AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi baxımından şərh edilməsinə dair
1 noyabr 2024-cü
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov, Fikrət Məmmədov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciəti
əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsinin Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi baxımından şərh
edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Ağır Cinayətlər Məhkəməsi və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Azərbaycan Respublikası
Prokurorluğunun və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mütəxəssis
mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Ağır Cinayətlər
Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsi,
63-cü maddəsinin I hissəsi, 64-cü maddəsi, 71-ci maddəsinin VIII hissəsi, İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan
sonra – Konvensiya) 7-ci maddəsinin 1-ci bəndi baxımından Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 17, 66,
294.3-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdə qeyd
olunmuşdur ki, Cinayət Məcəlləsinin sübutların saxtalaşdırılmasına görə məsuliyyəti
müəyyən edən 294.3-cü maddəsi cinayətin subyekti baxımından qeyri müəyyən
olduğuna görə hüquq tətbiqetmə təcrübəsində fərqli yanaşmalara səbəb olur. Belə
ki, Cinayət Məcəlləsinin 294.1-ci və 294.2-ci maddələrinin dispozisiyalarında
cinayətin xüsusi subyekti birbaşa müəyyənləşdirilmişdir. Həmin Məcəllənin
294.1-ci maddəsində subyekt olaraq mülki iş üzrə işdə iştirak edən şəxs və ya
onun nümayəndəsi, 294.2-ci maddəsində isə cinayətin xüsusi subyektləri olaraq təhqiqatçı,
müstəntiq, prokuror və müdafiəçi göstərilmişdir.
Yuxarıda göstərilən
iki maddədən fərqli olaraq Cinayət Məcəlləsinin 294.3-cü maddəsində xüsusi
subyekt birbaşa göstərilməmiş, həmin maddənin dispozisiyası “ağır və ya xüsusilə
ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər
işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda” məzmununda
müəyyən olunmuşdur.
Təcrübədə Cinayət Məcəlləsinin
294.3-cü maddəsinin subyektinə münasibətdə yaranmış fərqli yanaşma ondan ibarətdir
ki, bəzi hüquq tətbiqedənlərin mövqeyinə görə, bu maddə üzrə qanunverici əməlin
xüsusi subyekt tərəfindən törədilməsini nəzərdə tutmadığından, həmin əməlin
subyekti proses iştirakçıları ilə yanaşı proses iştirakçısı olmayan istənilən
digər şəxslər də ola bilər.
Digər mövqeyə görə,
Cinayət Məcəlləsinin 294.3-cü maddəsində qeyd olunan “ağır və ya xüsusilə ağır
cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma” cinayətin ümumi
subyektinə aid edildikdə, həmin subyekt tərəfindən böyük ictimai təhlükə törətməyən
və ya az ağır cinayət haqqında cinayət işi üzrə sübutların saxtalaşdırılması
zamanı məsuliyyət nəzərdə tutulmamış olur. Bu isə cinayət qanunvericiliyində
boşluğun əmələ gəlməsinə gətirib çıxarır.
Göstərilənlərə əsasən
Bakı Ağır Cinayətlər Məhkəməsi yuxarıda qeyd olunan qanunvericilik normalarının
əlaqəli şəkildə şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.
Konstitusiyanın
127-ci maddəsinin II hissəsinə əsasən, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin
hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
Məhkəmə qərarı
qanuna və sübutlara əsaslanmalıdır (Konstitusiyanın 129-cu maddəsinin III hissəsi).
Konstitusiyanın göstərilən
maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
28.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr cinayət işlərinə və cinayət
təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə
müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz
və ədalətlə baxmalıdırlar.
Həmin Məcəllənin
28.5-ci maddəsinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə
qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər
uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
Həmçinin Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 9.3-cü
maddəsi ilə müəyyən edilmişdir ki, hakim bütün hallarda prosesin çəkişmə
prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə
əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə
əsaslandıra bilməz.
İş üzrə məhkəmənin qənaətinin
formalaşmasında və hüquqi mübahisənin həllində, yəni ədalət mühakiməsinin həyata
keçirilməsi ilə bağlı fəaliyyətdə sübutların əhəmiyyəti nəzərə alınaraq cinayət
qanunvericiliyində mülki və cinayət işləri üzrə sübutların saxtalaşdırılmasına
görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Cinayət Məcəlləsinin
294.1-ci maddəsinə görə, mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi
tərəfindən, həmin Məcəllənin 294.2-ci maddəsinə görə isə cinayət işi üzrə təhqiqatçı,
müstəntiq, prokuror və ya müdafiəçi tərəfindən sübutların saxtalaşdırılması
cinayət məsuliyyəti yaradır.
Hər iki maddədə nəzərdə
tutulmuş cinayətin obyektini məhkəmənin normal fəaliyyəti, ədalət mühakiməsinin
həyata keçirilməsi ilə bağlı ictimai münasibətlər təşkil edir.
Bu cinayətin ictimai
təhlükəliliyi ondan ibarətdir ki, sübutların saxtalaşdırılması ədalətsiz qərarın
qəbul edilməsinə, bununla da məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirilməsinə,
fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb
ola bilər.
Cinayət əməllərinin
obyektiv cəhətini sübutların saxtalaşdırılması təşkil edir. Nəzəriyyəyə əsasən,
eləcə də məhkəmə təcrübəsində saxtalaşdırmanın həyata keçirilməsinin müxtəlif
üsullarına rast gəlinir. Təhlil edilən cinayət əməlinə münasibətdə
saxtalaşdırma təqdim olunan sübutların, məsələn, sənədlərin (etibarnamələrin,
iltizamların, müqavilələrin, yoxlama aktlarının, ekspert rəylərinin, istintaq hərəkətləri
protokollarının və s.) saxta formasını hazırlamaq, belə sənədlərə onların həqiqi
məzmununu təhrif edən düzəlişlər etmək və ya yalan məlumatlar əlavə etmək,
uydurma maddi sübutların hazırlanması və s. bu kimi hərəkətlər vasitəsilə icra
edilə bilər.
Cinayət Məcəlləsinin
294.1, 294.2 və 294.3-cü (digər işlər üzrə sübutların saxtalaşdırılmasının ağır
nəticələrə səbəb olması istisna olmaqla) maddələrində nəzərdə tutulmuş cinayətlər
formal tərkiblidir. Bu cinayətlər saxtalaşdırılmış sübutların prosessual
qanunvericiliyin tələblərinə uyğun olaraq mülki və cinayət işinə əlavə edildiyi
andan başa çatmış hesab edilir.
Subyektiv cəhətdən
göstərilən cinayətlər birbaşa qəsdlə törədilir. Təqsirli şəxs mülki və ya cinayət
işi üzrə sübutları saxtalaşdırdığını dərk edir və belə əməlin törədilməsini
arzu edir.
Cinayətin motivi
(tamah və s. şəxsi niyyət) və məqsədi əməlin tövsifinə təsir etmir, çünki onlar
maddələrdə cinayət tərkibinin mütləq əlaməti kimi nəzərdə tutulmamışdır. Lakin
həmin əlamətlər cəza təyin edilərkən nəzərə alına bilər.
Cinayət Məcəlləsinin
294.1-ci maddəsinin subyekti mülki işdə iştirak edən şəxslər (Mülki Prosessual
Məcəllənin 46-cı maddəsi) və məhkəmədə iş aparmaq üçün səlahiyyəti lazımi
qaydada rəsmiləşdirilmiş nümayəndə (Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsi)
və qanuni nümayəndə (Mülki Prosessual Məcəllənin 72-ci maddəsi) ola bilər.
Cinayət Məcəlləsinin
294.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektləri bilavasitə həmin
maddənin dispozisiyasında göstərilmişdir. Bu subyektlərə təhqiqatçı, müstəntiq,
prokuror və müdafiəçi daxildir.
Beləliklə, Cinayət Məcəlləsinin
294.1 və 294.2-ci maddələrinin dispozisiyalarında sübutların saxtalaşdırılması
cinayətinin subyektləri birbaşa və açıq şəkildə müəyyən olunmuşdur.
Bundan fərqli
olaraq, Cinayət Məcəlləsinin 294.3-cü maddəsində cinayətin xüsusi subyekti
birbaşa müəyyən edilmədən ağır və xüsusi ilə ağır cinayətlər haqqında cinayət
işi üzrə sübutların saxtalaşdırılmasına, habelə digər işlər üzrə sübutların
saxtalaşdırılmasının ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə
tutulmuşdur.
Müraciətdə də qeyd
edildiyi kimi, təcrübədə Cinayət Məcəlləsinin 294.3-cü maddəsində göstərilən
cinayət əməlinin subyekti ilə bağlı yaranmış fikir ayrılığı həmin əməlin
subyekti kimi Cinayət Məcəlləsinin 294.1 və 294.2-ci maddələrində nəzərdə
tutulmuş xüsusi subyektlərin, yaxud ümumi subyekt olaraq 16 yaşına çatmış istənilən
şəxsin çıxış edə bilməsi ilə əlaqədardır.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətdə qaldırılan məsələnin düzgün həlli və Cinayət Məcəlləsinin
294.3-cü maddəsinin tətbiqində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması
məqsədilə, Konstitusiyanın və Cinayət Məcəlləsinin bəzi müddəalarının, habelə
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərin nəzərdən
keçirilməsini zəruri hesab edir.
Konstitusiya
hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın
Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri
kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ümumi mənada
mövcud hüquqi vəziyyətə dair aydınlığı və müəyyənliyi nəzərdə
tutur.
Hüquqi müəyyənlik
prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərdən biri kimi çıxış edir. Hər bir
qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab
verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və
aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsin onun hüquq və azadlıqlarının
müdafiə olunacaqlarına, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla
bilən olacağına əminlik verməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü maddəsinin Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun
yoxlanılmasına dair” 2012-ci il 31 may tarixli Qərarı).
Hüquqi müəyyənlik
konstitusiya prinsipinə uyğun olaraq normativ hüquqi aktların və onların
struktur elementlərinin forması və mətninə xüsusi tələblər irəli sürülmüşdür.
Belə ki, “Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan
sonra – Konstitusiya Qanunu) 8-ci maddəsində normayaratma fəaliyyətinin
əsas prinsipləri sırasında “mütənasiblik”, “normativ hüquqi aktların ziddiyyətsizliyi”,
“ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi”
kimi prinsiplər yer almışdır.
Bu baxımdan Konstitusiya
Qanununun 25.1-ci maddəsinə əsasən, normativ hüquqi aktlar daxilən
uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır.
Konstitusiya
Qanununun 30.1-ci maddəsində müəyyən edilmişdir ki, normativ hüquqi aktın
struktur elementləri preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən,
yarımbənddən və abzasdan ibarətdir. Həmin Qanunun 30.6-cı maddəsinə görə
isə normativ hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış
normativ müddəanı əks etdirən əsas struktur elementidir.
Göstərilənlər
baxımından Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin
294.3-cü maddəsi həmin Məcəllənin 294.1 və 294.2-ci maddələri ilə sistemlilik və
komplekslilik yaratmaqla, məntiqi baxımından qarşılıqlı uzlaşmış olmaqla məhz
ilk iki maddədə müəyyən edilmiş işlər üzrə sübutların saxtalaşdırılması əməlinin
tövsifedici əlamətini (ağır və xüsusilə ağır cinayətlər haqqında cinayət işləri
üzrə sübutların saxtalaşdırılması, habelə digər işlər üzrə ağır nəticələrə səbəb
olma) müəyyən edir.
Lakin Cinayət Məcəlləsinin
294.3-cü maddəsinin mətnində müəyyən qüsurların olması həmin normanın bu məzmunda
tətbiqi zamanı qeyri-məyyənliyin yaranmasına səbəb olur. Belə ki, həmin maddənin
sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə növündə cəzanın təyin edilməsi imperativ qaydada müəyyən
edilmişdir. Cinayət Məcəlləsinin 46-cı maddəsinin tələblərinə görə isə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası
yalnız dövlət və yerli özünüidarə orqanlarında konkret vəzifə tutan və ya
konkret peşə və ya digər fəaliyyətlə məşğul olan şəxslər barəsində tətbiq
edilir.
Bunu nəzərə alaraq
belə nəticəyə gəlmək olar ki, Cinayət Məcəlləsinin 294.3-cü maddəsində nəzərdə
tutulan "ağır nəticələrə səbəb olma" tövsifedici əlaməti yalnız cinayət
işləri üzrə sübutların saxtalaşdırılması halında keçərlidir. Mülki işlər üzrə
sübutların saxtalaşdırılmasına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olmaq hüququndan məhrum etmə növündə cəzanın tətbiqi heç də bütün
subyektlərə (məsələn, iddiaçı, cavabdeh və s.) münasibətdə mümkün olmadığından,
Cinayət Məcəlləsinin 294.3-cü maddəsi yalnız cinayət işləri üzrə sübutların
saxtalaşdırılması ağır nəticələrə səbəb olmasına görə məsuliyyəti müəyyən edən
norma kimi çıxış edir.
Lakin ağır nəticələrin
yalnız cinayət işi üzrə deyil, həm də mülki iş üzrə sübutların
saxtalaşdırılması nəticəsində yarana bilməsi istisna olunmur. Mülki iş üzrə
sübutların saxtalaşdırılmasının ağır nəticələrinə qanunsuz övladlığa götürmə (qəbul
etmə), müəssisənin müflis elan edilməsi və s. aid edilir. Belə ağır nəticələrin
yüksək ictimai təhlükəlilik dərəcəsinin mütənasib qiymətləndirilməsi isə Cinayət
Məcəlləsinin 294.1-ci maddəsinin sanksiyası çərçivəsində mümkün olmadığından,
bu əməllər Cinayət Məcəlləsinin 294.3-cü maddəsində nəzərdə tutulmuş
tövsifedici hal kimi qəbul edilməsi məqsədə müvafiq olardı.
Qeyd etmək lazımdır
ki, digər ölkələrin qanunvericiliyində və təcrübəsində bu məsələ oxşar qaydada
tənzimlənmişdir.
Belə ki, Rusiya
Federasiyasının Cinayət Məcəlləsinin 303-cü maddəsinin birinci hissəsində
mülki, inzibati və inzibati xətalar haqqında işlər üzrə, maddənin ikinci hissəsində
cinayət işləri üzrə, həmin maddənin üçüncü hissəsində isə ağır və ya xüsusilə
ağır cinayət işləri üzrə sübutların saxtalaşdırılmasına görə, habelə sübutların
saxtalaşdırılması ağır nəticələrə səbəb olduğu halda cinayət məsuliyyəti müəyyən
edilmişdir.
Rusiya
Federasiyasının Ali Məhkəməsi “Ədalət mühakiməsi əleyhinə cinayət işləri üzrə məhkəmə
təcrübəsinə dair” 2022-ci il 28 iyun tarixli Qərarının 14-cü bəndində göstərmişdir
ki, ağır nəticələrə görə məsuliyyət məhkəmə icraatının növündən asılı olmayaraq
yarana bilər.
Konstitusiya Məhkəməsinin
Plenumu isə qeyd edir ki, istənilən subyekt tərəfindən ədalət mühakiməsinin,
ibtidai istintaqın həyata keçirilməsinə mane olmanı nəzərdə tutan (Cinayət Məcəlləsinin
286-cı maddəsi) ümumi normadan fərqli olaraq, Cinayət Məcəlləsinin 294-cü maddəsi
məhz sübutların saxtalaşdırılması əməlini, yəni sübutları təqdim etməyə və ya
onları toplamağa prosessual səlahiyyəti olan Məcəllənin 294.2-ci maddəsində nəzərdə
tutan şəxslərin hüquqa zidd davranışını nəzərdə tutur.
Həmçinin Cinayət Məcəlləsinin
294.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi subyektlər dairəsinə daxil olmayan
şəxslər (zərərçəkmiş, ekspert və s.) tərəfindən cinayət prosesində sübut əhəmiyyətli
ola biləcək sənədlərin, əşyaların və s. saxtalaşdırılması üzrə əməllərə görə məsuliyyət
müəyyən edən xüsusi normanın (Cinayət Məcəlləsinin 297-ci maddəsi) olması da həmin
Məcəllənin 294.3-cü maddəsi üzrə subyektin ümumi deyil, məhz Cinayət Məcəlləsinin
294.2-ci maddəsi ilə müəyyən olunmuş şəxslər olduğunu göstərir.
Beləliklə,
sübutların saxtalaşdırılmasına görə Cinayət Məcəlləsinin 294.2-ci maddəsində nəzərdə
tutulmayan şəxslərin cinayətin icraçısı qismində həmin Məcəllənin 294.3-cü maddəsi
ilə cinayət məsuliyyətinə cəlb edilməsi həmin maddənin məzmununa və mahiyyətinə
uyğun olmamaqla yanaşı, hüququn aliliyinin əsas elementlərindən olan hüquqi müəyyənlik
prinsipinə də ziddir.
Konstitusiya Məhkəməsinin
Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh
edilməsinə dair” 2012-ci il 10 aprel tarixli Qərarında qeyd etmişdir ki, cinayət
qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası
Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsindən və “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir.
Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki müddəa Əsas Qanunda
qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb
etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri),
cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və
cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir.
İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin Böyük Palatasının Korbely Macarıstana qarşı iş üzrə 2008-ci
il 19 sentyabr tarixli Qərarında (§70) qeyd edilmişdir ki, Konvensiyanın 7-ci
maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların
geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi
prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən, yalnız qanun cinayətin tərkibini
və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o
cümlədən ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq
normalarının genişləndirici şərh olunması qadağan edilir.
Bu baxımdan
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin 294.1 və
294.2-ci maddələrində nəzərdə tutulmayan şəxslərin sübutların
saxtalaşdırılmasına görə cinayətin icraçısı qismində həmin Məcəllənin 294.3-cü
maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi cinayət qanununun genişləndirici
təfsirinin qadağan edilməsinə (lex stricta) dair Konstitusiyanın 71-ci maddəsinin
VIII hissəsinin və Konvensiyanın 7-ci maddəsinin tələblərinin pozulmasına gətirib
çıxara bilər.
Göstərilənləri nəzərə
alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın
71-ci maddəsinin VIII hissəsi və Konvensiyanın 7-ci maddəsi baxımından Cinayət
Məcəlləsinin 294.3-cü maddəsi üzrə subyekt qismində həmin Məcəllənin 294.2-ci
maddəsi ilə müəyyən edilmiş şəxslər (təhqiqatçı, müstəntiq, prokuror və ya
müdafiəçi) çıxış edə bilərlər;
- Bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə görə Cinayət Məcəlləsinin 294.3-cü maddəsində
tövsifedici əlamət olaraq nəzərdə tutulmuş “ağır nəticələrin” mülki iş üzrə
sübutların saxtalaşdırılması nəticəsində də yaranması mümkün olduğu nəzərə
alınaraq, Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən həmin
maddəyə bu istiqamətdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi və “İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 7-ci
maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3-cü
maddəsi üzrə subyekt qismində həmin Məcəllənin 294.2-ci maddəsi ilə müəyyən
edilmiş şəxslər (təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi) çıxış edə bilərlər.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
294.3-cü maddəsində tövsifedici əlamət olaraq nəzərdə tutulmuş “ağır nəticələrin”
mülki iş üzrə sübutların saxtalaşdırılması nəticəsində də yaranması mümkün
olduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 17-ci bəndinə əsasən həmin maddəyə bu istiqamətdə müvafiq dəyişikliklərin
edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 294-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci
maddəsinin VIII hissəsi baxımından şərh edilməsinə dair 01 noyabr 2024-cü
il tarixli Qərarından hakim İsa Nəcəfovun
Xüsusi rəyi
05 noyabr 2024-cü il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 294-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci
maddəsinin VIII hissəsi baxımından şərh edilməsi üzrə Qərarına hörmətlə
yanaşaraq, aşağıdakılarla bağlı öz mövqeyimi qeyd etməyi zəruri hesab edirəm.
Müraciətin edilməsinə
səbəb olmuş hüquqi fakt ondan ibarətdir ki, A.Qiyasbəyli və qeyriləri hökm və məhkəmənin
digər yekun qərarlarının icrası qaydasında icraatla bağlı iş üzrə zərərçəkmiş şəxslərin
və onların hüquqi varislərinin adlarından, guya sonuncuların məhkum V.Əhmədovdan
heç bir şikayət və tələbinin olmamasına dair notariat ofisində təsdiq edilməsi
görüntüsü yaradan ərizələri kompyuterdə qanunsuz hazırlayıb, zərərçəkmişlərin
adından imzalayaraq həmin məlumatları saxta yolla yaradılmış bazaya daxil etməklə
saxta ərizə tərtib etmişdir. Daha sonra hazırlanmış saxta sənədlər məhkəməyə təqdim
olunmuş və həmin məhkəmənin 23 iyun 2022-ci il tarixli 7(007)-830/2022
nömrəli qərarı ilə məhkum Vüsal Əhmədov cəzadan şərti olaraq 05 ay 29 gün
vaxtından əvvəl azad edilmişdir. Bununla da hökm və ya məhkəmənin digər yekun qərarlarının
icrası qaydasında icraatla bağlı iş üzrə ağır nəticələrə səbəb olan sübutları
saxtalaşdırmaqla cinayət törətməyə görə məhkum edilmiş şəxs əsassız olaraq cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilmişdir.
Müraciətdə göstərilir
ki, icraatdakı cinayət işi üzrə irəli sürülmüş ittihamlara görə təqsirləndirilən
şəxslər hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz
hazırlayaraq ondan istifadə etməklə kompyuter məlumatlarını və hökm və ya məhkəmənin
digər yekun qərarlarının icrası qaydasında icraatla bağlı iş üzrə ağır nəticələrə
səbəb olan sübutları saxtalaşdırmışlar.
Bununla bərabər, iş
üzrə təqsirləndirilən şəxslərin heç biri Cinayət Məcəlləsinin 294.1-ci
və 294.2-ci maddələrində sadalanan xüsusi subyektlər siyahısına daxil deyillər.
Şəxslərin hər hansı biri müvafiq məhkəmə işlərində hər hansı şəkildə iştirak
etməmişlər.
İttihamdan göründüyü
kimi, təqsirləndirilən şəxslərə eyni bir əmələ görə hüquq verən rəsmi sənədi
istifadə etmək məqsədi ilə saxtalaşdırıb qanunsuz hazırlama, bilə-bilə saxta sənədlərdən
istifadə etmə və hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
qaydasında icraatla bağlı iş üzrə ağır nəticələrə səbəb olan sübutları
saxtalaşdırma ittihamları, yəni Cinayət Məcəlləsinin 294.3, 320.1 və 320.2-ci maddələri ilə ittihamlar irəli sürülmüşdür.
Bu ittihamlara görə
faktiki olaraq iki və daha çox cinayətin törədilməsi vəziyyətində təqsirləndirilən
şəxslərin törətdikləri əməl cinayətlərin ideal məcmusunu yaratmışdır (Cinayət Məcəlləsinin
17.2-ci maddəsi). Amma həmin əməllərin müxtəlif vaxtda və müxtəlif hərəkətlərlə
törədildiyi nəzərə alınarsa, bu halda irəli sürülmüş ittihamların cinayətlərin
ideal məcmusu anlayışı ilə müqayisəsi ziddiyyətli vəziyyət yaradır.
Digər tərəfdən,
Cinayət Məcəlləsinin 294.3-cü maddəsində qeyd olunan “ağır və ya xüsusilə ağır
cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma” cinayəti ümumi
subyektinə aid edilirsə, o zaman həmin şəxs tərəfindən böyük ictimai təhlükə
törətməyən və az ağır cinayət haqqında cinayət işi üzə sübutların
saxtalaşdırılması zamanı məsuliyyət nəzərdə tutulmamış olur, bu da Cinayət
Qanunda boşluğun əmələ gəlməsi görüntüsü yaradır.
Müraciətdə o da göstərilmişdir
ki, “Normativ-hüquqi aktlar haqqında” 21 dekabr 2010-cu il tarixli Konstitusiya
Qanunun 26-cı maddəsinin tələbinə görə, normativ hüquqi aktın mətnində əvvəl
ümumi, sonra isə daha konkret müddəalar yerləşdirilir.
Bu baxımdan da Cinayət
Məcəlləsinin 294.1 və 294.2-ci maddələri xüsusi subyekti nəzərdə tutursa, həmin
Məcəllənin 294.3-cü maddəsində nəzərdə tutulmuş subyektin ümumi subyektə aid
olunmasının həm də “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun
26-cı maddəsinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalıdır.
Qeyd olunmalıdır ki,
Respublikamızda ədalət mühakiməsi demokratik əsaslarla, məhkəmələr, istintaq və
təhqiqat orqanları tərəfindən prosessual qanunlarımızın tələb və müddəalarına
ciddi əməl etməklə həyata keçirilir.
Cinayət hüquqi
müdafiə obyekti kimi ədalət mühakiməsi anlayışı məhkəmələr tərəfindən həyata
keçirilən ədalət mühakiməsi anlayışından daha genişdir.
Konstitusiyamızın
7-ci fəslinə əsasən respublikamızda ədalət mühakiməsini məhkəmə hakimiyyəti həyata
keçirir (125-ci maddə). Əməliyyat axtarış, təhqiqat və istintaq orqanları isə
cinayətlərin açılması, cinayətkarların qanuna müvafiq cəzalandırılması üçün öz
səlahiyyətləri dairəsində sübutlar toplayıb, onların qorunmasını təmin edirlər.
Əsaslı və qanuna
müvafiq hökmün çıxarılması isə işin hallarının tam, hərtərəfli və obyektiv
araşdırılmasından asılıdır.
Cinayət Məcəlləsinin
“Ədalət mühakiməsi əleyhinə olan cinayətlər” adlı 32-ci fəslindəki normalarda nəzərdə
tutulan cinayət təqibatları, nəinki cinayətkar qəsdlərdən məhkəmənin, təhqiqatın,
istintaqın bütün fəaliyyət növlərinin, eləcə də, dövlət hakimiyyət orqanlarının
ədalət mühakiməsi sferasındakı fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Başqa sözlə, bu fəsildəki
cinayətlər subyektlərinə görə iki növə bölünür: vəzifəli şəxslər tərəfindən törədilən
cinayətlərə və digər şəxslər tərəfindən törədilən cinayətlərə.
CM-nin 294-cü maddəsi
sübutların saxtalaşdırılmasına görə cinayət məsuliyyətini müəyyən edən
normadır.
Norma yaratma
prosesində normativ hüquqi aktın mətnində ümumiləşdirilmiş düşüncələrin ifadə
edilməsinə yol verilmir (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun “Normativ hüquqi aktın mətninə dair
üslub tədbirləri” adlı 56-cı maddəsi). Cinayət Məcəlləsinin 294.3-cü maddəsinin
“digər işlər üzrə” müddəası yuxarıda qeyd etdiyimiz hallara aiddir. Bu isə
qanunun tətbiqi prosesində problemlər yaradır.
Məcəllə adi qanun
deyildir. O vahid qanun aktı olmaqla, cinayət hüquqi müdafiənin cəmiyyətdə bərqərar
olan hüquq və azadlıqların müxtəlif sistemlərinin ümumi toplusunu özündə birləşdirir.
CM-nin xüsusi hissəsinin normalarının dispozisiyası konkret müddəalardan ibarət
olmalıdır. Bir norma digərinin təkrarı olmamalıdır.
CM-nin 15-ci maddəsi
cinayətlərin təsnifatını özündə ehtiva edir. Cinayət əməlləri xarakterindən
və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən,
az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.
Hüquq norması daxili
quruluşuna görə üç hissədən ibarətdir – hipoteza, dispozisiya və sanksiya.
Hüquq normasının
hansı şərtlərlə tətbiq olunmasının müəyyənləşdirən hissəsi həmin normanın
hipotezası adlanır. Qanunverici orqan normanın hipotezasında bir və ya bir neçə
hüquqi faktlar müəyyən edir ki, onların baş verməsi ilə subyektlərin hüquq və vəzifələri
meydana gəlir.
CM-nin 294.2-ci maddəsi
cinayət işləri üzrə sübutları saxtalaşdırmaq imkanına malik ola biləcək
subyektləri sadalayır.
294.3-cü maddəsində
qeyd olunan “ağır və ya xüsusilə ağır cinayət işi üzrə sübutları saxtalaşdırma,
habelə saxtalaşdırma ağır nəticələrə səbəb olduqda” ifadəsi hipoteza olmaqla,
normanın göstərişlərini konkretləşdirir, həmin normanın tətbiq oluna biləcək şərtlərinin
dairəsini təsdiqləyir.
Zahirən elə görünür
ki, qanunverici 294.2-ci maddəsində “cinayət işləri üzrə” müddəasında bütün növ
cinayət əməllərini göstərmişdir. Lakin bu əslində belə deyildir.
Qanunverici 294.3-cü
maddəni tərtib etməklə təsdiq etmişdir ki, 294.2-ci maddədəki məsuliyyət böyük
ictimai təhlükə törətməyən və az ağır cinayətlərə adir.
Çünki 294.2-nin
sanksiyası 294.3-cü hissəyə nisbətən daha yüngüldür.
Bununla da, 294-cü
maddənin 2 və 3-cü hissəsindəki cinayət əməllərinin obyektiv tərəfinin müxtəlifliyi,
eləcə də sanksiyaların əməllərə müvafiqliyini müəyyən etməklə subyektlərin
eyniliyini göstərir.
Təkrarlıq bir
normanın ayrı-ayrı hissə və ya bəndlərində ola bilər. Bunlar da bir-birinə zidd
olmamalıdır. Ona görə də CM-nin 294.3-cü maddəsindəki “digər işlər üzrə” müddəası
ümumiləşdirilmiş düşüncə ifadəsi olduğundan maddədən çıxarılmalıdır.
Digər tərəfdən,
CM-nin 294.3-cü maddəsinin “ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət
işi üzrə sübutların saxtalaşdırılması, habelə saxtalaşdırma ağır nəticələrə
səbəb olduqda” müddəası, ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini
tənzimlədiyindən, həmin norma CM-nin 294.2-ci maddəsi ilə funksional əlaqəyə
malikdir.
Ona görə də, bu
norma, yəni CM-nin 294.3-cü maddəsi mahiyyət etibarı ilə “Normativ hüquqi
aktlar haqqında” Konstitusiya Qanununun 26-cı maddəsinin tələblərinə uyğundur.
Həmçinin nəzərə
alınmaıdır ki, ədalət mühakiməsinin cinayət hüquqi müdafiəsini təmin edən
qanunlardan biri də “Əməliyyat-axtarış fəaliyyəti hqqında” Azərbaycan
Respublikasının qanunudur. Bu qanun əməliyyat-axtarış fəaliyyətinin həyata
keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir və əməliyyat-axtarış tədbirlərinin
tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir.
Azərbaycan
Respublikası CM-nin 294-cü maddəsinin 2 və 3-cü hissələrinin dispozisiyası
Rusiya Federasiyasının CM-nin 303-cü maddəsinin 2 və 3-cü hissələri ilə
eynidir.
Lakin 29.11.2012-ci
ildə RF CM-nin 303-cü maddəsinə əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin
saxtalaşdırılmasına görə məsuliyyət nəzərdə tutan yeni 4-cü hissə əlavə
edilmişdir. Həmin Məcəllənin 303.4-cü hissəsində qeyd olunur ki, əməliyyat-axtarış
fəaliyyətini həyata keçirməyə səlahiyyəti olan şəxs tərəfindən cinayətin törədilməsinə
aidiyyatı olmayan şəxs barəsində cinayət təqibini həyata keçirmək və ya şəxsin
şərəf, ləyaqət və işgüzar nüfuzuna zərər vurmaq məqsədilə əməliyyat-axtarış fəaliyyətinin
nəticələrinin saxtalaşdırılması məsuliyyətə səbəb olur.
Məlum olduğu kimi təhqiqatçı,
müstəntiq və prokuror müvafiq təhqiqat orqanına cinayətin açılması üçün əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsini tapşırmaq hüququna malikdirlər. Çox hallarda
əməliyyatçı tərəfindən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş
materiallar əsasında təhqiqat aparılır.
Qeyd olunmalıdır ki, əməliyyat-axtarış
fəaliyyəti nəticəsində əldə edilmiş materialların düzgün tərtibi və rəsmiləşdirilməsi
sonrakı proseslərə, yəni ibtidai araşdırmanın qanuniliyinə və əsaslılığına əhəmiyyətli
təsir göstərir.
Məhkəmə təcrübəsinə
nəzər saldıqda görürük ki, müəyyən hallarda narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə bağlı aparılan əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə
edilmiş materiallar əsasında istintaq aparılaraq ittiham elan olunan təqsirləndirilən
şəxslər barəsində məhkəmədə bəraət hökmü çıxarılır. Bu da bəzən əməliyyat-axtarış
fəaliyyəti nəticəsinin saxtalaşdırılması ilə bağlı olur.
Buna görə də
hesab edirəm ki, müraciətdə bu məsələ qoyulmamış olsa belə, Konstitusiya Məhkəməsi
konstitusiya nəzarəti orqanı kimi bu hala hüquqi qiymət verməli və Cinayət Məcəlləsinin
294-cü maddəsinə əməliyyat-axtarış fəaliyyətinin nəticəsini saxtalaşdırmağa görə
yuxarıda qeyd edilən məzmunda cinayət məsuliyyətini müəyyən edən normanın əlavə
edilməsini qanunverici orqandan tələb etməliydi.
Çünki Konstitusiya Məhkəməsi
dövlətin ali qanunu ilə həm milli dövlətçiliyimizi müdafiə etməyə, həm də ki,
insan və vətəndaş hüquq və azadlıqlarının keşiyində durmağa müvəkkil
olunmuşdur.
Hakim:
İsa Nəcəfov