AZƏRBAYCAN
RESPUBLIKASI ADINDAN
AZƏRBAYCAN
RESPUBLIKASI
KONSTITUSIYA
MƏHKƏMƏSI PLENUMUNUN
QƏRARI
Azərbaycan Respublikası
Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə
tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina
etdikdə» müddəasının şərh edilməsinə dair
15 fevral 2008-ci
il
Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev,
S.Həsənova, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov,
S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ. İsmayılovun,
maraqlı subyektlərin qanuni
nümayəndələri, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının
müdafiəsi idarəsinin rəisi İ.Cəfərovun, Azərbaycan Respublikası Milli
Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsinin nümayəndəsi İ.Cəfərovun,
ekspert Bakı Dövlət
Universitetinin Cinayət prosesi kafedrasının dosenti, hüquq elmləri namizədi
F.Abbasovanın,
iclasa dəvət olunmuş Azərbaycan
Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadənin, Bakı Apellyasiya
Məhkəməsinin hakimi S.Mirzəyevin iştirakı ilə
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi
konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş
«dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə»
müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun 17
oktyabr 2007-ci il tarixli 13/214 saylı sorğusu ilə bağlı konstitusiya işinə
baxdı.
İş üzrə hakim
B.Qəribovun məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələrinin
çıxışlarını, ekspertin rəyini, iclasa dəvət olunmuş şəxslərin mülahizələrini
dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prokurorluğu sorğuda göstərir ki,
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 127-ci
maddəsinin VII hissəsində təsbit olunmuş çəkişmə prinsipini özündə ehtiva edən
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (bundan sonra – CPM)
görə ittiham yönümlü səlahiyyətlərdən azad olan məhkəmə cinayət təqibi
orqanından cinayət işlərinə və cinayət təqibi ilə bağlı materiallara məhkəmə
iclaslarında ədalətli, qərəzsiz baxan arbitrə çevrilmişdir.
Sorğuda CPM-in ittiham tərəfinin səlahiyyətlərini müəyyənləşdirən
21.3, 32.2.3, 32.2.8, 38.4 və 41.3-cü maddələrinə istinad edilərək o da qeyd
olunur ki, bu Məcəllənin 43.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə
baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən
imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam
verilməsi barədə qərar çıxarır.
Sorğuverən CPM-in məhkəmə
baxışının hədlərini müəyyənləşdirən 318.1-ci maddəsinə əsaslanaraq göstərir ki,
məhkəmə şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif
etmək, ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna
malikdir. Bu baxımdan onun səlahiyyətləri yalnız təqsirləndirilən şəxsin
vəziyyətinin yüngülləşdirilməsi ilə bağlı olmaqla, dövlət ittiamçısı tərəfindən
müdafiə edilən ittihamın həcmi ilə məhdudlaşır və həmin ittihamdan ağır ola
bilməz. Əks halda bu məhkəməyə ittihamedici səlahiyyətlərin həvalə edilməsi ilə
nəticələnməklə, bir sıra prinsiplərin, müdafiə və ittiham tərəfləri arasında
tarazlığın pozulmasına səbəb ola bilər.
Sorğuda həmçinin
qeyd olunur ki, nadir hallarda olsa da məhkəmədə işə baxılarkən dövlət
ittihamçısının ittihamdan qismən imtina etməsinə baxmayaraq, məhkəmə tərəfindən
belə imtina qəbul edilmir və təqsirləndirilən şəxsə ibtidai araşdırma zamanı
israr edilmiş ittiham üzrə hökm çıxarılmaqla cəza təyin olunur.
Beləliklə, Azərbaycan Respublikasının Prokurorluğu CPM-in 43.1.1 və
314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı
cinayət təqibindən imtina etdikdə» müddəasının həmin proses iştirakçıları
tərəfindən ittihamdan qismən imtina edilməsini (eyni əmələ görə məsuliyyəti
nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin tövsifedici
əlamətlərini özündə əks etdirən cinayət tərkibindən sadə tərkibli cinayət
əməlinə tövsif edilməsini, yaxud təqsirləndirilən şəxsə Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin
törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya
bir neçə maddə üzrə imtina edilməsini) özündə ehtiva edib-etməməsinin şərh
olunmasını xahiş edir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan
məsələlərin həlli ilə bağlı cinayət mühakimə icraatında məhkəmənin roluna,
müdafiə və ittiham tərəfinin statusu, hüquq və vəzifələrinə dair
cinayət-prosessual qanunvericiliyinin bəzi müddəalarının təhlilini zəruri hesab
edir.
Demokratik, hüquqi dövlət kimi Azərbaycan Respublikasında insan və
vətəndaş hüquqları və azadlıqlarının tanınması, təmin edilməsi, onların müdafiə
olunması dövlətin ali məqsədi kimi bəyan edilmişdir.
Bu baxımdan Konstitusiyada nəzərdə tutulmuş təməl prinsiplərin
və təsbit olunmuş hüquq və azadlıqların tənzimlənən bütün hüquq
münasibətlərində, o cümlədən cinayət-prosessual hüquq münasibətlərində rəhbər
tutulması mühüm şərtlərdən biridir.
Konstitusiyanın müddəalarına görə ədalət mühakiməsi çəkişmə
prinsipi əsasında yalnız məhkəmələr tərəfindən həyata keçirilir (Konstitusiyanın
125-ci maddəsinin I və 127-ci maddəsinin VII hissələri). Bu prinsip məhkəmə
baxışında iştirak edən ittiham və müdafiə tərəflərinin öz hüquqlarını və qanuni
mənafelərini həyata keçirməsində bərabər prosessual imkanların yaradılmasını
nəzərdə tutur.
Konstitusiyanın 125-ci maddəsinin IV hissəsinə əsasən cinayət
məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi
iştirak edir.
Azərbaycan Respublikasının Prokurorluğu həmçinin, məhkəmədə dövlət
ittihamını müdafiə edir (Konstitusiyanın 133-cü maddəsinin I hissəsi).
Məhz Konstitusiya normalarını rəhbər tutmaqla, qanunverici bir
sıra prinsiplərlə yanaşı, çəkişmə prinsipinə əsaslanan CPM-in müddəaları ilə
ittiham, müdafiə və işin həll olunması (müvafiq məhkəmə aktları qəbul
edilməklə) funksiyalarını bir birindən ayırmış, onların təyinatı, yönümü və
məzmununu, habelə subyektlərinin dairəsini və səlahiyyətlərinin həcmini dəqiq
müəyyənləşdirmişdir.
CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya
təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi
vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət
hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin
əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin
aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının
mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və
məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası
isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya
cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin
cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini
yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin
əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini
verməkdən ibarətdir (CPM-in 21.3, 32.2.3 və 32.2.4-cü maddələri).
Prosessual qanunvericiliyin keyfiyyətcə yeni hüquqi təbiətə
malik institutlarının, həmçinin cinayət mühakimə icraatının məhkəmə baxışı
mərhələsində prokurorun dövlət ittihamçısı kimi rolunu müəyyənləşdirən normalar
sisteminin təhlili belə qənaətə gəlməyə əsas verir ki, prokuror ittiham
tərəfinin irəli sürdüyü ittihamın sonrakı aqibətinə təsir edə biləcək mühüm
səlahiyyətlərə malik olan müstəqil prosessual şəxsdir.
CPM-in 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi
ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Bu
Məcəllənin 41.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, dövlət ittihamçısı
məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən
şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi
ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin
cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət
işinə və ya cinayət təqibilə bağlı digər materiala məhkəmədə baxılmasının davam
etdirilməsinə mane olmur.
CPM-in 43.1.1-ci maddəsi dövlət ittihamçısının və xüsusi ittihamçının
cinayət təqibindən imtina etməsini məhkəmə baxışı gedişində təqsirləndirilən
şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının
çıxarılması hallarından biri kimi müəyyənləşdirmişdir.
İctimai ittiham üzrə cinayət təqibi bir qayda olaraq yalnız zərər
çəkmiş şəxsin hüquq və qanuni maraqlarına deyil, bütövlükdə cəmiyyət və
dövlətin ictimai əhəmiyyət kəsb edən maraqlarına xələl yetirən cinayət
əməllərilə bağlı həyata keçirilir. Xarakteri və ağırlıq dərəcəsi baxımından belə
cinayətləri törətmiş şəxslərin təqib edilməsi, o cümlədən, ittihamın sübut
olunması bir vəzifə kimi zərər çəkmiş şəxsin deyil, səlahiyyətli dövlət
orqanlarının üzərinə düşür. CPM-ə görə ictimai ittiham qaydasında cinayət
təqibi zamanı zərər çəkmiş şəxs dövlət ittihamçısı ilə bərabər subsidiar
ittihamçı kimi tanınmadığından dövlət ittihamçısının ittihama münasibətdə
davranışı onun iradəsindən asılı deyildir. Belə vəziyyət isə zərərçəkmişin
dövlət ittihamçısının məhkəmə baxışının gedişində cinayət təqibindən imtina
etməsinə dair mövqeyi ilə razılaşmamasını da əhəmiyyətsiz edir və məhkəmənin
cinayət təqibinə xitam verməsinə mane olmur. Məhkəmə baxışında dövlət
ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina edilməsilə
bağlı mövqelərinin üst-üstə düşməsi yalnız ictimai-xüsusi ittiham qaydasında
aparılan cinayət işləri üzrə zəruridir (CPM-in 41.3-cü maddəsi).
CPM-in 43-cü maddəsinin mənasına görə məhkəmə baxışı gedişində dövlət
ittihamçısının ictimai ittiham qaydasında aparılmış cinayət təqibindən
(ittihamın müdafiəsindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz
xitam verilməsilə (CPM-in 43.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna
olmaqla) nəticələnməlidir.
Bununla yanaşı nəzərə alınmalıdır ki, Konstitusiyanın 63-cü
maddəsinin I hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ
vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri
qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin II
hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı
şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
Həmin Konstitusiya normasını eynilə əks etdirən CPM-in 21.2-ci
maddəsi həmçinin, nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə
müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan
qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin)
xeyrinə həll edilir.
CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə
isə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli
üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki,
təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı
rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına
əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın
sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun
olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir
(CPM-in 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə
gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız
ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin
kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının
qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.
CPM-in 84.4-cü maddəsinin
tələblərinə görə cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirmiş prokuror məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak
edə bilməz. Belə qayda bir təminat kimi məhkəməyə qədər cinayət təqibi və
ittihamın müdafiəsi funksiyalarının bir şəxsin prosessual səlahiyyətində
cəmlənməsinin qarşısının alınmasına yönəlməklə, eyni zamanda dövlət
ittihamçısının həm müstəqilliyinə, həm də obyektivliyinə təsir edə biləcək
mənfi halların aradan qaldırılmasına xidmət edir. Prosessual baxımdan cinayət
mühakimə icraatının məhkəməyə qədər mərhələlərindən kənarda dayanması dövlət
ittihamçısının qərəzsizliyinə və ədalətliliyinə təsir edən müsbət amil kimi
çıxış edir. Bu mənada onun ittihamla bağlı mövqeyi ittiham aktına uyğun olmaqla
deyil, yalnız çəkişmə prinsipinə riayət edilməklə məhkəmə iclaslarında tədqiq
edilmiş sübutlara və daxili inamına əsasən formalaşır. Bu isə onun ittihamın
müdafiəsindən nəinki tam, o cümlədən müəyyən həcmdə imtina etmək imkanına malik
olmasını da ehtiva edir.
Qanunverici çəkişmə prinsipi əsasında aparılan məhkəmə baxışında
cinayət işi üçün əhəmiyyət kəsb edən halların sübut olunub-olunmamasına dövlət
ittihamçısının etdiyi təsiri nəzərə alaraq, CPM-in 314.1-ci maddəsində onun
ictimai və ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışında iştirakının məcburi
olduğunu müəyyənləşdirmişdir. CPM-in 314.2-ci maddəsinə əsasən isə,
məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və
məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını
rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş
ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina
etməyə haqlıdır.
Qeyd olunmalıdır ki, CPM-in yuxarıda göstərilən 41.3, 43.1.1
və 314.2-ci maddələrinin müddəalarında dövlət ittihamçısının ittihamın
müdafiəsindən (cinayət təqibindən) imtina etmək səlahiyyətinin həcminin (tam və
ya qismən) differensasiyası nəzərdə tutulmadığından ilk baxışdan belə təəssurat
yaranır ki, imtina ittihamı bütövlükdə əhatə etməlidir. Belə
yanaşma məhkəmə baxışında tərəflərin çəkişməsi və bərabərliyi prinsiplərinin
inkar edilməsinə gətirib çıxarmaqla, dövlət ittihamçısının ittihamın aqibəti
ilə bağlı prosessual müstəqilliyinin məhdudlaşdırılması ilə nəticələnmiş
olardı.
Yuxarıda göstərildiyi kimi məhkəmə istintaqında tədqiq edilmiş
sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin
formalaşmasının əsasını təşkil edir. Buna görə də dövlət ittihamçısı daxili
inamına əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tədqiq
edilmiş sübutlarla qismən təsdiq olunmadığı qənaətinə gələrsə, ondan qismən
imtina etməyə də haqlıdır. Əks təqdirdə bu, bir tərəfdən onun obyektivliyinin
şübhə altına alınmasına gətirib çıxarar, digər tərəfdən isə təqsirləndirilən şəxsin
əsassız təqsirləndirilərək cəzalanmasına imkan yaratmış olardı.
Ümumiyyətlə, ittihamdan imtina etmək anlayışının təkcə tam
deyil, habelə özünün tərkib hissəsinin elementi kimi qismən imtinanı da
əhatə etməsini nəzərdə tutan yanaşma «Prokurorluq haqqında» Azərbaycan
Respublikasının Qanununda da əksini tapmışdır. Belə ki, həmin Qanunun 19-cu
maddəsinin 4-cü bəndində prokurorun ittihamın müdafiəsindən tam və ya qismən
imtina etmək səlahiyyəti müəyyən edilmişdir.
Beləliklə, CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan
dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət
təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən,
təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri
ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə,
məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini
ehtiva edir.
Həmçinin, qeyd edilməlidir ki, məhkəmə baxışında hakimiyyət
səlahiyyətinə malik olan dövlət nümayəndəsi kimi prokuror dövlətin adından
ittihamı müdafiə etmək və həmin ittihamdan imtina etmək (tam və ya qismən)
səlahiyyətləri ilə yanaşı, həm də onun aqibətini digər qaydada müəyyənləşdirmək
imkanına malikdir.
Dövlət ittihamçısının prosessual səlahiyyətlərinin tərkib hissəsi
olan belə hüquqlardan biri də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş
və ya məhkəməyə verilmiş ittihamda nəzərdə tutulan əməli cinayət qanununun daha
yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifilə çıxış etməsidir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələ ilə bağlı
xüsusi vurğulamağı zəruri hesab edir ki, ittihamın müdafiəsindən (cinayət
təqibindən) imtina edilməsi və əməlin daha yüngül cəza nəzərdə tutan cinayət
qanunu norması ilə tövsif edilməsi təbiətinə və hüquqi nəticələrinə görə
müxtəlif prosessual hərəkətlərdir.
CPM-in 32.2-ci maddəsi cinayət prosesində tərəflərin çəkişməsini
təmin etmək məqsədi ilə ittiham (32.2.3-cü maddə) və müdafiə (32.2.4-cü maddə)
tərəfinin təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun
qərarına dair öz təkliflərini vermək hüququnu nəzərdə tutmuşdur. Eyni
zamanda prosesin tərəflərindən biri kimi ittiham tərəfi də məhkəmə baxışının
nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını məhkəməyə
təqdim edə bilər (CPM-in 343-cü maddəsi).
Qeyd edilməlidir ki, ittihamın müdafiəsindən (cinayət
təqibindən) imtina (tam və ya qismən) zamanı olduğu kimi bu imkan da dövlət
ittihamçısının işin bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsi
şəraitində məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında formalaşan
daxili inamından irəli gəlir.
Bu mənada dövlət ittihamçısının cinayət-prosessual
qanunvericiliyində nəzərdə tutulan ittihamın müdafiəsindən (cinayət
təqibindən) imtina (tam və ya qismən) etmək, habelə əməlin tövsifini
yüngülləşdirmək təklifi ilə çıxış etmək hüquqlarından istifadə etməsi bir qayda
olaraq, iş üzrə toplanmış bütün sübutların tam tədqiqi və onlara hüquqi qiymət
verilməsi zərurətini də ehtiva edir. Belə zərurət həmçinin, cinayət hadisəsi
olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti
olmadıqda məhkəmənin təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq edən bəraət
hökmü çıxarmaq (CPM-in 42.1-ci maddəsi) vəzifəsilə də uzlaşır.
Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin
yuxarıdakı məsələləri tənzimləyən müddəalarının mənasına görə, cinayət işinin
həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi
fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət
təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda
müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda
isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi
vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə
hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya
müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər
hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses
boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci
maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə
baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın
materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən
şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
Beləliklə, yuxarıda göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsi
Plenumunun hüquqi mövqeyi ondan ibarətdir ki, ictimai ittiham üzrə məhkəmə
baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən)
imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verməsilə
nəticələnməlidir. Dövlət ittihamçısı ittihamın müdafiəsindən (cinayət
təqibindən) tam imtina etdikdə (yekun məhkəmə qərarının çıxarılması üçün
məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə CPM-in 43.1-ci
maddəsinin müddəalarına əsasən cinayət təqibinə bütövlükdə xitam verilməsi
barədə qərar çıxarmalı, qismən imtina etdikdə isə onun imtina olunmuş hissəsinə
xitam verməlidir. Eyni zamanda dövlət ittihamçısı əməlin tövsifinin
yüngülləşdirilməsi təklifi ilə çıxış etdikdə, məhkəmə həmin təklifdə irəli
sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə
aktı qəbul etməməlidir. Əks halda məhkəmə artıq dövlət ittihamçısı
tərəfindən müdafiə olunmayan ittihamın müdafiəsini öz üzərinə götürməklə,
faktiki olaraq, ittihamı müdafiə edən orqanı əvəz edər, başqa sözlə onun
təbiətinə xas olmayan ittiham funksiyasını yerinə yetirmiş olardı.
Bu zaman həmçinin məhkəmələrin statusunu və ədalət mühakiməsinin
həyata keçirilməsinin prinsiplərini müəyyən edən konstitusiya normalarının
(Konstitusiyanın 125 və 127-ci maddələri), cinayət mühakimə icraatının bir sıra
prinsiplərinin (CPM-in 8-12, 21, 28, 32, 36-cı maddələri), habelə CPM-in dövlət
ittihamçısı qismində prokurorun qanunu və vicdanını rəhbər tutaraq sübutların
məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla, öz daxili
inamına görə sübutları qiymətləndirmək vəzifəsini müəyyən edən normasının
(145.2-ci maddə) mənalarına görə, dövlət ittihamçısının ittihamdan imtina
etməsi və ya əməlin tövsifinin yüngülləşdirilməsi təklifi əsaslandırılmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu əməlin tövsifinin dəyişdirilməsi
üzrə dövlət ittihamçısının səlahiyyətləri ilə bağlı həmçinin qeyd edir
ki, CPM-in 32.2.3 və 343-cü maddələrində cinayət prosesinin tərəfi kimi
ittiham tərəfinin əməlin tövsifi və məhkəmə qərarının layihəsinə dair məhz
təkliflər vermək hüququ müəyyənləşdirilmişdir. Bununla belə, qanunverici
məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edən prokurorun
statusunu, hüquq və vəzifələrini tənzimləyərkən (CPM-in 84-cü maddəsi)
onun əməlin tövsifini yüngülləşdirmək təklifilə çıxış etmək hüququnu
konkret olaraq nizamlamamışdır. Həmçinin, hüquq nəzəriyyəsinin, mövcud
təcrübənin və bir sıra ölkələrin müvafiq qanunvericiliyinin təhlili göstərir
ki, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha
yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi müxtəlif üsullarla,
o cümlədən, əməlin hüquqi tövsifindən cəzanı ağırlaşdıran əlamətlərin
çıxarılması; əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan digər
maddəsinə tövsif edilməsi və sair üsullarla həyata keçirilə bilər. Lakin CPM-də
bütün bu halların müəyyən edilməməsi dövlət ittihamçısının həmin hüququnun
həyata keçirilməsi zamanı qanunvericilik qaydasında nizamlanmasına ehtiyac olan
bir sıra sualların ortaya çıxmasına səbəb olur.
Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə
əsasən məhkəmə icraatı, məhkəmə qərarlarının icrası məsələləri Azərbaycan
Respublikası Milli Məclisinin müəyyən etdiyi ümümi qaydalar sırasındadır.
Bu baxımdan məhkəmə baxışında dövlət ittihamçısının
təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza
nəzərdə tutan norması ilə tövsifinə dair hüququnun və onun həyata keçirilməsi
üsullarının CPM-də tənzimlənməsi Azərbaycan Respublikası Milli Məclisinə
tövsiyə olunmalıdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi
haqqında» Qanunun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət
ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət
təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini
ehtiva edir.
2. Məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən
(cinayət təqibindən) imtina etməsi və təqsirləndirilən şəxsin əməlinin
cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifi təbiətinə
və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir. Dövlət
ittihamçısının əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan
norması ilə tövsif etmək təklifi ittihamın müdafiəsindən (cinayət təqibindən)
imtina kimi qiymətləndirilə bilməz.
3. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən
şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan
norması ilə tövsifinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
hüquqi mövqeyi ondan ibarətdir ki:
- dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin cinayət
qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi
barədə təklifini əsaslandırmalıdır;
- məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə,
ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin
cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif
edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli
sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı
qəbul olunmasını istisna edir.
4. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsində dövlət
ittihamçısının məhkəmə baxışında təqsirləndirilən şəxsin əməlini cinayət
qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair
hüququnun və onun həyata keçirilməsi üsullarının tənzimlənməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
5. Qərar dərc olunduğu gündən güvvəyə minir.
6. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi»
qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda
dərc edilsin.
7. Qərar qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik
edən Fərhad
Abdullayev
X Ü S U S
I R Ə Y
Azərbaycan Respublikasının Prokurorluğu sorğu ilə Konstitusiya
Məhkəməsinə (bundan sonra – KM) müraciət edərək Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 43.1.1 və 314.2-ci
maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət
təqibindən imtina etdikdə» müddəasının həmin proses iştirakçıları tərəfindən
ittihamdan qismən imtina edilməsini (eyni əmələ görə məsuliyyəti nəzərdə tutan
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinin tövsifedici
əlamətlərini özündə əks etdirən cinayət tərkibindən sadə tərkibli cinayət
əməlinə tövsif edilməsini, yaxud təqsirləndirilən şəxsə Azərbaycan Respublikası
CM-in müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində
ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə
üzrə imtina edilməsini) özündə ehtiva edib-etməməsinə şərh verilməsini
xahiş etmişdir.
Biz bu sorğu üzrə KM-in 15.02.2008-ci il tarixli qərarının
təsviri-əsaslandırıcı hissəsinin bəzi müddəaları ilə razıyıq, lakin nəticə
hissəsinin 1-ci bəndinin və 3-cü bəndinin ikinci abzasında istifadə olunmuş
ifadələri, habelə bu hissəsinin 3 və 4-cü bəndlərinin məzmunu ilə razılaşa
bilmərik.
Xüsusilə qeyd olunmalıdır ki, KM heç bir normaya əsaslanmadan belə
qənaətə gəlmişdir ki: məhkəmə ittiham funksiyasını öz üzərinə götürə
bilmədiyinə görə ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət
ittihamçısının cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə
tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının
təklifində irəli sürüləndən daha ağır cəzanı nəzərdə tutan cinayət qanunu
norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir; CPM-də məhkəmə
baxışında təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza
nəzərdə tutan norması ilə tövsifinə dair hüququnun və onun həyata keçirilməsi
üsullarının tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə
olunsun.
Biz hesab edirik ki, bu müddəaları qəbul edərək KM: 1) CPM-in 43.1.1
və 314.2-ci maddələrinin müddəalarına şərhin verilməsi üçün kifayət qədər olan
və özü-özlüyündə zəruri xarakter daşıyan mövcud prosessual normalardan istifadə
etməmiş; 2) sorğuda qoyulan məsələlərdən və öz səlahiyyətlərindən kənara
çıxaraq göstərilən maddələrə şərh vermək əvəzinə faktiki olaraq
Konstitusiya və CPM-in normaları ilə toqquşan yeni norma yaratmış; 3) məhkəmə
araşdırılması zamanı məhkəmənin ədalət mühakiməsini həyata keçirməyə müstəsna
səlahiyyəti olan müstəqil hakimiyyət orqanı kimi hüquqi vəziyyətini təhrif
etmişdir.
Mövqeyimiz çoxluğun qərarından fərqli olduğündan öz fikirlərimizin
təfsilatı ilə bu rəydə açıqlanmasını zəruri hesab edirik.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və VI
hissələrinə müvafiq olaraq səlahiyyətli subyektərin sorğu və müraciətləri
əsasında Konstitusiya və qanunlara şərhin verilməsi KM-in səlahiyyətlərindən
biridir. Belə şərh, ilk növbədə, hamı üçün (o cümlədən KM üçün) məcburi olan
hüquq normasının mövcudluğuna əsaslanmalıdır. Şərh yalnız mövcud normanın
çatışmazlığı, qeyri-müəyyənliyi və ya qeyri-dəqiqliyi hissəsində müəyyən
məsələlərin izah olunması üçün verilir. Odur ki, şərh normanın mövcud
olub-olmaması məsələsini, əgər o mövcuddursa, həmçinin bu normanın şərh
edilməli sualı və ya halı əhatə edib-etməməsi məsələsinin dəqiq və
sonadək araşdırılmasını tələb edir və bu xüsusi əhəmiyyət kəsb edir.
Digər tərəfdən hər hansı qanun normasının şərhi qanunda ifadə olunmuş
qanunvericinin iradəsindən çıxış edilməsini zəruri edir. Bu iradəni təhrif
etməmək üçün KM-in şərhi həm özünün fərziyyə və arzularından, həm də, ona
müraciət etmiş subyektlərin buna oxşar münasibətlərindən fərqləndirməlidir.
Kodifikasiya olunmuş qanunların normalarının şərhi zamanı, nəinki
onun hərfi mənası və (ya) məntiqi məzmunu müəyyən olunur, həmçinin şərhin müxtəlif,
o cümlədən sistematik və müqayisəli növlərindən istifadə olunur. Bu, bir
tərəfdən izah edilən normanın həqiqi mənasının aydınlaşmasına və onun
qanunvericilik sistemində yerinin göstərilməsinə imkan yaradır. Digər tərəfdən
isə digər normalarla birgə nəzərdən keçirilmə yolu ilə şərh olunan normanın
həqiqi mənasının müəyyən olunmasına xidmət edir.
Cinayət prosessual institutları sıx və ayrılmaz şəkildə bir-birilə
əlaqəlidirlər. Onlardan hər biri müəyyən vəzifələrin həyata keçirilməsinə kömək
edən və eyni zamanda digər hissələri ilə birlikdə harmonik işləyən vahid bir
tamın hissəsidir. Cinayət qanununun normaları ayrılıqda izah edə bilərsə də,
cinayət-prosessual normalara aid bu, demək olar ki, qeyri-mümkündür. Ona görə,
ayrı-ayrı institutların əhəmiyyətinin və məhkəmə araşdırılması sistemində
onların yerinin məhz qanunun müddəaları əsasında dəqiq aydınlaşması çox
vacibdir.
Azərbaycan Respublikası Konstitusiyasının və «Konstitusiya Məhkəməsi
haqqında» Qanununun müddəaları KM-ə hər hansı normaları qüvvədən düşmüş hesab
edərkən, xüsusən də konstitusiya və ya qanun normalarına şərh verərkən norma
yaratmaq səlahiyyəti vermir. Digər tərəfdən Konstitusiyanın 7-ci maddəsinin III
və IV hissələrində öz əksini tapmış hakimiyyətlərin bölünməsinə dair müddəalar
da digər hakimiyyət orqanlarının səlahiyyətlərinə aid edilmiş məsələlərə KM-in
müdaxilə etməsinə icazə vermir. Qanunverici və icra hakimiyyət orqanlarının öz
üzərilərinə məhkəmə məsələlərinin həllini götürmələri mümkünsüz olduğu kimi
məhkəmə hakimiyyəti də (o cümlədən KM) hüquq normasını yarada bilməz.
Vurğulamaq lazımdır ki, CPM-in 6.1 və 80.1-ci maddələrinin
müddəalarına əsasən: 1) cinayət prosessual qanunvericiliyin müddəaları
Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər
üçün məcburidir; 2) cinayət prosesində hakimin səlahiyyətləri CPM və Azərbaycan
Respublikasının digər qanunlar ilə müəyyən olunur.
Nə CPM-in, nə dəki digər qanunun hər hansı müddəası dövlət
ittihamçısının təqsirləndirilən şəxsin əməlinin cinayət qanunu ilə daha yüngül
cəza nəzərdə tutan normaya tövsif edilməsinə dair təkliflə çıxış etməsi məhkəmə
üçün cinayət işi üzrə irəli sürülmüş ittiham aktında əks olunan ittiham
daxilində, lakin bu təkliflə müqayisədə daha ağır cəza nəzərdə tutan cinayət
qanununun norması üzrə hökmün çıxarılmasını istisna etmir. Buna baxmayaraq,
normayaradıcılıq səlahiyyətinə malik olmayan KM qanunvericilikdə olmayan və
cinayət prosessual normalarla uzlaşmayan müddəanı öz qərarında əks etdirərək
cinayət prosesində hakimin səlahiyyətinə qanunla nəzərdə tutulmayan məhdudiyyət
qoyub.
Hesab edirik ki, KM qanunvericinin iradəsini nəzərə almadan qanuna
şərh vermək adı altında qanunun qüvvədə olan normaları ilə ziddiyyət təşkil edə
biləcək və hüquq tətbiqetmədə anlaşılmazlığa gətirib çıxara biləcək mahiyyətcə
yeni norma yarada bilməz. Belə hal baş verərsə, məhkəmələr ədalət mühakiməsi
funksiyasını Konstitusiya və cinayət-prosessual qanunvericiliyin
müddəaları əsasında həyata keçirilməyə davam etməlidirlər.
KM-in qərarının nəticə hisəsində əks olunmuş müddəalarla məzmunca
razı olmadığımızın səbəblərini anlamaq üçün qüvvədə olan qanunvericilik
normalarından irəli gələrək, hər hansı digər ölkədə deyil, məhz Azərbaycan
Respublikasında cinayət prosesinin təşəkkülü diqqətlə təhlil olunmalıdır. Eyni
zamanda bu normalarda nəzərdə tutulmuş ideyaların müasir cinayət prosessual
hüququnda necə qəbul olunması məsələsi də dəqiqləşdirilməlidir.
«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun
3-cü maddəsinin mənasına görə məhkəmələrin əsas vəzifələri ədalət mühakiməsini
və məhkəmə nəzarətini həyata keçirmək, habelə insan hüquq və azadlıqlarını
pozuntulardan müdafiə etməkdir.
Ölkəmizdə hakimlərin müstəqilliyi, məhkəmə icraatının əsas
prinsipləri və şərtləri Konstitusiyada təsbit olunmuşdur. Konstitusiya
müddəalarına görə Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət
mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Cinayət məhkəmə
icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak
edir. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.
Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər
işlərə gərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və
qanuna müvafiq baxırlar. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir
səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət
qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Məhkəmə
icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının
istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Ədalət
mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. (Konstitusiyanın 125-ci
maddəsinin I, IV və V hissələri, 127-ci maddəsinin I, III, VII – IX hissələri).
Dövlət müstəqilliyinin bərpasından sonra ölkədə baş vermiş siyasi,
iqtisadi, sosial və digər dəyişikliklər yeni prosessual qanunvericiliyin
hazırlanmasını şərtləndirmişdir. Cinayət prosesinin xüsusi xarakterini və
əhəmiyyətini nəzərə alaraq, bu sahədə qanunvericilik tənzimlənməsinin
beynəlxalq təcrübəsi öyrənilmiş, yeni CPM-in layihəsi diqqətlə hazırlanmış,
aparıcı Avropa elmi mərkəzləri və məhkəmə-hüquq qurumlarını təmsil edən nüfuzlu
ekspertlər tərəfindən onun beynəlxalq standartlara uyğunluğu ekspertizası
keçirilmiş, əlavə işlənilmiş layihə hüquq ictimaiyyətinin iştirakı ilə açıq
müzakirə edilmişdir. Yalnız bundan sonra qitə Avropası hüquq sisteminin
əhəmiyyətli təsiri altında formalaşmış yeni CPM Azərbaycan Respublikası Milli
Məclisi (Parlament) tərəfindən qəbul olunmuşdur.
Ölkəmizdə mövcud cinayət prosesini qarışıq formaya (növə) aid etmək
olar. Məhkəməyədək icraat mərhələsində bu prosesdə axtarış prosesinin
elementləri vardır. Lakin, məhkəmə icraatı mərhələrində çəkişmə prosesinə xas
olan məhkəmə baxışının demokratik prinsipləri açıq-aşkar ifadə olunur (açıqlıq,
proses iştirakçılarının hüquq və azadlıqlarının məcburi təminatı, tərəflərin
çəkişməsi və s).
Məhkəmə baxışında cinayət təqibi məhkəmədə təqsirləndirilən şəxsə
qarşı irəli sürülmüş ittihamın mövcudluğu əsasında həyata keçirilir. Onsuz,
nəinki müdafiə funksiyası, hətta ədalət mühakiməsi funksiyası da yarana bilməz.
Bununla belə, yalnız məhkəmə qanunla müəyyən olunmuş qaydada və hallarda hər
hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxa və bu ittihamın mahiyyəti üzrə
hökm və ya digər yekun qərarı çıxara bilər (CPM-in 7.0.10-cu maddəsi). İttiham
və ədalət mühakiməsi funksiyalarının birini digərinə nisbətdə fərqləndirmək
üçün aşağıdakılar nəzərə alınmalıdır.
Ölkəmizdə olan cinayət prosesində ittiham hüququ, bir qayda olaraq,
prokurora məxsusdur. Bəzi hallarda, onunla birgə, bəzən də onun hər hansı
iştirakı olmadan xüsusi ittihamçı statusunu əldə edən zərərçəkmiş şəxslər bu
hüquqdan istifadə edə bilər. Cinayət təqibinin ictimai, ictimai-xüsusi və
xüsusi ittihama bölünməsi məhz bundan irəli gəlir (CPM-in 37-ci maddəsi).
Xüsusi ittiham qaydasında cinayət təqibi zərərçəkmişin şikayəti üzrə
məhkəmədə başlanılır. İctimai və ya ictimai-xüsusi ittiham üzrə cinayət
təqibi isə (böyük ictimai təhlükə törətməyən aşkar cinayət halları istisna
olmaqla) cinayət işinin qaldırılması ilə başlanır. Bu işlər üzrə müstəntiq
ibtidai araşdırmanı aparır, onun gedişatında ilkin ittiham formalaşdırır, onu
təqsirləndirilən şəxsə elan edir, ilkin ittihamın dəyişdirilməsinə (ona
əlavələr edilməsinə) zərurət yarandığı halda isə onu yenidən formalaşdırır və
təqsirləndirilən şəxsə elan edir. İş üzrə ibtidai araşdırma ittiham aktının
tərtib olunması, onun prokuror tərəfindən təsdiqi və işin məhkəməyə göndərilməsi
ilə yekunlaşır. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs
haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş
ittihamın təsviri əks etdirilir (CPM-in 37.2, 298, 45.3, 224.1, 225.1, 289.1,
292.2 və 289.4-cü maddəsi).
İttiham aktı ilə məhkəməyə daxil olmuş cinayət işinin mövcudluğu
məhkəmənin üzərinə ona baxmaq vəzifəsini qoyur. Məhkəmənin hazırlıq iclasında
cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi
tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün
yoxlanılması məqsədi ilə ilkin dinləmələr həyata keçirilir. Məhkəmə baxışının
qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, ittiham aktının prosessual
formasına riayət edildikdə və məhkəməyədək icraatın gedişində kobud prosessual
pozuntulara yol verilmədikdə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə
verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edir (CPM-in
298, 299.1, 300.1.1 və 301.1-ci maddələri). Göründüyü kimi məhkəmə ona daxil
olunmuş cinayət işi üzrə ilk əvvəl hazırlıq iclasını, sonradan isə məhz işdə
olan və ittiham aktının mahiyyətini təşkil edən ittiham üzrə məhkəmə baxışını
keçirir.
Prokurorun cinayət prosesinin bütün mərhələrində cinayət təqibini
həyata keçirən yeganə prosessual subyekt olmasına baxmayaraq, cinayət
prosesinin müxtəlif mərhələlərində onun funksiyaları və səlahiyyətləri də
müxtəlifdir.
Məhkəməyədək icraatda prokuror geniş nəzarətedici və sərəncamverici
hüquqlara malikdir (CPM-in 84.5-ci maddəsi). Onun belə hüquqi vəziyyəti əsasən
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməsi ilə şərtlənir.
Lakin, nəzərdən qaçırmaq olmaz ki, prokuror həmçinin əməliyyat-axtarış
fəaliyyətini həyata keçirən orqanlar tərəfindən qanunların icrasına da nəzarət
edir («Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 20-ci maddəsi). Bütün
bunlar isə, cinayətlərin qarşısının alınması, onların açılması, təhqiqatın və
istintaqın lazımi səviyyədə aparılması, o cümlədən zəruri sübutların
toplanması, prosessual məcburiyyət tədbirlərinin tətbiqi, təqsirkarların
məsuliyyətə cəlb olunması, təqsirsizlərin məsuliyyətə cəlb olunmasına yol
verilməməsi və nəticə etibarı ilə məhkəmədə əsaslı ittihamın irəli sürülməsi
məqsədlərinə xidmət edir.
Lakin, məhkəmə icraatında prokuror özünün əvvəlki geniş səlahiyyətlərini
itirir və müdafiə tərəfi ilə prosessual bərabərlik şəraitində məhkəmə baxışında
dövlət ittihamçısı qismində çıxış edir. İttiham tərəfinin nümayəndəsi kimi, o,
ittiham funksiyalarını həyata keçirməklə ittihamı müdafiə edir. Bunun üçün
cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin
əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin
aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının
mümkünlüyünü sübut edir və bunu edərkən yalnız prosessual qanunun yol verdiyi
hüquqlardan istifadə edir (CPM-in 32.2.3 və 84.6-cı maddələri).
Dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı qanuna müvafiq
olaraq və yalnız onun hədlərində müdafiə etməyə borcludur. Bunun üçün o,
məhkəmədə təqsirləndirilən şəxs barəsində cinayət təqibini istisna edən hallar
aşkar edərsə, cinayət təqibindən imtina etməlidir (CPM-in 39.1 və 41.3-cü
maddələri). Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar
edilərsə isə, dövlət ittihamçısı borclu olmasa da, cinayət təqibindən imtina
etməyə haqlıdır (CPM-in 40 və 41.6-cı maddələri). Hər bir halda, dövlət
ittihamçısı tərəfindən cinayət təqibindən imtina edilməsi məhkəmə tərəfindən
işə xitam verilməsinə o vaxt səbəb ola bilər ki, ictimai-xüsusi ittiham
qaydasında xüsusi ittihamçı cinayət təqibini davam etdirməyi tələb etməsin.
Dövlət ittihamçısının və ya xüsusi ittihamçının cinayət təqibindən və ya
ittihamdan imtina etməsi ittihamın bütün və ya ayrı-ayrı bəndlərindən (tam və
ya qismən) imtinanı ehtiva edə bilər (CPM-in 37.3, 41.3, 41.6, 290.3.2 və
318.1-ci və -cı maddələri).
Prosessual qanun nəinki dövlət ittihamçısının səlahiyyətlərini, həm
də məhkəmə baxışının hədlərini müəyyən edir. Belə ki, məhkəmə baxışı
yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən
ittihamın hədləri ilə məhdudlaşır (CPM-in 318.1-ci maddəsi). Bu iki məsələ isə
(həm məhkəmədə ittihamın irəli sürülməsi, həm də irəli sürülmüş ittiham üzrə
məhkəməyə verilməsi) yuxarıda göstərilən kimi məhkəmə baxışında deyil, ondan
əvvəl həll olunur. Ona görə də, məhkəmədə təqsirləndirilən şəxsə qarşı baxılan
ittiham məhkəmə baxışının sonunadək onun predmeti və məzmunu olaraq qalır.
Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini
ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı
irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir
(CPM-in 318.1-ci maddəsi). Lakin, CPM-in 318.2-ci maddəsinin
müddəalarının mənasına görə ittiham funksiyası olmadığına görə məhkəmə
təqsirləndirilən şəxsin hüquqi vəziyyətini məhkəmə baxışı zamanı ağırlaşdıra
bilməz. Qanun məhkəməyə belə bir hüquq verməmişdir ki, məhkəmə təqsirləndirilən
şəxsin əməlini məhkəmədə ona qarşı irəli sürülmüş və ya onun məhkəməyə
verildiyi ittiham üzrə daha ağır cəza nəzərdə tutan normaya özü tövsif edə
bilsin. Bunun üçün dövlət ittihamçısının və ya zərərçəkmişin (onun qanuni
nümayəndəsinin) vəsatəti tələb olunur. Belə vəsatət olduqda məhkəmə baxışı
dayandırmalı və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora göndərməlidir. Əgər bu prokuror digər (daha ağır) ittihamı irəli
sürərsə, məhkəmə baxışı onun məhkəmə iclasında elan olunması ilə davam
etməlidir. Cinayət tövsifin dəyişməsi nəticəsində məhkəmə aidiyyətinin
dəyişdirilməsi zərurəti yaranarsa, məhkəmə qərarına əsasən məhkəmədə işin
baxılmasına xitam verilir və iş baxılmaq üçün başqa məhkəməyə göndərilir.
Cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar
edilənədək və ya cinayət prosessual qanunda müəyyən edilmiş hallarda və qaydada
dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək
həyata keçirilməlidir. Məhkəmə baxışı başlananadək məhkəmə cinayət
təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında
cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət
ittihamçısına təklif edə bilər. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və
xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun
məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən
əvvəl) məhkəmə CPM-nin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə
xitam verməlidir. Məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini
istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət
hökmü çıxarır (CPM-in 38.4, 41.4, 314.2 və 41.5-ci maddələri).
Prosessual qanundan göründüyü kimi ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurordan fərqli olaraq dövlət ittihamçısına
məhkəmədə ittiham irəli sürmək, cinayət işinin materiallarında olan və
məhkəmədə cinayət təqibinin ən əhəmiyyətli sənədi olan ittiham aktını ləğv
etmək və ya dəyişdirmək hüququ verilməmişdir. Həmçinin prosessual qanunda
dövlət ittihamçısının təqsirləndirilən şəxsin əməlinin ağır cinayətdən daha
yüngül cəza nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsinə dair
təklifinin məhkəmə üçün məcburi olması da nəzərdə tutulmamışdır.
Prosessual qanunun məhz cəkişmə prinsipinə aid müddəalarında nəzərdə
tutulur ki, tərəflərdən hər biri təqsirləndirilən şəxsin əməlinin tövsifinə,
habelə məhkəmənin yekun qərarına dair öz təkliflərini verə bilər (CPM-in 32.2.3
və 32.2.4-cü maddələri). Mahiyyətcə bu imkan qanunda dövlət ittihamçısının
müstəqil hüququ kimi əks olunmamışdır. Buna görə o, yalnız məhkəmədə həll
olunan məsələlər və cinayət prosesin digər iştirakçılarının vəsatətləri üzrə öz
fikrini ifadə etmək hüququnun tərkib hissəsi kimi çıxış edə bilər (CPM-in
84.6.3-cü maddəsi). Məhkəmə baxışında cinayət təqibi üzrə dövlət ittihamçısının
təklifinin qəbul edilib-edilməməsi digər məsələlər kimi məhkəmənin
səlahiyyətinə aiddir (CPM-in 7.0.4, 7.0.5, 81.2, 346.1.5 və 347.1-ci
maddələri). Bununla yanaşı qanun dövlət ittihamçısına hüquq vermişdir ki,
məhkəmə tərəfindən onun gəldiyi nəticələri və təklifləri nəzərə almadığı
hissədə apellyasiya protesti versin (CPM-in 383.2-ci maddəsi).
Beləliklə, cinayət prosessual qanunun müddəaları (cinayət prosesini
qarışıq formasına malik olan digər ölkələrdə olduğu kimi) hər kəsin (o cümlədən
həm təqsirləndirilən şəxsin, həm də, zərərçəkmiş şəxsin) ədalətli məhkəmə
araşdırılması hüququnun şərtsiz təmin olunması zərurətindən irəli gələn işin
bölünməzlik prinsipini əks etdirir.
Məhkəmə cinayət işi ona daxil olandan sonra sadəcə onun «yiyəsi»
deyil, Konstitusiya və prosessual qanunla (CPM-in 8 – 36-cı maddələri) nəzərdə
tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqana
çevrilir. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə,
faktlara əsasən və qanuna müvafiq baxmalıdırlar.
Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun
mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət
mühakiməsinin vəzifəsi – təqsiri müəyyən edərkən cinayəti törətmiş
şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir.
Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-in
8.0.5, 28.1, 28.2, və 28.6-cı maddələri).
Prosessual qanunun tələblərinə əsasən məhkəmə: qanunla nəzərdə
tutulmuş qaydada məhkəmə baxışını həyata keçirməli; cinayət icraatının
obyektivliyini, qərəzsizliyini və ədalətliliyini təmin etməli; çəkişmə və
tərəflərin bərabər hüquq və imkanları əsasında cinayət prosesi tərəflərinin
iştirakı ilə işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı; ona
təqdim olunmuş və onun tərəfindən araşdırılmış bütün sübutların məcmusu üzrə
tərəflərin bütün dəlillərini yoxlamalı və qiymətləndirilməli; işin bütün
hallarının yoxlanılması və qanunun tələbləri əsasında daxili inamına müvafiq
olaraq sübutlara sərbəst verdiyi qiymətləndirmə nəticəsində məhkəmənin yekun
qərarını çıxarmalıdır.
CPM-in 7.0.41, 51.1 və 318.2-ci maddələrinin mənasına görə
təqsirləndirilən şəxsin əməlinin tövsifinin dəyişdirilməsinə dair dövlət
ittihamçısının təklifi yazılı vəsatət şəklində verilməli və məhkəmə tərəfindən
ona CPM-in 28.1, 28.2, 28.4.1, 28.4.2, 87.6.8, 88.4.3, 91.5.38, 92.9.22,
93.4.17, 121.1.2 və 121.1.3-cü maddələrinin müddəalarına riayət etməklə
baxılmalıdır. CPM-in 121.2 və 346.1.5-ci maddələrinin tələblərinə əsasən isə bu
vəsatət qanunun düzgün tətbiq edilməsinə və ya təqsirləndirilən şəxsin pozulmuş
hüquqlarının bərpasına yönəldilmişsə, məhkəmə onu rədd edə bilməz.
Cinayət prosesinin xüsusiyyətləri qanunvericinin cinayət mühakimə
icraatının prinsip və əsas şərtlərində əksini tapan iradə ifadəsinin, eləcə də
qitə Avropası hüquq sistemində qəbul olunmuş cinayət-prosessual hüququnun
müddəalarını əks etdirməklə bir-biri ilə bağlı olan prosessual normaların
müəyyən konstruksiya üzrə qurulmasının nəticəsidir. KM isə buna diqqət
yetirmədən çoxsaylı prosessual normalardan yan keçərək qərar qəbul etmişdir. Bu
hal cinayət prosesinin xüsusiyyətlərini təşkil edən bəzi ideyaların üstündə
daha ətraflı dayanmağı tələb edir.
Qanunun aliliyinin bərqərar olması qanunçuluq prinsipinə riayət
edilməsi şərti ilə mümkündür. Cinayət prosesində bu prinsiplərin prinsipidir və
«qanunla icazə verilən, yol veriləndir» postulatı əsasında dayanır. Heç kəs
cinayət prosessual qanununda nəzərdə tutulandan fərqli qaydada hər hansı
hərəkəti edə və ya hər nəyisə şərh edə bilməz.
Tərəflərin çəkişməsi prinsipi məhkəmədə öz dəlillərini və tələblərini
əsaslandırmaq üçün onlarda bərabər hüquq və imkanlardan istifadə edilməsi,
eləcə də məhkəmə baxışına aid məhkəməyə öz təklif və fikirlərini ifadə etməsi,
onları rədd etməsi və ya digər tərəfdən irəli gəlirsə onlarla razılaşması
hüququnun tanınmasını nəzərdə tutur. Ədalət mühakiməsinin yalnız məhkəmə
tərəfindən həyata keçirilməsi məhkəmə baxışı zamanı məhkəməyə başçılıq
vəziyyətini tutmaq və rəhbər rolunu oynamaq imkan yaradır. Cinayət prosesinin
iştirakçıları bütün hərəkətlərini məhkəmənin icazəsi və onun nəzarəti ilə edə
bilərlər. Məhkəmənin fəaliyyəti, cinayət işlərinin həllində dövlət
fəaliyyətinin hər hansı digər formasına xas olmayan üstünlükləri ehtiva
edən xüsusi hüquqi qaydada həyata keçirilir. Bu qayda, iş üzrə qanuni və
ədalətli qərarın çıxarılması üçün daha çox təminatlar verir və ədalət
mühakiməsi funksiyasının dövlətin hər hansı digər orqanının, o cümlədən
prokurorluğun üzərinə keçməsini yolverilməz edir.
Həqiqətən ədalət mühakiməsinin ən mühüm şərtləri bərabər dəyərə malik
aşağıdakılarda ifadə olunur: bütün obyektiv mümkün olan versiyaların diqqətli
yoxlanılması; iş üzrə mütləq müəyyənləşdirməli olan bütün halların
aydınlaşması; bu vəzifəni yerinə yetirməyə imkan verən sübutlar məcmusunun
toplanılması; bütün faktiki materialın qərəzsiz və vicdanlı araşdırılması;
təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət verən, həm də onun
məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən bütün halların nəzərə alınması.
Sübutların sərbəst qiymətləndirilməsi prinsipi məhkəmənin üzərinə
vəzifə qoyur ki, daxili hüquqi düşüncəyə əsaslanan özünün inamı və qanunun
tələbləri əsasında işi həll etsin. Məhkəmə tərəfindən sübutların
qiymətləndirilməsi azad sistem olsa belə, o, nəzarət altında qalmaqda davam
edir. Lakin, bu nəzarət yalnız yuxarı məhkəmə tərəfindən həyata keçirilə bilər.
Azad hakim mülahizəsi prinsipinin məzmunu, cinayət işinə baxarkən
sübutların hər birinin ayrılıqda və onların hamısının məcmusuna diqqətlə
baxılmasına əsaslanan daxili inam üzrə sübutedici materialın
qiymətləndirilməsinə dair məhkəmənin vəzifəsindən ibarətdir. Daxili inamın
subyektiv cəhəti müəyyən faktların mövcudluğu ilə bağlı hər hansı şübhə və
tərəddüdlərin aradan qaldırılmasını tələb edir. Onun obyektiv cəhəti isə tələb
edir ki, subyektiv əminlik, iş üzrə müvafiq qaydada toplanmış və tələb olunan
obyektivlik, hərtərəflik və tamlıqla yoxlanılmış məlumatlardan irəli gəlsin. O,
açıq-aydın və inandırıcı tərzdə əsaslandırılmalıdır.
Məhkəmə hakimiyyətinin müstəqilliyi hakimlərin müstəqilliyinə və
onların yalnız Konstitusiya və qanunlara tabe olduqlarına dair müddəa ilə
möhkəmlənir. Bu onu tələb edir ki, işin məhkəmə araşdırılması elə bir şəraitdə
aparılsın ki, hakimlər yalnız qanuna bağlı olsunlar, məhkəmənin iş üzrə
gələcəyi yekun qənaəti isə hər hansı təzyiqdən asılı olmadan formalaşsın.
Heç kəs hakimlərə təzyiq edə və işin hansı yolla həll edilməli olmasına dair
göstəriş verə bilməz.
Hakimlərin müstəqilliyi və qanuna tabeliyi prinsipləri eyni medalın
iki üzünü təşkil edir. Hakimlərin müstəqilliyi onların yalnız qanuna tabe
olduğu təqdirdə mümkündür, qanuna tabelik isə hakimlərin xarici və daxili
faktorların təsirindən kənarlaşdırılması şərti ilə mümkündür. Hakimlərin
müstəqilliyi ədalət mühakiməsinin həyata keçirilməsinin yalnız qanunla müəyyən
olunmuş prosedurlarla aparılması zamanı təmin olunur. Sübutların araşdırılması
və məhkəmə tərəfindən qərarın qəbul olunması qaydası isə prosessual qanunda elə
tərzdə müəyyən olunmuşdur ki, o: hakimlərin prokurorun və cinayət
prosesinin digər iştirakçılarının fikri ilə bağlı olmamasını; sübutların
qiymətləndiriməsinin daxili inamla aparılmasını; məhkəmə tərəfindən ittihamın
qəbulunun, dəyişdirilməsinin və ya rədd olunmasının mümkünlüyünü təmin etsin.
Məhkəmə hakimiyyəti öz təyinatına görə cinayət prosesində
iştirak edən bütün şəxslərin hüquq və azadlıqlarının müdafiəçisidir. KM-in
əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqelərinə görə ədalət
mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi zamanı nəinki təqsirləndirilən
şəxsin, həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana
məruz qalmış tərəf kimi zərərçəkmişin hüquqları və qanuni maraqları da nəzərə
alınmalıdır.
Məhkəmə əsla ittiham tərəfinin girovuna çevrilməməlidir. Məhkəmə
dövlət ittihamçısı ilə münasibətlərini prosessual qanunun normaları əsasında
qurmalı və ittiham funksiyasını daşımamaq üçün aşağıdakıları etməməlidir:
məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham olmadan ədalət
mühakiməsini həyata keçirsin; bu ittiham üzrə təqsirləndirilən şəxsi məhkəməyə
vermədən məhkəmə baxışını təyin etsin və işə mahiyyəti üzrə baxsın; məhkəmə
iclasında ittiham aktını elan etsin; tərəflər bunu etmədən birinci olaraq
sübutları araşdırsın, təqsirləndirilən şəxsi, zərərçəkmişi və şahidləri
dindirsin; işi əlavə istintaqa qaytarmaq yolu ilə ittihamı təsdiq edən
sübutların tamamlanmasına dair tədbirlər görsün; yeni ittiham üzrə və başqa
şəxslər barəsində iş qaldırsın.
Məhkəmə cinayət işinin baxılmasında ittiham aktının ifadələri ilə,
eləcə də işin baxılmasının gedişində və onun yekunlaşmasında yaranan
məsələlərin həllində dövlət ittihamçısının mövqeyi ilə bağlı deyildir.
Hakimlər iş üzrə toplanmış və məhkəmə tərəfindən qəbul olunmuş sübutlardan
çıxış edərək, qanunun tələblərinə və daxili inama əsaslanaraq: bir tərəfdən
məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın (o cümlədən
bütövlükdə və ya onun ayrı-ayrı bəndləri üzrə) sübuta
yetirilib-yetirilməməsini, habelə bu şəxsin cinayətin törədilməsində təqsirli
bilinib-bilinməməsini göstərməlidir; digər tərəfdən dövlət ittihamçısının
tövsiflə bağlı təklifinin qəbul edilib-edilməməsindən asılı olaraq
məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama uyğun və ya
həmin ittihamla müqayisədə bu şəxsin hüquqi vəziyyətini ağırlaşdırmadan
ittihamı təqsirkara bu və ya digər cəzanı təyin edə, təqsiri müəyyən olunmayana
isə bəraət verə bilər.
Hakimiyyət səlahiyyətlərinin lazımi qaydada yerinə yetirilməsi üçün,
məhkəmələr, məhkəmə həllini gözləyən tərəflərin maraqlarından, bu maraqların
xüsusi və ya ictimai olmasından asılı olmadan, tamamilə azad qalmalıdırlar.
Konstitusiya və cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş cinayət
mühakimə icraatının demokratik prinsipləri və əsas şərtləri məhkəmədən tələb
edir ki, o, tərəflərin təqsirləndirilən şəxsin əməllərinin tövsifi ilə
bağlı ifadələrindən asılı olmadan ədalət mühakiməsinin qərəzsiz və obyektiv
qoruyucusu olsun. Bu zaman qanunçuluq və təqsirə görə məsuliyyət prinsiplərinə
əsasən məhkəmə: bir tərəfdən təqsirləndirilən şəxsin özünün təqsirsizliyinə
haqq qazandırmaq istəməməsinə və ya dövlət ittihamçısının təqsirkara göz
yummasına qulluq etməməli; digər tərəfdən isə hər hansı şəxsin əsassız və ya
cinayət qanununun tələblərinə cavab vermədən, o cümlədən təqsirləndirilən şəxsin
hərəkətlərinin səhv tövsifi səbəbindən məhkum edilməsinə yol verməməlidir.
Beləliklə, Azərbaycan Respublikası Prokurorluğunun sorğusunda qoyulan
suallara münasibət ədalət mühakiməsinin prinsipləri və əsas şərtlərinə
uyğunlaşdırılmış cinayət prosesində hər bir şəxsin hüquq və azadlıqlarının
bütün zəruri təminatlarını ehtiva edən prosessual normalar əsasında
bildirilməlidir. Biz hesab edirik ki, məhz mövcud qanunvericiliyin tələblərini
rəhbər tutaraq, KM-in qərarında onun nəticə hissəsinin 2-ci bəndi ilə yanaşı
aşağıdakılar da göstərilməli idi:
1) CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulmuş dövlət
ittihamçısının və ya xüsusi ittihamçının cinayət təqibindən və ya ittihamdan
imtina etməsi cinayət təqibini istisna edən və ya onun həyata keçirilməməsinə
imkan verən halların məhkəmədə aşkarlanmasından sonra ittihamın bütövlükdə və
ya onun ayrı-ayrı bəndlərindən (tam və ya qismən) imtinanı ehtiva edə bilər;
2) İttihamın ayrı-ayrı bəndlərindən imtina edilməsi və bu hissədə
təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi məhkəmə
tərəfindən həmin şəxsə qarşı məhkəmədə irəli sürülmüş ittihamın digər bəndləri
üzrə cinayət təqibinin davam etdirilməsini və ədalət mühakiməsinin həyata
keçirilməsini tələb edir;
3) Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin
cinayət qanunu ilə daha yüngül cəza nəzərdə tutan normaya tövsif edilməsinə
dair təklifin verilməsi cinayət prosesinin çəkişmə prinsipindən irəli gəlir.
Məhkəməyə ünvanlanmış belə təklifi cinayət prosesinin hər bir tərəfi verə
bilər. Təklif xahişi ifadə etdiyi və cinayət prosesinin digər
iştirakçılarının hüquq və qanuni maraqlarına toxunduğu üçün yazılı vəsatət
şəklində təqdim olunmalı və məhkəmə tərəfindən ona CPM-in müddəalarına riayət
etməklə baxılmalıdır. Dövlət ittihamçısının bu cür vəsatəti cinayət qanununun
düzgün tətbiqinə və ya təqsirləndirilən şəxsin pozulmuş hüquqlarının bərpasına
yönəlmişsə, məhkəmə onu rədd edə bilməz.
Azərbaycan
Respublikası Konstitusiya
Məhkəməsinin
hakimləri:
E.Məmmədov
F.Babayev
İ.Nəcəfov