02.12.2020
2020-ci il dekabrın 2-də Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsində Qazaxıstan Respublikasının Azərbaycan
Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Serjan Abdıkarimovla görüş
keçirilib.
Səfir ilk öncə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün bərpa edilməsi və torpaqlarının işğaldan azad edilməsi münasibəti
ilə Azərbaycan xalqını və Konstitusiya Məhkəməsinin bütün kollektivini təbrik
etdi.
Sədr Fərhad Abdullayev təbrikə görə təşəkkürünü
bildirərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun parlaq qələbəsinin haqq ədalətin
zəfəri olduğunu vurğulayıb. Qeyd edilib ki, bu tarixi Qələbə nəticəsində 30 ilə
yaxın davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğalına son
qoyulmuş, beynəlxalq hüququn tələblərinin təmin edilməsinə nail olunmuşdur.
Səfir qeyd etdi ki, Azərbaycan Respublikası ilə Qazaxıstan
Respublikası arasında əlaqələr bütün sahələrdə daima uğurla inkişaf edir. Həmin
əlaqələrin inkişafı həmçinin məhkəmə-hüquq sahəsində də müşahidə edilir.
Qeyd olunub ki, Qazaxıstan Respublikası Konstitusiyasının
25 illiyi ilə əlaqədar 2020-ci ilin avqustun 12-də Qazaxıstan Respublikasının
Prezidenti cənab Qasım-Comərd Tokayevin Fərmanı ilə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev ölkələr arasında dostluq və əməkdaşlığın
inkişafına görə II dərəcəli “Dostluq” ordeni ilə təltif olunub.
Qazaxıstan Respublikasının Səfiri cənab Serjan Abdıkarimov həmin ordeni Fərhad Abdullayevə təqdim edib.
Sədr Fərhad Abdullayev Qazaxıstan Respublikasının Dövlət Başçısına öz təşəkkürünü bildirərək, vurğuladı ki, bu yüksək təltif iki ölkə arasında olan dostluq əlaqələrinin təzahürüdür.
Həmçinin, Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Rauf Quliyevə "Qazaxıstan Respublikasının Konstitusiyasına 25 il" Yubiley medalı təqdim edilib.
Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış oldular və xatirə şəkilləri çəkildi.