01.10.2020
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı
prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
İclasda Balakən Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə
dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin
məruzəsini, maraqlı subyektlər - Balakən Rayon Məhkəməsinin hakimi Zamin
Tahirov, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi
qanunvericilik şöbəsinin inzibati qanunvericilik sektorunun müdiri Kəmalə
Paşayeva, mütəxəssislər - Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Hafiz
Nəsibov və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Elmar
Rəhimov tərəfindən təqdim edilmiş yazılı mülahizələri və iş materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi
bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların
səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən
hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci
maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın
səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi
qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda)
törədilməsindən asılı olmayaraq, eyni orqan tərəfindən tərtib olunmuş inzibati
xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü
maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir
neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid
olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində
tənbeh tətbiq edilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü
maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə
törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın
səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq
bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır.
Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən
edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar
Məcəlləsinin 25.4-cü, 27.1-ci, 28.3-cü, 29.3-cü və 30.1-ci maddələrində müəyyən
edilmiş hədlərdən artıq olmamalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.