AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
QƏRARI
“İcra haqqında” Azərbaycan
Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair
10 oktyabr 2017-ci Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov, Rafael Qvaladze, Mahir
Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin
hakimi İkram Şirinov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının
İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Qəmərlinin,
ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ
kafedrasının dosent əvəzi, hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının hakimi Rahib Nəbizadənin və Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini, ədliyyə
müşaviri Fərid Əfəndiyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI
hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə
iclasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh
edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya
işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin
nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “İcra
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında”
Qanun) 20-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdə göstərilir ki, “İcra haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının
2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanunun 20-ci maddəsinə
edilmiş dəyişikliklərə əsasən icra sənədi üzrə icraata xitam verilməsinin yeni
qaydası müəyyən olunmuşdur. Bu qaydaya görə, icra sənədi üzrə icraata xitam
verilməsi icra məmurunun səlahiyyətlərinə aid edilmişdir.
“İcra haqqında” Qanunun 20.5-ci maddəsində göstərilir ki, tərəflər və
icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar
tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan
müvafiq məhkəməyə şikayət verə bilərlər.
Müraciətedən həmin maddədə nəzərdə tutulan “müvafiq
məhkəmə” ifadəsinin təcrübədə qeyri-müəyyənlik yaratdığını qeyd etmişdir. Belə
ki, “İcra haqqında” Qanuna edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra
icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından
verilmiş şikayətlərə inzibati-iqtisadi və ya ümumi yurisdiksiyalı məhkəmələr
tərəfindən baxılmalı olması məsələsi məhkəmələr arasında fikir müxtəlifliyinə
səbəb olur.
Göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsi “İcra haqqında”
Qanunda icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun
qərarından verilmiş şikayətlərə hansı məhkəmədə baxılmalı olması məsələsinə
aydınlıq gətirilməsini Konstitusiya Məhkəməsindən xahiş
etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları
qeyd etməyi zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –
Konstitusiya) 60-cı maddəsinin I və II hissələrinə əsasən, hər kəsin hüquq və
azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər
kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati
icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun
mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət
ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz
məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması
hüququna malikdir.
Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş
hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən
şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə
tutulmuşdur.
Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit
edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması
hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası
işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s.
subyektiv elementləri ehtiva edir.
Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və
dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı
baxımından olduqca əhəmiyyətlidir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə aidiyyəti
ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni
maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və
qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı
məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar.
Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik
yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün
edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında”
Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh
edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında hər kəsin
hüquq və qanuni maraqlarının qorunmasında məhkəmə aidiyyətinin dəqiq müəyyən
edilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu qaydalara uyğun olaraq
qəbul edilən qərarların icrasının ümumilikdə məhkəmə müdafiəsi hüququnun tərkib
hissəsi olmasını da xüsusilə qeyd etmişdir.
Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında”
Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh
edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı
hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş
hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək
hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə
baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət
etmək vəzifəsini müəyyən edir.
Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları
böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul
etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla
müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün
dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada
hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə
aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra
məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.
Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər
haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur.
Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası
adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə
minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi
şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə
minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası
qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə
istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası
məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş
hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında
və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata
keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş
məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik
olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə,
ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki,
tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi
prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi
məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız
məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi
iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri
öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı
məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin
mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab
edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il
tarixli Qərar).
Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə
görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində
hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir.
Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin
hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə
aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə
yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir.
Müraciətdə qaldırılan məsələ ilə əlaqədar ilk növbədə qeyd
olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan
Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual
Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il
tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra
məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn
mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq
inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr
tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra
olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən
tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi
məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki,
Qanunun həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması və ya ona
xitam verilməsi məsələlərini tənzimləyən 21-ci maddəsinə dəyişiklik
edilməmişdir.
“İcra haqqında” Qanunun 21-ci maddəsinin köhnə redaksiyasına görə,
məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun
olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra
sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra
məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən
dayandırılır və ya ona xitam verilirdi.
“İcra haqqında” Qanunun 20-ci maddəsi 30 dekabr 2016-cı ildə yeni
redaksiyada verilmiş və icra sənədi üzrə icraata xitam verilməsinin
məhkəmələr tərəfindən deyil, icra məmuru tərəfindən həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
Bunu nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə
qaldırılan məsələyə aydınlıq gətirilməsi məqsədilə “İcra haqqında” Qanunun bəzi
müddəalarının mülki prosessual qanunvericiliklə əlaqəli şəkildə təhlil
edilməsini zəruri hesab edir.
Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra
normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin
qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn,
qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə
228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə
230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra
edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1,
231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin
səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda
məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata
keçirilməsinə də xidmət edir.
Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra
sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun
rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu
mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra
sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra
məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir.
Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində
göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra
sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi
sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə
ilə müraciət etmək hüququna malikdir.
Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan
Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə
dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək
qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların
yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini
borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli
və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə
nəzarət etməlidir.
İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və
düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında”
Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və
qaydalarından da irəli gəlir.
Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra
sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən
əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri
tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində
tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana
göndərilir.
Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi
barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra
sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir.
Eyni zamanda, “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən
olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə
qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun
tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir.
İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra
sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə
həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq
səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına
nəzarət etməsini təmin etmək məqsədi daşıyır.
Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr
tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra
sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra
qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun
icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti
vermişdir.
Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın
onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində
həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun
20.5-ci maddəsi).
Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam
verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə
göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq
səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2,
20.4 və 20.5-ci maddələrininsistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə
alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə
şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi
üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə
qərarlarının qəbul edilməsinə səbəb ola bilər.
Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci
maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil,
həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam
verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə
tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə”
ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək
Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən
verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun
qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların
verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun
qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət
verə bilərlər.
Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının
vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə
icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və
inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə
icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin
əlçatanlığına və səmərəliliyinə xidmət edir.
Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticəyə gəlir:
- “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə, tərəflər
icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra
sənədini vermiş məhkəməyə şikayət verə bilərlər;
- icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra
məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer
üzrə məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI
hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci
maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata
xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə
bilərlər.
İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra
məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer
üzrə məhkəməyə şikayət verilə bilər.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski
raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci
maddəsinin şərh edilməsinə dair 10 oktyabr
2017-ci il tarixli Qərarından hakim İ.Nəcəfovun
Xüsusi rəyi
Plenumun qeyd edilən qərarına hörmətlə yanaşaraq bildirirəm ki, onun
nəticəsiylə qismən razıyam, ona görə də bu müraciətlə bağlı öz mövqeyimi
bildirirəm. Plenumda müraciət edənin nümayəndəsi və digər iştirakçılar “İcra
haqqında” Qanunun tətbiqində çox saylı problemlərin olduğunu
vurğuladılar.
Ona görə də müraciətin bəzi məqamlarını xüsusi rəyimdə göstərməyi
vacib sayıram.
Müraciətə səbəb, 8 il ərzində icra olunmayan işə bərpaya dair məhkəmə
qətnaməsinin icra məmuru tərəfindən xitam olunmasına dair qəbul edilmiş
qərardan tələbkarın şikayətinə baxılma aidiyyətində yaranan hüquqi problemlər
olmuşdur.
Müraciətdə qeyd edilmişdir ki, bu cür problemlər “İcra
haqqında” AR-nın Qanununa 16 oktyabr 2012-ci il və 30 dekabr 2016-cı il tarixli
Qanunlarla edilmiş dəyişiklikdən sonra yaranmışdır. Buna görə də hakimlər
arasında da fikir ayrılıqları mövcuddur.
Birincisi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra
məmurunun qərarı (İcra haqqında qanun, 20-ci maddəsi) mülki, iqtisadi və ya
inzibati işin bilavasitə davamıdır. Və bu baxımdan da tərəflərin həmin qərardan
verdikləri şikayətə səlahiyyətli məhkəmə kimi icra sənədini vermiş məhkəmənin
özü baxmalıdır. Çünki həmin məhkəmə tərəfindən şikayətə daha tez və səmərəli
baxılacağı mübahisəsizdir. Bütün şikayətlərə inzibati-icraat qaydasında
inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılması əhəmiyyətli vaxt itkisinə
səbəb olmaqla yanaşı, həm də inzibati sahəyə aid olmayan işin araşdırılmasının
effektivliyi baxımından da səmərəli olmaya bilər; - Ikincisi, icra sənədinin
icrası üzrə həyata keçirilən icra hərəkətləri zamanı ortaya çıxan çoxsaylı
məsələlər: əmlak üzərinə həbsin qoyulması (İcra haqqında qanun, 50-ci mad.),
borclunun məcburi gətirilməsi (İcra haqqında qanun, 84.2-ci mad.), icra sənədi
üzrə icraatın dayandırılması (İcra haqqında qanun, 18-ci mad.), borclunun
ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması (İcra haqqında
qanun, 84-1.1-ci mad.) və sair məsələlərə icra
sənədini vermiş ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən baxılır.
Bundan başqa məhkəmə hüquq islahatlarını həyata keçirməkdə əsas
məqsəd ədalət mühakiməsinin “əlçatanlığını” təmin etməkdir. Bu halda isə həmin
prinsip pozulmuş olur. Çünki ümumi yurisdiksiyalı məhkəmələr AR-nın bütün
rayonlarında fəaliyyət göstərdiyi halda, inzibati-iqtisadi məhkəmələr yalnız
(Bakı istisna olmaqla) regional apellyasiyaların yerləşdiyi şəhərlərdə
fəaliyyət göstərir.
“İcra haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə 30 dekabr
2016-cı il tarixli qanuna əsasən icra sənədi üzrə icra icraatına xitam
verilməsinin icra məmurunun səlahiyyətinə aid edilməsində (İcra haqqında qanun,
20-ci mad.) başlıca məqsəd məhkəmələrin iş yükünün müəyyən dərəcədə azaldılması
olmuşdur. Lakin təcrübə göstərir ki, icra sənədi üzrə icra icraatına xitam
verilməsi barədə icra məmurlarının qərarlarından şikayətlərin inzibati-iqtisadi
məhkəmələr tərəfindən baxılması, qanunun qəbulunda güdülən məqsədə münasibətdə
tamamilə əks effekt vermiş olacaq. Məhkəmənin vermiş olduğu icra sənədinin
vaxtında və düzgün icra edilməsinə nəzarəti nəzərdə tutan “İcra haqqında”
Qanunun 26-cı maddəsinin tələbi əhəmiyyətsiz olacaq və məhkəmələr özlərinin
verdikləri icra sənədlərinin icrasına bilavasitə nəzarət imkanlarını
itirəcəklər. Müraciət edən dediklərinə yekun vuraraq Konstitusiya məhkəməsindən
müraciətdə sadalanmış “İcra haqqında” qanunun bir çox normalarının fövqündə
onun 20.5-ci maddəsindəki “müvafiq məhkəmə” müddəasının şərh edilməsini xahiş
etmişdir.
Müraciətin materiallarını və bu sahədə ictimai münasibətləri tənzim
edən müvafiq normativ hüquqi aktların müvafiq normalarını qarşılıqlı şəkildə
öyrənərək aşağıdakıları qeyd etməyi özümə borc bilirəm.
Konstitusiyanın 125-ci maddəsində deyilir ki, AR-da məhkəmə
hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
Zənnimcə bu o deməkdir ki, icraat vasitəsindən və ya qaydasından
asılı olaraq hər bir işə bir məhkəmədə baxılır. Ikincisi bir eyni səviyyəli
məhkəmənin, başqa bir məhkəmədə icraatı başlanmış işlərə müdaxilə etməsinə və
ya hansısa icraat mərhələsində qoşulub hər hansı bir prosessual hərəkət
edilməsinə yer verilmir. Bunu məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi
tələb edir.
Icra məmuru ədalət mühakiməsinin iştirakçısı olmaqla məhkəmənin
nəzarəti altında, qəbul edilmiş məhkəmə aktlarının icrasını təmin və icra edən
müvafiq hüquq və vəzifələrə malik proses iştirakçısıdır.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununun 90-cı maddəsində “Normativ hüquqi aktların rəsmi şərh
edilməsi qaydası” təsbit edilmişdir. Həmin maddədə deyilir ki, normativ hüquqi
akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir,
onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün
müxtəlif aspektlərini tənzimləyən digər nomalar ilə funksional və başqa
əlaqələri müəyyən edilir. (90.2-ci mad.)
“İcra haqqında” Qanunun “İcra sənədləri üzrə icraat zamanı
tələbkarın, borclunun və digər şəxslərin hüquqlarının müdafiəsi” adlı XII
fəslinin 87-ci maddəsində göstərilib ki, bu qanunun digər maddələrində
başqa müddət müəyyən edilməyibsə, icra sənədinin icra olunması ilə bağlı icra
məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra
məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər.
87-ci maddə ilə 20-ci maddə arasında funksional əlaqə
olduğu üçün deyə də bilərik ki, 20.5-ci maddədə göstərilmiş “müvafiq məhkəmə”
anlayışı 87-ci maddəyə edilən dəyişiklikdən sonra “inzibati-iqtisadi məhkəmə”
kimi anlaşılır.
Deməli, “İcra haqqında” AR-nın Qanununun 87-ci maddəsinə
16 oktyabr 2012-ci il tarixli Qanun ilə edilmiş dəyişiklik AR-nın
Konstitusiyasının 125-ci maddəsinə, və “Normativ hüquqi aktlar haqqında” AR-nın
Konstitusiya Qanununun 10.4-cü maddəsinə və habelə İnsan hüquq və əsas
azadlıqlarının müdafiəsi haqqında konvensiyanın 6-cı maddəsinə uyğun deyildir.
“İcra haqqında” qanunun 20.5-ci maddəsinin şərh edilməsi məqsədi ilə “İcra
haqqında” qanunun, “İcra məmurları haqqında” qanunun, MPM-nin, İPM-nin və digər
əlaqəli qanunların bir sıra normalarına diqqət yetirilməsi zəruridir, çünki
bunu “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununun 90.2-ci maddəsi tələb edir.
Konstitusiyanın 129-cu maddəsində qeyd edilmişdir ki, məhkəmənin
qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Məhkəmə qərarlarının icrası ədalət mühakiməsinin tərkib hissəsidir. Bu
hal Plenum qərarında tam və ərtaflı yer tutduğundan buna geniş yer verməyi
lüzumsuz sayıram.
“İcra məmurları haqqında” Qanunun 11-ci maddəsində göstərilib ki,
məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar
haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə
əlaqədar olmayan cəzaların düzgün və vaxtında icra edilməsinə nəzarət icra
qurumunun rəhbəri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata
keçirilir.
“İcra haqqında” Qanunun 26-cı maddəsində də qeyd olunub ki, icra
sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri
və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Digər
tərəfdən icra məmuruna icra sənədi üzrə icraata xitam verilməsi və ya
dayandırılması haqqında səlahiyyət verilməsi bu sahədə məhkəmə nəzarətini daha
da zəiflədəcəkdir.
Əgər məhkəmə qərarlarının icrasının xitamı və ya dayandırılması icra
məmuruna verilirsə, bu o deməkdir ki, qanunverici məhkəməni öz hakimiyyətini
ədalət mühakiməsi yolu ilə həyata keçirmək imkanından məhrum etmiş olur və bu
hakimiyyət yalnız formal olaraq mövcuddur. Qəbul edilmiş məhkəmə qərarlarının
icra edilməməsi Konstitusiya ilə müəyyən olunmuş məhkəmə təminatı hüququnun
pozulması olmaqla ədalət mühakiməsinin mahiyyətini yox edir.
MPM-nin 1.3-cü maddəsində göstərilib ki, mülki prosessual fəaliyyət
sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya
məhdudlaşdıran, habelə, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı
məhkəmənin müstəqilliyini pozan... qanunvericilik aktları qəbul edilə bilməz.
İcra sənədi üzrə icraata xitam verilməsi və ya dayandırılması
səlahiyyəti əgər icra məmuruna verilibsə, deməli məhkəmənin müstəqilliyi
pozulmuşdur. Və icra məmurunun qərarından tərəflər şikayəti işə baxan məhkəməyə
deyil, başqa məhkəməyə verirlərsə, deməli bir işə iki fərqli məhkəmədə
baxılacaq bu da məhkəmələrin ikihakimiyyətliliyinə gətirib çıxaracaqdır.
Şərh zamanı ümumi və xüsusi normaların mütənasibliyinin müəyyən
edilməsi zəruridir. Ümumi norma dedikdə əsas, ixtisaslaşdırılmış normativ
müddəalar, həmçinin yüksək dərəcəli ümumiləşdirmə və sabitliklə səciyyələnən və
xüsusi normaların istifadəsi üçün hüquqi əsas yaradan ilkin normativ müddəalar
başa düşülür. Xüsusi normalar isə mümkün və lazımi davranışın (hüquq və
vəzifələrin) növünü və ölçüsünü əks etdirir. Xüsusi normalar ümumi normaların
fəaliiyət dairəsini məhdudlaşdırır. Əgər xüsusi norma varsa, ümumi norma tətbiq
edilmir (“Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 31-ci
maddəsi).
“Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10-cu
maddəsi normativ hüquqi aktların kolliziyasının həlli qaydasına aiddir. 10.4-cü
maddədə qeyd olunub ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar
arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.
“İcra haqqında” Qanunun 87-ci maddəsi ümumi norma sayılır, çünki, burada
konkret olaraq icra məmurunun hansısa hərəkət və hərəkətsizliyindən şikayətin
verilməsi deyil, ümumi olaraq icra məmurunun bütün hərəkət və
hərəkətsizliyindən şikayətin hansı məhkəməyə verilməsi göstərilmişdir. 20-ci və
bunun kimi digər maddələrdə isə konkret olaraq göstərilir ki məhz hansı
hərəkətdən müvafiq məhkəməyə şikayət verilir. Bu da onu deməyə əsas verir ki,
belə olan halda bunlar xüsusi normalardır.
Azərbaycan dilinin izahlı lüğətində “müvafiq” sözünün anlayışından
biri də “uyğundur”. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində və eləcə də
digər maddələrində göstərilmiş “müvafiq məhkəmə” müddəasında qanunverici
inzibati-iqtisadi məhkəməni yox, aidiyyatı üzrə uyğun məhkəməni nəzərdə
tutmuşdur.
“İcra haqqında” Qanunun 87-ci maddəsinə edilən dəyişiklik nəticəsində
onunla xüsusi normaları arasında kolliziya yaranmışdır. 87-ci maddə ümumi norma
olsa da, “İcra haqqında” Qanunun xüsusi normalarının istifadəsi üçün hüquqi
əsas yaratmır. Bu halda yaranmış problemlər “Normativ hüquqi aktlar haqqında”
AR-nın Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələblərinə uyğun həll
edilməlidir. Yəni, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun
hərəkət və hərəkətsizliyinə dair tərəflər icra sənədini verən məhkəməyə
müraciət etməlidirlər.
Qanunverici məhkəmənin iş yükünü azaltmaq məqsədi ilə insan və
vətəndaş hüquqlarının bərpasında süni bürokratik qaydalar müəyyən edərək
məhkəmə aktlarının icrasını uzatmaq və ya təxirə salmaq, hüquqi dövlətin
cəmiyyətdə bərqərar etmək istədiyi ədalət siyasətinə qəsdir, məhkəmə
hakimiyyətinin ədalət mühakiməsi yolunda ən böyük əngəldir. Məhkəmə
hakimiyyətini mərkəzi icra hakimiyyətindən asılı vəziyyətə salmaqdır.
Qanunverici tərəfindən qanunda ediləcək dəyişikliklərin hansı neqativ
nəticələrə gətirib çıxaracağı öyrənilmədiyindən “İcra haqqında” qanunda edilən
dəyişikliklər mülki icraatda gözlənilməz əks, neqativ və arzuolunmaz nəticələr
törətmişdir. Plenum iclasında maraqlı subyektin nümayəndəsi Bakı Apellyasiya
Məhkəməsinin hakimi İkram Şirinovun qeyd etdiyi statistik məlumata görə beş
məhkəmə aktından dördünün icrası dayandırılır.
Əslində məhkəmənin iş yükünün çoxluğu hakimlərin sayca az
olması ilə əlaqədardır. Əgər rayon-şəhər məhkəmələrində hakimlərin sayı
artırılarsa məhkəmələrin iş yükü də kifayət qədər azalmış olar.
“İcra haqqında” qanunun bir çox normasında özünə yer tutan “müvafiq
məhkəmə” müddəası da şərhdən kənar qalmamalıdır.
“İcra haqqında” qanunun ilkin versiyasında icra sənədinin
vaxtında və düzgün icra edilməsinə məhkəmə nəzarətinin bir forması kimi
icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən
(hərəkətsizliyindən) verilmiş şikayətlərə məhkəmədə baxılması iqtisadi
məhkəmələr tərəfindən verilmiş icra sənədi ilə əlaqədar həmin məhkəməyə, digər
icra sənədləri üzrə isə icra məmurunun olduğu yerin məhkəməsinə (müvafiq qərarı
qəbul etmiş məhkəməyə) şikayət verilməli olması nəzərdə tutulmuşdur.
16 oktyabr 2012-ci il tarixli Qanun ilə 87-ci maddəyə edilən
dəyişikliklə düzgün olmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra
məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) bütün hallarda icra məmurunun
olduğu yer üzrə İnzibati-İqtisadi məhkəməyə şikayət verilməsi müəyyən
olunmuşdur.
Lakin qanunun bir çox maddələrində qanunverici “müvafiq
məhkəmə” terminini dəyişdirməmişdir. Və bu da yuxarıda qeyd etdiyimiz
kimi, “İcra haqqında” Qanunda həll olunmaz kolliziya yaratmışdır. Məhkəmələr
arasında fikir ayrılıqlarına da səbəb bu olmuşdur.
“Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun
“Normativ hüquqi aktların icrasına nəzarət” adlı 92-ci maddəsində normativ
hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları
(vəzifəli şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi
orqanlar (şəxslər) tərəfindən həyata keçirilməsi göstərilmişdir.
Qeyd etdiyimiz Konstitusiya
Qanununa əsasən normayaratma orqanları (vəzifəli şəxslər) və digər
səlahiyyətli xüsusi orqanlar (şəxslər) normativ hüquqi aktların icrasına
nəzarət və onun yoxlanılması, habelə müraciətlərin təhlili əsasında normativ
hüquqi aktların qüvvədə olmasının keyfiyyətini, qanuniliyini və səmərəliliyini
müəyyən edirlər. Normativ hüquqi aktlarda boşluqlar, daha yüksək hüquqi qüvvəyə
malik olan aktlarla ziddiyyətlər, habelə daxili ziddiyyətlər və ya digər
nöqsanlar aşkar edildikdə normayaratma orqanı (vəzifəli şəxslər) onları aradan
qaldırmalı, digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) isə səlahiyyətli
orqanlara müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilməsi və ya onların
ləğv edilməsi barədə təkliflər verməlidirlər (93-cü maddə).
Deməli, “İcra haqqında” Qanuna edilən 16.10.2012 tarixli
dəyişiklikdən sonra qanunverici orqan həmin qanunun nə cür işləməsinə nəzarət
etməli və yoxlamalı idi. Və bu yoxlamalar nəticəsində təhlillər apararaq
dəyişikliklərin qanuniliyini, onların ictimai münasibətlərə tətbiqi zamanı
keyfiyyətini və səmərəliliyini müəyyən etməli idi. Çünki, Konstitusiya
qanununun 93-cü maddəsi qanunverici orqanın üzərinə yuxarıda qeyd edilən
vəzifələri qoymuşdur. Əgər qanunverici orqan öz üzərinə düşən vəzifəni
layiqincə yerinə yetirsəydi, qanuna 30.12.2016 tarixli əlavə və dəyişiklik
olunmazdı. Və məhkəmə qərarlarının icrasında bugünkü mövcud olan problemlər də
olmazdı.
Mütləq məhkəmə hakimiyyəti hüququna malik olan məhkəmə, mülki
mühakimə icraatını başlayır, aparır və qərar qəbul edir. İcra işinə onun icra
sənədi əsasında başlanılır. İcra işinin xitamı da yalnız mütləq hüquq kimi ona
məxsusdur. Çünki bunu Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu
maddəsi tələb edir.
Məhkəmə ədalət mühakimə hakimiyyətinə məxsusdur, icra orqanı isə yox.
Müraciətə səbəb olmuş 8 il ərzində icra olunmayan işə bərpa haqqında
məhkəmə qərarının xitam olunması faktı da ona dəlalət edir ki, Respublikamızda
məhkəmə aktlarının icrası üzərində məhkəmə nəzarəti layiqli səviyyədə deyildir.
Hakimlərin 5 ildən bir yenidən təyin edilməsini və iş yerlərinin
dəyişdirilməsini nəzərə alsaq, uzun müddət icra edilməyən məhkəmə qərarları
yeni təyin edilmiş hakimlər üçün naməlum və maraqsız olduğundan icrası
nəzarətsiz qalacaqdır.
Belə hesab edirəm
ki, “İcra haqqında” Qanununda 16.10.2012-ci il tarixdə və 30.12.2016-cı il
tarixdə edilən dəyişikliklər AR-sı Konstitusiyasının 125 və 129-cu maddələrinə,
“Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 90-cı maddəsinə,
AR-sı Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin 3-cü bəndinə, “İcra
məmurları haqqında” Qanunun 11-ci maddəsinə, “İcra haqqında” Qanunun
preambulasına, 26-cı maddəsinə zidd olduğundan qüvvədən salınmalıdır.
Hakim
İsa Nəcəfov