəfindən təşkil edilmiş “Avropa Mühazirəsi” oldu.  Almaniya Federal kansleri Angela Merkelin təqdimatı ilə keçirilən  tədbirdə Avropa Şurasının Prezidenti Herman van Rompuyun Avropa Birliyinin tarixi və müasir inkişaf istiqamətlərinə dair mühazirəsi dinlənildi.

Təlim kursunun sonunda “Qış Akademiyası”nın iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.