Qərarlar

13.07.99 «İnzibati hüquqpozmalar haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə uyğunluğuna dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

«İnzibati hüquqpozmalar haqqında» Azərbaycan Respublikası Məcəlləsinin

256 və 259-cu maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə uyğunluğuna dair

13 iyul  1999-cu il                                                                                         Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi-hakim), Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə  katibi  İ.İsmayılovun,

sorğuverən orqanın qanuni nümayəndələri, Azərbaycan Respublikası Ali Məh­kəməsi sədrinin müavini Ç.Bəşirovun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadənin,

cavabverən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Milli Məc­lisi Aparatı inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri N.Səfərovun iştirakı il­ə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə müvafiq olaraq açıq məhkəmə iclasında, konstitusiya məhkəmə icraatı üzrə, «İnzibati Hüquqpozmalar Haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə uyğunluğu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 1999-cu il 26 may tarixli 5-2/99 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə məruzəçi-hakim S.Salmanovanın məruzəsini, tərəflərin qanuni nümayəndələri M.Ağazadə və N.Səfərovun çıxışlarını dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 

M Ü Ə Y Y Ə N  E T D İ:

Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusunda «İnzibati Hüquqpoz­ma­lar Haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrinin Azərbaycan Respublikası  Konstitusiyasının  61-ci maddəsinə uyğunluğunun yoxlanılması xahiş olunur.

Baxılan məsələ ilə əlaqədar iş materiallarına «İnzibati Hüquqpozmalar Haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 250, 256 və 259-cu maddələrinin Azərbaycan Respublikası Milli Məclisi Aparatında təsdiq edilmiş rəsmi mətnləri əla­və edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə əlaqədar aşa­ğı­dakıları qeyd edir.

«İnzibati Hüquqpozmalar Haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 256-cı  maddəsinin  birinci hissəsinə əsasən inzibati məsuliyyətə cəlb edilən şəxsin işinə baxılarkən vəkilin hüquqi  yardımından istifadə etmək ixtiyarı vardır.

Həmin Məcəllənin 259-cu maddəsinin birinci hissəsinə görə, inzibati məsuliyyətə cəlb edilən şəxsə hüquqi yardım göstərmək üçün vəkil inzibati hüquqpozma haqqında işə baxılmasında iştirak edə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin I hissəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Bu maddənin III hissəsinə görə isə, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin  köməyindən istifadə etmək hüququ vardır.

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Həmin maddənin V hissəsinə görə Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin  edilməsi dövlətin ali məqsədidir. 

Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinə əsasən hər kəsin doğulduğu  andan toxunulmaz, pozulmaz  və  ayrılmaz hüquqları  və  azadlıqları  vardır. 

Beləliklə, Azərbaycan  Respublikasının  Konstitusiyasında  hər  kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna təminat  verilmişdir.

1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş «İnsan hüquqları haqqında Ümumi  Bəyannamə»nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun  qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər.

BMT tərəfindən 1966-cı ildə qəbul edilmiş «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsinin 3(d) bəndində qeyd olunur ki, hər kəs özünün iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən, yaxud özünün seçdiyi mü­da­fiəçi vasitəsilə müdafiə etmək hüququna malikdir.

ATƏT-in İnsanlıq ölçüləri üzrə Konfransının Kopenhagen müşavirəsinin 1990-cı il 29 iyun tarixli Sənədində nəzərdə tutulur ki, insan şəxsiyyətinə xas olan ləyaqətin tam təzahürü üçün zəruri olan ədalət ünsürləri və insanların ayrılmaz, bərabər hü­quqları sırasına həmçinin aşağıdakılar aiddir:

-bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir ayrı-seçkilik qoyulmadan qanun  tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bununla əlaqədar olaraq qanun hər hansı ayrı-seçkiliyi qadağan edir və hər kəsin ayrı-seçkiliyin bütün formalarından bərabər və effektli müdafiəsinə  təminat verir (5.9);

-hər kəs əsas hüquqlara hörmət edilməsi və hüquq sisteminə zərər vurulmamasına təminat verilməsi  üçün  inzibati  qərarlara  qarşı  effektli hüquqi müdafiə vasitələrinə malik olmalıdır (5.10);

-hər hansı şəxsə qarşı yönəlmiş inzibati qərarlar tam əsaslı olmalıdır və bir qayda olaraq hüquqi  müdafiənin adi üsullarını özündə əks etdirməlidir (5.11).

«İnzibati Hüquqpozmalar Haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu  maddələrində inzibati hüquqpozma törətmiş şəxsin tutulduğu andan müdafiəçinin hüquqi  yardımından istifadə etmək hüququ nəzərdə tutulmamışdır. Bu isə beynəlxalq hüquqi aktlara  əsaslanan Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda göstərilən müddəaları ilə ziddiyyət  təşkil  edir.

Hər hansı şəxsin tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququndan məhrum edilməsi onun Konstitusiya hüququnu pozur. Belə vəziyyət həmçinin Azərbaycan Respublikası Konstitusiyasının – əsas Qanununun pozulması deməkdir.        

Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin IV hissəsində  göstərilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan  istifadə  oluna bilməz. İşə baxılma mərhələsindən əvvəl inzibati məsuliyyətə cəlb edilən şəxsin keyfiyyətli  hüquqi yardım almaq hüququndan məhrum edilməsi «İnzibati Hüquqpozmalar Haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 250-ci maddəsinə əsasən inzibati qaydada tutma ixtiyarı olan  orqanlar (vəzifəli şəxslər) tərəfindən qanunu pozmaqla belə sübutların əldə edilməsinə şərait yarada bilər.

Azərbaycan Respublikası Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və IV hissəsini, «Konstitusiya Məhkəməsi Haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83, 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A  A L D I:

1. İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrinin inzibati hüquqpozma törətmiş şəxsin  hüquqi yardım almaq hüququnu məhdudlaşdıran  müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.

2. İnzibati qaydada tutulan hər bir şəxsin tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ inzibati qaydada tutmağa ixtiyarı olan orqanlar (vəzifəli şəxslər) tərəfindən təmin  edilməlidir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar «Azərbaycan » qəzetində dərc edilsin.

Sədrlik edən                                                                  Xanlar Hacıyev