AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
QƏRARI
Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul
2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
17 aprel 2012-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Ceyhun
Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
sorğuverən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası
Prokurorluğunun Dövlət ittihamını müdafiə idarəsinin rəisi İlqar
Cəfərovun,
cavabverən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Ali
Məhkəməsinin hakimi İnqilab Nəsirovun,
ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının
müdiri, hüquq üzrə fəlsəfə doktoru Firuzə Abbasovanın iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III
hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə
iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan
Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli
qərarınınAzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, tərəflərin qanuni
nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq)
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Ş.Bədirovun Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin(bundan sonra – CM) 178.2.1, 178.2.2, 178.2.4
və 178.3.2-ci maddələri və Y.Talıbovun CM-in 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2
və 341.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi
üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – Ali Məhkəmə)
Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 125-ci maddəsinin
I, IV və VI hissələri, 127-ci maddəsinin II və VII hissələri, 129-cu maddəsinin
III hissəsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan
sonra – CPM) 7.0.20, 28.1, 32.1, 65.1, 300.1.1 və 318.1-ci maddələrinin
müddəalarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Sorğuda göstərilir ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan
Respublikası Hərbi Məhkəməsinin 18 noyabr 2010-cu il tarixli hökmü ilə
Ş.Bədirov və Y.Talıbov CM-in yuxarıda qeyd olunan maddələri ilə təqsirli
bilinib məhkum edilmişlər.
Bununla yanaşı, cinayət işi üzrə zərərçəkmiş şəxslər barəsində
cinayət təqibinə xitam verilməsi, əməllərində cinayət tərkibinin olmaması ilə
bağlı barələrində cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında
istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında
26 aprel 2010-cu il tarixli qərar həmin hissələrdə məhkəmənin 18 noyabr 2010-cu
il tarixli qərarı ilə ləğv edilmişdir.
Hökmdən və qərardan verilmiş apellyasiya protesti əsasında işə baxan
Bakı Apellyasiya Məhkəməsinın Hərbi kollegiyasının 30 mart 2011-ci il tarixli
qərarı ilə hökm qismən dəyişdirilmiş, istintaq orqanı tərəfindən qəbul edilmiş
sübutların qiymətləndirilməsi haqqında qərarın müvafiq hissədə ləğv edilməsi
barədə 18 noyabr 2010-cu il tarixli qərar isə dəyişdirilmədən saxlanılmışdır.
Həmin qərardan dövlət ittihamçısının verdiyi kassasiya protesti
onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən cinayət qanununun
normasının tələblərinə tam riayət etməmiş, habelə işin faktiki hallarına uyğun
olmayan nəticələrə gələrək qanunsuz və ədalətsiz hökm çıxarmışdır. Kassasiya
protestində həmçinin göstərilmişdir ki, istintaq orqanı tərəfindən qəbul
edilmiş sübutların qiymətləndirilməsi haqqında 26 aprel 2010-cu il tarixli
qərarın ləğv edilməsi və materiallara hüquqi qiymət verilməsi üçün Azərbaycan
Respublikasının Hərbi Prokurorluğuna göndərilməsi barədə birinci instansiya
məhkəməsinin çıxardığı qanunsuz və əsassız qərarın apellyasiya instansiyası
məhkəməsi tərəfindən qüvvədə saxlanılması CPM-in tələblərinə ziddir.
Ali Məhkəmənin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarı
ilə kassasiya protesti qismən təmin edilmiş, apellyasiya instansiyası
məhkəməsinin qərarı qismən ləğv edilərək yenidən baxılması üçün Bakı
Apellyasiya Məhkəməsinə qaytarılmış, qərar qalan hissədə, o cümlədən istintaq
orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərara
aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin Hərbi kollegiyasının həmin qərarından Azərbaycan
Respublikasının Baş prokuroru tərəfindən verilmiş əlavə kassasiya protestinin
Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilmişdir.
Sorğuverənin qənaətinə görə, kassasiya instansiyası məhkəməsinin qeyd
olunan qərarı Konstitusiyanın və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin məhkəmələrin bitərəfliyi, qərəzsizliyi, ittiham və
müdafiə funksiyalarını öz üzərinə götürməməsinə dair prinsip və normaları ilə
ziddiyyət təşkil edir, cinayət-prosessual qanunvericiliyinin işə yalnız
məhkəməyə verilmiş ittiham daxilində baxılması, hökm və ya digər yekun qərar
qəbul edilərkən cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini
istisna edən qərarlarının məcburiqüvvəyə malik olması, həmin qərarların yalnız
məhkəmə nəzarəti qaydasında ləğv edilməsinin mümkünlüyü barədə normalarının
tələblərini pozmuşdur.
Prokurorluq vahid məhkəmə təcrübəsinin formalaşdırılması və
cinayət-prosessual qanunvericiliyə dəqiq riayət olunması baxımından Ali
Məhkəmənin qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını
məqsədə müvafiq hesab edir.
Sorğu ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
göstərilən cinayət işi üzrə ittiham tərəfi kimi çıxış edən Prokurorluq ardıcıl
olaraq məhkəmə qərarlarının qanuniliyini mübahisələndirmiş, həmin qərarlardan
protestlər vermiş və məhkəmələr tərəfindən qanunun düzgün şərh
olunmadığını hesab edərək Konstitusiya Məhkəməsinə müraciət etmişdir.
Göstərilənləri nəzərə alaraq və Konstitusiyanın 130-cu maddəsinin III
hissəsinin 4-cü bəndinin tələblərinə uyğun olaraq Konstitusiya Məhkəməsinin
Plenumu Prokurorluğun sorğusu əsasında Ali Məhkəmənin qərarının Konstitusiyaya
və qanunlara uyğunluğunun yoxlanılmasını mümkün hesab edir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin düzgün
həll edilməsi üçün məhkəmə hakimiyyətinin həyata keçirilməsinin konstitusiya
əsaslarına, prinsip və şərtlərinə, cinayət mühakimə icraatında məhkəmənin
roluna və funksiyalarına, eləcə də ittiham tərəfinin statusuna dair
aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Demokratik, hüquqi dövlətdə ədalət mühakiməsihəyata keçirilərkən Konstitusiyanın,
CPM-in, Azərbaycan Respublikasının digər qanunlarının və tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl edilməsi məhkəmələrin və
cinayət prosesinin iştirakçılarının əsas vəzifəsi olmalıdır. Ədalət mühakiməsi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş prosessual hüquq
normaları çərçivəsində həyata keçirilməli və məhkəmələr tərəfindən
cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara dəqiq riayət
olunmalıdır. Bununla yanaşı, kassasiya instansiyası məhkəməsi öz səlahiyyətləri
çərçivəsində ədalət mühakiməsini həyata keçirən məhkəmələrin yol verdikləri
prosessual pozuntuları aradan qaldıraraq vahid məhkəmə təcrübəsini
formalaşdırmalı, bununla da cinayət-prosessual normaların düzgün tətbiq
edilməsinə zəmin yaratmalıdır.
Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi
yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya,
mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər
vasitələr ilə həyata keçirilir. Cinayət məhkəmə icraatında Azərbaycan
Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. Məhkəmə quruluşu
və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. Hakimlər işlərə qərəzsiz,
ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq
baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır (Konstitusiyanın
125-ci maddəsinin I, III, IV, V hissələri, 127-ci maddəsinin II hissəsi və
129-cu maddəsinin III hissəsi).
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ədalət mühakiməsinin
həyata keçirilməsinin əsas prinsiplərinin məqsədlərindən biri də
Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hər kəsin hüquq və
azadlıqlarının məhkəmədə müdafiəsinin təmin olunmasıdır.
Bu konstitusiya müddəaları məhkəmə hakimiyyətinin əsas funksiyasının
ədalət mühakiməsinin həyata keçirilməsi olduğunu vurğulamaqla yanaşı, heç bir
başqa orqanın bu funksiyanı öz üzərinə götürə bilməməsini, digər tərəfdən isə
məhkəmənin üzərinə ədalət mühakiməsi orqanının statusuna uyğun olmayan
funksiyalar qoyula bilməməsini ehtiva edir.
Cinayət-prosessual qanunvericiliyinin əsas prinsiplərindən biri olan
cinayət mühakimə icraatının yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi
prinsipinə görə cinayət mühakimə icraatı Azərbaycan Respublikasının məhkəmə
sisteminə daxil olan səlahiyyətli məhkəmə tərəfindən həyata keçirilir (CPM-in
23.1-ci maddəsi).
Qeyd edilən konstitusiya prinsiplərindən irəli gələrək “Məhkəmələr və
hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli
Qanununun məhkəmələrin vəzifələrindən bəhs edən 3-cü maddəsinə əsasən
“Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin
və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin
həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata
keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və
vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün
müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin,
digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və
qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının
Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata
keçirirlər. Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir.”
Eyni zamanda, Konstitusiyanın 127-ci maddəsinin VII hissəsinə əsasən
məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Cinayət prosesində
tərəflərin çəkişmə prinsipi habelə cinayət-prosessual qanunvericiliyində təsbit
edilmişdir. Belə ki, CPM-in 32.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan
Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi
əsasında həyata keçirilir.
Çəkişmə prinsipi cinayət məhkəmə icraatının elə qurulmasını ehtiva
edir ki, orada ədalət mühakiməsi (işin həll edilməsi) funksiyası ittiham və
müdafiə funksiyalarından tamamilə ayrılmış olsun. İşin həll edilməsi funksiyası
məhkəməyə aiddir. Məhkəmə işə ədalətlə və qərəzsiz baxılmasını təmin etməli,
tərəflərə öz prosessual vəzifələrini həyata keçirmək və mövqelərini müdafiə
etmək üçün bərabər imkanlar yaratmalıdır. Çəkişmə yalnız bitərəf məhkəmənin
mövcudluğu halında mümkün olduğundan məhkəmənin tərəflərin prosessual
funksiyalarını (ittiham, yaxud müdafiə) öz üzərinə götürməsi
yolverilməzdir.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair” 19 iyul
2002-ci il tarixli Qərarında çəkişmə prinsipi ilə əlaqədar qeyd etmişdir ki,
qanunverici tərəfindən cinayət mühakimə icraatının çəkişmə prinsipinə müvafiq
olaraq həyata keçirilməsinin müəyyənləşdirilməsi, tərəflərin müəyyən hədlərdə
prosessual müstəqilliyinin təmin olunmasına, onların prosessual mövqe və
məqsədlərinin konkretləşdirilməsinə, həmçinin prosessual funksiyaların
tarazlaşdırılmasına yönəlmişdir. İttiham və müdafiə tərəflərinin çəkişməsi
cinayət mühakimə icraatının bütün mərhələlərini əhatə edir və məhkəmə
tərəfindən qanuni, əsaslı və ədalətli hökm çıxarılmasına şərait yaradır.
Öz növbəsində, cinayət-prosessual qanunvericiliyi çəkişmə prinsipinə
əsaslanaraq cinayət prosesi subyektlərinin funksiyalarını bir-birindən ayıraraq
onların hüquqlarını və vəzifələrini dəqiq müəyyən etmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş
“dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə”
müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli Qərarında
göstərilmişdir ki, “məhz konstitusiya normalarını rəhbər tutmaqla, qanunverici
bir sıra prinsiplərlə yanaşı, çəkişmə prinsipinə əsaslanan CPM-in müddəaları
ilə ittiham, müdafiə və işin həll olunması (müvafiq məhkəmə aktları qəbul
edilməklə) funksiyalarını bir-birindən ayırmış, onların təyinatı, yönümü və məzmununu,
habelə subyektlərin dairəsini və səlahiyyətlərinin həcmini dəqiq
müəyyənləşdirmişdir”.
Cinayət-prosessual qanunvericiliyində ədalət mühakiməsinin xüsusi
forması kimi məhkəmə nəzarəti çıxış edir.
Məhkəmə nəzarəti əməliyyat-axtarış, təhqiqat və istintaq orqanlarının
cinayət təqibi ilə bağlı fəaliyyəti üzərində məhkəmənin həyata keçirdiyi
nəzarət funksiyasıdır. Bu funksiyanın məqsədləri əməliyyat-axtarış, təhqiqat və
istintaq orqanlarının fəaliyyətinin, onların həyata keçirdikləri ayrı-ayrı
hərəkətlərin, qəbul etdikləri qərarların qanuniliyinin təmin olunmasından və
cinayət təqibi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının, qanuni
maraqlarının əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi və
qorunmasından ibarətdir.
CPM-in 442.1-ci maddəsinə müvafiq olaraq məhkəmə nəzarəti
istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin
tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə
səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata
keçirilir.
Qanunvericilikdə məhkəmə nəzarətinin predmetinə insan və vətəndaş
hüquq və azadlıqlarını qanuni məhdudlaşdıran istintaq hərəkətlərinin məcburi
aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə, əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, cinayət
prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından
şikayətlərə baxılması aid edilmişdir (CPM-in 442.2-ci maddəsi).
Təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş
şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin
aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət
prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından,
o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə
icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarlardan məhkəmə
nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər (CPM-in
449-cu maddəsi).
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 05
avqust 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, “şikayət vermək hüququnun
həyata keçirilməsi cinayət məhkəmə icraatının məhkəməyədək mərhələsində xüsusi
məna daşıyır, çünki bu mərhələnin gedişində (xüsusilə ibtidai istintaq
mərhələsində) dairəsi geniş olan şəxslərin hüquqları və qanuni maraqlarına
əsassız toxunula və ya qanunsuz məhdudlaşdırıla bilər”.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət
prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına
məhkəmə nəzarəti qaydasında yalnız CPM-in 449.2-ci maddəsində sadalanan
şəxslərin şikayətləri əsasında baxıla bilər.
Məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını
reallaşdırarkən həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə
müəyyən edilir. Məhkəmə baxışının hədlərini müəyyən edən CPM-in 318.1-ci
maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək
sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında
şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə
verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə
təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə
tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri
çıxartmaq hüququna malikdir.
Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərtkimi
çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli
sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının
və qərarının qanunla müəyyən edilmiş sərhədləridir.
Göründüyü kimi, cinayət-prosessual qanunvericilik məhkəmə baxışının
hədlərini dəqiq müəyyən edərək:
· məhkəmə baxışının
hədlərini şəxslərin dairəsinə və ittihamın məzmununa görə məhdudlaşdırır;
· məhkəmə baxışı
nəticəsində məhkəmə tərəfindən ittihamın dəyişdirilməsinin hədlərini dəqiq
müəyyənləşdirir.
CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya
məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və
məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən
dairəsi ilə məhdudlaşmış olur.
Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət
məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə
hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham
elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə
ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş
ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda
dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə,
təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə
təminat verir.
CPM-in 318.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən
şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən
edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında, habelə
təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin
mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti
əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandıraraq
cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10
(on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi
məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır.
Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək
hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz
təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə
barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs
haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar
qəbul etmək səlahiyyəti (hüququ) qanunvericilikdə nəzərdə tutulmamışdır.
CPM-də təsbit edilmiş qanunçuluq prinsipinin tələbinə görə məhkəmələr
və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının,
Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının,
habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin
müddəalarına ciddi əməl etməlidirlər (CPM-in 10.1-ci maddəsi).
Məhkəmə baxışının hədlərinə tətbiq edildikdə, bu prinsipin mahiyyəti
onda ifadə edilir ki, məhkəmə baxışının hədlərinə daxil olan elementlər qanunla
müəyyən edilir və onlara ciddi surətdə əməl olunması məhkəmələrin vəzifəsidir.
Sözügedən prinsipə riayət edilməməsi isə öz növbəsində konstitusiya
prinsiplərinin pozulmasına da gətirib çıxara bilər.
Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 15 fevral
2008-ci il tarixli Qərarında əks etdirdiyi hüquqi mövqeyinə görə cinayət işinin
həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi
fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət
təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda
müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda
isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi
vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə
hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə
tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı
birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu
obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma CPM-in məhkəmə
baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələblərindən də irəli
gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə,
məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham
qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya
məhkəməyə verilən ittiham daxilində baxılır.
Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq
normalarından irəli gəlir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (bundan
sonra - BMT) Baş Assambleyasının 29 noyabr 1985-ci il tarixli qətnaməsi ilə
təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT-nin Əsas
prinsipləri”nə müvafiq olaraq məhkəmə orqanlarının müstəqilliyi prinsipi
məhkəmə orqanlarına hüquq verməklə yanaşı, onlardan məhkəmə araşdırmasının
ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının təmin
edilməsini də tələb edir. BMT-nin İqtisadi və Sosial Şurasının 1989-cu il 24
may tarixli 1989/60 saylı qətnaməsi ilə təsdiq olunmuş “Məhkəmə orqanlarının
müstəqilliyinin əsas prinsiplərinin effektiv həyata keçirilməsinin
Prosedurları”na əsasən heç bir hakimdən onun müstəqil statusuna uyğun olmayan
funksiyaların həyata keçirilməsini tələb etmək olmaz.
“Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə
tutulmuş obyektivlik və qərəzsizlik prinsipinə müvafiq olaraq hakim öz
vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından, qabaqcadan
formalaşmış yanlış fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır.
“Hakimlərin davranışına dairBanqalor prinsiplərinin Kommentariyası”na görə
hakim işin hallarının dəqiqləşdirilməsi üçün suallar verə bilər, lakin əgər o,
məhkəmə iclasının gedişinə mütəmadi müdaxilə edirsə və mülki iş üzrə icraatı
praktiki olaraq öz nəzarətinə götürürsə və ya cinayət işi üzrə icraatda
prokurorun rolunu yerinə yetirirsə və baxılan iş üzrə çıxarılan qərarda
nəticələrə gəlmək üçün onun apardığı dindirmənin nəticələrindən istifadə
edirsə, bu halda hakim həm də vəkil və şahidə çevrilir ki, bunun nəticəsində
tərəflərin ədalətli məhkəmə araşdırması hüququ reallaşdırılmamış qalır.
Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli
sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə
vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ
“Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində,
habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit
edilmişdir.
Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə
araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o
halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar
pozulmuş olsun. (Jaakko Johannes Markkula Finlandiyaya qarşı iş üzrə 03
dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı)
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vera Fernandez-Huidobro
İspaniyaya qarşı iş üzrə vurğulamışdır ki, qərəzsizlik tələbi nəzərdə
tutur ki, “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası
baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual
qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir (N
74181/01, 06 yanvar 2010-cu il, § 108).
Konstitusiya Məhkəməsinin Plenumu oxşar məsələyə dair Rusiya
Federasiyası Konstitusiya Məhkəməsinin təcrübəsində olan mövqeyi diqqətəlayiq
hesab edir. Məhkəmənin qərarında göstərilir ki, “Məhkəməyə cinayət təqibini
başlamaq səlahiyyətinin verilməsi müstəqil məhkəməyə dair konstitusiya
müddəaları ilə uyğun gəlmir... Beləliklə, cinayət təqibi funksiyasının təzahürü
kimi cinayət işinin başlanılması çəkişmə prosesində tərəflərdən biri, yəni məhz
dövlət ittihamçısı və (və ya) zərərçəkmiş tərəfindən həyata keçirilməlidir, bu,
ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinə aid deyildir
və məhkəmənin üzərinə qoyula bilməz. Belə ki, bu, məhkəmə icraatında
müstəqillik, obyektivlik və qərəzsizlik prinsiplərinə ziddir.” (Rusiya
Federasiyası Konstitusiya Məhkəməsi Plenumunun 14 yanvar 2000-ci il tarixli
Qərarı)
Beləliklə, məhkəmə baxışı zamanı cinayət işinə yalnız
təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham
daxilində baxılır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində
daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət
ittihamçısının, zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti
əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandıraraq
təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi
barədə əsaslandırılmış qərar çıxarır.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə
nəticəyə gəlir:
-CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı
cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya
məhkəməyə verilən ittiham daxilində baxılır.
-CPM-in 442 və 449-cu maddələrinin tələblərinə görə məhkəmə nəzarətini
həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual
hərəkətlərinə və qərarlarına yalnız təqsirləndirilən (şübhəli) şəxs və onun
müdafiəçisinin, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsinin, qərarın qəbul
edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan
digər şəxslərin şikayətləri əsasında baxa bilər.
Buna baxmayaraq, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan
Respublikasının Hərbi Məhkəməsinin 18 noyabr 2010-cu il tarixli hökmü ilə
Ş.Bədirov və Y.Talıbov təqsirli bilinib məhkum edilmələri ilə yanaşı, məhkəmə
CPM-in 318.1, 318.2-ci maddələrinin tələblərini pozaraq zərərçəkmiş şəxslər
barəsində cinayət təqibinə xitam verilməsi, əməllərində cinayət tərkibinin
olmaması ilə bağlı barələrində cinayət təqibinin başlanılmasının rədd edilməsi
haqqında istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi
haqqında 26 aprel 2010-cu il tarixli qərarı bəzi hissələrdə ləğv etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası qanunvericiliyin qeyd
olunan tələblərinə zidd olaraq 30 mart 2011-ci il tarixli qərarı ilə birinci
instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
CPM-in 416-cı maddəsi məhkəmənin hökm və ya qərarının kassasiya
qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları müəyyən edir. Bu
maddəyə müvafiq olaraq, məhkəmə digər hakimiyyət orqanının səlahiyyətlərini
həyata keçirməklə, öz səlahiyyətlərini aşmaqla iş üzrə hökm və ya qərar
çıxardıqda (CPM-in 416.0.16-cı maddəsi), kassasiya instansiyası məhkəməsi birinci
və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya
qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. CPM-in 419.1-ci
maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya
kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə
cinayət qanununun və CPM-in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Ali
Məhkəmənin Hərbi kollegiyası 07 iyul 2011-ci il tarixli qərarı ilə Bakı
Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının qərarını qüvvədə saxlamaqla
CPM-in 416.0.16 və 419.1-ci maddələrinə əməl etməmiş, bununla da
Konstitusiyanın 125-ci maddəsinin I, III, IV, V hissələrinin, 127-ci maddəsinin
II və VII hissələrinin, 129-cu maddəsinin III hissəsinin tələblərini
pozmuşdur.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə
nəticəyə gəlir ki,
- Ş.Bədirovun CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 178.3.2-ci
maddələri və Y.Talıbovun CM-in 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2 və 341.1-ci
maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Ali
Məhkəmənin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının istintaq
orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərara
aid hissəsi Konstitusiyanın 125-ci maddəsinin I, III, IV və V hissələrinə, 127-ci
maddəsinin II və VII hissələrinə, 129-cu maddəsinin III hissəsinə, CPM-in 318,
416 və 419-cu maddələrinə uyğun olmayan hesab edilməli və qərarın həmin hissəsi
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda əks etdirdiyi hüquqi mövqeyi
nəzərə alınmaqla cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada
yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III
hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci
maddəsinin tələblərinə görəməhkəmə baxışı zamanı cinayət işinə yalnız
təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham
daxilində baxılır.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442
və 449-cu maddələrinin tələblərinə görə məhkəmə nəzarətini həyata keçirən
məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə
və qərarlarına yalnız təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisinin,
zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsinin, habelə qərarın qəbul edilməsi
və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər
şəxslərin şikayətləri əsasında baxa bilər.
3. Bədirov Şahlar Əlizaman oğlunun Azərbaycan Respublikası
Cinayət-Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri və
Talıbov Yaşar Əlləz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
178.2.1, 178.2.2, 178.2.4, 178.3.2 və 341.1-ci maddələri ilə təqsirli bilinib
məhkum edilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının istintaq
orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərara
aid hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin I, III,
IV və V hissələrinə, 127-ci maddəsinin II və VII hissələrinə, 129-cu maddəsinin
III hissəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 416
və 419-cu maddələrinə uyğun olmayan hesab edilsin və qərarın həmin hissəsi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda əks
etdirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla Azərbaycan Respublikasının cinayət-prosessual
qanunvericiliyində müəyyən edilmiş qaydada yenidən baxılsın.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr
Fərhad Abdullayev
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun 17 aprel 2012-ci il tarixli qərarından hakim İ.Ə.Nəcəfovun
XÜSUSİ RƏYİ
Azərbaycan Respublikası Prokurorluğunun sorğusu ilə bağlı Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 17 aprel 2012-ci il
tarixli qərarı ilə belə nəticəyə gəlmişdir ki, S.Ə.Bədirovun Cinayət
Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə
Y.Ə.Tahirovun CM-in 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2 və 341.1-ci maddələri
ilə təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli
qərarının istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların
qiymətləndirilməsi haqqında qərara aid hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının
125-ci maddəsinin I, III, IV, V, və VI hissələri, 127-ci maddəsinin II və VII
hissələri, 129-cu maddəsinin III hissəsinə, Azərbaycan Respublikası
Cinayət-Prossesual Məcəlləsinin 318, 416, 419-cu maddələrinin müddəalarına
uyğun deyildir.
Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeyi ilə aşağıda
sadalanan hallar müqabilində razılaşmayaraq öz xüsusi rəyimi bildirirəm.
1. Qeyd olunmalıdır ki, sorğudan və ona əlavə edilmiş sənədlərdən
göründüyü kimi, məhkəmə tərəfindən cinayət işinə baxılarkən CPM-nin 318.1-ci
maddəsinin tələbləri pozulmamış, hökm ibtidai istintaq orqanı tərəfindən
təqsirləndirilən şəxslərə qarşı irəli sürülən və məhkəmədə dövlət
ittihamçısının müdafiə etdiyi ittiham daxilində çıxarılmışdır.
2. İbtidai araşdırma orqanının məhkəmə qərarı ilə ləğv edilən
qərarında göstərilən xüsusatların təqsirləndirilən şəxslərə elan edilmiş
ittihama heç bir təsiri olmamışdır. Məhkəmənin belə bir qərar qəbul etməsi
həmin cinayət işi üzrə həqiqətin müəyən edilməsinin yalnız təminatına
yönəlmişdir.
Belə ki, Konstitusiyanın 125-ci maddəsinin (bu normanın I, III-VI
hissələrinə Plenumun qərarında istinad olunur) I hissəsinə əsasən Azərbaycan
Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız
məhkəmələr həyata keçirirlər. Cinayət məhkəmə icraatında Azərbaycan
Respublikasının Prokurorluğu və müdafiə tərəf iştirak edir (Konstitusiyanın
125-ci maddəsinin IV hissəsi).
Plenum qərarının əsaslandırıcı hissəsini məhz Konstitusiyanın 125-ci
maddəsinin IV və məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata
keçirdiyini müəyyənləşdirən 127-ci madəsinin VII hissələrinin müəddəaları
üzərində qurmaqla sorğuda mübahisə edilməyən məhkəmə prosesinin çəkişmə
prinsipi əsasında aparılmalı olması ilə bağlı mülahizələrə geniş yer vermiş, təhqiqat
və istintaq orqanlarının cinayət təqibi ilə bağlı fəaliyyəti üzərində
məhkəmənin həyata keçirdiyi nəzarət funksiyasını tənzimləyən CPM-nin 442 və
449-cu maddələrinin tələblərinə aydınlıq gətirmişdir.
Halbuki, CPM-nin müddəalarına görə qanunla cinayət hesab edilən
əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb edilməli
olmasını müəyyən etmək, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam
və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa etmək və cinayət
məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının əsas vəzifələridir
(CPM-nin 1.2.1, 8.0.3, 8.0.4-cü maddələri).
Göründüyü kimi CPM-nin qeyd edilən bu maddələri ümumi norma olmaqla
ümumi prossesual vəzifələr təsbit etmişdir. Bu da nəinki təhqiqat və istintaq
orqanları və ya onların vəzifəli şəxslərini, həmçinin məhkəmələri də öz təsir
dairəsində saxlamışdır.
CPM-nin mövcud redaksiyasında həqiqətə nail olmaq prinsipi birbaşa
nəzərdə tutulmasa da, cinayət təbiqi ilə bağlı bütün halların məhkəmə baxışında
hərtərəfli, tam və obyektiv araşdırılması prinsipi, məhkəmənin üzərinə dolayısı
yolla da olsa, məhz həqiqəti üzə çıxarılmaq vəzifəsini qoyur.
Həqiqətin müəyyən edilməsi cinayət işləri üzrə ədalət mühakiməsinin
həyata keçrilməsinin ən zəruri şərtidir. Məhz bütün zamanlarda bəşər cəmiyyəti
məhkəmələrdən həqiqətin üzə çıxarmalarını tələb etmiş, tələb edir və tələb
edəcəklər. Məhz məhkəmə aktlarında həqiqətin təcəssümü əsl ədalətin təntənəsi
sayılmışdır. Ona görə də, cinayət prosesində həqiqət ən yüksək mənəvi-hüquqi
dəyərlərdən biri hesab edilir.
Cinayət məhkəmə icraatında hakimi və ya məhkəməni bu öhdəçilikdən
vəzifədən kənarlaşdıraraq həqiqətin müəyyən edilməsini tərəflərin çəkişməsi
üzərinə qoymaq ədalət mühakiməsindən imtina etmək olardı.
Cinayət məhkəmə icraatında hakimin və ya məhkəmənin həqiqəti müəyyən
etmək məqsədilə qəbul etdiyi hər bir qərar Konstitusiyanın 125-ci maddəsinin I
hissəsinə uyğun hesab edilməlidir.
Plenum öz qərarında Konstitusiya Məkəməsinin 19 iyul 2002-ci il
tarixli, 15 fevral 2008-ci il tarixli, 05 avqust 2009-cu il tarixli qərarlarına
istinad etməklə ədalət mühakiməsində həqiqətə nail olmaq prinsiplərindən
kənarda dayanmaqla, məhkəmənin yalnız çəkişmə prinsipinə riayət etməsi
prinsipinə üstünlük vermişdir. Halbuki, 2009-cu il tarixdən qüvvədə olan
Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı
qarşısında dayanan əsas vəzifələrdən biri də həqiqətin təmin edilməsidir. Belə
təəssürat yarana bilər ki, bu norma məhkəmə baxışında prossesual həqiqətin
müəyyən edilməsini ehtiva edir. Lakin Konstitusiya Məhkəməsinin 10 aprel
2012-ci il tarixli qərarından görünür ki, məhkəmə icraatı yalnız obyektiv
həqiqətə nail olmalıdır. Bu isə məhkəmədə işin nəticələrinin tam obyektiv
araşdırılmasını, bu zaman ədalət, çəkişmə prinsipi ilə həqiqətə nail olma
prinsipi arasında mütənasibliyin gözlənilməsini, ittiham və müdafiə
funksiyaları arasında tarazlığın pozulmamasını təmin etməklə, cinayət qanununa
müvafiq olaraq əməlin qiymətləndirilməsini nəzərdə tutur.
Təsadüfi deyildir ki, məhkəmə istintaqı zamanı ittiham və müdafiə
tərəfinin mövqeləri yenidən prossesual-hüquqi qiymətləndirməyə məruz qalır,
toplanmış sübutlar yoxlanılır və yenidən qiymətləndirilir. Bundan əlavə CPM-nin
207.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 207.5.4-cü madələrində
nəzərdə tutulmuş hallar istisna edilməklə törədilən və hazırlanan cinayət
haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün materialları dərhal
baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora göndərir. Həmin Məcəllənin 208.0.5-ci maddəsində nəzərdə tutulur ki,
məhkəmə cinayət haqqında məlumatı ədalət mühakiməsinin hər hansı icraatı üzrə
həyata keçirilməsi zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda, bu
məlumat prokuror tərəfindən cinayət işi başlanmasına səbəb olur.
Konstitusiya icraatı materiallarından da görünür ki, Ağır Cinayətlərə
Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsi cinayət işinin
materiallarında bir qrup şəxs barəsində ibtidai araşdırmada cinayət təqibinə
qanunsuz xitam verildiyini müəyyən edərək, həmin qərarı özünün 18 noyabr
2010-cu il tarixli qərarı ilə ləğv etmiş və bu barədə Azərbaycan Respublikası
Hərbi prokuroruna məlumat vermişdir.
Plenum, məhkəmə baxışı zamanı məhkəmənin ibtidai araşdırma orqanının
cinayət təqibinə xitam verilməsi (və ya cinayət işinin başlanmasının rədd
edilməsi) barədə qərarını ləğv etməsini Konstitusiya və Cinayət-Prossesual
Qanunvericiliyinə uyğun olmayan hesab etsə də, CPM-nin 207.6-cı və 208.0.5-ci
maddələrində nəzərdə tutulan hallarda məhkəmənin prokurora hansı formada
törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumat verib-verməməli
olmamasının və eləcə də məlumat verməlidirsə hansı qərarla məlumat verməli
olmasının şərhinə diqqət yetirməmişdir.
Həmçinin Plenum qərarında Hərbi Kollegiyanın qərarını əsassız hesab
edərkən, işə baxan məhkəmənin cinayət təqibinə xitam verilməsi barədə (cinayət
işinin başlanmasının rədd edilməsi barədə) istintaq orqanının qəbul etdiyi
qərarın əsassız olması qənaətinə gələrkən, hansı qərarı qəbul etməli
olmasına aydınlıq gətirməmiş CPM-nin 41-ci və 318-ci maddələrində bu haqda hər
hansı bir göstəriş (hüquqverici və ya qadağanedici) olmamasına baxmayaraq bu
Məcəlləyə müvafiq əlavə ya dəyişikliklər edilməsi məqsədilə Milli Məclisə
tövsiyə ilə müraciət etməmişdir.
Məhkəmənin məhkəmə icraatında obyektiv həqiqətə necə nail olması
CPM-də tənzimlənmədiyindən 2009-cu ildə Konstitusiyaya edilmiş
dəyişiklik və əlavələrdən sonra, çəkişmə prinsipi ilə göstərilən prinsipin
qarşıdurması yaranmasına baxmayaraq Plenum bu halı nəzərdən qaçırmışdır.
Eyni zamanda Konstitusiyanın 147-ci maddəsinə və CPM-nin isə 2.2-ci
maddəsinə görə Konstitusiya normaları Azərbaycan Respublikasının bütün
ərazisində ali hüquqi qüvvəyə malikdir və birbaşa qüvvədədir. Konstitusiya
normaları ilə bu Məcəllənin normaları arasında ziddiyət olduqda Konstitusiya
normaları tətbiq edilir.
3. Qeyd edilənlərə əsasən hesab edirəm ki:
- Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin qərarını qüvvədə
saxlamaqla, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin məhkəmələr
tərəfindən təmin edilməsi mexanizminin tənzimlənməsi məqsədilə Cinayət
Prossesual Məcəlləsinə müvafiq əlavələr edilməsini Milli Məclisə tövsiyyə
etməli;
- CPM-nin 207.6-cı maddəsini və 208.0.5-ci maddəsini şərh etməliydi.
Hakim
İsa Nəcəfov