Постановления

15.04.25 Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsi,

29-cu maddəsinin  I, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin  21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsidair

 

 

15 aprel 2025-ci il                                                                                  Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I, II və III hissələri baxımından inflyasiya nəticəsində pulun dəyərsizləşməsinin zərər anlayışı ilə əhatə olunub-olunmamasına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupu tərəfindən təqdim edilən mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosentləri, hüquq elmləri doktoru A.Qədirov və hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək inflyasiya nəticəsində pulun dəyərsizləşməsinin zərər anlayışı ilə əhatə olunub-olunmamasına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.2-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli qətnaməsi ilə R.Səlimovun borc müqaviləsi və notariusun icra qeydi üzrə borcun qaytarılmasının 8 il gecikdirilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilmişdir. İddia tələbinə əsasən zərərə pulun inflyasiyası nəticəsində dəyərsizləşməsinə görə hesablanan məbləğ də daxil edilmişdir. Vurulmuş zərər hesablanarkən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdim etdiyi inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi haqqında məlumat əsas götürülmüşdür.

Birinci instansiya məhkəməsi iddianı rədd edərək mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 232.1-ci maddəsinə görə, indeksasiya yalnız məhkəmə qətnaməsinə əsasən tutulmalı olan pul məbləğinə münasibətdə həyata keçirilə bilər. Hazırkı iddia tələbi isə məhkəmə qətnaməsinə deyil, notariusun icra qeydinə əsaslanır.

Müraciət edənin qənaətinə əsasən, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsini müəyyən edən Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələri  həmin Məcəllənin 21.2-ci maddəsinin tətbiqini istisna etmir.

Lakin Mülki Məcəllənin 21.2-ci maddəsində zərər anlayışı müəyyən olunsa da inflyasiya nəticəsində pulun dəyərsizləşməsinin zərər anlayışı ilə əhatə olunub-olunmaması dəqiq göstərilmədiyindən, zərərlə bağlı belə tələblərin inflyasiya ilə əlaqələndirilməsi mübahisə doğurmaqla hüquq tətbiqetmədə qeyri-müəyyənliyin yaranması ilə nəticələnir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I hissəsinə və 29-cu maddəsinin I, II və III hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Konstitusiya ilə mülkiyyət toxunulmazlığına və azad sahibkarlıq fəaliyyətinə təminat verilməklə mülki dövriyyədə müqavilə azadlığı tanınmışdır. Belə ki, şəxsin mülkiyyətlə bağlı mənafeləri mülkiyyət hüququndan bilavasitə sərbəst istifadə etməsi və azad surətdə müqavilələr bağlaması ilə qorunur.

Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı ifadə etdiyi hüquqi mövqeyinə görə, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərar).

Konstitusiyanın müvafiq maddələrindən irəli gələn və onu inkişaf etdirən mülki qanunvericiliyə görə şəxslərin mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı əsaslarından biri də iki və ya bir neçə şəxs arasında bağlanmış müqavilələrdir.

Belə müqavilələrdən biri kimi borc müqaviləsi çıxış edir. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərildiyi kimi, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir (Mülki Məcəllənin 740.1-ci maddəsi).

Həmin Məcəllənin 743.1-ci maddəsinə uyğun olaraq, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.

Sadalanan maddələrin məzmunundan göründüyü kimi, borc müqaviləsi üzrə borcalanın öhdəliyi eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyaların, borcun predmeti pul vəsaiti olduqda isə eyni məbləğdə pul vəsaitinin qaytarılmasında, habelə müqavilədə və ya qanunda müəyyən edilmiş qaydada və məbləğdə faiz ödənilməsində ifadə olunur (Mülki Məcəllənin 740.9-cu maddəsi).

 Borc müqaviləsinin predmetini təşkil edən pulun inflyasiyaya məruz qalmasının zərər anlayışı ilə əhatə olunub-olunmamasını müəyyənləşdirmək üçün Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, zərər və inflyasiya anlayışlarının mahiyyətinin və məzmununun açıqlanmasını, zərərin əvəzinin ödənilməsini tənzimləyən mülki qanunvericilik normalarının əlaqəli şəkildə nəzərdən keçirilməsini vacib hesab edir.

Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. 

Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar olmaqla birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə əsasən təyin edilir.

İnflyasiya (latın dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edir.

Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum  olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı.

Öhdəliyin icra edilməməsi dedikdə isə Mülki Məcəllənin 442 və 443.1-ci maddələrinə əsasən onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına  dair” 2009-cu il 9 iyul və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarlarında qeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasını gecikdirməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin  əvəzinin  ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin  21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. 

Pulun dəyərinin, başqa sözlə onun alıcılıq qabiliyyətinin şəxsin əmlakına təsir edən amil kimi nəzərə alınması “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1 və 2-ci hissələrinin mənasından da irəli gəlir. Həmin normalara görə, Azərbaycan Respublikasının ərazisi vahid valyuta ərazisidir və bu ərazidə milli valyuta kimi manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsini təmin edən pul-kredit və valyuta siyasəti yeridilir. Azərbaycan Respublikasının valyuta ehtiyatları milli valyutanın alıcılıq qabiliyyətini qorumaq, dövlətin iqtisadi tələbatı və sosial inkişafı ilə bağlı ehtiyacları ödəmək, xarici borcun ödənilməsi sahəsində öhdəlikləri yerinə yetirmək məqsədi ilə mərkəzləşdirilmiş xarici valyuta və digər valyuta sərvətləridir. Qeyd edilən müddəaların milli valyutanın alıcılıq qabiliyyətinin qorunmasını məqsəd kimi müəyyən etməsi məhz Konstitusiyanın mülkiyyət hüququnun müdafiəsini nəzərdə tutan normalarının məzmunundan da irəli gəlir.

Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi müddəası digər real zərərlərdə olduğu kimi gecikdirmə müddəti ərzində pulun dəyərinin azalması şəklində ifadə olunan zərər anlayışını da özündə ehtiva edir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin göstərməyi vacib bilir ki, öhdəliyin icra edilməməsi zamanı faizlərin ödənilməsi ilə bağlı qanunvericilikdə bir sıra tənzimləmələr nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələrində müvafiq olaraq aşağıdakı müddəalar təsbit edilmişdir:

-    Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər;

 - özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər;

- kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.

Qanunvericinin Mülki Məcəllənin yuxarıda göstərilən normalarda ifadə etdiyi bu  mövqeyi borclunun öhdəliyin icrasından yayınmasının qarşısını almağa, həmçinin öhdəliyin pozulması nəticəsində borcverənin üzləşdiyi zərərin kompensasiya edilməsinə yönəldilmişdir.

Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət tədbiri olan faizlərin həddini müəyyənləşdirərkən pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsini rəhbər tutmuşdur.

Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanun) 22.1.2-ci maddəsinə müvafiq olaraq, uçot dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti tərəfindən müəyyən edilir.

Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır (“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 31.2-ci maddəsi). Makroiqtisadi durum isə özündə digər amillərlə yanaşı, inflyasiya göstəricisini də ehtiva edir.

Bu baxımdan, qanunverici tərəfindən öhdəliklərin icra edilməməsinə görə məsuliyyət tədbiri müəyyən edilərkən və faizlərin məhz uçot dərəcəsinə uyğun hesablanması müəyyənləşdirilərkən, kreditorun inflyasiyaya məruz qala biləcəyi ehtimalı da nəzərdə tutulmuşdur.

Mülki Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələrində göstərilən faiz dərəcələri zərərin aradan qaldırılmasına yönəlsə də, müəyyən hallarda faktiki zərər (o cümlədən inflyasiya nəticəsində dəyən zərər) həmin faiz dərəcələri ilə əhatə olunmaya da bilər.

Qeyd olunmalıdır ki,  Mülki Məcəllənin 449.3-ci maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə görə ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

Oxşar tənzimetmə Mülki Məcəllənin 745.6-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, əgər kredit üzrə ödənişlərin gecikdirilməsinə görə borcverənə dəyən zərər bu Məcəllənin 745.5-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla ayrıca razılıq əldə etməklə tələb edə bilər.

Beləliklə, Mülki Məcəllənin 449.3 və 745.6-cı maddələrinə uyğun olaraq, borcverən ona dəyən zərər (inflyasiya nəticəsində yaranmış zərər də daxil olmaqla) həmin Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələri ilə hesablanmış faizlərin məbləğindən çox olduqda, həmin faizlərdən artıq, yəni bu faizlərlə əhatə olunmayan hissədə (fərq hissəsində) zərərin ödənilməsini borcalandan tələb edə bilər.

Əks yanaşma, yəni həm inflyasiya nəticəsində dəymiş zərərin, həm də belə zərəri tam şəkildə əhatə edən qanunvericiliklə və ya müqavilə ilə müəyyənləşdirilmiş gecikdirilmə faizlərinin birlikdə tələb edilməsi imkanı, borcverənə dəymiş zərərin qarşılanması ilə deyil,  sonuncunun borcun gecikdirilməsindən istifadə edərək əsassız varlanması ilə nəticələnərdi ki, bu da mülki qanunvericiliyin məqsəd və vəzifələri ilə uzlaşmır.

Oxşar mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında ifadə olunmuşdur. Həmin Qərarda göstərildiyi kimi, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq (Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin  232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin  edən effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası imkanını ehtiva edir.

Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla  məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir. Eyni zamanda, bu institut prosessual qənaət prinsipinin məqsədləri baxımından artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulmalı olan pul məbləğlərinə dair yeni iddianın qaldırılmasının qarşısını alır. Konstitusiya Məhkəməsinin Plenumu oxşar mövqeyi  “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 10 oktyabr  tarixli Qərarında ifadə etmişdir.

O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi həmin Məcəllənin “birinci instansiya məhkəməsində icraat” adlı ikinci bölməsində yerləşməklə, məhz bilavasitə məhkəmənin özü tərəfindən baxılaraq həll olunmuş mübahisə üzrə qəbul edilmiş və Azərbaycan Respublikasının adından çıxarılan yekun məhkəmə aktı əsasında tutulmalı pul məbləğlərinin indeksasiyasını nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin Plenumu icra qeydinə əsasən öhdəliklərin yerinə yetirilməməsi, bununla da borcverənin məruz qaldığı zərərin aradan qaldırılması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Notariat orqanlarının icra qeydi icra sənədi hesab olunsa da, Azərbaycan Respublikasının adından çıxarılmamaqla məhkəmə aktı sayılmır və tutulmalı olan pul məbləği məhkəmədənkənar proses çərçivəsində müəyyənləşdirilir. Bu baxımdan kreditorun ərizəsi əsasında notariat orqanlarının icra qeydinin birbaşa indeksasiyası imkanı qanunvericilikdə nəzərdə tutulmamışdır.

Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Notariat haqqında” Qanun) 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.

Lakin belə prosessual normanın mövcud olmaması kreditoru icra qeydinin icra edilməməsi nəticəsində yaranmış zərərin ödənilməsini tələb etmək hüququndan məhrum etmir. Yuxarıda göstərildiyi kimi öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

Borclunun öhdəliyini pozması, yəni icra qeydi üzrə ödəməli olduğu pul məbləğini ödəməməsi nəticəsində, öhdəliyin icra edilməli olduğu dövrdəki pulun alıcılıq qabiliyyətinin faktiki icra ediləcəyi tarixə azalması kreditorun müqavilə ilə bağlı gözləntilərinə cavab vermir. Yəni öhdəliyin vaxtında icra edilməsi halında kreditor həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olsa da, icra sənədinin icrasının gecikdirilməsi onu bu cür imkandan məhrum etmiş olur və onun zərərə məruz qalması ilə nəticələnir.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inflyasiya nəticəsində pulun dəyərsizləşməsi Mülki Məcəllənin 21.2-ci maddəsi ilə nəzərdə tutulmuş zərər anlayışı ilə əhatə olunduğundan icra qeydi üzrə borc məbləği borclu tərəfindən ödənilmədiyi təqdirdə kreditor dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququna malikdir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin I, II və III hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Mülki Məcəllənin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir;

- borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Mülki Məcəllənin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir;

- “Notariat haqqında” Qanunun 76-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi barəsində verilmiş notariusun icra qeydi üzrə tutulmalı olan pul məbləği borcalan tərəfindən ödənilmədiyi təqdirdə, borcverənin Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən inflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin I, II və III hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir.

2. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir.

3. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi barəsində verilmiş notariusun icra qeydi üzrə tutulmalı olan pul məbləği borcalan tərəfindən ödənilmədiyi təqdirdə, borcverənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən inflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                             Fərhad Abdullayev