AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 74 saylı Goranboy-Naftalan seçki dairəsində 1999-cu il mayın 30-da keçirilmiş
yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında
11 iyun 1999-cu il Bakı şəhəri
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev (məruzəçi-hakim), R.Qvaladze, B.Qəribov, E.Məmmədov, Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi İ.Abbasovun, deputat seçilmək haqqında vəsiqə almış X.Kazımlının iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının 86 və 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üsulunda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 74 saylı Goranboy-Naftalan seçki dairəsindən 1999-cu il mayın 30-da keçirilmiş yeni seçkilərin nəticələrinin elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 iyun 1999-cu il tarixli 111/411 saylı qərarına əsasən yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında konstitusiya işinə baxdı.
Hakim F.Babayevin məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektin qanuni nümayəndəsi İ.Abbasovun çıxışını dinləyib, müzakirə edərək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
M Ü Ə Y Y Ə N E T D İ:
""Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında"" Azərbaycan Respublikası Qanununun 74 və 80-ci maddələrinə əsasən 30 may 1999-cu il tarixdə 74 saylı Goranboy-Naftalan seçki dairəsində yeni seçkilər keçirilmişdir. Seçki ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən Konstitusiya Məhkəməsinə 74 saylı Goranboy-Naftalan birmandatlı seçki dairəsi üzrə Azərbayan Respublikasının Milli Məclisinə seçkilərin nəticələri haqqında dairə seçki komissiyasının 31 may 1999-cu il tarixli protokolu, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlığına namizəd Kazımlı Xanhüseyn Hüseynağa oğlunun şəxsi vərəqəsi, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 74 saylı Goranboy-Naftalan birmandatlı seçki dairə komissiyası iclasının 2 may 1999-cu il tarixli 3 saylı protokolu, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası iclasının 5 may 1999-cu il tarixli 109 saylı protokolu, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 74 saylı Goranboy-Naftalan seçki dairəsində yeni seçkilər üçün deputatlığa namizəd göstərilmiş şəxslərin siyahısının elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı və Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 74 saylı Goranboy-Naftalan seçki dairəsində 1999-cu il mayın 30-da keçirilmiş yeni seçkilərin nəticələrinin elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 iyun 1999-cu il tarixli qərarı təqdim edilmişdir. Sənədlərdən məlum olur ki, seçki dairəsinin 49 seçki məntəqəsində seçici siyahılarına daxil edilmiş 45.540 seçicinin 40.571-i səsvermədə iştirak etmişdir. Onların 36.935 nəfəri Azərbaycan Respublikası Milli Məclisi deputatlığına namizədlərdən Xanhüseyn Hüseynağa oğlu Kazımlının lehinə səs vermişdir. Bu isə ""Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında"" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsi ilə müəyyənləşdirilmiş şərtlərə uyğundur. Təqdim olunmuş sənədlərdən görünür ki, Mərkəzi Seçki Komissiyası tərəfindən ""Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında"" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinin tələblərinə riayət olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinin, ""Konstitusiya Məhkəməsi haqqında"" Azərbaycan Respublikası Qanununun 72, 75, 76, 78, 81, 83, 85-ci maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L D I:
1. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 74 saylı Goranboy-Naftalan seçki dairəsində 30 may 1999-cu il tarixdə keçirilmiş yeni seçkilərin nəticələri bütövlükdə təsdiq edilsin.
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qərarı elan edildiyi gündən qüvvəyə minir.
3. Qərar ""Azərbaycan"" qəzetində dərc edilsin.
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud təfsir edilə bilməz.
Sədrlik edən Xanlar Hacıyev