27.08.2020
Fərhad
Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə
iclası keçirilib.
İclasda
Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki
və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi
müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin
- Bakı Apellyasiya Məhkəməsinin və Milli Məclisin nümayəndələrinin yazılı
çıxışlarını dinləyib, Ali Məhkəmənin, Mərkəzi Bankın və İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərinin yazılı mülahizələrini və işin
materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında
keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin
ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi
qaydalarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi
mövqelər nəzərə alınmaqla mümkün qədər qısa müddət ərzində tənzimlənməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qərar
dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.