2010-01-22 Konstitusiya Məhkəməsində 20 yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi

Xəbərlər

2010 Jan

Yanvarın 19-da Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış etmişdir. O bildirmişdir ki, XX əsrdə totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar qırğını Azərbaycan xalqına, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayətdir. Bununla bərabər, o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, çağdaş milli azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil olmuşdur. Yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə qəhrəman oğul və qızımız təpədən dırnağadək silahlanmış sovet qoşunlarının qarşısına əliyalın çıxmağa qadir olduğunu dünyaya sübut etmişdir. Həmin gün sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış xalqımız öz qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha göstərmişdir. 
Amansız sovet hərb maşını tərəfindən bir neçə gün ərzində 137 nəfərin öldürüldüyünü, 700-dək dinc vətəndaşın yaralandığını, yüzlərlə adamın qanunsuz həbs edildiyini diqqətə çatdıran Fərhad Abdullayev vurğulamışdır ki, bu qanlı hadisəyə ilk olaraq münasibətini bildirən ulu öndər Heydər Əliyev olmuşdur. Ümummilli lider özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib azərbaycanlılar və xarici jurnalistlər qarşısında bəyanat vermiş, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini ifşa etmiş, faciəni törədənləri cinayətkar adlandırmışdır. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya, humanizmə və SSRİ-də elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini diqqətə çatdırmışdır. Məhz ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində informasiya blokadası yarılmışdır. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəbləri araşdırılmış, cinayətkarların adları açıqlanmışdır. 
Mərasimdə çıxış edənlər 20 Yanvar faciəsi ilə bağlı açı xatirələrini danışmış, Qanlı Yanvarda canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını nəzərə çarpdırmışlar. 
Tədbirdə qeyd edilmişdir ki, şəhidlərin əziz xatirəsinə ehtiram və onların ailələrinə qayğı ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.