06.10.2020
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı,
Avropa Konstitusiya Məhkəmələrinin Konfransı, habelə Asiya Konstitusiya Məhkəmələri
və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində dünyanın
bütün Konstitusiya məhkəmələrinə bəyanatla müraciət edib.
Bəyanatda son zamanlar Ermənistanın
Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb.
Qeyd edilib ki, bu təxribatlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən
uzaqda yerləşən şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması həm hərbi,
həm də mülki əhali arasında itkilərə səbəb olub. Bu hərəkətlər təcavüzkar Ermənistan
hakimiyyətinin 1988-ci ildə başlayan, Azərbaycan ərazisinin işğal edilməsinə
yönələn və azərbaycanlıların etnik təmizləməsi ilə müşayiət olunan siyasətinin
davamıdır.
Bəyanatda, həmçinin Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun Ermənistan ordusu tərəfindən
işğal olunması, bu işğal nəticəsində bir çox şəhər və kəndlərin tamamilə
dağıdılması, yerli əhalinin isə etnik təmizləməyə məruz qalması diqqətə
çatdırılıb. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın
azərbaycanlı öz yaşayış yerlərindən məcburi çıxarılıb. Təkcə Xocalıda baş verən
və yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli
cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə
vəhşicəsinə qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub.
Bundan başqa, 1275 nəfər girov götürülüb, onlardan 150 nəfərin, o cümlədən 68
qadın və 26 uşağın taleyi naməlumdur.
Konstitusiya məhkəmələrinin
diqqətinə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər
beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın
Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə təsdiq edilir. Azərbaycanın
işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik
Şurası 1993-cü ildə 4 qətnamə (882, 853, 874, 884) qəbul edib. Lakin həmin qətnamələr
Ermənistan tərəfindən hələ də icra olunmayıb.
Həmçinin İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin Çıraqov və başqaları Ermənistana qarşı 2015-ci il 16 iyun
tarixli qərarında Dağlıq Qarabağdakı proseslərin Ermənistanın nəzarəti altında
həyata keçirildiyi Strasburq Məhkəməsi tərəfindən qeyd edilib.
Bəyanatda, həmçinin vurğulanıb
ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin müxtəlif növ
silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dövlətimizin hərbi
mövqelərini, eyni zamanda, yaşayış məntəqələrini atəşə tutub. Ermənistan hökumətinin
ATƏT-in Minsk qrupu çərçivəsində konstruktiv danışıqlardan hər şəkildə boyun
qaçırmasını nəzərə alaraq, Azərbaycan hökuməti beynəlxalq səviyyədə tanınmış
dövlət sərhədləri daxilində ölkənin ərazi bütövlüyünü bərpa etmək, habelə vətəndaşlarının
təhlükəsizliyini, sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüquqa əsaslanaraq
Ermənistanın silahlı qüvvələrinə qarşı hərbi əməliyyata başlamağa məcbur olub.
Xüsusilə qeyd edilib ki, Azərbaycan
Silahlı Qüvvələrinin hərbi əməliyyatları mülki əhali və mülki infrastruktura
qarşı yönəlməyib. Həyata keçirilən əməliyyatlarda beynəlxalq humanitar hüququn
prinsiplərinə və Cenevrə Konvensiyasından irəli gələn öhdəliklərə əməl olunur.
Bəyanatın sonunda Azərbaycan hökumətinin qanuni və məcburi hərəkətlərinin ölkəmizin işğal olunmuş ərazilərində dövlətimizin yurisdiksiyasının bərpası, qaçqınların öz evlərinə qayıtması və beynəlxalq hüququn bərqərar olunması ilə nəticələnəcəyi əminliklə qeyd edilib.