Постановления

10.10.17 “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

QƏRARI

 

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair

 

10 oktyabr 2017-ci                                                          Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Qəmərlinin,

ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosent əvəzi, hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi Rahib Nəbizadənin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini, ədliyyə müşaviri Fərid Əfəndiyevin  iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI  hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 20-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanunun 20-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən icra sənədi üzrə icraata xitam verilməsinin yeni qaydası müəyyən olunmuşdur. Bu qaydaya görə, icra sənədi üzrə icraata xitam verilməsi icra məmurunun səlahiyyətlərinə aid edilmişdir.

“İcra haqqında” Qanunun 20.5-ci maddəsində göstərilir ki, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.

Müraciətedən həmin maddədə nəzərdə tutulan müvafiq məhkəmə” ifadəsinin təcrübədə qeyri-müəyyənlik yaratdığını qeyd etmişdir. Belə ki, “İcra haqqında” Qanuna edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından verilmiş şikayətlərə inzibati-iqtisadi və ya ümumi  yurisdiksiyalı məhkəmələr tərəfindən baxılmalı olması məsələsi məhkəmələr arasında fikir müxtəlifliyinə səbəb olur.

Göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsi “İcra haqqında” Qanunda icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından verilmiş şikayətlərə hansı məhkəmədə baxılmalı olması məsələsinə aydınlıq gətirilməsini Konstitusiya Məhkəməsindən xahiş etmişdir.      

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I və II hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur.

Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir.

Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca  əhəmiyyətlidir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında hər kəsin hüquq və qanuni maraqlarının qorunmasında məhkəmə aidiyyətinin dəqiq müəyyən edilməsinin  əhəmiyyətini vurğulamaqla yanaşı, bu qaydalara uyğun olaraq qəbul edilən qərarların icrasının ümumilikdə məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmasını da xüsusilə qeyd etmişdir.

 Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair”  2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.

Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.

Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən  Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).

Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir.

Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir.

Müraciətdə qaldırılan məsələ ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, Qanunun həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərini tənzimləyən 21-ci maddəsinə dəyişiklik edilməmişdir.

“İcra haqqında” Qanunun 21-ci maddəsinin köhnə redaksiyasına görə, məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır və ya ona xitam verilirdi.

“İcra haqqında” Qanunun 20-ci maddəsi 30 dekabr 2016-cı ildə yeni redaksiyada  verilmiş və icra sənədi üzrə icraata xitam verilməsinin məhkəmələr tərəfindən deyil, icra məmuru tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.           

Bunu nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi məqsədilə “İcra haqqında” Qanunun bəzi müddəalarının mülki prosessual qanunvericiliklə əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir.

Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.

Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək  qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. 

Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair”  2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir.         

 İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir.

Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini  vermiş məhkəməyə və ya digər orqana göndərilir.

Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir.

Eyni zamanda, “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir.

İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini  vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır.

Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. 

Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyinihəmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrininsistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər.

Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər.

Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

  Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:

-  “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər;

- icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.  “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər.

İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.  Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                  Fərhad Abdullayev

 

 

 



 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr  2017-ci il  tarixli Qərarından hakim İ.Nəcəfovun

 

Xüsusi rəyi

 

Plenumun qeyd edilən qərarına hörmətlə yanaşaraq bildirirəm ki, onun nəticəsiylə qismən razıyam, ona görə də bu müraciətlə bağlı öz mövqeyimi bildirirəm. Plenumda müraciət edənin nümayəndəsi və digər iştirakçılar “İcra haqqında” Qanunun tətbiqində  çox saylı problemlərin olduğunu vurğuladılar.

Ona görə də müraciətin bəzi məqamlarını xüsusi rəyimdə göstərməyi vacib sayıram.

Müraciətə səbəb, 8 il ərzində icra olunmayan işə bərpaya dair məhkəmə qətnaməsinin icra məmuru tərəfindən xitam olunmasına dair qəbul edilmiş qərardan tələbkarın şikayətinə baxılma aidiyyətində yaranan hüquqi problemlər olmuşdur.

 Müraciətdə qeyd edilmişdir ki, bu cür problemlər “İcra haqqında” AR-nın Qanununa 16 oktyabr 2012-ci il və 30 dekabr 2016-cı il tarixli Qanunlarla edilmiş dəyişiklikdən sonra yaranmışdır. Buna görə də hakimlər arasında da fikir ayrılıqları mövcuddur.

Birincisi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı (İcra haqqında qanun, 20-ci maddəsi) mülki, iqtisadi və ya inzibati işin bilavasitə davamıdır. Və bu baxımdan da tərəflərin həmin qərardan verdikləri şikayətə səlahiyyətli məhkəmə kimi icra sənədini vermiş məhkəmənin özü baxmalıdır. Çünki həmin məhkəmə tərəfindən şikayətə daha tez və səmərəli baxılacağı mübahisəsizdir. Bütün şikayətlərə inzibati-icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılması əhəmiyyətli vaxt itkisinə səbəb olmaqla yanaşı, həm də inzibati sahəyə aid olmayan işin araşdırılmasının effektivliyi baxımından da səmərəli olmaya bilər; - Ikincisi, icra sənədinin icrası üzrə həyata keçirilən icra hərəkətləri zamanı ortaya çıxan çoxsaylı məsələlər: əmlak üzərinə həbsin qoyulması (İcra haqqında qanun, 50-ci mad.), borclunun məcburi gətirilməsi (İcra haqqında qanun, 84.2-ci mad.), icra sənədi üzrə icraatın dayandırılması (İcra haqqında qanun, 18-ci mad.), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması (İcra haqqında qanun,     84-1.1-ci mad.)  və sair məsələlərə icra sənədini vermiş ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən baxılır.

Bundan başqa məhkəmə hüquq islahatlarını həyata keçirməkdə əsas məqsəd ədalət mühakiməsinin “əlçatanlığını” təmin etməkdir. Bu halda isə həmin prinsip pozulmuş olur. Çünki ümumi yurisdiksiyalı məhkəmələr AR-nın bütün rayonlarında fəaliyyət göstərdiyi halda, inzibati-iqtisadi məhkəmələr yalnız (Bakı istisna olmaqla) regional apellyasiyaların yerləşdiyi şəhərlərdə fəaliyyət göstərir.

“İcra haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə 30 dekabr 2016-cı il tarixli qanuna əsasən icra sənədi üzrə icra icraatına xitam verilməsinin icra məmurunun səlahiyyətinə aid edilməsində (İcra haqqında qanun, 20-ci mad.) başlıca məqsəd məhkəmələrin iş yükünün müəyyən dərəcədə azaldılması olmuşdur. Lakin təcrübə göstərir ki, icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə icra məmurlarının qərarlarından şikayətlərin inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılması, qanunun qəbulunda güdülən məqsədə münasibətdə tamamilə əks effekt vermiş olacaq. Məhkəmənin vermiş olduğu icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarəti nəzərdə tutan “İcra haqqında” Qanunun 26-cı maddəsinin tələbi əhəmiyyətsiz olacaq və məhkəmələr özlərinin verdikləri icra sənədlərinin icrasına bilavasitə nəzarət imkanlarını itirəcəklər. Müraciət edən dediklərinə yekun vuraraq Konstitusiya məhkəməsindən müraciətdə sadalanmış “İcra haqqında” qanunun bir çox normalarının fövqündə onun 20.5-ci maddəsindəki “müvafiq məhkəmə” müddəasının şərh edilməsini xahiş etmişdir.

Müraciətin materiallarını və bu sahədə ictimai münasibətləri tənzim edən müvafiq normativ hüquqi aktların müvafiq normalarını qarşılıqlı şəkildə öyrənərək aşağıdakıları qeyd etməyi özümə borc bilirəm.

Konstitusiyanın 125-ci maddəsində deyilir ki, AR-da məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

Zənnimcə bu o deməkdir ki, icraat vasitəsindən və ya qaydasından asılı olaraq hər bir işə bir məhkəmədə baxılır. Ikincisi bir eyni səviyyəli məhkəmənin, başqa bir məhkəmədə icraatı başlanmış işlərə müdaxilə etməsinə və ya hansısa icraat mərhələsində qoşulub hər hansı bir prosessual hərəkət edilməsinə yer verilmir. Bunu məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi tələb edir. 

Icra məmuru ədalət mühakiməsinin iştirakçısı olmaqla məhkəmənin nəzarəti altında, qəbul edilmiş məhkəmə aktlarının icrasını təmin və icra edən müvafiq hüquq və vəzifələrə malik proses iştirakçısıdır.

 “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90-cı maddəsində “Normativ hüquqi aktların rəsmi şərh edilməsi qaydası” təsbit edilmişdir. Həmin maddədə deyilir ki, normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər nomalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. (90.2-ci mad.)

 “İcra haqqında” Qanunun “İcra sənədləri üzrə icraat zamanı tələbkarın, borclunun və digər şəxslərin hüquqlarının müdafiəsi” adlı XII fəslinin  87-ci maddəsində göstərilib ki, bu qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər.

 87-ci maddə ilə 20-ci maddə arasında funksional  əlaqə olduğu üçün deyə də bilərik ki, 20.5-ci maddədə göstərilmiş “müvafiq məhkəmə” anlayışı 87-ci maddəyə edilən dəyişiklikdən sonra “inzibati-iqtisadi məhkəmə” kimi anlaşılır.

 Deməli, “İcra haqqında” AR-nın Qanununun 87-ci  maddəsinə 16 oktyabr 2012-ci il tarixli Qanun ilə edilmiş dəyişiklik  AR-nın Konstitusiyasının 125-ci maddəsinə, və “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10.4-cü maddəsinə və habelə İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyanın 6-cı maddəsinə uyğun deyildir. “İcra haqqında” qanunun 20.5-ci maddəsinin şərh edilməsi məqsədi ilə “İcra haqqında” qanunun, “İcra məmurları haqqında” qanunun, MPM-nin, İPM-nin və digər əlaqəli qanunların bir sıra normalarına diqqət yetirilməsi zəruridir, çünki bunu “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.2-ci maddəsi tələb edir.

Konstitusiyanın 129-cu maddəsində qeyd edilmişdir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrası ədalət mühakiməsinin tərkib hissəsidir. Bu hal Plenum qərarında tam və ərtaflı yer tutduğundan buna geniş yer verməyi lüzumsuz sayıram.

“İcra məmurları haqqında” Qanunun 11-ci maddəsində göstərilib ki, məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların düzgün və vaxtında icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

“İcra haqqında” Qanunun 26-cı maddəsində də qeyd olunub ki, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Digər tərəfdən icra məmuruna icra sənədi üzrə icraata xitam verilməsi və ya dayandırılması haqqında səlahiyyət verilməsi bu sahədə məhkəmə nəzarətini daha da zəiflədəcəkdir.

Əgər məhkəmə qərarlarının icrasının xitamı və ya dayandırılması icra məmuruna verilirsə, bu o deməkdir ki, qanunverici məhkəməni öz hakimiyyətini ədalət mühakiməsi yolu ilə həyata keçirmək imkanından məhrum etmiş olur və bu hakimiyyət yalnız formal olaraq mövcuddur. Qəbul edilmiş məhkəmə qərarlarının icra edilməməsi Konstitusiya ilə müəyyən olunmuş məhkəmə təminatı hüququnun pozulması olmaqla ədalət mühakiməsinin mahiyyətini yox edir.

MPM-nin 1.3-cü maddəsində göstərilib ki, mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini pozan... qanunvericilik aktları qəbul edilə bilməz.

 İcra sənədi üzrə icraata xitam verilməsi və ya dayandırılması səlahiyyəti əgər icra məmuruna verilibsə, deməli məhkəmənin müstəqilliyi pozulmuşdur. Və icra məmurunun qərarından tərəflər şikayəti işə baxan məhkəməyə deyil, başqa məhkəməyə verirlərsə, deməli bir işə iki fərqli məhkəmədə baxılacaq bu da məhkəmələrin ikihakimiyyətliliyinə gətirib çıxaracaqdır.

Şərh zamanı ümumi və xüsusi normaların mütənasibliyinin müəyyən edilməsi zəruridir. Ümumi norma dedikdə əsas, ixtisaslaşdırılmış normativ müddəalar, həmçinin yüksək dərəcəli ümumiləşdirmə və sabitliklə səciyyələnən və xüsusi normaların istifadəsi üçün hüquqi əsas yaradan ilkin normativ müddəalar başa düşülür. Xüsusi normalar isə mümkün və lazımi davranışın (hüquq və vəzifələrin) növünü və ölçüsünü əks etdirir. Xüsusi normalar ümumi normaların fəaliiyət dairəsini məhdudlaşdırır. Əgər xüsusi norma varsa, ümumi norma tətbiq edilmir (“Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 31-ci maddəsi).

“Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10-cu maddəsi normativ hüquqi aktların kolliziyasının həlli qaydasına aiddir. 10.4-cü maddədə qeyd olunub ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.

“İcra haqqında” Qanunun 87-ci maddəsi ümumi norma sayılır, çünki, burada konkret olaraq icra məmurunun hansısa hərəkət və hərəkətsizliyindən şikayətin verilməsi deyil, ümumi olaraq icra məmurunun bütün hərəkət və hərəkətsizliyindən şikayətin hansı məhkəməyə verilməsi göstərilmişdir. 20-ci və bunun kimi digər maddələrdə isə konkret olaraq göstərilir ki məhz hansı hərəkətdən müvafiq məhkəməyə şikayət verilir. Bu da onu deməyə əsas verir ki, belə olan halda bunlar xüsusi normalardır.

Azərbaycan dilinin izahlı lüğətində “müvafiq” sözünün anlayışından biri də “uyğundur”. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində və eləcə də digər maddələrində göstərilmiş “müvafiq məhkəmə” müddəasında qanunverici inzibati-iqtisadi məhkəməni yox, aidiyyatı üzrə uyğun məhkəməni nəzərdə tutmuşdur.

“İcra haqqında” Qanunun 87-ci maddəsinə edilən dəyişiklik nəticəsində onunla xüsusi normaları arasında kolliziya yaranmışdır. 87-ci maddə ümumi norma olsa da, “İcra haqqında” Qanunun xüsusi normalarının istifadəsi üçün hüquqi əsas yaratmır. Bu halda yaranmış problemlər “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Yəni, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair tərəflər icra sənədini verən məhkəməyə müraciət etməlidirlər.

Qanunverici məhkəmənin iş yükünü azaltmaq məqsədi ilə insan və vətəndaş hüquqlarının bərpasında süni bürokratik qaydalar müəyyən edərək məhkəmə aktlarının icrasını uzatmaq və ya təxirə salmaq, hüquqi dövlətin cəmiyyətdə bərqərar etmək istədiyi ədalət siyasətinə qəsdir, məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolunda ən böyük əngəldir. Məhkəmə hakimiyyətini mərkəzi icra hakimiyyətindən asılı vəziyyətə salmaqdır. Qanunverici tərəfindən qanunda ediləcək dəyişikliklərin hansı neqativ nəticələrə gətirib çıxaracağı öyrənilmədiyindən “İcra haqqında” qanunda edilən dəyişikliklər mülki icraatda gözlənilməz əks, neqativ və arzuolunmaz nəticələr törətmişdir. Plenum iclasında maraqlı subyektin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun qeyd etdiyi statistik məlumata görə beş məhkəmə aktından dördünün icrası dayandırılır.

 Əslində məhkəmənin iş yükünün çoxluğu hakimlərin sayca az olması ilə əlaqədardır. Əgər rayon-şəhər məhkəmələrində hakimlərin sayı artırılarsa məhkəmələrin iş yükü də kifayət qədər azalmış olar.

“İcra haqqında” qanunun bir çox normasında özünə yer tutan “müvafiq məhkəmə” müddəası da şərhdən kənar qalmamalıdır.

 “İcra haqqında” qanunun ilkin versiyasında icra sənədinin vaxtında və düzgün icra edilməsinə məhkəmə nəzarətinin  bir forması kimi icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayətlərə məhkəmədə baxılması iqtisadi məhkəmələr tərəfindən verilmiş icra sənədi ilə əlaqədar həmin məhkəməyə, digər icra sənədləri üzrə isə icra məmurunun olduğu yerin məhkəməsinə (müvafiq qərarı qəbul etmiş məhkəməyə) şikayət verilməli olması nəzərdə tutulmuşdur.

16 oktyabr 2012-ci il tarixli Qanun ilə 87-ci maddəyə edilən dəyişikliklə düzgün olmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) bütün hallarda icra məmurunun olduğu yer üzrə İnzibati-İqtisadi məhkəməyə şikayət verilməsi müəyyən olunmuşdur.

 Lakin qanunun bir çox maddələrində qanunverici “müvafiq məhkəmə” terminini dəyişdirməmişdir.  Və bu da yuxarıda qeyd etdiyimiz kimi, “İcra haqqında” Qanunda həll olunmaz kolliziya yaratmışdır. Məhkəmələr arasında fikir ayrılıqlarına da səbəb bu olmuşdur.

“Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun “Normativ hüquqi aktların icrasına nəzarət” adlı 92-ci maddəsində normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilməsi göstərilmişdir.

Qeyd etdiyimiz Konstitusiya Qanununa əsasən normayaratma orqanları (vəzifəli şəxslər) və digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) normativ hüquqi aktların icrasına nəzarət və onun yoxlanılması, habelə müraciətlərin təhlili əsasında normativ hüquqi aktların qüvvədə olmasının keyfiyyətini, qanuniliyini və səmərəliliyini müəyyən edirlər. Normativ hüquqi aktlarda boşluqlar, daha yüksək hüquqi qüvvəyə malik olan aktlarla ziddiyyətlər, habelə daxili ziddiyyətlər və ya digər nöqsanlar aşkar edildikdə normayaratma orqanı (vəzifəli şəxslər) onları aradan qaldırmalı, digər səlahiyyətli xüsusi orqanlar (şəxslər) isə səlahiyyətli orqanlara müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilməsi və ya onların ləğv edilməsi barədə təkliflər verməlidirlər (93-cü maddə).

Deməli, “İcra haqqında” Qanuna edilən 16.10.2012 tarixli dəyişiklikdən sonra qanunverici orqan həmin qanunun nə cür işləməsinə nəzarət etməli və yoxlamalı idi. Və bu yoxlamalar nəticəsində təhlillər apararaq dəyişikliklərin qanuniliyini, onların ictimai münasibətlərə tətbiqi zamanı keyfiyyətini və səmərəliliyini müəyyən etməli idi. Çünki, Konstitusiya qanununun 93-cü maddəsi qanunverici orqanın üzərinə yuxarıda qeyd edilən vəzifələri qoymuşdur. Əgər qanunverici orqan öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsəydi, qanuna 30.12.2016 tarixli əlavə və dəyişiklik olunmazdı. Və məhkəmə qərarlarının icrasında bugünkü mövcud olan problemlər də olmazdı.

Mütləq məhkəmə hakimiyyəti hüququna malik olan məhkəmə, mülki mühakimə icraatını başlayır, aparır və qərar qəbul edir. İcra işinə onun icra sənədi əsasında başlanılır. İcra işinin xitamı da yalnız mütləq hüquq kimi ona məxsusdur. Çünki bunu Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsi tələb edir.

Məhkəmə ədalət mühakimə hakimiyyətinə məxsusdur, icra orqanı isə yox.

Müraciətə səbəb olmuş 8 il ərzində icra olunmayan işə bərpa haqqında məhkəmə qərarının xitam olunması faktı da ona dəlalət edir ki, Respublikamızda məhkəmə aktlarının icrası üzərində məhkəmə nəzarəti layiqli səviyyədə deyildir.

Hakimlərin 5 ildən bir yenidən təyin edilməsini və iş yerlərinin dəyişdirilməsini nəzərə alsaq, uzun müddət icra edilməyən məhkəmə qərarları yeni təyin edilmiş hakimlər üçün naməlum və maraqsız olduğundan icrası nəzarətsiz qalacaqdır.

Belə hesab edirəm ki, “İcra haqqında” Qanununda 16.10.2012-ci il tarixdə və 30.12.2016-cı il tarixdə edilən dəyişikliklər AR-sı Konstitusiyasının 125 və 129-cu maddələrinə, “Normativ hüquqi aktlar haqqında” AR-nın Konstitusiya Qanununun 90-cı maddəsinə, AR-sı Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin 3-cü bəndinə, “İcra məmurları haqqında” Qanunun 11-ci maddəsinə, “İcra haqqında” Qanunun preambulasına, 26-cı maddəsinə zidd olduğundan qüvvədən salınmalıdır.

  

Hakim                                                                             İsa Nəcəfov