Постановления

17.04.12 Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

 

QƏRARI

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

17 aprel 2012-ci il                                                               Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

sorğuverən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamını müdafiə idarəsinin rəisi İlqar Cəfərovun, 

cavabverən orqanın qanuni nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İnqilab Nəsirovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Firuzə Abbasovanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarınınAzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.    

İş üzrə hakim C.Qaracayevin məruzəsini, tərəflərin qanuni nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

MÜƏYYƏN ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Ş.Bədirovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(bundan sonra – CM) 178.2.1, 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri və Y.Talıbovun CM-in 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2 və 341.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – Ali Məhkəmə) Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 125-ci maddəsinin I, IV və VI hissələri, 127-ci maddəsinin II və VII hissələri, 129-cu maddəsinin III hissəsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 7.0.20, 28.1, 32.1, 65.1, 300.1.1 və 318.1-ci maddələrinin müddəalarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. 

Sorğuda göstərilir ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 18 noyabr 2010-cu il tarixli hökmü ilə Ş.Bədirov və Y.Talıbov CM-in yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. 

Bununla yanaşı, cinayət işi üzrə zərərçəkmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsi, əməllərində cinayət tərkibinin olmaması ilə bağlı barələrində cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 26 aprel 2010-cu il tarixli qərar həmin hissələrdə məhkəmənin 18 noyabr 2010-cu il tarixli qərarı ilə ləğv edilmişdir. 

Hökmdən və qərardan verilmiş apellyasiya protesti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinın Hərbi kollegiyasının 30 mart 2011-ci il tarixli qərarı ilə hökm qismən dəyişdirilmiş, istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarın müvafiq hissədə ləğv edilməsi barədə 18 noyabr 2010-cu il tarixli qərar isə dəyişdirilmədən saxlanılmışdır.

Həmin qərardan dövlət ittihamçısının verdiyi kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən cinayət qanununun normasının tələblərinə tam riayət etməmiş, habelə işin faktiki hallarına uyğun olmayan nəticələrə gələrək qanunsuz və ədalətsiz hökm çıxarmışdır. Kassasiya protestində həmçinin göstərilmişdir ki, istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 26 aprel 2010-cu il tarixli qərarın ləğv edilməsi və materiallara hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilməsi barədə birinci instansiya məhkəməsinin çıxardığı qanunsuz və əsassız qərarın apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılması CPM-in tələblərinə ziddir. 

Ali Məhkəmənin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarı ilə kassasiya protesti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qərar qalan hissədə, o cümlədən istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərara aid hissədə dəyişdirilmədən saxlanılmışdır. 

Ali Məhkəmənin Hərbi kollegiyasının həmin qərarından Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş əlavə kassasiya protestinin Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilmişdir. 

Sorğuverənin qənaətinə görə, kassasiya instansiyası məhkəməsinin qeyd olunan qərarı Konstitusiyanın və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin məhkəmələrin bitərəfliyi, qərəzsizliyi, ittiham və müdafiə funksiyalarını öz üzərinə götürməməsinə dair prinsip və normaları ilə ziddiyyət təşkil edir, cinayət-prosessual qanunvericiliyinin işə yalnız məhkəməyə verilmiş ittiham daxilində baxılması, hökm və ya digər yekun qərar qəbul edilərkən cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən qərarlarının məcburiqüvvəyə malik olması, həmin qərarların yalnız məhkəmə nəzarəti qaydasında ləğv edilməsinin mümkünlüyü barədə normalarının tələblərini pozmuşdur.

Prokurorluq vahid məhkəmə təcrübəsinin formalaşdırılması və cinayət-prosessual qanunvericiliyə dəqiq riayət olunması baxımından Ali Məhkəmənin qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını məqsədə müvafiq hesab edir.

Sorğu ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, göstərilən cinayət işi üzrə ittiham tərəfi kimi çıxış edən Prokurorluq ardıcıl olaraq məhkəmə qərarlarının qanuniliyini mübahisələndirmiş, həmin qərarlardan protestlər vermiş və  məhkəmələr tərəfindən qanunun düzgün şərh olunmadığını hesab edərək Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Göstərilənləri nəzərə alaraq və Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 4-cü bəndinin tələblərinə uyğun olaraq Konstitusiya Məhkəməsinin Plenumu Prokurorluğun sorğusu əsasında Ali Məhkəmənin qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını mümkün hesab edir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin düzgün həll edilməsi üçün məhkəmə hakimiyyətinin həyata keçirilməsinin konstitusiya əsaslarına, prinsip və şərtlərinə, cinayət mühakimə icraatında məhkəmənin roluna və funksiyalarına, eləcə də ittiham tərəfinin statusuna dair aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Demokratik, hüquqi dövlətdə ədalət mühakiməsihəyata keçirilərkən Konstitusiyanın, CPM-in, Azərbaycan Respublikasının digər qanunlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl edilməsi məhkəmələrin və cinayət prosesinin iştirakçılarının əsas vəzifəsi olmalıdır. Ədalət mühakiməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş prosessual hüquq normaları çərçivəsində həyata keçirilməli və məhkəmələr tərəfindən cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara dəqiq riayət olunmalıdır. Bununla yanaşı, kassasiya instansiyası məhkəməsi öz səlahiyyətləri çərçivəsində ədalət mühakiməsini həyata keçirən məhkəmələrin yol verdikləri prosessual pozuntuları aradan qaldıraraq vahid məhkəmə təcrübəsini formalaşdırmalı, bununla da cinayət-prosessual normaların düzgün tətbiq edilməsinə zəmin yaratmalıdır. 

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır (Konstitusiyanın 125-ci maddəsinin I, III, IV, V hissələri, 127-ci maddəsinin II hissəsi və 129-cu maddəsinin III hissəsi).

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərinin məqsədlərindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinin təmin olunmasıdır.

Bu konstitusiya müddəaları məhkəmə hakimiyyətinin əsas funksiyasının ədalət mühakiməsinin həyata keçirilməsi olduğunu vurğulamaqla yanaşı, heç bir başqa orqanın bu funksiyanı öz üzərinə götürə bilməməsini, digər tərəfdən isə məhkəmənin üzərinə ədalət mühakiməsi orqanının statusuna uyğun olmayan funksiyalar qoyula bilməməsini ehtiva edir.

Cinayət-prosessual qanunvericiliyinin əsas prinsiplərindən biri olan cinayət mühakimə icraatının yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi prinsipinə görə cinayət mühakimə icraatı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan səlahiyyətli məhkəmə tərəfindən həyata keçirilir (CPM-in 23.1-ci maddəsi). 

Qeyd edilən konstitusiya prinsiplərindən irəli gələrək “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun məhkəmələrin vəzifələrindən bəhs edən 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir.”

Eyni zamanda, Konstitusiyanın 127-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Cinayət prosesində tərəflərin çəkişmə prinsipi habelə cinayət-prosessual qanunvericiliyində təsbit edilmişdir. Belə ki, CPM-in 32.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir.

Çəkişmə prinsipi cinayət məhkəmə icraatının elə qurulmasını ehtiva edir ki, orada ədalət mühakiməsi (işin həll edilməsi) funksiyası ittiham və müdafiə funksiyalarından tamamilə ayrılmış olsun. İşin həll edilməsi funksiyası məhkəməyə aiddir. Məhkəmə işə ədalətlə və qərəzsiz baxılmasını təmin etməli, tərəflərə öz prosessual vəzifələrini həyata keçirmək və mövqelərini müdafiə etmək üçün bərabər imkanlar yaratmalıdır. Çəkişmə yalnız bitərəf məhkəmənin mövcudluğu halında mümkün olduğundan məhkəmənin tərəflərin prosessual funksiyalarını (ittiham, yaxud müdafiə) öz üzərinə götürməsi yolverilməzdir. 

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair” 19 iyul 2002-ci il tarixli Qərarında çəkişmə prinsipi ilə əlaqədar qeyd etmişdir ki, qanunverici tərəfindən cinayət mühakimə icraatının çəkişmə prinsipinə müvafiq olaraq həyata keçirilməsinin müəyyənləşdirilməsi, tərəflərin müəyyən hədlərdə prosessual müstəqilliyinin təmin olunmasına, onların prosessual mövqe və məqsədlərinin konkretləşdirilməsinə, həmçinin prosessual funksiyaların tarazlaşdırılmasına yönəlmişdir. İttiham və müdafiə tərəflərinin çəkişməsi cinayət mühakimə icraatının bütün mərhələlərini əhatə edir və məhkəmə tərəfindən qanuni, əsaslı və ədalətli hökm çıxarılmasına şərait yaradır. 

Öz növbəsində, cinayət-prosessual qanunvericiliyi çəkişmə prinsipinə əsaslanaraq cinayət prosesi subyektlərinin funksiyalarını bir-birindən ayıraraq onların hüquqlarını və vəzifələrini dəqiq müəyyən etmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “məhz konstitusiya normalarını rəhbər tutmaqla, qanunverici bir sıra prinsiplərlə yanaşı, çəkişmə prinsipinə əsaslanan CPM-in müddəaları ilə ittiham, müdafiə və işin həll olunması (müvafiq məhkəmə aktları qəbul edilməklə) funksiyalarını bir-birindən ayırmış, onların təyinatı, yönümü və məzmununu, habelə subyektlərin dairəsini və səlahiyyətlərinin həcmini dəqiq müəyyənləşdirmişdir”.

Cinayət-prosessual qanunvericiliyində ədalət mühakiməsinin xüsusi forması kimi məhkəmə nəzarəti çıxış edir.

Məhkəmə nəzarəti əməliyyat-axtarış, təhqiqat və istintaq orqanlarının cinayət təqibi ilə bağlı fəaliyyəti üzərində məhkəmənin həyata keçirdiyi nəzarət funksiyasıdır. Bu funksiyanın məqsədləri əməliyyat-axtarış, təhqiqat və istintaq orqanlarının fəaliyyətinin, onların həyata keçirdikləri ayrı-ayrı hərəkətlərin, qəbul etdikləri qərarların qanuniliyinin təmin olunmasından və cinayət təqibi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının, qanuni maraqlarının əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi və qorunmasından ibarətdir. 

CPM-in 442.1-ci maddəsinə müvafiq olaraq məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.

Qanunvericilikdə məhkəmə nəzarətinin predmetinə insan və vətəndaş hüquq və azadlıqlarını qanuni məhdudlaşdıran istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayətlərə baxılması aid edilmişdir (CPM-in 442.2-ci maddəsi).

Təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarlardan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər (CPM-in 449-cu maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 05 avqust 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, “şikayət vermək hüququnun həyata keçirilməsi cinayət məhkəmə icraatının məhkəməyədək mərhələsində xüsusi məna daşıyır, çünki bu mərhələnin gedişində (xüsusilə ibtidai istintaq mərhələsində) dairəsi geniş olan şəxslərin hüquqları və qanuni maraqlarına əsassız toxunula və ya qanunsuz məhdudlaşdırıla bilər”. 

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına məhkəmə nəzarəti qaydasında yalnız CPM-in 449.2-ci maddəsində sadalanan şəxslərin şikayətləri əsasında baxıla bilər.

Məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını reallaşdırarkən həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə müəyyən edilir. Məhkəmə baxışının hədlərini müəyyən edən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərtkimi çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir. 

Göründüyü kimi, cinayət-prosessual qanunvericilik məhkəmə baxışının hədlərini dəqiq müəyyən edərək:

· məhkəmə baxışının hədlərini şəxslərin dairəsinə və ittihamın məzmununa görə məhdudlaşdırır;

· məhkəmə baxışı nəticəsində məhkəmə tərəfindən ittihamın dəyişdirilməsinin hədlərini dəqiq müəyyənləşdirir.

CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. 

Məhkəmə baxışının hədlərinin belə məhdudlaşdırılması cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsindən irəli gəlir. Bu baxımdan məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. 

CPM-in 318.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında, habelə  təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandıraraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. 

Məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, qeyd olunan şəxslərin vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə məhkəmə baxışını dayandıraraq işi və ya materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti (hüququ) qanunvericilikdə nəzərdə tutulmamışdır.

CPM-də təsbit edilmiş qanunçuluq prinsipinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər (CPM-in 10.1-ci maddəsi).

Məhkəmə baxışının hədlərinə tətbiq edildikdə, bu prinsipin mahiyyəti onda ifadə edilir ki, məhkəmə baxışının hədlərinə daxil olan elementlər qanunla müəyyən edilir və onlara ciddi surətdə əməl olunması məhkəmələrin vəzifəsidir. Sözügedən prinsipə riayət edilməməsi isə öz növbəsində konstitusiya prinsiplərinin pozulmasına da gətirib çıxara bilər. 

Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 15 fevral 2008-ci il tarixli Qərarında əks etdirdiyi hüquqi mövqeyinə görə cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. 

Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından irəli gəlir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (bundan sonra - BMT) Baş Assambleyasının 29 noyabr 1985-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT-nin Əsas prinsipləri”nə müvafiq olaraq məhkəmə orqanlarının müstəqilliyi prinsipi məhkəmə orqanlarına hüquq verməklə yanaşı, onlardan məhkəmə araşdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının təmin edilməsini də tələb edir. BMT-nin İqtisadi və Sosial Şurasının 1989-cu il 24 may tarixli 1989/60 saylı qətnaməsi ilə təsdiq olunmuş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsiplərinin effektiv həyata keçirilməsinin Prosedurları”na əsasən heç bir hakimdən onun müstəqil statusuna uyğun olmayan funksiyaların həyata keçirilməsini tələb etmək olmaz. 

“Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə tutulmuş obyektivlik və qərəzsizlik prinsipinə müvafiq olaraq hakim öz vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından, qabaqcadan formalaşmış yanlış fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır. “Hakimlərin davranışına dairBanqalor prinsiplərinin Kommentariyası”na görə hakim işin hallarının dəqiqləşdirilməsi üçün suallar verə bilər, lakin əgər o, məhkəmə iclasının gedişinə mütəmadi müdaxilə edirsə və mülki iş üzrə icraatı praktiki olaraq öz nəzarətinə götürürsə və ya cinayət işi üzrə icraatda prokurorun rolunu yerinə yetirirsə və baxılan iş üzrə çıxarılan qərarda nəticələrə gəlmək üçün onun apardığı dindirmənin nəticələrindən istifadə edirsə, bu halda hakim həm də vəkil və şahidə çevrilir ki, bunun nəticəsində tərəflərin ədalətli məhkəmə araşdırması hüququ reallaşdırılmamış qalır.

Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit edilmişdir.

Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda  pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (Jaakko Johannes Markkula Finlandiyaya qarşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vera Fernandez-Huidobro İspaniyaya qarşı iş üzrə vurğulamışdır ki, qərəzsizlik tələbi nəzərdə tutur ki, “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir (N 74181/01, 06 yanvar 2010-cu il, § 108).     

Konstitusiya Məhkəməsinin Plenumu oxşar məsələyə dair Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin təcrübəsində olan mövqeyi diqqətəlayiq hesab edir. Məhkəmənin qərarında göstərilir ki, “Məhkəməyə cinayət təqibini başlamaq səlahiyyətinin verilməsi müstəqil məhkəməyə dair konstitusiya müddəaları ilə uyğun gəlmir... Beləliklə, cinayət təqibi funksiyasının təzahürü kimi cinayət işinin başlanılması çəkişmə prosesində tərəflərdən biri, yəni məhz dövlət ittihamçısı və (və ya) zərərçəkmiş tərəfindən həyata keçirilməlidir, bu, ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinə aid deyildir və məhkəmənin üzərinə qoyula bilməz. Belə ki, bu, məhkəmə icraatında müstəqillik, obyektivlik və qərəzsizlik prinsiplərinə ziddir.” (Rusiya Federasiyası Konstitusiya Məhkəməsi Plenumunun 14 yanvar 2000-ci il tarixli Qərarı)

Beləliklə, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının, zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandıraraq təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir: 

-CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.

-CPM-in 442 və 449-cu maddələrinin tələblərinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına yalnız təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisinin, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsinin, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin şikayətləri əsasında baxa bilər.

Buna baxmayaraq, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 18 noyabr 2010-cu il tarixli hökmü ilə Ş.Bədirov və Y.Talıbov təqsirli bilinib məhkum edilmələri ilə yanaşı, məhkəmə CPM-in 318.1, 318.2-ci maddələrinin tələblərini pozaraq zərərçəkmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsi, əməllərində cinayət tərkibinin olmaması ilə bağlı barələrində cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 26 aprel 2010-cu il tarixli qərarı bəzi hissələrdə ləğv etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq 30 mart 2011-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. 

CPM-in 416-cı maddəsi məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları müəyyən edir. Bu maddəyə müvafiq olaraq, məhkəmə digər hakimiyyət orqanının səlahiyyətlərini həyata keçirməklə, öz səlahiyyətlərini aşmaqla iş üzrə hökm və ya qərar çıxardıqda (CPM-in 416.0.16-cı maddəsi), kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və CPM-in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Ali Məhkəmənin Hərbi kollegiyası 07 iyul 2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının qərarını qüvvədə saxlamaqla CPM-in 416.0.16 və 419.1-ci maddələrinə əməl etməmiş, bununla da Konstitusiyanın 125-ci maddəsinin I, III, IV, V hissələrinin, 127-ci maddəsinin II və VII hissələrinin, 129-cu maddəsinin III hissəsinin tələblərini pozmuşdur. 

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,

- Ş.Bədirovun CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri və Y.Talıbovun CM-in 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2 və 341.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Ali Məhkəmənin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərara aid hissəsi Konstitusiyanın 125-ci maddəsinin I, III, IV və V hissələrinə, 127-ci maddəsinin II və VII hissələrinə, 129-cu maddəsinin III hissəsinə, CPM-in 318, 416 və 419-cu maddələrinə uyğun olmayan hesab edilməli və qərarın həmin hissəsi Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda əks etdirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsini,  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görəməhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. 

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442 və 449-cu maddələrinin tələblərinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına yalnız təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisinin, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsinin, habelə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin şikayətləri əsasında baxa bilər.

3. Bədirov Şahlar Əlizaman oğlunun Azərbaycan Respublikası Cinayət-Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri və Talıbov Yaşar Əlləz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2 və 341.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərara aid hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin I, III, IV və V hissələrinə, 127-ci maddəsinin II və VII hissələrinə, 129-cu maddəsinin III hissəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 416 və 419-cu maddələrinə uyğun olmayan hesab edilsin və qərarın həmin hissəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda əks etdirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada yenidən baxılsın.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin. 

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   

 

Sədr                                                                        Fərhad Abdullayev

 

  

 

 

 

 







 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 aprel 2012-ci il tarixli qərarından hakim İ.Ə.Nəcəfovun

 

XÜSUSİ  RƏYİ

 

Azərbaycan Respublikası Prokurorluğunun sorğusu ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 17 aprel 2012-ci il tarixli  qərarı ilə belə nəticəyə gəlmişdir ki, S.Ə.Bədirovun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə Y.Ə.Tahirovun CM-in 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2 və 341.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərara aid hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin I, III, IV, V, və VI hissələri, 127-ci maddəsinin II və VII hissələri, 129-cu maddəsinin III hissəsinə, Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 318, 416, 419-cu maddələrinin müddəalarına uyğun deyildir.

Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeyi ilə aşağıda sadalanan hallar müqabilində razılaşmayaraq öz xüsusi rəyimi bildirirəm.

1. Qeyd olunmalıdır ki, sorğudan və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, məhkəmə tərəfindən cinayət işinə baxılarkən CPM-nin 318.1-ci maddəsinin tələbləri pozulmamış, hökm ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülən və  məhkəmədə dövlət ittihamçısının müdafiə etdiyi ittiham daxilində çıxarılmışdır.

2.  İbtidai araşdırma orqanının məhkəmə qərarı ilə ləğv edilən qərarında göstərilən xüsusatların  təqsirləndirilən şəxslərə elan edilmiş ittihama heç bir təsiri olmamışdır. Məhkəmənin belə bir qərar qəbul etməsi həmin cinayət işi üzrə həqiqətin müəyən edilməsinin yalnız təminatına yönəlmişdir.

Belə ki, Konstitusiyanın 125-ci maddəsinin (bu normanın I, III-VI hissələrinə Plenumun qərarında istinad olunur) I hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəf iştirak edir (Konstitusiyanın 125-ci maddəsinin IV hissəsi).

Plenum qərarının əsaslandırıcı hissəsini məhz Konstitusiyanın 125-ci maddəsinin IV və məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirdiyini müəyyənləşdirən 127-ci madəsinin VII hissələrinin müəddəaları üzərində qurmaqla sorğuda mübahisə edilməyən məhkəmə prosesinin çəkişmə prinsipi əsasında aparılmalı olması ilə bağlı mülahizələrə geniş yer vermiş, təhqiqat və istintaq orqanlarının cinayət təqibi ilə bağlı fəaliyyəti üzərində məhkəmənin həyata keçirdiyi nəzarət funksiyasını tənzimləyən CPM-nin 442 və 449-cu maddələrinin tələblərinə aydınlıq gətirmişdir.

 Halbuki, CPM-nin müddəalarına görə qanunla cinayət hesab edilən əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb edilməli olmasını müəyyən etmək, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının əsas vəzifələridir (CPM-nin 1.2.1, 8.0.3, 8.0.4-cü maddələri).

Göründüyü kimi CPM-nin qeyd edilən bu maddələri ümumi norma olmaqla ümumi prossesual vəzifələr təsbit etmişdir. Bu da nəinki təhqiqat və istintaq orqanları və ya onların vəzifəli şəxslərini, həmçinin məhkəmələri də öz təsir dairəsində saxlamışdır.

CPM-nin mövcud redaksiyasında həqiqətə nail olmaq prinsipi birbaşa nəzərdə tutulmasa da, cinayət təbiqi ilə bağlı bütün halların məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılması prinsipi, məhkəmənin üzərinə dolayısı yolla da olsa, məhz həqiqəti üzə çıxarılmaq vəzifəsini qoyur.

Həqiqətin müəyyən edilməsi cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçrilməsinin ən zəruri şərtidir. Məhz bütün zamanlarda bəşər cəmiyyəti məhkəmələrdən həqiqətin üzə çıxarmalarını tələb etmiş, tələb edir və tələb edəcəklər. Məhz məhkəmə aktlarında həqiqətin təcəssümü əsl ədalətin təntənəsi sayılmışdır. Ona görə də, cinayət prosesində həqiqət ən yüksək mənəvi-hüquqi dəyərlərdən biri hesab edilir.

Cinayət məhkəmə icraatında hakimi və ya məhkəməni bu öhdəçilikdən vəzifədən kənarlaşdıraraq həqiqətin müəyyən edilməsini tərəflərin çəkişməsi üzərinə qoymaq ədalət mühakiməsindən imtina etmək olardı.

Cinayət məhkəmə icraatında hakimin və ya məhkəmənin həqiqəti müəyyən etmək məqsədilə qəbul etdiyi hər bir qərar Konstitusiyanın 125-ci maddəsinin I hissəsinə uyğun hesab edilməlidir.

 Plenum öz qərarında Konstitusiya Məkəməsinin 19 iyul 2002-ci il tarixli, 15 fevral 2008-ci il tarixli, 05 avqust 2009-cu il tarixli qərarlarına istinad etməklə ədalət mühakiməsində həqiqətə nail olmaq prinsiplərindən kənarda dayanmaqla, məhkəmənin yalnız çəkişmə prinsipinə riayət etməsi prinsipinə üstünlük vermişdir. Halbuki, 2009-cu il tarixdən qüvvədə olan Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı qarşısında dayanan əsas vəzifələrdən biri də həqiqətin təmin edilməsidir. Belə təəssürat yarana bilər ki, bu norma məhkəmə baxışında prossesual həqiqətin müəyyən edilməsini ehtiva edir. Lakin Konstitusiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qərarından görünür ki, məhkəmə icraatı yalnız obyektiv həqiqətə nail olmalıdır. Bu isə məhkəmədə işin nəticələrinin tam obyektiv araşdırılmasını, bu zaman ədalət, çəkişmə prinsipi ilə həqiqətə nail olma prinsipi arasında mütənasibliyin gözlənilməsini, ittiham və müdafiə funksiyaları arasında tarazlığın pozulmamasını təmin etməklə, cinayət qanununa müvafiq olaraq əməlin qiymətləndirilməsini nəzərdə tutur.

Təsadüfi deyildir ki, məhkəmə istintaqı zamanı ittiham və müdafiə tərəfinin mövqeləri yenidən prossesual-hüquqi qiymətləndirməyə məruz qalır, toplanmış sübutlar yoxlanılır və yenidən qiymətləndirilir. Bundan əlavə CPM-nin 207.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 207.5.4-cü madələrində nəzərdə tutulmuş hallar istisna edilməklə  törədilən və hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün materialları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Həmin Məcəllənin 208.0.5-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə cinayət haqqında məlumatı ədalət mühakiməsinin hər hansı icraatı üzrə həyata keçirilməsi zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda, bu məlumat prokuror tərəfindən cinayət işi başlanmasına səbəb olur.

Konstitusiya icraatı materiallarından da görünür ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsi cinayət işinin materiallarında bir qrup şəxs barəsində ibtidai araşdırmada cinayət təqibinə qanunsuz xitam verildiyini müəyyən edərək, həmin qərarı özünün 18 noyabr 2010-cu il tarixli qərarı ilə ləğv etmiş və bu barədə Azərbaycan Respublikası Hərbi prokuroruna məlumat vermişdir.

Plenum, məhkəmə baxışı zamanı məhkəmənin ibtidai araşdırma orqanının cinayət təqibinə xitam verilməsi (və ya cinayət işinin başlanmasının rədd edilməsi) barədə qərarını ləğv etməsini Konstitusiya və Cinayət-Prossesual Qanunvericiliyinə uyğun olmayan hesab etsə də, CPM-nin 207.6-cı və 208.0.5-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmənin prokurora hansı formada törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumat verib-verməməli olmamasının və eləcə də məlumat verməlidirsə hansı qərarla məlumat verməli olmasının şərhinə diqqət yetirməmişdir.

Həmçinin Plenum qərarında Hərbi Kollegiyanın qərarını əsassız hesab edərkən, işə baxan məhkəmənin cinayət təqibinə xitam verilməsi barədə (cinayət işinin başlanmasının rədd edilməsi barədə) istintaq orqanının qəbul etdiyi qərarın əsassız olması qənaətinə  gələrkən, hansı qərarı qəbul etməli olmasına aydınlıq gətirməmiş CPM-nin 41-ci və 318-ci maddələrində bu haqda hər hansı bir göstəriş (hüquqverici və ya qadağanedici) olmamasına baxmayaraq bu Məcəlləyə müvafiq əlavə ya dəyişikliklər edilməsi məqsədilə Milli Məclisə tövsiyə ilə müraciət etməmişdir.

Məhkəmənin məhkəmə icraatında obyektiv həqiqətə necə nail olması CPM-də tənzimlənmədiyindən  2009-cu ildə  Konstitusiyaya edilmiş dəyişiklik və əlavələrdən sonra, çəkişmə prinsipi ilə göstərilən prinsipin qarşıdurması yaranmasına baxmayaraq Plenum bu halı nəzərdən qaçırmışdır.

Eyni zamanda Konstitusiyanın 147-ci maddəsinə və CPM-nin isə 2.2-ci maddəsinə görə Konstitusiya normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malikdir və birbaşa qüvvədədir. Konstitusiya normaları ilə bu Məcəllənin normaları arasında ziddiyət olduqda Konstitusiya normaları tətbiq edilir.

3. Qeyd edilənlərə əsasən hesab edirəm ki:

- Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin qərarını qüvvədə saxlamaqla, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin məhkəmələr tərəfindən təmin edilməsi mexanizminin tənzimlənməsi məqsədilə Cinayət Prossesual Məcəlləsinə müvafiq əlavələr edilməsini Milli Məclisə tövsiyyə etməli;

- CPM-nin 207.6-cı maddəsini və 208.0.5-ci maddəsini şərh etməliydi.

 

Hakim                                               İsa Nəcəfov