Qərarlar

19.04.01 AR Əmək Məcəlləsinin 132-mad. ikinci hissəsinin azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsinə

 

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

 

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSININ

 

QƏRARI

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsinin azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi müddəasına dair

 

19 aprel 2001-ci il                                                                       Bakı şəhəri

 

    Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  sədrlik  edən X.Hacıyev, hakimlər F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi-hakim), Ə.Sultanovdan ibarət tərkibdə,

    İ.İsmayılovun katibliyi ilə,

    sorğuverən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun,

    cavabverən orqanın  qanuni nümayəndəsi, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Ümumi şöbəsinin müdir müavini İ.Əbdüləzizovun,

    ekspertlər: Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək siyasəti idarəsinin rəisi T.Məmmədovanın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə qərarlarının icrası Baş idarəsinin qərargah rəisi M.Hümbətovun, Bakı Dövlət Universiteti hüquq fakültəsi cinayət hüququ  kafedrasının dosenti, hüquq  elmləri namizədi  R.Şəmsizadənin iştirakı ilə,

    Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin  III  hissəsinə  müvafiq  olaraq  açıq  məhkəmə  iclasında  konstitusiya məhkəmə icraatı  üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2001-ci il 16 mart tarixli 5-2/2001 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

    İş üzrə hakim S.Salmanovanın məruzəsini, tərəflərin nümayəndələri B.Əsədovun, İ.Əbdüləzizovun çıxışlarını, ekspertlər T.Məmmədova, M.Hümbətov və R.Şəmsizadənin rəylərini dinləyib, konstitusiya işinin materiallarına baxaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

 

MÜƏYYƏN  ETDİ:

 

    Azərbaycan Respublikasının Ali Məhkəməsi  sorğusunda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsinin azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilmiş şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi  müddəasının şərh olunmasını xahiş edir.

    İşin materiallarında Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  49-cu maddəsinin, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10,40,41,42,44 və 96-cı maddələrinin rəsmi mətnləri vardır.

Sorğu ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir, həmin cəza məhkumun iş yeri üzrə çəkilir və islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.

Məhkəmə tərəfindən təyin edilən cəzaların, o cümlədən islah işləri cəzasının icrası və çəkilməsi qaydalarını və şərtlərini Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi müəyyən edir. Həmin Məcəllənin  40-cı maddəsinə əsasən islah işləri növündə  cəza məhkumun əsas  iş yeri üzrə çəkilir.

İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar (Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 41.1-ci maddəsi). Lakin həmin şəxslərin hüquqlarında bir sıra məhdudiyyətlər müəyyən edilir. Belə ki, bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə  müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilər, onlar cəza çəkmək üçün müəyyən edilmiş qaydaya riayət etməli, cəzanın bu növünü icra edən məhkəmə icraçısının çağırışına gəlməlidirlər (Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 41.1 və 42.2-ci maddələri). İslah işləri növündə cəzanın icrası şərtlərindən biri kimi məhkum olunmuş şəxsin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə dövlət nəfinə pul tutulması müəyyənləşdirilmişdir (Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 44.1-ci maddəsi).

Göründüyü kimi, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində islah işləri cəzasına məhkum olunmuş  şəxslər üçün yuxarıda göstərilənlərdən başqa digər məhdudiyyətlər nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsində  əlavə məhdudiyyət kimi islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi  göstərilmişdir.

Lakin belə məhdudiyyət Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10-cu və 44.3-cü maddələri ilə uzlaşmır.

Belə ki, adı çəkilən Məcəllənin 10.2.3-cü maddəsinə əsasən cəzaların icrası və çəkilməsi zamanı məhkumların istirahət etmək hüququ var. Məhz buna görə həmin Məcəllənin 44.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Xüsusi ilə qeyd edilməlidir ki, azadlıqdan məhrum etməyə məhkum olunmuş və əmək fəaliyyəti ilə məşğul olan şəxslərə də  Cəzaların  İcrası  Məcəlləsinin  96.5-ci maddəsinə uyğun olaraq hər il  əmək qanunvericiliyi  ilə müəyyən edilmiş ödənişli  məzuniyyət  verilməlidir.  

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin yuxarıda qeyd edilən normalarının təhlili göstərir ki, islah işlərinə məhkum olunmuş şəxslər işəgötürən ilə bağladığı əmək müqaviləsi əsasında cəzasını işlədikləri müəssisədə, əvvəlki vəzifədə və ya işdə qalmaqla çəkirlər. Həmin şəxslərə əmək qanunvericiliyində işçilərə nəzərdə tutulan iş vaxtı, istirahət vaxtı, əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları tətbiq olunur. Bu Məcəllədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsindən fərqli olaraq  məhkumların Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsi ilə  təmin olunan  istirahət hüququnun  məhdudlaşdırılmasına dair heç bir müddəa yoxdur.

Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

Vətəndaşların istirahət hüququ  həmçinin «İnsan    hüquqları   haqqında  Ümumi  Bəyannamə»nin 24-cü maddəsində  və Beynəlxalq Əmək Təşkilatının «Ödənişli məzuniyyətlər haqqında» Konvensiyasının 3-cü maddəsində təsbit edilmişdir. 

Beləliklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsinin azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsinə dair müddəası Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsində təsbit olunan istirahət hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə əsasən isə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

    Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsini  və  «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun  75, 76, 78, 80-83 və 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

 

QƏRARA  ALDI:

 

1.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci  hissəsinin azadlıqdan  məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək  stajına daxil edilməməsinə dair müddəası Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.

2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda  dərc  olunsun.

4.Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi  təfsir edilə bilməz.

  

 

Sədrlik edən                                                                   Xanlar Hacıyev

 

 

 

 

 



 

 

 

 

 

 



X Ü S U S İ  R ƏY

  

 Hesab edirəm ki, Konstitusiyanın 37-ci maddəsinin II hissəsinin, Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsinin və Cəzaların İcrası Məcəlləsinin 44.2 və 44.3-cü maddələrinin müddəalarının aşağıdakı mənada təhlil və şərh edilməsi hüquqa uyğundur.

Konstitusiyanın 37-ci maddəsinin II hissəsinə görə əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

Cəzaların İcrası Məcəlləsi islah işlərinə məhkum olunmuş şəxslər tərəfindən konstitusiya istirahət hüququndan istifadə olunmasını bütövlükdə istisna etmir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun ümumi iş stajına daxil edilir. Bu Məcəllənin 44.3-cü maddəsi bu şəxslərin məzuniyyətlərdən istifadə etmək hüququnun müəyyən edilməsini əmək qanunvericiliyinin öhdəsinə buraxır. Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsinə görə isə azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Beləliklə, əmək qanunvericiliyi digər növ məzuniyyətlərə toxunmadan islah işlərinə məhkum olunmuş şəxslər üçün nəinki ödənişli məzuniyyəti nəzərdə tutmamış, hətta onların cəza çəkdiyi müddəti belə məzuniyyət hüququ verən əmək stajına daxil etməmişdir.

Bu hal hər şeydən əvvəl Konstitusiyanın müddəalarından irəli gəlir. Belə ki, Konstitusiyanın 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

Məlumdur ki, hüquqi məsuliyyətin hüquq bərpaedici və cəzalandırıcı məzmunu vardır. Cəzalandırıcı məzmun hüquqpozmanın tövsifini, cəzanın və tənbehin fərdiləşdirilməsini, hüquqpozuntusu törətmiş şəxsə qarşı məcbur etmə tədbirlərinin tətbiqini, o cümlədən hüquqların məhdudlaşdırılmasını və s. müəyyən edir. 

Cinayət Məcəlləsinin 41-ci maddəsinə görə hər hansı cəza, o cümlədən islah işləri məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir (hüquqda buna həmçinin dövlət məcbur etmə tədbiri də deyirlər). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Hər bir cinayət cəzasının özünəməxsus həcmi, məzmunu və tətbiqinin şərtləri vardır. Qanunverici hər hansı cinayətin törədilməsinə görə məsuliyyət müəyyən edərkən, cəzanın cinayət-hüquqi təbiətini və məqsədlərini rəhbər tutur.

Cinayət Məcəlləsinin 49-cu maddəsindən göründüyü kimi islah işlərinin cinayət-hüquqi təbiəti əsasən ondan ibarətdir ki, bu cəza şəxsin məhkumluqdan əvvəl hər hansı yerdə işləməsi halının mövcudluğu zamanı tətbiq olunur. Burada şəxsin əvvəldən işləməsi, yəni əmək müqaviləsinin mövcudluğu, məhkəmə tərəfindən islah işləri tətbiq etmək üçün şərtdir. Məhkəmə hökmü əsasında isə şəxs məhkumluqdan əvvəl işlədiyi yer üzrə iki aydan iki ilədək müddətə məcburi işləməli və qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul verməlidir. Məhkum olunduğu andan sonra məhkum üçün müəyyən müddətə işləmək və qazancından dövlət nəfinə müəyyən faiz ödəmək məcburidir.

Qeyd edilənlər islah işlərinin cəzanın növü kimi həm məzmununu, həm də məcburi xarakterini göstərir. Məlumdur ki, cəzanın məcburi xarakteri isə məhkum olunmuş şəxsin ona qarşı tətbiq edilən cəza ilə bağlı müəyyən məhrumiyyətlərə və ya məhdudiyyətlərə dözmək borcunu da əhatə edir.

Bununla belə, heç kəs qanunla müəyyən olunmuş cəzanın hüdudları və keyfiyyəti təsvirindən kənara çıxa bilməz. Buna görə qanunvericiliklə nəzərdə tutulmayan və cinayət cəzasının dövlət məcbur etmə tədbirinə daxil olmayan məhkumun hər hansı hüquqdan məhrum edilməsi və ya hər hansı hüququnun məhdudlaşdırılması qanunsuzdur.

Məsələn, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növlərində cəzaya məhkum olunmuş şəxslərin qanunvericiliyimizə görə məhkəmənin hökmü əsasında cəzanın cinayət-hüquqi təbiətinə aid azadlıq hüququ məhdudlaşdırılır və bu da dövlət məcbur etmə tədbirlərinin həyata keçirilməsi ilə təmin olunur. Lakin bu, o demək deyil ki, məhkum olunmuş şəxsin cəzanın cinayət-hüquqi təbiətinə zidd olmayan digər hüquqları da məhdudlaşdırılmalıdır. Əksinə, qanunverici Cəzaların İcrası Məcəlləsinin 96-cı maddəsində bu kateqoriyalı şəxslərin əmək şəraitini tənzimləyən müddəaları qəbul edir və konkret olaraq nəzərə almışdır ki, əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər. Belə hüququn olması azadlıqdan məhrum etmə cəzasının cinayət-hüquqi təbiətinə xələl gətirmir.

Hər hansı növ cinayət cəzası müəyyən müddətə tətbiq olunur. Bu müddət qurtarmadan cəza (onun cinayət-hüquqi təbiəti də) qüvvədədir. Cəza, o cümlədən islah işləri məhkəmə tərəfindən təyin olunur, cəzadan azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzi və ya cəzanın çəkilməsinin təxirə salınması da yalnız məhkəmə tərəfindən həyata keçirilə bilər (Cinayət Məcələsinin 76 - 80-ci maddələri). Cinayət cəzasının icrasının başqa cür dəyişdirilməsi və ya dayandırılması qanunvericiliyimizdə müəyyən olunmamışdır. Bu mənada islah işlərinə (iş yeri üzrə məcburi əməyə və dövlət nəfinə qazancından faiz verməyə) məhkum olunmuş şəxslərin ödənişli məzuniyyətə çıxmalarının qanunverici tərəfindən müəyyən olunmaması təsadüf kimi qəbul edilə bilməz.

Qanunverici cinayət cəzasına məhkum olunmuş şəxslərin bəzi hüquqlarının məhdudlaşdırılması barədə müxtəlif qanunlarda müvafiq müddəalar nəzərdə tutmuşdur. Məsələn, məlumdur ki, cinayət törətməyə görə hər hansı və ya konkret cəzaya məhkum olunmuş şəxslər «Dövlət qulluğu haqqında» Qanunun 33-cü maddəsinə əsasən dövlət qulluqçusu, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 93-cü maddəsinə əsasən hakim, «Notariat haqqında» Qanunun 3-cü maddəsinə əsasən notarius, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinə əsasən vəkil ola bilməzlər. Cinayət törədərək məhkum olunmuş şəxslərin müəyyən hüquqlarının qanunvericiliklə məhdudlaşdırılması həmçinin «Prokurorluq haqqında», «Polis haqqında» və başqa qanunlarda da nəzərdə tutulmuşdur.

Bəzi digər növ cəzalarda olduğu kimi islah işlərinə məhkum olunmuş şəxslər də cəzanı çəkdikləri müddətdə Konstitusiyanın 28-ci maddəsinin III hissəsində nəzərdə tutulan azadlıq hüququnun Azərbaycan Respublikasının ərazisindən kənara getmək hissəsini həyata keçirməkdə sərbəst deyildirlər. Onların bu hüququ «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Qanunun 1-ci maddəsinə görə cəza çəkilib qurtaranadək yaxud cəzadan azad edilənədək məhdudlaşdırıla bilər.

Qanunverici tərəfindən məhkum olunmuş şəxslərin müvafiq vəzifəyə irəli çəkilməsi, müəyyən vəzifələri tutması, vəzifə funksiyalarının icrası prosesi ilə bağlı bir sıra hallarda məhdudiyyətlər barədə çoxsaylı normaların müəyyən edildiyinə də diqqət yetirmək lazımdır. Bütün bunlar məhkum olunmuş şəxslərin bəzi hüquqlarının məhdudlaşdırılmasını ehtiva etsə də, həm hüquqi, həm də sosial ədalət baxımdan düzgün hesab edilməlidir.

Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddətin onların məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi barədə norma da bu qəbildən olan normalardan biridir və cinayət cəzasının məqsədinə xidmət edir.

Ödənişli məzuniyyət hüququ vətəndaşın doğulduğu andan etibarən əldə etdiyi təbii hüququ deyil. Qanunvericilikdə bu hüququn əldə edilməsinin müvafiq şərtləri nəzərdə tutulmuşdur.

Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən işçiyə ödənişli məzuniyyətin verilməsi üçün əmək müqaviləsinin bağlanması, bəzi kateqoriyadan olan şəxslər istisna olmaqla (həmin maddənin dördüncü hissəsi) müəssisədə azı 6 ay faktiki işlənməsi, ödənişli məzuniyyət hüququ verən iş ilinin başlanması və məzuniyyətin vaxtının işəgötürənlə işçi arasında qarşılıqlı razılaşdarılması kimi şərtləri vardır.

Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsinin müddəasını nəzərə alaraq haqqında islah işlərinə məhkum olunma barədə məhkəmənin hökmünün olmaması əmək müqaviləsi ilə işləyən işçinin ödənişli məzuniyyət hüququndan istifadə etməsinin əlavə bir şərti kimi qəbul edilə bilər.

Zənnimcə, cinayət törətmiş şəxslər üçün müəyyən hüquqların məhdudlaşdırılmasına dair yuxarıda göstərilmiş bəzi qanunvericilik aktlarının müddəaları Konstitusiyaya zidd hesab edilə bilməyəcəyi kimi, Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddətin onların məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi barədə müddəa da Konstitusiyaya zidd hesab edilə bilməz. Cinayət törətmiş şəxslərin bəzi hüquqlarının, o cümlədən islah işlərinə məhkum olunmuş şəxslərin ödənişli məzuniyyət hüququnun məhdudlaşdırılması hüquqi cəhətdən Konstitusiyanın 80-ci maddəsində nəzərdə tutulmuş müddəa ilə tam uzlaşır. 

 

  

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin

hakimi                                                                          E.Məmmədov