AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsinin «…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra
baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir» müddəasının şərh edilməsinə dair
15 avqust 2003-cü il Bakı şəhəri
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi F. Abdullayev (Sədr), hakimlər F. Babayev, B. Qəribov, R. Qvaladze (məruzəçi-hakim), İ. Nəcəfov, S. Salmanova və Ə. Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ. İsmayılovun,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Baş prokurorunun müavini E. Nuriyevin, hüquqi təminat şöbəsinin rəisi A. Cəfərovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini K. Şəfiyevin iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq açıq məhkəmə iclasında Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsinin «…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun 2003-cu il 20 iyul tarixli, 01/460 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
Hakim R. Qvaladzenin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri E. Nuriyev və K. Şəfiyevin çıxışlarını dinləyib, işin materiallarına baxaraq, Konstitusiya Məhkəməsi
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan Respublikasının Prokurorluğu sorğuda Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsinin «…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir» müddəasının tətbiqi ilə bağlı yarana biləcək qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə, həmin müddəanın şərh edilməsini xahiş edir.
İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsinin rəsmi mətni vardır.
Sorğu ilə bağlı Konstitusiya Məhkəməsi qeyd edir ki, Seçki Məcəlləsinin şərh olunacaq bu müddəasının mənası dövlət hakimiyyəti sistemində Azərbaycan Respublikası Prezidentinin yeri və rolu, onun konstitusiya statusunun xüsusiyyətləri nəzərə alınmaqla müəyyən oluna bilər.
Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir (Konstitusiyanın 101-ci maddəsinin I hissəsi).
Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Prezidenti ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir, Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir, Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. O, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır (Konstitusiyanın 8-ci maddəsi). Buna görə də Prezident institutunun əhəmiyyəti nəzərə alınaraq Prezidentə geniş səlahiyyətlər verilmişdir (Konstitusiyanın 109-cu maddəsi).
Dövlət başçısı kimi Prezidentin toxunulmazlığı (Konstitusiyanın 106-cı maddəsi), onun daim fəaliyyət göstərməsini və öz səlahiyyətlərinin fasiləsiz həyata keçirilməsini təmin edən hüquqi mexanizmlər Prenzidentin fəaliyyətinin təminatlarının əsasını təşkil edirlər.
Konstitusiyaya əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yegənə mənbəyi xalqdır (Konstitusiyanın 1-ci maddəsinin I hissəsi). Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs azad seçki nəticəsində xalq tərəfindən Prezidentə verilmiş səlahiyyətləri mənimsəyə bilməz (Konstitusiyanın 6-cı maddəsinin I hissəsi).
Məhz buna görə də Azərbaycan Respublikası Prezidentinin vaxtından əvvəl vəzifədən getməsinə yalnız Konstitusiyada nəzərdə tutulan hallarda və qaydada yol verilir.
Konstitusiyanın 104-cü maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən getmiş sayılır.
Konstitusiyanın 105-ci maddəsinin I hissəsində isə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir.
Konstitusiyanın bu müddəalarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsində qeyd edilmişdir ki, Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, növbədənkənar Prezident seçkiləri keçirilir.
Eyni zamanda həmin maddədə göstərilmişdir: «…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir». Sonuncu müddəa təhlil olunarkən Konstitusiyanın 105-ci maddəsinin I hissəsinin bəzi məqamlarının açıqlanması zərurəti yaranır.
Konstitusiyanın 105-ci maddəsinin I hissəsinin tətbiqi qeyri-şərtsizdir. Məhz buna görə hətta növbəti seçkilər zamanı Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar Prezident seçkiləri keçirilməlidir.
Seçki Məcəlləsinin 8.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, seçkilər (referendum) səsvermə gününə azı 120 gün qalmış elan edilir.
Konstitusiyanın və Seçki Məcəlləsinin yuxarıda adı çəkilən normalarının tələbləri baxımından Seçki Məcəlləsinin 179.1-ci maddəsinin «…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir» müddəası yalnız o vaxt tətbiq edilə bilər ki, növbəti seçkilər gününə 3 aydan çox müddət qalmış olsun. Göstərilən halda əvvəl təyin olunmuş seçkilər günü dəyişdirilməli və Konstitusiyanın 105-ci maddəsinin I hissəsinin seçkilərin üç ay müddətində keçirilməsi tələbinə riayət olunmalıdır.
Konstitusiyanın 105-ci maddəsinin I hissəsinin məqsədi ondan ibarətdir ki, qısa müddət ərzində -3 (üç) aydan gec olmayaraq, Azərbaycan Respublikasının yeni dövlət başçısının seçilməsi və onun tərəfindən dövlət başçısı kimi Konstitusiyada nəzərdə tutulan səlahiyyətlərin tezliklə həyata keçirilməsi təmin olunsun. Seçkilər gününə 3 (üç) aydan az müddət qaldıqda seçkilərin dayandırılması və yeni növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyanın 105-ci maddəsinin I hissəsinin məqsədlərinə cavab vermir.
Bundan başqa Konstitusiyanın göstərilən norması növbədənkanar Prezident seçkilərinin təyin olunmasından deyil, belə seçkilərin keçirilməsindən bəhs edir. Buna görə də növbəti seçki zamanı seçkilər gününə 3 aydan az müddət qaldıqda yenidən növbədənkənar seçkilərin təyin edilməsi yox, məhz həmin seçkilərin keçirilməsi müəyyən edilməlidir.
Növbəti seçkilər gününə 3 (üç) aydan az müddət qaldıqda və bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə Prezident seçkilərinin dayandırılmasına lüzum qalmır. Bu onunla əlaqədardır ki, artıq təyin olunmuş növbəti Prezident seçkiləri növbədənkanar Prezident seçkilərinin məqsədi ilə üst-üstə düşmüş olur. Digər tərəfdən göstərilən halda növbəti seçkilərin dayandırılması əlavə vaxt, vəsait, zəhmət sərf olunmasına, başqa əngəllərin yaranmasına səbəb ola bilər.
Buna görə növbəti seçkilər gününə 3 (üç) aydan az müddət qaldıqda və bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə Konstitusiyanın 105-ci maddəsinin tələblərinə riayət olunması məqsədilə seçkilərin statusu dəyişdirilərək növbədənkənar seçkilərin keçirilməsi müəyyən edilməli və seçkilər günündən əvvəlki üç (3) ay müddəti növbədənkanar seçkilər hesab edilməlidir. Bu halda Mərkəzi Seçki Komissiyasının seçki hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar bütün əvvəl qəbul edilmiş qərarları öz hüquqi qüvvəsini saxlamalıdır.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsi belə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 105-ci maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsinin «…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir» müddəası yalnız Azərbaycan Respublikası Prezident seçkiləri gününə 3 (üç) aydan çox müddət qaldığı hallara şamil edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66, 75, 76, 78, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Q Ə R A R A A L D I :
1. Azərbaycan Respublikası Konstitusiyasının 105-ci maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsinin «…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir» müddəası yalnız Azərbaycan Respublikası Prezidenti seçkiləri gününə 3 (üç) aydan çox müddət qaldığı hallara şamil edilir.
2. Növbəti seçkilər gününə 3 (üç) aydan az müddət qaldıqda və bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə Konstitusiyanın 105-ci maddəsinin tələblərinə riayət olunması məqsədilə seçkilərin statusu dəyişdirilərək növbədənkanar Prezident seçkilərinin keçirilməsi müəyyən edilir və bu seçkilər növbəti Prezident seçkiləri üçün müəyyən olunmuş müddətlər ərzində həyata keçirilir. Bu halda Mərkəzi Seçki Komissiyasının seçki hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar bütün əvvəl qəbul edilmiş qərarları öz hüquqi qüvvəsini saxlayırlar.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»-nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
Sədrlik edən Fərhad Abdullayev