AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
Q Ə R A R I
«İnzibati hüquqpozmalar haqqında» Azərbaycan Respublikası Məcəlləsinin
256 və 259-cu maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə uyğunluğuna dair
13 iyul 1999-cu il Bakı şəhəri
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi-hakim), Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
sorğuverən orqanın qanuni nümayəndələri, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Ç.Bəşirovun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadənin,
cavabverən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Milli Məclisi Aparatı inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri N.Səfərovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə müvafiq olaraq açıq məhkəmə iclasında, konstitusiya məhkəmə icraatı üzrə, «İnzibati Hüquqpozmalar Haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə uyğunluğu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 1999-cu il 26 may tarixli 5-2/99 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə məruzəçi-hakim S.Salmanovanın məruzəsini, tərəflərin qanuni nümayəndələri M.Ağazadə və N.Səfərovun çıxışlarını dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusunda «İnzibati Hüquqpozmalar Haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə uyğunluğunun yoxlanılması xahiş olunur.
Baxılan məsələ ilə əlaqədar iş materiallarına «İnzibati Hüquqpozmalar Haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 250, 256 və 259-cu maddələrinin Azərbaycan Respublikası Milli Məclisi Aparatında təsdiq edilmiş rəsmi mətnləri əlavə edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.
«İnzibati Hüquqpozmalar Haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsinə əsasən inzibati məsuliyyətə cəlb edilən şəxsin işinə baxılarkən vəkilin hüquqi yardımından istifadə etmək ixtiyarı vardır.
Həmin Məcəllənin 259-cu maddəsinin birinci hissəsinə görə, inzibati məsuliyyətə cəlb edilən şəxsə hüquqi yardım göstərmək üçün vəkil inzibati hüquqpozma haqqında işə baxılmasında iştirak edə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin I hissəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Bu maddənin III hissəsinə görə isə, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Həmin maddənin V hissəsinə görə Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna təminat verilmişdir.
1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər.
BMT tərəfindən 1966-cı ildə qəbul edilmiş «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsinin 3(d) bəndində qeyd olunur ki, hər kəs özünün iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən, yaxud özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək hüququna malikdir.
ATƏT-in İnsanlıq ölçüləri üzrə Konfransının Kopenhagen müşavirəsinin 1990-cı il 29 iyun tarixli Sənədində nəzərdə tutulur ki, insan şəxsiyyətinə xas olan ləyaqətin tam təzahürü üçün zəruri olan ədalət ünsürləri və insanların ayrılmaz, bərabər hüquqları sırasına həmçinin aşağıdakılar aiddir:
-bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir ayrı-seçkilik qoyulmadan qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bununla əlaqədar olaraq qanun hər hansı ayrı-seçkiliyi qadağan edir və hər kəsin ayrı-seçkiliyin bütün formalarından bərabər və effektli müdafiəsinə təminat verir (5.9);
-hər kəs əsas hüquqlara hörmət edilməsi və hüquq sisteminə zərər vurulmamasına təminat verilməsi üçün inzibati qərarlara qarşı effektli hüquqi müdafiə vasitələrinə malik olmalıdır (5.10);
-hər hansı şəxsə qarşı yönəlmiş inzibati qərarlar tam əsaslı olmalıdır və bir qayda olaraq hüquqi müdafiənin adi üsullarını özündə əks etdirməlidir (5.11).
«İnzibati Hüquqpozmalar Haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrində inzibati hüquqpozma törətmiş şəxsin tutulduğu andan müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ nəzərdə tutulmamışdır. Bu isə beynəlxalq hüquqi aktlara əsaslanan Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda göstərilən müddəaları ilə ziddiyyət təşkil edir.
Hər hansı şəxsin tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququndan məhrum edilməsi onun Konstitusiya hüququnu pozur. Belə vəziyyət həmçinin Azərbaycan Respublikası Konstitusiyasının – əsas Qanununun pozulması deməkdir.
Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin IV hissəsində göstərilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İşə baxılma mərhələsindən əvvəl inzibati məsuliyyətə cəlb edilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququndan məhrum edilməsi «İnzibati Hüquqpozmalar Haqqında» Azərbaycan Respublikası Məcəlləsinin 250-ci maddəsinə əsasən inzibati qaydada tutma ixtiyarı olan orqanlar (vəzifəli şəxslər) tərəfindən qanunu pozmaqla belə sübutların əldə edilməsinə şərait yarada bilər.
Azərbaycan Respublikası Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və IV hissəsini, «Konstitusiya Məhkəməsi Haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83, 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Q Ə R A R A A L D I:
1. İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrinin inzibati hüquqpozma törətmiş şəxsin hüquqi yardım almaq hüququnu məhdudlaşdıran müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.
2. İnzibati qaydada tutulan hər bir şəxsin tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ inzibati qaydada tutmağa ixtiyarı olan orqanlar (vəzifəli şəxslər) tərəfindən təmin edilməlidir.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar «Azərbaycan » qəzetində dərc edilsin.
Sədrlik edən Xanlar Hacıyev