Qərarlar

15.02.08 AR Prokurorluğunun sorğusuna əsasən AR CPM-nin 43.1.1, 314.2-ci mad. nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsi

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

 

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

 

QƏRARI

 

Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası  Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair

 

15 fevral 2008-ci il                                                              Bakı şəhəri

 

       Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, S.Həsənova, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

       məhkəmə katibi İ. İsmayılovun,

       maraqlı subyektlərin qanuni nümayəndələri, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rəisi İ.Cəfərovun, Azərbaycan Respublikası Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsinin nümayəndəsi İ.Cəfərovun,         

       ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının dosenti, hüquq elmləri namizədi F.Abbasovanın,

      iclasa dəvət olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadənin,  Bakı Apellyasiya Məhkəməsinin hakimi S.Mirzəyevin iştirakı ilə

      Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun 17 oktyabr 2007-ci il tarixli 13/214 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

         İş üzrə hakim B.Qəribovun məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələrinin çıxışlarını, ekspertin rəyini, iclasa dəvət olunmuş şəxslərin mülahizələrini dinləyib, iş materiallarını araşdırıb  müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

MÜƏYYƏN ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu sorğuda göstərir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 127-ci maddəsinin VII hissəsində təsbit olunmuş çəkişmə prinsipini özündə ehtiva edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (bundan sonra – CPM) görə  ittiham yönümlü səlahiyyətlərdən azad olan məhkəmə cinayət təqibi orqanından cinayət işlərinə və cinayət təqibi ilə bağlı materiallara məhkəmə iclaslarında ədalətli, qərəzsiz baxan arbitrə çevrilmişdir.

Sorğuda CPM-in ittiham tərəfinin səlahiyyətlərini müəyyənləşdirən 21.3, 32.2.3, 32.2.8, 38.4 və 41.3-cü maddələrinə istinad edilərək o da qeyd olunur ki, bu Məcəllənin 43.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır.

        Sorğuverən CPM-in məhkəmə baxışının hədlərini müəyyənləşdirən 318.1-ci maddəsinə əsaslanaraq göstərir ki, məhkəmə şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Bu baxımdan onun səlahiyyətləri yalnız təqsirləndirilən şəxsin vəziyyətinin yüngülləşdirilməsi ilə bağlı olmaqla, dövlət ittiamçısı tərəfindən müdafiə edilən ittihamın həcmi ilə məhdudlaşır və həmin ittihamdan ağır ola bilməz. Əks halda bu məhkəməyə ittihamedici səlahiyyətlərin həvalə edilməsi ilə nəticələnməklə, bir sıra prinsiplərin, müdafiə və ittiham tərəfləri arasında tarazlığın pozulmasına səbəb ola bilər.

         Sorğuda həmçinin qeyd olunur ki, nadir hallarda olsa da məhkəmədə işə baxılarkən dövlət ittihamçısının ittihamdan qismən imtina etməsinə baxmayaraq, məhkəmə tərəfindən belə imtina qəbul edilmir və təqsirləndirilən şəxsə ibtidai araşdırma zamanı israr edilmiş ittiham üzrə hökm çıxarılmaqla cəza təyin olunur.

Beləliklə, Azərbaycan Respublikasının Prokurorluğu CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının həmin proses iştirakçıları tərəfindən ittihamdan qismən imtina edilməsini (eyni əmələ görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin tövsifedici əlamətlərini özündə əks etdirən cinayət tərkibindən sadə tərkibli cinayət əməlinə tövsif edilməsini, yaxud təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə imtina edilməsini) özündə ehtiva edib-etməməsinin şərh olunmasını xahiş edir.

  Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərin həlli ilə bağlı cinayət mühakimə icraatında məhkəmənin roluna, müdafiə və ittiham tərəfinin statusu, hüquq və vəzifələrinə dair cinayət-prosessual qanunvericiliyinin bəzi müddəalarının təhlilini zəruri hesab edir.

Demokratik, hüquqi dövlət kimi Azərbaycan Respublikasında insan və vətəndaş hüquqları və azadlıqlarının tanınması, təmin edilməsi, onların müdafiə olunması dövlətin ali məqsədi kimi bəyan edilmişdir.

  Bu baxımdan Konstitusiyada nəzərdə tutulmuş təməl prinsiplərin və təsbit olunmuş hüquq və azadlıqların tənzimlənən bütün hüquq münasibətlərində, o cümlədən cinayət-prosessual hüquq münasibətlərində rəhbər tutulması mühüm şərtlərdən biridir.

  Konstitusiyanın müddəalarına görə ədalət mühakiməsi çəkişmə prinsipi əsasında yalnız məhkəmələr tərəfindən həyata keçirilir (Konstitusiyanın 125-ci maddəsinin I və 127-ci maddəsinin VII hissələri). Bu prinsip məhkəmə baxışında iştirak edən ittiham və müdafiə tərəflərinin öz hüquqlarını və qanuni mənafelərini həyata keçirməsində bərabər prosessual imkanların yaradılmasını nəzərdə tutur.

  Konstitusiyanın 125-ci maddəsinin IV hissəsinə əsasən cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

Azərbaycan Respublikasının Prokurorluğu həmçinin, məhkəmədə dövlət ittihamını müdafiə edir (Konstitusiyanın 133-cü maddəsinin I hissəsi).

  Məhz Konstitusiya normalarını rəhbər tutmaqla, qanunverici bir sıra prinsiplərlə yanaşı, çəkişmə prinsipinə əsaslanan CPM-in müddəaları ilə ittiham, müdafiə və işin həll olunması (müvafiq məhkəmə aktları qəbul edilməklə) funksiyalarını bir birindən ayırmış, onların təyinatı, yönümü və məzmununu, habelə subyektlərinin dairəsini və səlahiyyətlərinin həcmini dəqiq müəyyənləşdirmişdir.

CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir (CPM-in 21.3, 32.2.3 və 32.2.4-cü maddələri).

  Prosessual qanunvericiliyin keyfiyyətcə yeni hüquqi təbiətə malik institutlarının, həmçinin cinayət mühakimə icraatının məhkəmə baxışı mərhələsində prokurorun dövlət ittihamçısı kimi rolunu müəyyənləşdirən normalar sisteminin təhlili belə qənaətə gəlməyə əsas verir ki, prokuror ittiham tərəfinin irəli sürdüyü ittihamın sonrakı aqibətinə təsir edə biləcək mühüm səlahiyyətlərə malik olan müstəqil prosessual şəxsdir.

CPM-in 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Bu Məcəllənin 41.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur.

CPM-in 43.1.1-ci maddəsi dövlət ittihamçısının və xüsusi ittihamçının cinayət təqibindən imtina etməsini məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması hallarından biri kimi müəyyənləşdirmişdir.

İctimai ittiham üzrə cinayət təqibi bir qayda olaraq yalnız zərər çəkmiş şəxsin hüquq və qanuni maraqlarına deyil, bütövlükdə cəmiyyət və dövlətin ictimai əhəmiyyət kəsb edən maraqlarına xələl yetirən cinayət əməllərilə bağlı həyata keçirilir. Xarakteri və ağırlıq dərəcəsi baxımından belə cinayətləri törətmiş şəxslərin təqib edilməsi, o cümlədən, ittihamın sübut olunması  bir vəzifə kimi zərər çəkmiş şəxsin deyil, səlahiyyətli dövlət orqanlarının üzərinə düşür. CPM-ə görə  ictimai ittiham qaydasında cinayət təqibi zamanı zərər çəkmiş şəxs dövlət ittihamçısı ilə bərabər subsidiar ittihamçı kimi tanınmadığından dövlət ittihamçısının ittihama münasibətdə davranışı onun iradəsindən asılı deyildir. Belə vəziyyət isə zərərçəkmişin dövlət ittihamçısının məhkəmə baxışının gedişində cinayət təqibindən imtina etməsinə dair mövqeyi ilə razılaşmamasını da əhəmiyyətsiz edir və məhkəmənin cinayət təqibinə xitam verməsinə mane olmur. Məhkəmə baxışında dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina edilməsilə bağlı mövqelərinin üst-üstə düşməsi yalnız ictimai-xüsusi ittiham qaydasında aparılan cinayət işləri üzrə zəruridir (CPM-in 41.3-cü maddəsi).

CPM-in 43-cü maddəsinin mənasına görə məhkəmə baxışı gedişində dövlət ittihamçısının ictimai ittiham qaydasında aparılmış cinayət təqibindən (ittihamın müdafiəsindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verilməsilə (CPM-in 43.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) nəticələnməlidir.

  Bununla yanaşı nəzərə alınmalıdır ki, Konstitusiyanın 63-cü maddəsinin I hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin II hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

  Həmin Konstitusiya normasını eynilə əks etdirən CPM-in 21.2-ci maddəsi həmçinin, nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir.

  CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə isə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə  ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin  kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.

        CPM-in 84.4-cü maddəsinin tələblərinə görə cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokuror məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edə bilməz. Belə qayda bir təminat kimi məhkəməyə qədər cinayət təqibi və ittihamın müdafiəsi  funksiyalarının bir şəxsin prosessual səlahiyyətində cəmlənməsinin qarşısının alınmasına yönəlməklə, eyni zamanda dövlət ittihamçısının həm müstəqilliyinə, həm də obyektivliyinə təsir edə biləcək mənfi halların aradan qaldırılmasına xidmət edir. Prosessual baxımdan cinayət mühakimə icraatının məhkəməyə qədər mərhələlərindən kənarda dayanması dövlət ittihamçısının qərəzsizliyinə və ədalətliliyinə təsir edən müsbət amil kimi çıxış edir. Bu mənada onun ittihamla bağlı mövqeyi ittiham aktına uyğun olmaqla deyil, yalnız çəkişmə prinsipinə riayət edilməklə məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara və daxili inamına əsasən formalaşır. Bu isə onun ittihamın müdafiəsindən nəinki tam, o cümlədən müəyyən həcmdə imtina etmək imkanına malik olmasını  da ehtiva edir.

Qanunverici çəkişmə prinsipi əsasında aparılan məhkəmə baxışında cinayət işi üçün əhəmiyyət kəsb edən halların sübut olunub-olunmamasına dövlət ittihamçısının etdiyi təsiri nəzərə alaraq, CPM-in 314.1-ci maddəsində onun ictimai və ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışında iştirakının məcburi olduğunu müəyyənləşdirmişdir. CPM-in 314.2-ci maddəsinə əsasən isə, məhkəmə  baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini  və məhkəmə istintaqında tədqiq  edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır.

  Qeyd olunmalıdır ki, CPM-in yuxarıda göstərilən 41.3, 43.1.1 və 314.2-ci maddələrinin müddəalarında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etmək səlahiyyətinin həcminin (tam və ya qismən) differensasiyası nəzərdə tutulmadığından ilk baxışdan belə təəssurat yaranır ki,  imtina ittihamı  bütövlükdə əhatə etməlidir. Belə yanaşma məhkəmə baxışında tərəflərin çəkişməsi və bərabərliyi prinsiplərinin inkar edilməsinə gətirib çıxarmaqla, dövlət ittihamçısının ittihamın aqibəti ilə bağlı  prosessual müstəqilliyinin məhdudlaşdırılması ilə nəticələnmiş olardı.

Yuxarıda göstərildiyi kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin formalaşmasının əsasını təşkil edir. Buna görə də dövlət ittihamçısı daxili inamına əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tədqiq edilmiş sübutlarla qismən təsdiq olunmadığı qənaətinə gələrsə, ondan qismən imtina etməyə də haqlıdır. Əks təqdirdə bu, bir tərəfdən onun obyektivliyinin şübhə altına alınmasına gətirib çıxarar, digər tərəfdən isə təqsirləndirilən şəxsin əsassız təqsirləndirilərək cəzalanmasına imkan yaratmış olardı.

  Ümumiyyətlə, ittihamdan imtina etmək anlayışının təkcə tam deyil, habelə özünün tərkib hissəsinin elementi kimi  qismən imtinanı da əhatə etməsini nəzərdə tutan yanaşma «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununda da əksini tapmışdır. Belə ki, həmin Qanunun 19-cu maddəsinin 4-cü bəndində prokurorun ittihamın müdafiəsindən tam və ya qismən imtina etmək səlahiyyəti müəyyən edilmişdir.

Beləliklə, CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir.

Həmçinin, qeyd edilməlidir ki, məhkəmə baxışında hakimiyyət səlahiyyətinə malik olan dövlət nümayəndəsi kimi prokuror dövlətin adından ittihamı müdafiə etmək və həmin ittihamdan imtina etmək (tam və ya qismən) səlahiyyətləri ilə yanaşı, həm də onun aqibətini digər qaydada müəyyənləşdirmək imkanına malikdir.

Dövlət ittihamçısının prosessual səlahiyyətlərinin tərkib hissəsi olan belə hüquqlardan biri də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittihamda nəzərdə tutulan əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifilə çıxış etməsidir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələ ilə bağlı xüsusi  vurğulamağı zəruri hesab edir ki, ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina edilməsi və əməlin daha yüngül cəza nəzərdə tutan cinayət qanunu norması ilə tövsif edilməsi təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir.

CPM-in 32.2-ci maddəsi cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə ittiham (32.2.3-cü maddə) və müdafiə (32.2.4-cü maddə) tərəfinin təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini vermək hüququnu nəzərdə tutmuşdur. Eyni zamanda prosesin tərəflərindən biri kimi ittiham tərəfi də məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını məhkəməyə təqdim edə bilər (CPM-in 343-cü maddəsi).

Qeyd edilməlidir ki, ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina (tam və ya qismən) zamanı olduğu kimi bu imkan da dövlət ittihamçısının işin bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsi şəraitində məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında formalaşan daxili inamından irəli gəlir.

Bu mənada dövlət ittihamçısının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina (tam və ya qismən) etmək, habelə əməlin tövsifini yüngülləşdirmək təklifi ilə çıxış etmək hüquqlarından istifadə etməsi bir qayda olaraq, iş üzrə toplanmış bütün sübutların tam tədqiqi və onlara hüquqi qiymət verilməsi zərurətini də ehtiva edir. Belə zərurət həmçinin, cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda məhkəmənin təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarmaq (CPM-in 42.1-ci maddəsi) vəzifəsilə də uzlaşır.

  Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin yuxarıdakı məsələləri tənzimləyən müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.

Beləliklə, yuxarıda göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarətdir ki, ictimai ittiham üzrə məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verməsilə nəticələnməlidir. Dövlət ittihamçısı ittihamın müdafiəsindən (cinayət təqibindən) tam imtina etdikdə (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə CPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə bütövlükdə xitam verilməsi barədə qərar çıxarmalı, qismən imtina etdikdə isə onun imtina olunmuş hissəsinə xitam verməlidir. Eyni zamanda dövlət ittihamçısı əməlin tövsifinin yüngülləşdirilməsi təklifi ilə çıxış etdikdə, məhkəmə həmin təklifdə irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul etməməlidir. Əks halda məhkəmə artıq dövlət ittihamçısı tərəfindən müdafiə olunmayan ittihamın müdafiəsini öz üzərinə götürməklə, faktiki olaraq, ittihamı müdafiə edən orqanı əvəz edər, başqa sözlə onun təbiətinə xas olmayan ittiham funksiyasını yerinə yetirmiş olardı.

Bu zaman həmçinin məhkəmələrin statusunu və ədalət mühakiməsinin həyata keçirilməsinin prinsiplərini müəyyən edən konstitusiya normalarının (Konstitusiyanın 125 və 127-ci maddələri), cinayət mühakimə icraatının bir sıra prinsiplərinin (CPM-in 8-12, 21, 28, 32, 36-cı maddələri), habelə CPM-in dövlət ittihamçısı qismində prokurorun qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla, öz daxili inamına görə sübutları qiymətləndirmək vəzifəsini müəyyən edən normasının (145.2-ci maddə) mənalarına görə,  dövlət ittihamçısının ittihamdan imtina etməsi və ya əməlin tövsifinin yüngülləşdirilməsi təklifi əsaslandırılmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu əməlin tövsifinin dəyişdirilməsi üzrə dövlət ittihamçısının səlahiyyətləri ilə bağlı həmçinin qeyd edir ki, CPM-in 32.2.3 və 343-cü maddələrində cinayət prosesinin tərəfi kimi ittiham tərəfinin əməlin tövsifi və məhkəmə qərarının layihəsinə dair məhz təkliflər vermək hüququ müəyyənləşdirilmişdir. Bununla belə, qanunverici məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edən prokurorun statusunu, hüquq və vəzifələrini tənzimləyərkən (CPM-in 84-cü maddəsi) onun əməlin tövsifini yüngülləşdirmək təklifilə çıxış etmək hüququnu konkret olaraq nizamlamamışdır. Həmçinin, hüquq nəzəriyyəsinin, mövcud təcrübənin və bir sıra ölkələrin müvafiq qanunvericiliyinin təhlili göstərir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi müxtəlif üsullarla, o cümlədən, əməlin hüquqi tövsifindən cəzanı ağırlaşdıran əlamətlərin çıxarılması; əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan digər maddəsinə tövsif edilməsi və sair üsullarla həyata keçirilə bilər. Lakin CPM-də bütün bu halların müəyyən edilməməsi dövlət ittihamçısının həmin hüququnun həyata keçirilməsi zamanı qanunvericilik qaydasında nizamlanmasına ehtiyac olan bir sıra sualların ortaya çıxmasına səbəb olur.

  Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən məhkəmə icraatı, məhkəmə qərarlarının icrası məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümümi qaydalar sırasındadır.

  Bu baxımdan məhkəmə baxışında dövlət ittihamçısının təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair hüququnun və onun həyata keçirilməsi üsullarının CPM-də tənzimlənməsi Azərbaycan Respublikası Milli  Məclisinə tövsiyə olunmalıdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1.  Azərbaycan Respublikası  Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir.

2. Məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi və təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifi təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir. Dövlət ittihamçısının əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina kimi qiymətləndirilə bilməz.

3. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki:

- dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi barədə təklifini əsaslandırmalıdır;

- məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir.

4. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsində dövlət ittihamçısının məhkəmə baxışında təqsirləndirilən şəxsin əməlini cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair hüququnun və onun həyata keçirilməsi üsullarının tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

5.    Qərar dərc olunduğu gündən güvvəyə minir.

6. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

7.    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

 Sədrlik edən                                             Fərhad Abdullayev

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

X Ü S U S I    R Ə Y

 

Azərbaycan Respublikasının Prokurorluğu sorğu ilə Konstitusiya Məhkəməsinə (bundan sonra – KM) müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının həmin proses iştirakçıları tərəfindən ittihamdan qismən imtina edilməsini (eyni əmələ görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinin tövsifedici əlamətlərini özündə əks etdirən cinayət tərkibindən sadə tərkibli cinayət əməlinə tövsif edilməsini, yaxud təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə imtina edilməsini) özündə  ehtiva edib-etməməsinə şərh verilməsini xahiş etmişdir.

Biz bu sorğu üzrə KM-in 15.02.2008-ci il tarixli qərarının  təsviri-əsaslandırıcı hissəsinin bəzi müddəaları ilə razıyıq, lakin nəticə hissəsinin 1-ci bəndinin və 3-cü bəndinin ikinci abzasında istifadə olunmuş ifadələri, habelə bu hissəsinin 3 və 4-cü bəndlərinin məzmunu ilə razılaşa bilmərik.

Xüsusilə qeyd olunmalıdır ki, KM heç bir normaya əsaslanmadan belə qənaətə gəlmişdir ki: məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi  məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəzanı nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir;  CPM-də məhkəmə baxışında təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair hüququnun və onun həyata keçirilməsi üsullarının tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun.

Biz hesab edirik ki, bu müddəaları qəbul edərək KM: 1) CPM-in 43.1.1 və 314.2-ci maddələrinin müddəalarına şərhin verilməsi üçün kifayət qədər olan və özü-özlüyündə zəruri xarakter daşıyan mövcud prosessual normalardan istifadə etməmiş; 2) sorğuda qoyulan məsələlərdən və öz səlahiyyətlərindən kənara çıxaraq  göstərilən maddələrə şərh vermək əvəzinə faktiki olaraq Konstitusiya və CPM-in normaları ilə toqquşan yeni norma yaratmış; 3) məhkəmə araşdırılması zamanı məhkəmənin ədalət mühakiməsini həyata keçirməyə müstəsna səlahiyyəti olan müstəqil hakimiyyət orqanı kimi hüquqi vəziyyətini təhrif etmişdir.

Mövqeyimiz çoxluğun qərarından fərqli olduğündan öz fikirlərimizin təfsilatı ilə bu rəydə  açıqlanmasını zəruri hesab edirik.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI hissələrinə müvafiq olaraq səlahiyyətli subyektərin sorğu və müraciətləri əsasında Konstitusiya və qanunlara şərhin verilməsi KM-in səlahiyyətlərindən biridir. Belə şərh, ilk növbədə, hamı üçün (o cümlədən KM üçün) məcburi olan hüquq normasının mövcudluğuna əsaslanmalıdır. Şərh yalnız mövcud normanın çatışmazlığı, qeyri-müəyyənliyi və ya qeyri-dəqiqliyi hissəsində müəyyən məsələlərin izah olunması üçün verilir. Odur ki, şərh normanın mövcud olub-olmaması məsələsini,  əgər o mövcuddursa, həmçinin bu normanın şərh edilməli sualı və ya halı əhatə edib-etməməsi  məsələsinin dəqiq və sonadək araşdırılmasını tələb edir və bu  xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən hər hansı qanun normasının şərhi qanunda ifadə olunmuş qanunvericinin iradəsindən çıxış edilməsini zəruri edir. Bu iradəni təhrif etməmək üçün KM-in şərhi həm özünün fərziyyə və arzularından, həm də, ona müraciət etmiş subyektlərin buna oxşar münasibətlərindən fərqləndirməlidir.

Kodifikasiya olunmuş qanunların normalarının şərhi zamanı, nəinki onun hərfi mənası və (ya) məntiqi məzmunu müəyyən olunur, həmçinin şərhin müxtəlif, o cümlədən sistematik və müqayisəli növlərindən istifadə olunur. Bu, bir tərəfdən izah edilən normanın həqiqi mənasının aydınlaşmasına və onun qanunvericilik sistemində yerinin göstərilməsinə imkan yaradır. Digər tərəfdən isə digər normalarla birgə nəzərdən keçirilmə yolu ilə şərh olunan normanın həqiqi mənasının müəyyən olunmasına xidmət edir.

Cinayət prosessual institutları sıx və ayrılmaz şəkildə bir-birilə əlaqəlidirlər. Onlardan hər biri müəyyən vəzifələrin həyata keçirilməsinə kömək edən və eyni zamanda digər hissələri ilə birlikdə harmonik işləyən vahid bir tamın hissəsidir. Cinayət qanununun normaları ayrılıqda izah edə bilərsə də, cinayət-prosessual normalara aid bu, demək olar ki, qeyri-mümkündür. Ona görə, ayrı-ayrı institutların əhəmiyyətinin və məhkəmə araşdırılması sistemində onların yerinin məhz qanunun müddəaları əsasında dəqiq aydınlaşması çox vacibdir.

Azərbaycan Respublikası Konstitusiyasının və «Konstitusiya Məhkəməsi haqqında» Qanununun müddəaları KM-ə hər hansı normaları qüvvədən düşmüş hesab edərkən, xüsusən də konstitusiya və ya qanun normalarına şərh verərkən norma yaratmaq səlahiyyəti vermir. Digər tərəfdən Konstitusiyanın 7-ci maddəsinin III və IV hissələrində öz əksini tapmış hakimiyyətlərin bölünməsinə dair müddəalar da digər hakimiyyət orqanlarının səlahiyyətlərinə aid edilmiş məsələlərə KM-in müdaxilə etməsinə icazə vermir. Qanunverici və icra hakimiyyət orqanlarının öz üzərilərinə məhkəmə məsələlərinin həllini götürmələri mümkünsüz olduğu kimi məhkəmə hakimiyyəti də (o cümlədən KM) hüquq normasını yarada bilməz.

Vurğulamaq lazımdır ki, CPM-in 6.1 və 80.1-ci maddələrinin müddəalarına əsasən: 1) cinayət prosessual qanunvericiliyin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər  üçün məcburidir; 2) cinayət prosesində hakimin səlahiyyətləri CPM və Azərbaycan Respublikasının digər qanunlar ilə müəyyən olunur.

Nə CPM-in, nə dəki digər qanunun hər hansı müddəası dövlət ittihamçısının təqsirləndirilən şəxsin əməlinin cinayət qanunu ilə daha yüngül cəza nəzərdə tutan normaya tövsif edilməsinə dair təkliflə çıxış etməsi məhkəmə üçün cinayət işi üzrə irəli sürülmüş ittiham aktında əks olunan ittiham daxilində, lakin bu təkliflə müqayisədə daha ağır cəza nəzərdə tutan cinayət qanununun norması üzrə hökmün çıxarılmasını istisna etmir. Buna baxmayaraq, normayaradıcılıq səlahiyyətinə malik olmayan KM qanunvericilikdə olmayan və cinayət prosessual normalarla uzlaşmayan müddəanı öz qərarında əks etdirərək cinayət prosesində hakimin səlahiyyətinə qanunla nəzərdə tutulmayan məhdudiyyət qoyub.

Hesab edirik ki, KM qanunvericinin iradəsini nəzərə almadan qanuna şərh vermək adı altında qanunun qüvvədə olan normaları ilə ziddiyyət təşkil edə biləcək və hüquq tətbiqetmədə anlaşılmazlığa gətirib çıxara biləcək mahiyyətcə yeni norma yarada bilməz. Belə hal baş verərsə, məhkəmələr ədalət mühakiməsi funksiyasını  Konstitusiya və cinayət-prosessual qanunvericiliyin müddəaları əsasında həyata keçirilməyə davam etməlidirlər.

KM-in qərarının nəticə hisəsində əks olunmuş müddəalarla məzmunca razı olmadığımızın səbəblərini anlamaq üçün qüvvədə olan qanunvericilik normalarından irəli gələrək, hər hansı digər ölkədə deyil, məhz Azərbaycan Respublikasında cinayət prosesinin təşəkkülü diqqətlə təhlil olunmalıdır. Eyni zamanda bu normalarda nəzərdə tutulmuş ideyaların müasir cinayət prosessual hüququnda necə qəbul olunması məsələsi də dəqiqləşdirilməlidir.

«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin mənasına görə məhkəmələrin əsas vəzifələri ədalət mühakiməsini və məhkəmə nəzarətini həyata keçirmək, habelə insan hüquq və azadlıqlarını pozuntulardan müdafiə etməkdir.

Ölkəmizdə hakimlərin müstəqilliyi, məhkəmə icraatının əsas prinsipləri və şərtləri Konstitusiyada təsbit olunmuşdur. Konstitusiya müddəalarına görə Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə gərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.  Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. (Konstitusiyanın 125-ci maddəsinin I, IV və V hissələri, 127-ci maddəsinin I, III, VII – IX hissələri).

Dövlət müstəqilliyinin bərpasından sonra ölkədə baş vermiş siyasi, iqtisadi, sosial və digər dəyişikliklər yeni prosessual qanunvericiliyin hazırlanmasını şərtləndirmişdir. Cinayət prosesinin xüsusi xarakterini və əhəmiyyətini nəzərə alaraq, bu sahədə qanunvericilik tənzimlənməsinin beynəlxalq təcrübəsi öyrənilmiş, yeni CPM-in layihəsi diqqətlə hazırlanmış, aparıcı Avropa elmi mərkəzləri və məhkəmə-hüquq qurumlarını təmsil edən nüfuzlu ekspertlər tərəfindən onun beynəlxalq standartlara uyğunluğu ekspertizası keçirilmiş, əlavə işlənilmiş layihə hüquq ictimaiyyətinin iştirakı ilə açıq müzakirə edilmişdir. Yalnız bundan sonra qitə Avropası hüquq sisteminin əhəmiyyətli təsiri altında formalaşmış yeni CPM Azərbaycan Respublikası  Milli Məclisi (Parlament) tərəfindən qəbul olunmuşdur.

Ölkəmizdə mövcud cinayət prosesini qarışıq formaya (növə) aid etmək olar. Məhkəməyədək icraat mərhələsində bu prosesdə axtarış prosesinin elementləri vardır. Lakin, məhkəmə icraatı mərhələrində çəkişmə prosesinə xas olan məhkəmə baxışının demokratik prinsipləri açıq-aşkar ifadə olunur (açıqlıq, proses iştirakçılarının hüquq və azadlıqlarının məcburi təminatı, tərəflərin çəkişməsi və s).

Məhkəmə baxışında cinayət təqibi məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın mövcudluğu əsasında həyata keçirilir. Onsuz, nəinki müdafiə funksiyası, hətta ədalət mühakiməsi funksiyası da yarana bilməz. Bununla belə, yalnız məhkəmə qanunla müəyyən olunmuş qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxa və bu ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxara bilər (CPM-in 7.0.10-cu maddəsi). İttiham və ədalət mühakiməsi funksiyalarının birini digərinə nisbətdə fərqləndirmək üçün aşağıdakılar nəzərə alınmalıdır.

Ölkəmizdə olan cinayət prosesində ittiham hüququ, bir qayda olaraq, prokurora məxsusdur. Bəzi hallarda, onunla birgə, bəzən də onun hər hansı iştirakı olmadan xüsusi ittihamçı statusunu əldə edən zərərçəkmiş şəxslər bu hüquqdan istifadə edə bilər. Cinayət təqibinin ictimai, ictimai-xüsusi və xüsusi ittihama bölünməsi məhz bundan irəli gəlir (CPM-in 37-ci maddəsi).

Xüsusi ittiham qaydasında cinayət təqibi zərərçəkmişin şikayəti üzrə məhkəmədə başlanılır.  İctimai və ya ictimai-xüsusi ittiham üzrə cinayət təqibi isə (böyük ictimai təhlükə törətməyən aşkar cinayət halları istisna olmaqla) cinayət işinin qaldırılması ilə başlanır. Bu işlər üzrə müstəntiq ibtidai araşdırmanı aparır, onun gedişatında ilkin ittiham formalaşdırır, onu təqsirləndirilən şəxsə elan edir, ilkin ittihamın dəyişdirilməsinə (ona əlavələr edilməsinə) zərurət yarandığı halda isə onu yenidən formalaşdırır və təqsirləndirilən şəxsə elan edir. İş üzrə ibtidai araşdırma ittiham aktının tərtib olunması, onun prokuror tərəfindən təsdiqi və işin məhkəməyə göndərilməsi ilə yekunlaşır. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir (CPM-in 37.2, 298, 45.3, 224.1, 225.1, 289.1, 292.2 və 289.4-cü maddəsi).

İttiham aktı ilə məhkəməyə daxil olmuş cinayət işinin mövcudluğu məhkəmənin üzərinə ona baxmaq vəzifəsini qoyur. Məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr həyata keçirilir. Məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, ittiham aktının prosessual formasına riayət edildikdə və məhkəməyədək icraatın gedişində kobud prosessual pozuntulara yol verilmədikdə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edir (CPM-in 298, 299.1, 300.1.1 və 301.1-ci maddələri). Göründüyü kimi məhkəmə ona daxil olunmuş cinayət işi üzrə ilk əvvəl hazırlıq iclasını, sonradan isə məhz işdə olan və ittiham aktının mahiyyətini təşkil edən ittiham üzrə məhkəmə baxışını keçirir.

Prokurorun cinayət prosesinin bütün mərhələrində cinayət təqibini həyata keçirən yeganə prosessual subyekt olmasına baxmayaraq, cinayət prosesinin müxtəlif mərhələlərində onun funksiyaları və səlahiyyətləri də müxtəlifdir.

Məhkəməyədək icraatda prokuror geniş nəzarətedici və sərəncamverici hüquqlara malikdir (CPM-in 84.5-ci maddəsi). Onun belə hüquqi vəziyyəti əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməsi ilə şərtlənir. Lakin, nəzərdən qaçırmaq olmaz ki, prokuror həmçinin əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar tərəfindən qanunların icrasına da nəzarət edir («Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 20-ci maddəsi). Bütün bunlar isə, cinayətlərin qarşısının alınması, onların açılması, təhqiqatın və istintaqın lazımi səviyyədə aparılması, o cümlədən zəruri sübutların toplanması, prosessual məcburiyyət tədbirlərinin tətbiqi, təqsirkarların məsuliyyətə cəlb olunması, təqsirsizlərin məsuliyyətə cəlb olunmasına yol verilməməsi və nəticə etibarı ilə məhkəmədə əsaslı ittihamın irəli sürülməsi məqsədlərinə xidmət edir.

Lakin, məhkəmə icraatında prokuror özünün əvvəlki geniş səlahiyyətlərini itirir və müdafiə tərəfi ilə prosessual bərabərlik şəraitində məhkəmə baxışında dövlət ittihamçısı qismində çıxış edir. İttiham tərəfinin nümayəndəsi kimi, o, ittiham funksiyalarını həyata keçirməklə ittihamı müdafiə edir. Bunun üçün cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir və bunu edərkən yalnız prosessual qanunun yol verdiyi hüquqlardan istifadə edir (CPM-in 32.2.3 və 84.6-cı maddələri).

Dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı qanuna müvafiq olaraq və yalnız onun hədlərində müdafiə etməyə borcludur. Bunun üçün o, məhkəmədə təqsirləndirilən şəxs barəsində cinayət təqibini istisna edən hallar aşkar edərsə, cinayət təqibindən imtina etməlidir (CPM-in 39.1 və 41.3-cü maddələri). Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar edilərsə isə, dövlət ittihamçısı borclu olmasa da, cinayət təqibindən imtina etməyə haqlıdır (CPM-in 40 və 41.6-cı maddələri). Hər bir halda, dövlət ittihamçısı tərəfindən cinayət təqibindən imtina edilməsi məhkəmə tərəfindən işə xitam verilməsinə o vaxt səbəb ola bilər ki, ictimai-xüsusi ittiham qaydasında xüsusi ittihamçı cinayət təqibini davam etdirməyi tələb etməsin. Dövlət ittihamçısının və ya xüsusi ittihamçının cinayət təqibindən və ya ittihamdan imtina etməsi ittihamın bütün və ya ayrı-ayrı bəndlərindən (tam və ya qismən) imtinanı ehtiva edə bilər (CPM-in 37.3, 41.3, 41.6, 290.3.2 və 318.1-ci və -cı maddələri).

Prosessual qanun nəinki dövlət ittihamçısının səlahiyyətlərini, həm də məhkəmə baxışının hədlərini müəyyən edir.  Belə ki, məhkəmə baxışı yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittihamın hədləri ilə məhdudlaşır (CPM-in 318.1-ci maddəsi). Bu iki məsələ isə (həm məhkəmədə ittihamın irəli sürülməsi, həm də irəli sürülmüş ittiham üzrə məhkəməyə verilməsi) yuxarıda göstərilən kimi məhkəmə baxışında deyil, ondan əvvəl həll olunur. Ona görə də, məhkəmədə təqsirləndirilən şəxsə qarşı baxılan ittiham məhkəmə baxışının sonunadək onun predmeti və məzmunu olaraq qalır.

Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir (CPM-in 318.1-ci maddəsi).  Lakin, CPM-in 318.2-ci maddəsinin müddəalarının mənasına görə ittiham funksiyası olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin hüquqi vəziyyətini məhkəmə baxışı zamanı ağırlaşdıra bilməz. Qanun məhkəməyə belə bir hüquq verməmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin əməlini məhkəmədə ona qarşı irəli sürülmüş və ya onun məhkəməyə verildiyi ittiham üzrə daha ağır cəza nəzərdə tutan normaya özü tövsif edə bilsin. Bunun üçün dövlət ittihamçısının və ya zərərçəkmişin (onun qanuni nümayəndəsinin) vəsatəti tələb olunur. Belə vəsatət olduqda məhkəmə baxışı dayandırmalı və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Əgər bu prokuror digər (daha ağır) ittihamı irəli sürərsə, məhkəmə baxışı onun məhkəmə iclasında elan olunması ilə davam etməlidir. Cinayət tövsifin dəyişməsi nəticəsində məhkəmə aidiyyətinin dəyişdirilməsi zərurəti yaranarsa, məhkəmə qərarına əsasən məhkəmədə işin baxılmasına xitam verilir və iş baxılmaq üçün başqa məhkəməyə göndərilir.

Cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya cinayət prosessual qanunda müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir.  Məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə CPM-nin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır (CPM-in 38.4, 41.4, 314.2 və 41.5-ci maddələri).

Prosessual qanundan göründüyü kimi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurordan fərqli olaraq dövlət ittihamçısına məhkəmədə ittiham irəli sürmək, cinayət işinin materiallarında olan və məhkəmədə cinayət təqibinin ən əhəmiyyətli sənədi olan ittiham aktını ləğv etmək və ya dəyişdirmək hüququ verilməmişdir. Həmçinin prosessual qanunda dövlət ittihamçısının təqsirləndirilən şəxsin əməlinin ağır cinayətdən daha yüngül cəza nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsinə dair təklifinin  məhkəmə üçün məcburi olması da nəzərdə tutulmamışdır.

Prosessual qanunun məhz cəkişmə prinsipinə aid müddəalarında nəzərdə tutulur ki, tərəflərdən hər biri təqsirləndirilən şəxsin əməlinin tövsifinə, habelə məhkəmənin yekun qərarına dair öz təkliflərini verə bilər (CPM-in 32.2.3 və 32.2.4-cü maddələri). Mahiyyətcə bu imkan qanunda dövlət ittihamçısının müstəqil hüququ kimi əks olunmamışdır. Buna görə o, yalnız məhkəmədə həll olunan məsələlər və cinayət prosesin digər iştirakçılarının vəsatətləri üzrə öz fikrini ifadə etmək hüququnun tərkib hissəsi kimi çıxış edə bilər (CPM-in 84.6.3-cü maddəsi). Məhkəmə baxışında cinayət təqibi üzrə dövlət ittihamçısının təklifinin qəbul edilib-edilməməsi digər məsələlər kimi məhkəmənin səlahiyyətinə aiddir (CPM-in 7.0.4, 7.0.5, 81.2, 346.1.5 və 347.1-ci maddələri). Bununla yanaşı qanun dövlət ittihamçısına hüquq vermişdir ki, məhkəmə tərəfindən onun gəldiyi nəticələri və təklifləri nəzərə almadığı hissədə  apellyasiya protesti versin (CPM-in 383.2-ci maddəsi).

Beləliklə, cinayət prosessual qanunun müddəaları (cinayət prosesini qarışıq formasına malik olan digər ölkələrdə olduğu kimi) hər kəsin (o cümlədən həm təqsirləndirilən şəxsin, həm də, zərərçəkmiş şəxsin) ədalətli məhkəmə araşdırılması hüququnun şərtsiz təmin olunması zərurətindən irəli gələn işin bölünməzlik prinsipini əks etdirir. 

Məhkəmə cinayət işi ona daxil olandan sonra sadəcə onun «yiyəsi» deyil, Konstitusiya və prosessual qanunla (CPM-in 8 – 36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqana çevrilir. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmalıdırlar.

Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin vəzifəsi –  təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-in 8.0.5, 28.1, 28.2, və 28.6-cı maddələri).

Prosessual qanunun tələblərinə əsasən məhkəmə: qanunla nəzərdə tutulmuş qaydada məhkəmə baxışını həyata keçirməli; cinayət icraatının obyektivliyini, qərəzsizliyini və ədalətliliyini təmin etməli; çəkişmə və tərəflərin bərabər hüquq və imkanları əsasında cinayət prosesi tərəflərinin iştirakı ilə işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı; ona təqdim olunmuş və onun tərəfindən araşdırılmış bütün sübutların məcmusu üzrə tərəflərin bütün dəlillərini yoxlamalı və qiymətləndirilməli; işin bütün hallarının yoxlanılması və qanunun tələbləri əsasında daxili inamına müvafiq olaraq sübutlara sərbəst verdiyi qiymətləndirmə nəticəsində məhkəmənin yekun qərarını çıxarmalıdır.

CPM-in 7.0.41, 51.1 və 318.2-ci maddələrinin mənasına görə təqsirləndirilən şəxsin əməlinin tövsifinin dəyişdirilməsinə dair dövlət ittihamçısının təklifi yazılı vəsatət şəklində verilməli və məhkəmə tərəfindən ona CPM-in 28.1, 28.2, 28.4.1, 28.4.2, 87.6.8, 88.4.3, 91.5.38, 92.9.22, 93.4.17, 121.1.2 və 121.1.3-cü maddələrinin müddəalarına riayət etməklə baxılmalıdır. CPM-in 121.2 və 346.1.5-ci maddələrinin tələblərinə əsasən isə bu vəsatət qanunun düzgün tətbiq edilməsinə və ya təqsirləndirilən şəxsin pozulmuş hüquqlarının bərpasına yönəldilmişsə, məhkəmə onu rədd edə bilməz.

Cinayət prosesinin xüsusiyyətləri qanunvericinin cinayət mühakimə icraatının prinsip və əsas şərtlərində əksini tapan iradə ifadəsinin, eləcə də qitə Avropası hüquq sistemində qəbul olunmuş cinayət-prosessual hüququnun müddəalarını əks etdirməklə bir-biri ilə bağlı olan prosessual normaların müəyyən konstruksiya üzrə qurulmasının nəticəsidir. KM isə buna diqqət yetirmədən çoxsaylı prosessual normalardan yan keçərək qərar qəbul etmişdir. Bu hal cinayət prosesinin xüsusiyyətlərini təşkil edən bəzi ideyaların üstündə daha ətraflı dayanmağı tələb edir.

Qanunun aliliyinin bərqərar olması qanunçuluq prinsipinə riayət edilməsi şərti ilə mümkündür. Cinayət prosesində bu prinsiplərin prinsipidir və «qanunla icazə verilən, yol veriləndir» postulatı əsasında dayanır. Heç kəs cinayət prosessual qanununda nəzərdə tutulandan fərqli qaydada hər hansı hərəkəti edə və ya hər nəyisə şərh edə bilməz.

Tərəflərin çəkişməsi prinsipi məhkəmədə öz dəlillərini və tələblərini əsaslandırmaq üçün onlarda bərabər hüquq və imkanlardan istifadə edilməsi, eləcə də məhkəmə baxışına aid məhkəməyə öz təklif və fikirlərini ifadə etməsi, onları rədd etməsi və ya digər tərəfdən irəli gəlirsə onlarla razılaşması hüququnun tanınmasını nəzərdə tutur. Ədalət mühakiməsinin yalnız məhkəmə tərəfindən həyata keçirilməsi məhkəmə baxışı zamanı məhkəməyə başçılıq vəziyyətini tutmaq və rəhbər rolunu oynamaq imkan yaradır. Cinayət prosesinin iştirakçıları bütün hərəkətlərini məhkəmənin icazəsi və onun nəzarəti ilə edə bilərlər. Məhkəmənin fəaliyyəti, cinayət işlərinin həllində dövlət fəaliyyətinin hər hansı digər formasına xas olmayan  üstünlükləri ehtiva edən xüsusi hüquqi qaydada həyata keçirilir. Bu qayda, iş üzrə qanuni və ədalətli qərarın çıxarılması üçün daha çox təminatlar verir və ədalət mühakiməsi funksiyasının dövlətin hər hansı digər orqanının, o cümlədən prokurorluğun üzərinə keçməsini yolverilməz edir.

Həqiqətən ədalət mühakiməsinin ən mühüm şərtləri bərabər dəyərə malik aşağıdakılarda ifadə olunur: bütün obyektiv mümkün olan versiyaların diqqətli yoxlanılması; iş üzrə mütləq müəyyənləşdirməli olan bütün halların aydınlaşması; bu vəzifəni yerinə yetirməyə imkan verən sübutlar məcmusunun toplanılması; bütün faktiki materialın qərəzsiz və vicdanlı araşdırılması; təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət verən, həm də onun məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən bütün halların nəzərə alınması.

Sübutların sərbəst qiymətləndirilməsi prinsipi məhkəmənin üzərinə vəzifə qoyur ki, daxili hüquqi düşüncəyə əsaslanan özünün inamı və qanunun tələbləri əsasında işi həll etsin. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi azad sistem olsa belə, o, nəzarət altında qalmaqda davam edir. Lakin, bu nəzarət yalnız yuxarı məhkəmə tərəfindən həyata keçirilə bilər.

Azad hakim mülahizəsi prinsipinin məzmunu, cinayət işinə baxarkən sübutların hər birinin ayrılıqda və onların hamısının məcmusuna diqqətlə baxılmasına əsaslanan daxili inam üzrə sübutedici materialın qiymətləndirilməsinə dair məhkəmənin vəzifəsindən ibarətdir. Daxili inamın subyektiv cəhəti müəyyən faktların mövcudluğu ilə bağlı hər hansı şübhə və tərəddüdlərin aradan qaldırılmasını tələb edir. Onun obyektiv cəhəti isə tələb edir ki, subyektiv əminlik, iş üzrə müvafiq qaydada toplanmış və tələb olunan obyektivlik, hərtərəflik və tamlıqla yoxlanılmış məlumatlardan irəli gəlsin. O, açıq-aydın və inandırıcı tərzdə əsaslandırılmalıdır.

Məhkəmə hakimiyyətinin müstəqilliyi hakimlərin müstəqilliyinə və onların yalnız Konstitusiya və qanunlara tabe olduqlarına dair müddəa ilə möhkəmlənir. Bu onu tələb edir ki, işin məhkəmə araşdırılması elə bir şəraitdə aparılsın ki, hakimlər yalnız qanuna bağlı olsunlar, məhkəmənin iş üzrə gələcəyi yekun qənaəti isə hər hansı  təzyiqdən asılı olmadan formalaşsın. Heç kəs hakimlərə təzyiq edə və işin hansı yolla həll edilməli olmasına dair göstəriş verə bilməz.

Hakimlərin müstəqilliyi və qanuna tabeliyi prinsipləri eyni medalın iki üzünü təşkil edir. Hakimlərin müstəqilliyi onların yalnız qanuna tabe olduğu təqdirdə mümkündür, qanuna tabelik isə hakimlərin xarici və daxili faktorların təsirindən kənarlaşdırılması şərti ilə mümkündür. Hakimlərin müstəqilliyi ədalət mühakiməsinin həyata keçirilməsinin yalnız qanunla müəyyən olunmuş prosedurlarla aparılması zamanı təmin olunur. Sübutların araşdırılması və məhkəmə tərəfindən qərarın qəbul olunması qaydası isə prosessual qanunda elə tərzdə müəyyən olunmuşdur ki, o:   hakimlərin prokurorun və cinayət prosesinin digər iştirakçılarının fikri ilə bağlı olmamasını; sübutların qiymətləndiriməsinin daxili inamla aparılmasını; məhkəmə tərəfindən ittihamın qəbulunun, dəyişdirilməsinin və ya rədd olunmasının mümkünlüyünü təmin etsin.

Məhkəmə hakimiyyəti  öz təyinatına görə cinayət prosesində iştirak edən bütün şəxslərin hüquq və azadlıqlarının müdafiəçisidir. KM-in əvvəlki qərarlarında  formalaşdırdığı hüquqi mövqelərinə görə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi zamanı nəinki təqsirləndirilən şəxsin, həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin hüquqları və qanuni maraqları da nəzərə alınmalıdır. 

Məhkəmə əsla ittiham tərəfinin girovuna çevrilməməlidir. Məhkəmə dövlət ittihamçısı ilə münasibətlərini prosessual qanunun normaları əsasında qurmalı və ittiham funksiyasını daşımamaq üçün aşağıdakıları etməməlidir: məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham olmadan ədalət mühakiməsini həyata keçirsin; bu ittiham üzrə təqsirləndirilən şəxsi məhkəməyə vermədən məhkəmə baxışını təyin etsin və işə mahiyyəti üzrə baxsın; məhkəmə iclasında ittiham aktını elan etsin; tərəflər bunu etmədən birinci olaraq sübutları araşdırsın, təqsirləndirilən şəxsi, zərərçəkmişi və şahidləri dindirsin; işi əlavə istintaqa qaytarmaq yolu ilə ittihamı təsdiq edən sübutların tamamlanmasına dair tədbirlər görsün; yeni ittiham üzrə və başqa şəxslər barəsində iş qaldırsın.

Məhkəmə cinayət işinin baxılmasında ittiham aktının ifadələri ilə, eləcə də işin baxılmasının gedişində və onun yekunlaşmasında yaranan məsələlərin həllində  dövlət ittihamçısının mövqeyi ilə bağlı deyildir. Hakimlər iş üzrə toplanmış və məhkəmə tərəfindən qəbul olunmuş sübutlardan çıxış edərək, qanunun tələblərinə və daxili inama əsaslanaraq: bir tərəfdən məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın (o cümlədən bütövlükdə və ya onun ayrı-ayrı bəndləri üzrə) sübuta yetirilib-yetirilməməsini, habelə bu şəxsin cinayətin törədilməsində təqsirli bilinib-bilinməməsini göstərməlidir; digər tərəfdən dövlət ittihamçısının tövsiflə bağlı təklifinin qəbul edilib-edilməməsindən asılı olaraq  məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama uyğun və ya həmin ittihamla müqayisədə bu şəxsin hüquqi vəziyyətini ağırlaşdırmadan ittihamı təqsirkara bu və ya digər cəzanı təyin edə, təqsiri müəyyən olunmayana isə bəraət verə bilər.

Hakimiyyət səlahiyyətlərinin lazımi qaydada yerinə yetirilməsi üçün, məhkəmələr, məhkəmə həllini gözləyən tərəflərin maraqlarından, bu maraqların xüsusi və ya ictimai olmasından asılı olmadan, tamamilə azad qalmalıdırlar. Konstitusiya və cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş cinayət mühakimə icraatının demokratik prinsipləri və əsas şərtləri məhkəmədən tələb edir ki, o, tərəflərin təqsirləndirilən şəxsin  əməllərinin tövsifi ilə bağlı ifadələrindən asılı olmadan ədalət mühakiməsinin qərəzsiz və obyektiv qoruyucusu olsun. Bu zaman qanunçuluq və təqsirə görə məsuliyyət prinsiplərinə əsasən məhkəmə: bir tərəfdən təqsirləndirilən şəxsin özünün təqsirsizliyinə haqq qazandırmaq istəməməsinə və ya dövlət ittihamçısının təqsirkara göz yummasına qulluq etməməli; digər tərəfdən isə hər hansı şəxsin əsassız və ya cinayət qanununun tələblərinə cavab vermədən, o cümlədən təqsirləndirilən şəxsin hərəkətlərinin səhv tövsifi səbəbindən məhkum edilməsinə yol verməməlidir.

Beləliklə, Azərbaycan Respublikası Prokurorluğunun sorğusunda qoyulan suallara münasibət ədalət mühakiməsinin prinsipləri və əsas şərtlərinə uyğunlaşdırılmış cinayət prosesində hər bir şəxsin hüquq və azadlıqlarının bütün zəruri təminatlarını ehtiva edən prosessual normalar əsasında  bildirilməlidir. Biz hesab edirik ki, məhz mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq, KM-in qərarında onun nəticə hissəsinin 2-ci bəndi ilə yanaşı aşağıdakılar da göstərilməli idi:

1) CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulmuş dövlət ittihamçısının və ya xüsusi ittihamçının cinayət təqibindən və ya ittihamdan imtina etməsi cinayət təqibini istisna edən və ya onun həyata keçirilməməsinə imkan verən halların məhkəmədə aşkarlanmasından sonra ittihamın bütövlükdə və ya onun ayrı-ayrı bəndlərindən (tam və ya qismən) imtinanı ehtiva edə bilər;

2) İttihamın ayrı-ayrı bəndlərindən imtina edilməsi və bu hissədə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi məhkəmə tərəfindən həmin şəxsə qarşı məhkəmədə irəli sürülmüş ittihamın digər bəndləri üzrə cinayət təqibinin davam etdirilməsini və ədalət mühakiməsinin həyata keçirilməsini  tələb edir;

3) Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanunu ilə daha yüngül cəza nəzərdə tutan normaya tövsif edilməsinə dair təklifin verilməsi cinayət prosesinin çəkişmə prinsipindən irəli gəlir. Məhkəməyə ünvanlanmış belə təklifi cinayət prosesinin hər bir tərəfi verə bilər. Təklif xahişi  ifadə etdiyi və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni maraqlarına toxunduğu üçün yazılı vəsatət şəklində təqdim olunmalı və məhkəmə tərəfindən ona CPM-in müddəalarına riayət etməklə baxılmalıdır. Dövlət ittihamçısının bu cür vəsatəti cinayət qanununun düzgün tətbiqinə və ya təqsirləndirilən şəxsin pozulmuş hüquqlarının bərpasına yönəlmişsə, məhkəmə onu rədd edə bilməz.

 

Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsinin hakimləri:

                                                                                                       

E.Məmmədov

F.Babayev

İ.Nəcəfov