Постановления

15.08.03 AR Seçki Məcəlləsinin 179.1-m.«…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir» şərhi

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN

Q Ə R A R I

Azərbaycan    Respublikası   Seçki  Məcəlləsinin 179.1-ci maddəsinin «…Bu hal növbəti Prezident seçkiləri  təyin  edildikdən   sonra 

baş    verərsə, növbəti   seçkilər dayandırılır və  növbədənkənar Prezident  seçkiləri   təyin   edilir»   müddəasının şərh edilməsinə dair

15 avqust 2003-cü il                                                                                                 Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi F. Abdullayev (Sədr), hakimlər F. Babayev, B. Qəribov, R. Qvaladze (məruzəçi-hakim),  İ. Nəcəfov, S. Salmanova və Ə. Sultanovdan ibarət  tərkibdə,

məhkəmə katibi İ. İsmayılovun,

xüsusi konstitusiya icraatında  maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan  Respublikası Baş prokurorunun müavini E. Nuriyevin, hüquqi təminat şöbəsinin rəisi A. Cəfərovun və  Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini K. Şəfiyevin iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin  IV hissəsinə uyğun olaraq açıq məhkəmə iclasında Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsinin «…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti   seçkilər dayandırılır və  növbədənkənar Prezident seçkiləri təyin edilir» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun 2003-cu il 20 iyul tarixli, 01/460 saylı  sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

Hakim R. Qvaladzenin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri E. Nuriyev və K. Şəfiyevin çıxışlarını dinləyib, işin materiallarına baxaraq, Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N   E T D İ:

Azərbaycan Respublikasının  Prokurorluğu sorğuda  Azərbaycan Respublikası Seçki  Məcəlləsinin 179.1-ci maddəsinin  «…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti   seçkilər dayandırılır və  növbədənkənar Prezident   seçkiləri təyin edilir» müddəasının  tətbiqi ilə bağlı yarana biləcək qeyri-müəyyənliyin aradan qaldırılması  məqsədilə, həmin müddəanın şərh edilməsini xahiş edir.

İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsinin rəsmi mətni vardır.

Sorğu ilə bağlı  Konstitusiya Məhkəməsi  qeyd edir ki,  Seçki Məcəlləsinin şərh olunacaq bu müddəasının mənası dövlət hakimiyyəti sistemində Azərbaycan Respublikası Prezidentinin  yeri və rolu, onun konstitusiya statusunun xüsusiyyətləri nəzərə alınmaqla müəyyən oluna bilər.

Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və  gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir  (Konstitusiyanın 101-ci maddəsinin I hissəsi).

Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Prezidenti ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir, Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir, Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. O, Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının və məhkəmə hakimiyyətinin müstəqilliyinin  təminatçısıdır (Konstitusiyanın 8-ci maddəsi). Buna görə də Prezident institutunun əhəmiyyəti nəzərə alınaraq  Prezidentə geniş səlahiyyətlər verilmişdir (Konstitusiyanın 109-cu maddəsi).

Dövlət başçısı kimi Prezidentin  toxunulmazlığı (Konstitusiyanın 106-cı maddəsi), onun daim fəaliyyət  göstərməsini və  öz səlahiyyətlərinin fasiləsiz həyata keçirilməsini təmin edən hüquqi mexanizmlər Prenzidentin fəaliyyətinin  təminatlarının əsasını təşkil edirlər.

Konstitusiyaya əsasən Azərbaycan Respublikasında dövlət  hakimiyyətinin yegənə  mənbəyi  xalqdır (Konstitusiyanın 1-ci maddəsinin I hissəsi). Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs azad seçki nəticəsində xalq tərəfindən Prezidentə verilmiş səlahiyyətləri mənimsəyə bilməz (Konstitusiyanın 6-cı maddəsinin I hissəsi).

Məhz buna görə də  Azərbaycan Respublikası  Prezidentinin vaxtından əvvəl vəzifədən getməsinə yalnız Konstitusiyada  nəzərdə tutulan hallarda və qaydada  yol verilir.

Konstitusiyanın 104-cü maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və  qaydada vəzifəsindən  kənarlaşdırıldıqda vaxtından əvvəl  vəzifədən  getmiş sayılır.

Konstitusiyanın 105-ci maddəsinin I  hissəsində isə nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının  Prezidenti  vaxtından əvvəl  vəzifədən getdikdə  üç ay  ərzində növbədənkənar  Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir.

Konstitusiyanın bu müddəalarının tələblərinə uyğun olaraq  Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsində qeyd  edilmişdir ki, Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa  çatmamış  bitərsə, növbədənkənar Prezident seçkiləri keçirilir.

Eyni zamanda həmin maddədə göstərilmişdir: «…Bu  hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir». Sonuncu  müddəa  təhlil olunarkən Konstitusiyanın 105-ci maddəsinin I   hissəsinin  bəzi məqamlarının  açıqlanması zərurəti yaranır.

Konstitusiyanın 105-ci maddəsinin I  hissəsinin  tətbiqi qeyri-şərtsizdir. Məhz buna görə hətta  növbəti seçkilər zamanı Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar  Prezident seçkiləri  keçirilməlidir.

Seçki Məcəlləsinin 8.1-ci maddəsində nəzərdə tutulmuşdur ki,   seçkilər (referendum) səsvermə gününə azı 120 gün qalmış elan edilir.

Konstitusiyanın və Seçki Məcəlləsinin yuxarıda adı çəkilən normalarının tələbləri baxımından Seçki Məcəlləsinin 179.1-ci maddəsinin   «…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident  seçkiləri təyin edilir»  müddəası yalnız o vaxt tətbiq edilə bilər ki, növbəti  seçkilər gününə 3 aydan çox müddət  qalmış olsun. Göstərilən halda əvvəl təyin olunmuş seçkilər günü  dəyişdirilməli və Konstitusiyanın 105-ci maddəsinin I hissəsinin seçkilərin üç ay müddətində keçirilməsi tələbinə riayət olunmalıdır.

Konstitusiyanın 105-ci maddəsinin I hissəsinin məqsədi ondan ibarətdir ki, qısa müddət ərzində -3 (üç) aydan  gec olmayaraq, Azərbaycan Respublikasının yeni dövlət başçısının seçilməsi və onun tərəfindən dövlət başçısı kimi Konstitusiyada nəzərdə tutulan səlahiyyətlərin tezliklə həyata keçirilməsi  təmin olunsun. Seçkilər gününə 3 (üç) aydan az  müddət qaldıqda seçkilərin dayandırılması  və yeni  növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyanın 105-ci maddəsinin  I  hissəsinin məqsədlərinə cavab vermir.

Bundan başqa Konstitusiyanın göstərilən norması növbədənkanar Prezident seçkilərinin təyin olunmasından deyil, belə seçkilərin  keçirilməsindən bəhs edir. Buna  görə də növbəti seçki zamanı  seçkilər  gününə 3 aydan az müddət qaldıqda yenidən növbədənkənar  seçkilərin təyin edilməsi yox, məhz həmin seçkilərin keçirilməsi müəyyən edilməlidir.

Növbəti seçkilər gününə 3 (üç) aydan az  müddət qaldıqda və bu müddət  ərzində Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə Prezident seçkilərinin dayandırılmasına lüzum qalmır. Bu onunla əlaqədardır ki, artıq təyin olunmuş növbəti Prezident seçkiləri növbədənkanar Prezident seçkilərinin məqsədi ilə üst-üstə düşmüş olur. Digər tərəfdən göstərilən halda növbəti seçkilərin dayandırılması əlavə vaxt, vəsait, zəhmət sərf olunmasına, başqa əngəllərin yaranmasına səbəb ola bilər.

Buna görə növbəti seçkilər gününə 3 (üç) aydan az  müddət qaldıqda və bu müddət  ərzində Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə Konstitusiyanın 105-ci maddəsinin tələblərinə riayət olunması məqsədilə seçkilərin statusu dəyişdirilərək növbədənkənar seçkilərin keçirilməsi müəyyən edilməli və seçkilər günündən əvvəlki üç (3) ay müddəti növbədənkanar seçkilər hesab edilməlidir. Bu halda Mərkəzi Seçki Komissiyasının seçki hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar bütün əvvəl qəbul edilmiş qərarları öz hüquqi qüvvəsini saxlamalıdır.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsi belə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 105-ci maddəsinin I hissəsinin  tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin  179.1-ci maddəsinin «…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti   seçkilər dayandırılır və  növbədənkənar Prezident  seçkiləri təyin edilir» müddəası yalnız Azərbaycan Respublikası  Prezident seçkiləri gününə 3 (üç) aydan çox müddət qaldığı hallara şamil edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin  IV  hissəsini, «Konstitusiya  Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66, 75, 76, 78,  80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A   A L D I :

1.   Azərbaycan Respublikası Konstitusiyasının 105-ci maddəsinin I hissəsinin  tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin  179.1-ci maddəsinin «…Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti   seçkilər dayandırılır və  növbədənkənar Prezident  seçkiləri təyin edilir» müddəası yalnız Azərbaycan Respublikası  Prezidenti seçkiləri gününə 3 (üç) aydan çox müddət qaldığı hallara şamil edilir.

2.   Növbəti seçkilər gününə 3 (üç) aydan az  müddət qaldıqda və bu müddət  ərzində Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə Konstitusiyanın 105-ci maddəsinin tələblərinə riayət olunması məqsədilə seçkilərin statusu dəyişdirilərək növbədənkanar Prezident seçkilərinin  keçirilməsi müəyyən edilir və bu seçkilər növbəti Prezident seçkiləri üçün müəyyən olunmuş müddətlər ərzində həyata keçirilir. Bu halda Mərkəzi Seçki Komissiyasının seçki hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar bütün əvvəl qəbul edilmiş qərarları öz hüquqi qüvvəsini saxlayırlar.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»-nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya  vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                                Fərhad Abdullayev