Noyabrın 12-də Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Hüquqşünaslar Konfederasiyası, Avropa Şurası Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) birgə təşkilatçılığı ilə keçirilən “İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya mexanizmləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş tədbirdə dövlət və hökumət qurumlarının rəsmiləri, Avropa İnsan Hüquqları Məhkəməsinin, o cümlədən Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, Almaniya, Avstriya, Qazaxıstan və Moldova Konstitusiya nəzarəti orqanlarının sədrləri və nümayəndələri, Beynəlxalq Hüquqşünaslar Birliyinin rəhbərliyi, ekspert və nümayəndələri, eləcə də Azərbaycan Hüquqşünaslar Konfederasiyasının, Avropa Şurası Venesiya Komissiyasının və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin üzvləri iştirak etmişlər.
Konfransı açan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirmişdir ki, bu gün Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar bir hadisə - Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyasının 15 illik yubileyi qeyd edilir. Dövlətin Əsas Qanununun qəbul edilməsi Azərbaycan dövlətçiliyinin yeni, müstəqil inkişaf mərhələsinə qədəm qoymasına keçidini şərtləndirmişdir. Bu Konstitusiyanın yaradılması və referendum yolu ilə qəbul edilməsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan gərgin işlərin nəticəsində mümkün olmuşdur.
Qeyd edilmişdir ki, ötən 15 il Azərbaycanın yeni tarixində xüsusi yer tutur. Həmin müddətdə ölkə demokratik dövlət quruculuğu sahəsində, iqtisadiyyatın və sosial-siyasi həyatın inkişafında taleyüklü dəyişikliklərə nail olunmuşdur. Konstitusiyanın qəbul edilməsi müasir, dünyəvi dövlət və vətəndaş cəmiyyəti tələblərinə cavab verən dövlət sisteminin formalaşmasında və möhkəm hüquqi bazanın yaradılması sahəsində mühüm addım olmuşdur. Əsas Qanun dövlətimizin, onun ərazi bütövlüyünün və cəmiyyətin hüquqi baxımdan legitimləşdirilməsini təmin etmişdir. Konstitusiyada təsbit olunmuş hüquqi baza Azərbaycanın siyasi, sosial və iqtisadi inkişafının sabitliyinə və dinamikliyinə imkan yaratmışdır.
Konstitusiya Məhkəməsinin sədri əminliklə söyləmişdir ki, Konstitusiyanın qüvvədə olduğu illər ərzində kütləvi hüquqi dərketmədə köklü dəyişikliklər baş vermiş, konstitusion-hüquq mədəniyyətinin formalaşması istiqamətində zəruri irəliləyişlər baş vermişdir.
Konfransda çıxış edən Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov konfransın həsr olunduğu mövzunun aktuallığını qeyd etmiş, təşkilatçılara minnətdarlığını bildirmişdir.
Z.Əsgərov qeyd etmişdir ki, bu qəbildən konfransların keçirilməsi, ümumiyyətlə insanların hüquq və azadlıqlarının müdafiə sistemlərinin müzakirə olunması hüquqi təbliğat kimi əhəmiyyətlidir. Hüquqi təbliğatın hüquqi tərbiyə, onun hüquqi mədəniyyət, sonuncunun hüququn aliliyini formalaşdırdığını vurğulayan MM sədrinin birinci müavini bunun da öz növbəsində hüquqi dövləti formalaşdırdığını qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiə sisteminin yaradılması üçün xeyli iş görülmüş, bu istiqamətdə çox möhkəm hüquqi baza formalaşmışdırılmışdır. Konstitusiyanın çox böyük hissəsinin insanların hüquq və azadlıqları bölməsini əhatə etdiyini xatırladan Z.Əsgərov Əsas Qanunun qəbulundan sonra çoxsaylı qanunların hazırlandığını, Azərbaycanın bu istiqamətdə kifayət qədər beynəlxalq konvensiyalara qoşulduğunu diqqətə çatdırmışdır.
Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Tanya Qervyen tədbirdə çıxış edərək Azərbaycanla təmsil etdiyi qurum arasında 1996-cı ildən başlayaraq əlaqələrin yarandığını xarırlatmışdır. Qeyd etmişdir ki, hazırda bu iki tərəf arasında qanunun aliliyi, insan hüquq və azadlıqlarının təmini istiqamətində məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Bunun hər iki tərəf üçün faydalı olduğu, mövcud qanunvericiliyin təkmilləşdirilməsinə və yeni qanunların qəbuluna müsbət təsiri vurğulanmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbulundan çox az vaxt keçməsinə baxmayaraq, ölkədə böyük uğurlar əldə edilmişdir. Azərbaycanın ötən 15 ildə 150 ilə bərabər inkişaf yolu keçdiyini vurğulayan Ə.Hüseynov bidirmişdir ki, bunun kökündə 1995-cildə qəbul olunmuş Əsas Qanunda öz əksini tapmış hüquqi, demokratik və dünyəvi inkişaf yolu dayanır.
Əli Hüseynov Azərbaycan Hüquqşünaslar Konfederasiyası tərəfindən Amerika Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə 3 dildə çap olunmuş Azərbaycan Konstitusiyasını konfrans iştirakçılarına təqdim etmişdir.
Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkov Azərbaycan Konstitusiyasının 15 illiyi münasibətilə tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını təbrik etmişdir. A.Trebkov Azərbaycanın son illər görünməmiş inkişaf yolu keçdiyini, Bakıya hər gəlişində misilsiz uğurların şahidi olduğunu vurğulamışdır. 2000-ci ilin noyabrında ümummilli lider Heydər Əliyev ilə görüşünü xatırladan qonaq, bu inkişafın əsasında görkəmli dövət xadiminin gərgin əməyinin, onun müəyyən etdiyi strategiyanın uğurla reallaşdırılmasının və bu siyasət ustasının təxəyyülünün məhsulu olan Konstitusiyanın dayandığını qeyd etmişdir.
A.Trebkov beynəlxalq konfransın insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində əməkdaşlığa mühüm töhfələr verəcəyinə əmin olduğunu vurğulamışdır.
GTZ-nin layihə rəhbəri Anya Keniqsman Azərbaycanda Konstitusiya ənənəsinin yarandığını və bunun əsaslı inkişafa təkan verdiyini bildirmişdir. Azərbaycan vətəndaşlarının sərəncamında çox geniş, təsirli, demokratik və sosial hüquqların olduğunu qeyd edən A.Keniqsman Konstitusiyada vətəndaşların vəzifələrinin də çox aydın təsvir edildiyini bildirmişdir. Azərbaycanda qanunvericilik sahəsində böyük təcrübənin toplandığı və bu zaman bütün demokratik prosedurlara əməl edildiyi vurğulanmışdır.
Konstitusiyanın canlı orqanizm olduğunu vurğulayan GTZ nümayəndəsi onun daim inkişaf etdiyini, təkmilləşdiyini bildirmiş, Azərbaycanda da bu prosesin davamlı xarakter daşıdığını qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycanın Əsas Qanunu öz kamilliyi ilə diqqəti cəlb edir və burada hakimiyyətin qolları arasındakı mütənasiblik öz əksini tapmışdır.
Tədbirdə çıxış edən Türkiyə Konstitusiya Məhkəməsinin hakimi Sərdar Özgüldür tədbirin əhəmiyyətini vurğulamış, aparılan müzakirələrin gələcəkdə birgə fəaliyyət üçün əhəmiyyətli rol oynayacağına əminliyini ifadə etmişdir.
Konstitusiyanın 15 illiyi münasibətilə qardaş ölkənin vətəndaşlarını təbrik etməkdən məmnunluq duyduğunu vurğulayan qonaq, Azərbaycanda demokratiya, hüquqi dövlət quruculuğu və insan hüquqları və azadlıqları sahəsində böyük addımlar atıldığını bildirmişdir.
Konfransda Avstriya Konstitusiya Məhkəməsinin hakimi Xerbert Xallerin “Avstriyada insan hüquqlarının müdafiəsi sistemi”, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xozep Kasadevalın “Konstitusionallıq və Konvensiya”, Ukrayna Konstitusiya Məhkəməsinin hakimi Yuriy Baulin “Konstitusiya Məhkəməsi insan və vətəndaşın konstitusiya hüquq və azadlıqlarının cəmiyyətdə qorunmasının qarantı kimi”, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyevin “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tətbiqində yüksək məhkəmələrin rolu: ədalət mühakiməsi prinsipi”, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Enn Pauerin “Strasburq (məhkəmə) təcrübəsinin konstitusiya hüquqlarının milli səviyyədə şərhinə təsiri”, Qazaxıstan Konstitusiya Şurasının üzvü Amanjol Nurmaqambetovun “Qazaxıstanda vətəndaşların sosial hüquqlarının müdafiəsinin konstitusiya-hüquqi mexanizmi” və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.