Yanvarın 28-dən 30-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev və Ali Məhkəməsinin Sədri Ramiz Rzayevin başçılıq etdikləri yüksək məhkəmə orqanlarının nümayəndə heyəti Strasburq şəhərində işgüzar səfərdə olmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Sədri Jan-Pol Kosta ilə görüş keçirmişdir. Qonaqları salamlayan Sədr Jan-Pol Kosta Avopa Məhkəməsi ilə Azərbaycan Respublikasının məhkəmə orqanları arasında olan qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirərək, Avopa Konvensiyasının nəzarət mexanizminə dəyişikliləri nəzərdə tutan 14-cü Protokolunun qüvvəyə minməsi ilə əlaqədar Avropa Məhkəməsinə daxil olan şikayətlərin öyrənilməsi prosedurasının təkmilləşdirlməsinə, onlara baxılma mexanizminin sadələşdirilməsinə dair məlumat vermiş, bu qurumun fəaliyyətinin effektivliyinin bir çox hallarda milli məhkəmə orqanlarının səmərəli işindən asılı olduğunu vurğulamışdır. Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının yüksək məhkəmə orqanlarının Avropa Məhkəməsinin məhkəmə təcrübəsinə böyük diqqət yetirdiklərini və öz hüquqi mövqelərini əsaslandırılması zamanı Strasburq Məhkəməsinin qəbul etdikləri qərarlara mütəmadi şəkildə istinad etdiklərini bildirmişdir. Ali Məhkəmənin Sədri Ramiz Rzayev son illər ərzində Respublikamızda aparılmış hüquqi islahatlardan bəhs edərək Avropa Məhkəsinin təcrübəsinə Respublikanın Ali Məhkəməsində böyük diqqət yetirildiyini, bu təcrübənin baxılan işlərdə geniş tətbiq olunduğunu qeyd etmişdir. Görüşdə həmçinin Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev iştirak etmişdir.
Daha sonra, Avropa ölkələrinin Konstitusiya Məhkəmələri və Ali Məhkəmələrinin Sədrlərinin və hakimlərinin iştirakı ilə Avropa Məhkəməsinin 2010-cu il üzrə məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli iclas keçirilmişdir. Tədbirdə çıxış edən Avropa Məhkəməsinin Sədri və hakimləri Avropa Konvesiyasının bütün məhkəmə orqanları üçün böyük əhəmiyyət kəsb endiyini və artıq ümumi Avropa məhkəmə təcrübəsinin formalaşdığını qeyd etmişdirlər.
Sədr Fərhad Abdullayev və Sədr Ramiz Rzayev beynəlxalq tədbirdə iştirak edən bir sıra xarici ölkələrinin Konstitusiya Məhkəmələri və Ali Məhkəmələrinin rəhbərləri ilə görüşlər keçirmiş, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişlər.