AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I
hissəsi,
29-cu maddəsinin I, II və III hissələri baxımından Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 21.2-ci
maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair
15 aprel 2025-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin
I hissəsi, 29-cu maddəsinin I, II və III hissələri baxımından inflyasiya nəticəsində
pulun dəyərsizləşməsinin zərər anlayışı ilə əhatə olunub-olunmamasına münasibətdə
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin şərh edilməsinə dair
konstitusiya işinə baxdı.
İş
üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin
müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini,
Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı
və Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər
üzrə Ekspert Qrupu tərəfindən təqdim edilən mütəxəssis mülahizələrini, ekspertlər
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosentləri,
hüquq elmləri doktoru A.Qədirov və hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəylərini
və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək inflyasiya nəticəsində
pulun dəyərsizləşməsinin zərər anlayışı ilə əhatə olunub-olunmamasına münasibətdə
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)
21.2-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdən
görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qətnaməsi
ilə R.Səlimovun borc müqaviləsi və notariusun icra qeydi üzrə borcun
qaytarılmasının 8 il gecikdirilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin
ödənilməsi barədə iddiası rədd edilmişdir. İddia tələbinə əsasən zərərə pulun
inflyasiyası nəticəsində dəyərsizləşməsinə görə hesablanan məbləğ də daxil
edilmişdir. Vurulmuş zərər hesablanarkən Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin təqdim etdiyi inflyasiya göstəricisi kimi qəbul olunmuş
istehlak qiymətləri indeksi haqqında məlumat əsas götürülmüşdür.
Birinci
instansiya məhkəməsi iddianı rədd edərək mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
232.1-ci maddəsinə görə, indeksasiya yalnız məhkəmə qətnaməsinə əsasən
tutulmalı olan pul məbləğinə münasibətdə həyata keçirilə bilər. Hazırkı iddia tələbi
isə məhkəmə qətnaməsinə deyil, notariusun icra qeydinə əsaslanır.
Müraciət
edənin qənaətinə əsasən, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin
ödənilməsini müəyyən edən Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələri həmin Məcəllənin 21.2-ci maddəsinin tətbiqini
istisna etmir.
Lakin
Mülki Məcəllənin 21.2-ci maddəsində zərər anlayışı müəyyən olunsa da inflyasiya
nəticəsində pulun dəyərsizləşməsinin zərər anlayışı ilə əhatə olunub-olunmaması
dəqiq göstərilmədiyindən, zərərlə bağlı belə tələblərin inflyasiya ilə əlaqələndirilməsi
mübahisə doğurmaqla hüquq tətbiqetmədə qeyri-müəyyənliyin yaranması ilə nəticələnir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri
hesab edir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin
I hissəsinə və 29-cu maddəsinin I, II və III hissələrinə əsasən, Azərbaycan
Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər
kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.
Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər
kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ
mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə
etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Konstitusiya ilə mülkiyyət toxunulmazlığına və
azad sahibkarlıq fəaliyyətinə təminat verilməklə mülki dövriyyədə müqavilə
azadlığı tanınmışdır. Belə ki, şəxsin mülkiyyətlə bağlı mənafeləri mülkiyyət
hüququndan bilavasitə sərbəst istifadə etməsi və azad surətdə müqavilələr
bağlaması ilə qorunur.
Konstitusiya Məhkəməsi Plenumunun bununla
bağlı ifadə etdiyi hüquqi mövqeyinə görə, hüquqi dövlətdə mülki dövriyyə sahəsində
hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi,
mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin
hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı,
onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi
zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır
(“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının
şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərar).
Konstitusiyanın müvafiq maddələrindən irəli gələn
və onu inkişaf etdirən mülki qanunvericiliyə görə şəxslərin mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi
və ya xitamı əsaslarından biri də iki və ya bir neçə şəxs arasında bağlanmış
müqavilələrdir.
Belə müqavilələrdən
biri kimi borc müqaviləsi çıxış edir. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərildiyi
kimi, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz
edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə
götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və
ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə
qaytarmağı öhdəsinə götürür.
Qanunda və ya
müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə
tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir (Mülki Məcəllənin
740.1-ci maddəsi).
Həmin Məcəllənin
743.1-ci maddəsinə uyğun olaraq, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə
mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi,
borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin
və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə
qaytarmağı öhdəsinə götürür.
Sadalanan maddələrin
məzmunundan göründüyü kimi, borc müqaviləsi üzrə borcalanın öhdəliyi eyni
keyfiyyətdə və miqdarda olan eyni növlü əşyaların, borcun predmeti pul vəsaiti
olduqda isə eyni məbləğdə pul vəsaitinin qaytarılmasında, habelə müqavilədə və
ya qanunda müəyyən edilmiş qaydada və məbləğdə faiz ödənilməsində ifadə olunur (Mülki
Məcəllənin 740.9-cu maddəsi).
Borc müqaviləsinin predmetini təşkil edən
pulun inflyasiyaya məruz qalmasının zərər anlayışı ilə əhatə
olunub-olunmamasını müəyyənləşdirmək üçün Konstitusiya Məhkəməsinin Plenumu,
ilk növbədə, zərər və inflyasiya anlayışlarının mahiyyətinin və məzmununun
açıqlanmasını, zərərin əvəzinin ödənilməsini tənzimləyən mülki qanunvericilik
normalarının əlaqəli şəkildə nəzərdən keçirilməsini vacib hesab edir.
Mülki Məcəllənin
21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş
hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum
olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin
şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)
başa düşülür.
Əmlakın bir şəxsə
aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu
olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma
zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə
bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə
artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak
haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin)
azalması imkanının aradan qalxması şəklində baş verir.
Mülki Məcəllənin
135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə
daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar
olmaqla birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul
nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına
bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə
əsasən təyin edilir.
İnflyasiya (latın
dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə
müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması
prosesini ifadə edir.
Beləliklə, pul
vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün
azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən
borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi
kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla
onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin
icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq
imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra
edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana
uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı.
Öhdəliyin icra edilməməsi
dedikdə isə Mülki Məcəllənin 442 və 443.1-ci maddələrinə əsasən onun pozulması
və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və
xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri
pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora
dəymiş zərərin əvəzini ödəməyə borcludur.
Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi
müddəalarının şərh olunmasına dair”
2009-cu il 9 iyul və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,
445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il
24 dekabr tarixli Qərarlarında qeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi
üzrə öhdəliklərin icrasını gecikdirməsi nəticəsində müqavilə əsasında ödənilməli
olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin)
yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən
irəli gəlir.
Pulun dəyərinin,
başqa sözlə onun alıcılıq qabiliyyətinin şəxsin əmlakına təsir edən amil kimi nəzərə
alınması “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin
1 və 2-ci hissələrinin mənasından da irəli gəlir. Həmin normalara görə, Azərbaycan
Respublikasının ərazisi vahid valyuta ərazisidir və bu ərazidə milli valyuta
kimi manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsini təmin edən pul-kredit
və valyuta siyasəti yeridilir. Azərbaycan Respublikasının valyuta ehtiyatları
milli valyutanın alıcılıq qabiliyyətini qorumaq, dövlətin iqtisadi tələbatı və
sosial inkişafı ilə bağlı ehtiyacları ödəmək, xarici borcun ödənilməsi sahəsində
öhdəlikləri yerinə yetirmək məqsədi ilə mərkəzləşdirilmiş xarici valyuta və digər
valyuta sərvətləridir. Qeyd edilən müddəaların milli valyutanın alıcılıq qabiliyyətinin
qorunmasını məqsəd kimi müəyyən etməsi məhz Konstitusiyanın mülkiyyət hüququnun
müdafiəsini nəzərdə tutan normalarının məzmunundan da irəli gəlir.
Konstitusiya Məhkəməsinin
Plenumu həmçinin göstərməyi vacib bilir ki, öhdəliyin icra edilməməsi zamanı
faizlərin ödənilməsi ilə bağlı qanunvericilikdə bir sıra tənzimləmələr nəzərdə
tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələrində
müvafiq olaraq aşağıdakı müddəalar təsbit edilmişdir:
- Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda
nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor
gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb
edə bilər;
- özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,
onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə
və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla
ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul
öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi
ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini
qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər;
-
kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi
istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər
(gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə
pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə
edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq
edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş
tələb edilə bilməz.
Qanunvericinin Mülki
Məcəllənin yuxarıda göstərilən normalarda ifadə etdiyi bu mövqeyi borclunun öhdəliyin icrasından
yayınmasının qarşısını almağa, həmçinin öhdəliyin pozulması nəticəsində borcverənin
üzləşdiyi zərərin kompensasiya edilməsinə yönəldilmişdir.
Qeyd olunan
normaların məzmunundan göründüyü kimi, qanunverici pul öhdəliyinin icra edilməməsi
üçün məsuliyyət tədbiri olan faizlərin həddini müəyyənləşdirərkən pul öhdəliyinin
və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsini rəhbər
tutmuşdur.
Nəzərə alınmalıdır
ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan sonra – “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”
Qanun) 22.1.2-ci maddəsinə müvafiq olaraq, uçot dərəcəsi Azərbaycan
Respublikasının Mərkəzi Bankının İdarə Heyəti tərəfindən müəyyən edilir.
Mərkəzi Bank uçot dərəcəsini
müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini
nəzərə alır (“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun
31.2-ci maddəsi). Makroiqtisadi durum isə özündə digər amillərlə yanaşı,
inflyasiya göstəricisini də ehtiva edir.
Bu baxımdan,
qanunverici tərəfindən öhdəliklərin icra edilməməsinə görə məsuliyyət tədbiri
müəyyən edilərkən və faizlərin məhz uçot dərəcəsinə uyğun hesablanması müəyyənləşdirilərkən,
kreditorun inflyasiyaya məruz qala biləcəyi ehtimalı da nəzərdə tutulmuşdur.
Mülki
Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələrində göstərilən faiz dərəcələri zərərin
aradan qaldırılmasına yönəlsə də, müəyyən hallarda faktiki zərər (o cümlədən
inflyasiya nəticəsində dəyən zərər) həmin faiz dərəcələri ilə əhatə olunmaya da
bilər.
Qeyd olunmalıdır ki,
Mülki Məcəllənin 449.3-ci maddəsinə əsasən
əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu
Məcəllənin 449.1-ci maddəsinə görə ona çatası faizlərin məbləğindən çoxdursa,
kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb
edə bilər.
Oxşar tənzimetmə
Mülki Məcəllənin 745.6-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə müvafiq
olaraq, əgər kredit üzrə ödənişlərin gecikdirilməsinə görə borcverənə dəyən zərər
bu Məcəllənin 745.5-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən
çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini
ödəməyi məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla
ayrıca razılıq əldə etməklə tələb edə bilər.
Beləliklə,
Mülki Məcəllənin 449.3 və 745.6-cı maddələrinə uyğun olaraq, borcverən ona dəyən
zərər (inflyasiya nəticəsində yaranmış zərər də daxil olmaqla) həmin Məcəllənin
445.7, 449.1 və 745.5-ci maddələri ilə hesablanmış faizlərin məbləğindən çox
olduqda, həmin faizlərdən artıq, yəni bu faizlərlə əhatə olunmayan hissədə (fərq
hissəsində) zərərin ödənilməsini borcalandan tələb edə bilər.
Əks yanaşma, yəni həm
inflyasiya nəticəsində dəymiş zərərin, həm də belə zərəri tam şəkildə əhatə edən
qanunvericiliklə və ya müqavilə ilə müəyyənləşdirilmiş gecikdirilmə faizlərinin
birlikdə tələb edilməsi imkanı, borcverənə dəymiş zərərin qarşılanması ilə
deyil, sonuncunun borcun gecikdirilməsindən
istifadə edərək əsassız varlanması ilə nəticələnərdi ki, bu da mülki
qanunvericiliyin məqsəd və vəzifələri ilə uzlaşmır.
Oxşar mövqe
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin
399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə
dair” 2014-cü il 24 dekabr tarixli Qərarında ifadə olunmuşdur. Həmin Qərarda
göstərildiyi kimi, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası
üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin),
həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki
qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real
zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin
449.1-ci maddəsinə müvafiq olaraq (Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit
edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq
hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən
miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi
ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin
ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə
əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir.
Konstitusiya
Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi
üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin
müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin
indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi
nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq
qabiliyyətinin bərpasını təmin edən
effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını
deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın
icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası
imkanını ehtiva edir.
Ödənilməli
pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə
qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini
daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin
icrasına nəzarət funksiyasından irəli gəlir. Eyni zamanda, bu institut
prosessual qənaət prinsipinin məqsədləri baxımından artıq qanuni qüvvəyə minmiş
məhkəmə aktı ilə tutulmalı olan pul məbləğlərinə dair yeni iddianın
qaldırılmasının qarşısını alır. Konstitusiya Məhkəməsinin Plenumu oxşar
mövqeyi “İcra haqqında” Azərbaycan
Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 10
oktyabr tarixli Qərarında ifadə
etmişdir.
O
da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi həmin Məcəllənin
“birinci instansiya məhkəməsində icraat” adlı ikinci bölməsində yerləşməklə, məhz
bilavasitə məhkəmənin özü tərəfindən baxılaraq həll olunmuş mübahisə üzrə qəbul
edilmiş və Azərbaycan Respublikasının adından çıxarılan yekun məhkəmə aktı əsasında
tutulmalı pul məbləğlərinin indeksasiyasını nəzərdə tutur.
Konstitusiya
Məhkəməsinin Plenumu icra qeydinə əsasən öhdəliklərin yerinə yetirilməməsi,
bununla da borcverənin məruz qaldığı zərərin aradan qaldırılması ilə bağlı
aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Notariat
orqanlarının icra qeydi icra sənədi hesab olunsa da, Azərbaycan Respublikasının
adından çıxarılmamaqla məhkəmə aktı sayılmır və tutulmalı olan pul məbləği məhkəmədənkənar
proses çərçivəsində müəyyənləşdirilir. Bu baxımdan kreditorun ərizəsi əsasında
notariat orqanlarının icra qeydinin birbaşa indeksasiyası imkanı
qanunvericilikdə nəzərdə tutulmamışdır.
Belə
ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –
“Notariat haqqında” Qanun) 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini
tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius
borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim
olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü
hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.
Lakin
belə prosessual normanın mövcud olmaması kreditoru icra qeydinin icra edilməməsi
nəticəsində yaranmış zərərin ödənilməsini tələb etmək hüququndan məhrum etmir. Yuxarıda
göstərildiyi kimi öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini
ödəməlidir.
Borclunun
öhdəliyini pozması, yəni icra qeydi üzrə ödəməli olduğu pul məbləğini ödəməməsi
nəticəsində, öhdəliyin icra edilməli olduğu dövrdəki pulun alıcılıq qabiliyyətinin
faktiki icra ediləcəyi tarixə azalması kreditorun müqavilə ilə bağlı gözləntilərinə
cavab vermir. Yəni öhdəliyin vaxtında icra edilməsi halında kreditor həmin pul
məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək
imkanına malik olsa da, icra sənədinin icrasının gecikdirilməsi onu bu cür
imkandan məhrum etmiş olur və onun zərərə məruz qalması ilə nəticələnir.
Qeyd
olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inflyasiya nəticəsində
pulun dəyərsizləşməsi Mülki Məcəllənin 21.2-ci maddəsi ilə nəzərdə tutulmuş zərər
anlayışı ilə əhatə olunduğundan icra qeydi üzrə borc məbləği borclu tərəfindən
ödənilmədiyi təqdirdə kreditor dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə
iddia qaldırmaq hüququna malikdir.
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
-
Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin I, II və III
hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Mülki Məcəllənin 21.2-ci
maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi
(real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun
alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində
yaranan zərəri də ehtiva edir;
-
borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin
(həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Mülki Məcəllənin 449.1-ci
maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa,
borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə
əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini
borcludan tələb etmək hüququna malikdir;
-
“Notariat haqqında” Qanunun 76-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi barəsində
verilmiş notariusun icra qeydi üzrə tutulmalı olan pul məbləği borcalan tərəfindən
ödənilmədiyi təqdirdə, borcverənin Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən
inflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin, 29-cu
maddəsinin I, II və III hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum
olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı
gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində
ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir.
4.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
6.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev