AZƏRBAYCAN RESPUBLIKASI
ADINDAN
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA
MƏHKƏMƏSININ
QƏRARI
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin
ikinci hissəsinin azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən
şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək stajına daxil
edilməməsi müddəasına dair
19 aprel 2001-ci
il Bakı
şəhəri
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi sədrlik edən X.Hacıyev, hakimlər F.Babayev, B.Qəribov,
R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi-hakim), Ə.Sultanovdan ibarət
tərkibdə,
İ.İsmayılovun katibliyi ilə,
sorğuverən orqanın qanuni nümayəndəsi, Azərbaycan
Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun,
cavabverən orqanın qanuni nümayəndəsi,
Azərbaycan Respublikası Milli Məclisi Aparatının Ümumi şöbəsinin müdir müavini
İ.Əbdüləzizovun,
ekspertlər: Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək siyasəti idarəsinin rəisi T.Məmmədovanın,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə qərarlarının icrası Baş
idarəsinin qərargah rəisi M.Hümbətovun, Bakı Dövlət Universiteti hüquq
fakültəsi cinayət hüququ kafedrasının dosenti, hüquq elmləri
namizədi R.Şəmsizadənin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin III hissəsinə müvafiq olaraq
açıq məhkəmə iclasında konstitusiya məhkəmə icraatı
üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci
hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin
2001-ci il 16 mart tarixli 5-2/2001 saylı sorğusu ilə bağlı konstitusiya işinə
baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini,
tərəflərin nümayəndələri B.Əsədovun, İ.Əbdüləzizovun çıxışlarını, ekspertlər
T.Məmmədova, M.Hümbətov və R.Şəmsizadənin rəylərini dinləyib, konstitusiya
işinin materiallarına baxaraq, Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Ali Məhkəməsi
sorğusunda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci
hissəsinin azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilmiş şəxslərin
cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək stajına daxil
edilməməsi müddəasının şərh olunmasını xahiş edir.
İşin materiallarında Azərbaycan Respublikası Milli
Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 132-ci maddəsinin, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 49-cu maddəsinin, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin
10,40,41,42,44 və 96-cı maddələrinin rəsmi mətnləri vardır.
Sorğu ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49-cu maddəsinə
əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir, həmin cəza
məhkumun iş yeri üzrə çəkilir və islah işlərinə məhkum olmuş şəxsin qazancından
dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.
Məhkəmə tərəfindən təyin edilən cəzaların, o cümlədən islah işləri
cəzasının icrası və çəkilməsi qaydalarını və şərtlərini Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsi müəyyən edir. Həmin Məcəllənin
40-cı maddəsinə əsasən islah işləri növündə cəza məhkumun əsas iş
yeri üzrə çəkilir.
İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən
əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar (Azərbaycan Respublikası
Cəzaların İcrası Məcəlləsinin 41.1-ci maddəsi). Lakin həmin şəxslərin
hüquqlarında bir sıra məhdudiyyətlər müəyyən edilir. Belə ki, bu şəxslər başqa
vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada və ümumi əsaslarla keçirilə bilər, onlar cəza çəkmək üçün müəyyən
edilmiş qaydaya riayət etməli, cəzanın bu növünü icra edən məhkəmə icraçısının
çağırışına gəlməlidirlər (Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin
41.1 və 42.2-ci maddələri). İslah işləri növündə cəzanın icrası şərtlərindən
biri kimi məhkum olunmuş şəxsin qazancından cəzanın icrası müddəti ərzində
məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə dövlət nəfinə pul tutulması
müəyyənləşdirilmişdir (Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin
44.1-ci maddəsi).
Göründüyü kimi, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində
islah işləri cəzasına məhkum olunmuş şəxslər üçün yuxarıda
göstərilənlərdən başqa digər məhdudiyyətlər nəzərdə tutulmamışdır. Bunun əksinə
olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci
hissəsində əlavə məhdudiyyət kimi islah işlərinə məhkum edilən şəxslərin
cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək stajına daxil
edilməməsi göstərilmişdir.
Lakin belə məhdudiyyət Azərbaycan Respublikası Cəzaların İcrası
Məcəlləsinin 10-cu və 44.3-cü maddələri ilə uzlaşmır.
Belə ki, adı çəkilən Məcəllənin 10.2.3-cü maddəsinə əsasən cəzaların
icrası və çəkilməsi zamanı məhkumların istirahət etmək hüququ var. Məhz buna
görə həmin Məcəllənin 44.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri
növündə cəzaya məhkum olunmuş şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş
məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Xüsusi ilə qeyd
edilməlidir ki, azadlıqdan məhrum etməyə məhkum olunmuş və əmək fəaliyyəti ilə
məşğul olan şəxslərə də Cəzaların İcrası Məcəlləsinin
96.5-ci maddəsinə uyğun olaraq hər il əmək qanunvericiliyi ilə
müəyyən edilmiş ödənişli məzuniyyət verilməlidir.
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin yuxarıda qeyd
edilən normalarının təhlili göstərir ki, islah işlərinə məhkum olunmuş şəxslər
işəgötürən ilə bağladığı əmək müqaviləsi əsasında cəzasını işlədikləri
müəssisədə, əvvəlki vəzifədə və ya işdə qalmaqla çəkirlər. Həmin şəxslərə əmək
qanunvericiliyində işçilərə nəzərdə tutulan iş vaxtı, istirahət vaxtı, əmək
normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları tətbiq olunur.
Bu Məcəllədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci
hissəsindən fərqli olaraq məhkumların Azərbaycan Respublikası
Konstitusiyasının 37-ci maddəsi ilə təmin olunan istirahət
hüququnun məhdudlaşdırılmasına dair heç bir müddəa yoxdur.
Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən hər
kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən
edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram
günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət
verilməsi təmin edilir.
Vətəndaşların istirahət hüququ həmçinin
«İnsan hüquqları haqqında Ümumi
Bəyannamə»nin 24-cü maddəsində və Beynəlxalq Əmək Təşkilatının «Ödənişli
məzuniyyətlər haqqında» Konvensiyasının 3-cü maddəsində təsbit
edilmişdir.
Beləliklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci
maddəsinin ikinci hissəsinin azadlıqdan məhrum etmədən islah işlərinə məhkum
edilən şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək stajına
daxil edilməməsinə dair müddəası Azərbaycan Respublikası Konstitusiyasının
37-ci maddəsində təsbit olunan istirahət hüququnu məhdudlaşdırır. Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə əsasən isə insan
və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra
bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin III hissəsini və «Konstitusiya Məhkəməsi haqqında»
Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83 və 85-ci maddələrini
rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
QƏRARA ALDI:
1.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinin
ikinci hissəsinin azadlıqdan məhrum etmədən islah işlərinə məhkum
edilən şəxslərin cəza çəkdiyi müddətin məzuniyyət hüququ verən əmək
stajına daxil edilməməsinə dair müddəası Azərbaycan Respublikası
Konstitusiyasının 37-ci maddəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab
edilsin.
2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3.Qərar «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc olunsun.
4.Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
Sədrlik edən
Xanlar Hacıyev
X Ü S U S
İ R ƏY
Hesab edirəm ki,
Konstitusiyanın 37-ci maddəsinin II hissəsinin, Əmək Məcəlləsinin 132-ci
maddəsinin ikinci hissəsinin və Cəzaların İcrası Məcəlləsinin 44.2 və 44.3-cü
maddələrinin müddəalarının aşağıdakı mənada təhlil və şərh edilməsi hüquqa
uyğundur.
Konstitusiyanın 37-ci maddəsinin II hissəsinə görə əmək müqaviləsi
ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş
günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az
olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
Cəzaların İcrası Məcəlləsi islah işlərinə məhkum olunmuş şəxslər
tərəfindən konstitusiya istirahət hüququndan istifadə olunmasını bütövlükdə
istisna etmir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən islah işləri növündə cəzanın
icrası müddəti məhkumun ümumi iş stajına daxil edilir. Bu Məcəllənin 44.3-cü
maddəsi bu şəxslərin məzuniyyətlərdən istifadə etmək hüququnun müəyyən
edilməsini əmək qanunvericiliyinin öhdəsinə buraxır. Əmək Məcəlləsinin 132-ci
maddəsinin ikinci hissəsinə görə isə azadlıqdan məhrum etmədən islah işlərinə
məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək
stajına daxil edilmir. Beləliklə, əmək qanunvericiliyi digər növ məzuniyyətlərə
toxunmadan islah işlərinə məhkum olunmuş şəxslər üçün nəinki ödənişli
məzuniyyəti nəzərdə tutmamış, hətta onların cəza çəkdiyi müddəti belə
məzuniyyət hüququ verən əmək stajına daxil etməmişdir.
Bu hal hər şeydən əvvəl Konstitusiyanın müddəalarından irəli gəlir.
Belə ki, Konstitusiyanın 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların
pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan
sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən
məsuliyyətə səbəb olur.
Məlumdur ki, hüquqi məsuliyyətin hüquq bərpaedici və cəzalandırıcı
məzmunu vardır. Cəzalandırıcı məzmun hüquqpozmanın tövsifini, cəzanın və
tənbehin fərdiləşdirilməsini, hüquqpozuntusu törətmiş şəxsə qarşı məcbur etmə
tədbirlərinin tətbiqini, o cümlədən hüquqların məhdudlaşdırılmasını və s. müəyyən
edir.
Cinayət Məcəlləsinin 41-ci maddəsinə görə hər hansı cəza, o cümlədən
islah işləri məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir
(hüquqda buna həmçinin dövlət məcbur etmə tədbiri də deyirlər). Cəza cinayət
törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu
Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və
azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası,
məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni
cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Hər bir cinayət cəzasının özünəməxsus həcmi, məzmunu və tətbiqinin
şərtləri vardır. Qanunverici hər hansı cinayətin törədilməsinə görə məsuliyyət
müəyyən edərkən, cəzanın cinayət-hüquqi təbiətini və məqsədlərini rəhbər tutur.
Cinayət Məcəlləsinin 49-cu maddəsindən göründüyü kimi islah işlərinin
cinayət-hüquqi təbiəti əsasən ondan ibarətdir ki, bu cəza şəxsin məhkumluqdan
əvvəl hər hansı yerdə işləməsi halının mövcudluğu zamanı tətbiq olunur. Burada
şəxsin əvvəldən işləməsi, yəni əmək müqaviləsinin mövcudluğu, məhkəmə
tərəfindən islah işləri tətbiq etmək üçün şərtdir. Məhkəmə hökmü əsasında isə
şəxs məhkumluqdan əvvəl işlədiyi yer üzrə iki aydan iki ilədək müddətə məcburi
işləməli və qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul
verməlidir. Məhkum olunduğu andan sonra məhkum üçün müəyyən müddətə işləmək və
qazancından dövlət nəfinə müəyyən faiz ödəmək məcburidir.
Qeyd edilənlər islah işlərinin cəzanın növü kimi həm məzmununu, həm
də məcburi xarakterini göstərir. Məlumdur ki, cəzanın məcburi xarakteri isə
məhkum olunmuş şəxsin ona qarşı tətbiq edilən cəza ilə bağlı müəyyən
məhrumiyyətlərə və ya məhdudiyyətlərə dözmək borcunu da əhatə edir.
Bununla belə, heç kəs qanunla müəyyən olunmuş cəzanın hüdudları və
keyfiyyəti təsvirindən kənara çıxa bilməz. Buna görə qanunvericiliklə nəzərdə
tutulmayan və cinayət cəzasının dövlət məcbur etmə tədbirinə daxil olmayan
məhkumun hər hansı hüquqdan məhrum edilməsi və ya hər hansı hüququnun
məhdudlaşdırılması qanunsuzdur.
Məsələn, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan
məhrum etmə növlərində cəzaya məhkum olunmuş şəxslərin qanunvericiliyimizə görə
məhkəmənin hökmü əsasında cəzanın cinayət-hüquqi təbiətinə aid azadlıq hüququ
məhdudlaşdırılır və bu da dövlət məcbur etmə tədbirlərinin həyata keçirilməsi
ilə təmin olunur. Lakin bu, o demək deyil ki, məhkum olunmuş şəxsin cəzanın
cinayət-hüquqi təbiətinə zidd olmayan digər hüquqları da məhdudlaşdırılmalıdır.
Əksinə, qanunverici Cəzaların İcrası Məcəlləsinin 96-cı maddəsində bu
kateqoriyalı şəxslərin əmək şəraitini tənzimləyən müddəaları qəbul edir və
konkret olaraq nəzərə almışdır ki, əmək fəaliyyəti ilə məşğul olan məhkumlar
hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə
hüququna malikdirlər. Belə hüququn olması azadlıqdan məhrum etmə cəzasının
cinayət-hüquqi təbiətinə xələl gətirmir.
Hər hansı növ cinayət cəzası müəyyən müddətə tətbiq olunur. Bu müddət
qurtarmadan cəza (onun cinayət-hüquqi təbiəti də) qüvvədədir. Cəza, o cümlədən
islah işləri məhkəmə tərəfindən təyin olunur, cəzadan azad edilməsi, cəzanın
çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzi və ya cəzanın çəkilməsinin
təxirə salınması da yalnız məhkəmə tərəfindən həyata keçirilə bilər (Cinayət
Məcələsinin 76 - 80-ci maddələri). Cinayət cəzasının icrasının başqa cür
dəyişdirilməsi və ya dayandırılması qanunvericiliyimizdə müəyyən olunmamışdır.
Bu mənada islah işlərinə (iş yeri üzrə məcburi əməyə və dövlət nəfinə
qazancından faiz verməyə) məhkum olunmuş şəxslərin ödənişli məzuniyyətə
çıxmalarının qanunverici tərəfindən müəyyən olunmaması təsadüf kimi qəbul edilə
bilməz.
Qanunverici cinayət cəzasına məhkum olunmuş şəxslərin bəzi
hüquqlarının məhdudlaşdırılması barədə müxtəlif qanunlarda müvafiq müddəalar
nəzərdə tutmuşdur. Məsələn, məlumdur ki, cinayət törətməyə görə hər hansı və ya
konkret cəzaya məhkum olunmuş şəxslər «Dövlət qulluğu haqqında» Qanunun 33-cü
maddəsinə əsasən dövlət qulluqçusu, «Məhkəmələr və hakimlər haqqında» Qanunun
93-cü maddəsinə əsasən hakim, «Notariat haqqında» Qanunun 3-cü maddəsinə əsasən
notarius, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinə
əsasən vəkil ola bilməzlər. Cinayət törədərək məhkum olunmuş şəxslərin müəyyən
hüquqlarının qanunvericiliklə məhdudlaşdırılması həmçinin «Prokurorluq
haqqında», «Polis haqqında» və başqa qanunlarda da nəzərdə tutulmuşdur.
Bəzi digər növ cəzalarda olduğu kimi islah işlərinə məhkum olunmuş
şəxslər də cəzanı çəkdikləri müddətdə Konstitusiyanın 28-ci maddəsinin III
hissəsində nəzərdə tutulan azadlıq hüququnun Azərbaycan Respublikasının
ərazisindən kənara getmək hissəsini həyata keçirməkdə sərbəst deyildirlər.
Onların bu hüququ «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında»
Qanunun 1-ci maddəsinə görə cəza çəkilib qurtaranadək yaxud cəzadan azad
edilənədək məhdudlaşdırıla bilər.
Qanunverici tərəfindən məhkum olunmuş şəxslərin müvafiq vəzifəyə
irəli çəkilməsi, müəyyən vəzifələri tutması, vəzifə funksiyalarının icrası
prosesi ilə bağlı bir sıra hallarda məhdudiyyətlər barədə çoxsaylı normaların
müəyyən edildiyinə də diqqət yetirmək lazımdır. Bütün bunlar məhkum olunmuş
şəxslərin bəzi hüquqlarının məhdudlaşdırılmasını ehtiva etsə də, həm hüquqi,
həm də sosial ədalət baxımdan düzgün hesab edilməlidir.
Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan
azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi
müddətin onların məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi barədə
norma da bu qəbildən olan normalardan biridir və cinayət cəzasının məqsədinə
xidmət edir.
Ödənişli məzuniyyət hüququ vətəndaşın doğulduğu andan etibarən əldə
etdiyi təbii hüququ deyil. Qanunvericilikdə bu hüququn əldə edilməsinin müvafiq
şərtləri nəzərdə tutulmuşdur.
Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən işçiyə ödənişli məzuniyyətin
verilməsi üçün əmək müqaviləsinin bağlanması, bəzi kateqoriyadan olan şəxslər
istisna olmaqla (həmin maddənin dördüncü hissəsi) müəssisədə azı 6 ay faktiki
işlənməsi, ödənişli məzuniyyət hüququ verən iş ilinin başlanması və
məzuniyyətin vaxtının işəgötürənlə işçi arasında qarşılıqlı razılaşdarılması
kimi şərtləri vardır.
Əmək Məcəlləsinin 132-ci maddəsinin ikinci hissəsinin müddəasını
nəzərə alaraq haqqında islah işlərinə məhkum olunma barədə məhkəmənin hökmünün
olmaması əmək müqaviləsi ilə işləyən işçinin ödənişli məzuniyyət hüququndan
istifadə etməsinin əlavə bir şərti kimi qəbul edilə bilər.
Zənnimcə, cinayət törətmiş şəxslər üçün müəyyən hüquqların
məhdudlaşdırılmasına dair yuxarıda göstərilmiş bəzi qanunvericilik aktlarının
müddəaları Konstitusiyaya zidd hesab edilə bilməyəcəyi kimi, Əmək Məcəlləsinin
132-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan azadlıqdan məhrum etmədən
islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddətin onların məzuniyyət
hüququ verən əmək stajına daxil edilməməsi barədə müddəa da Konstitusiyaya zidd
hesab edilə bilməz. Cinayət törətmiş şəxslərin bəzi hüquqlarının, o cümlədən
islah işlərinə məhkum olunmuş şəxslərin ödənişli məzuniyyət hüququnun
məhdudlaşdırılması hüquqi cəhətdən Konstitusiyanın 80-ci maddəsində nəzərdə
tutulmuş müddəa ilə tam uzlaşır.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin
hakimi
E.Məmmədov