Постановления

01.11.24. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi baxımından şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi baxımından şərh edilməsinə dair

 

 

1 noyabr 2024-cü                                                                     Bakı  şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov, Fikrət Məmmədov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və  33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Ağır Cinayətlər Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Azərbaycan Respublikası Prokurorluğunun və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsi, 63-cü maddəsinin I hissəsi, 64-cü maddəsi, 71-ci maddəsinin VIII hissəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra – Konvensiya) 7-ci maddəsinin 1-ci bəndi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 17, 66, 294.3-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin sübutların saxtalaşdırılmasına görə məsuliyyəti müəyyən edən 294.3-cü maddəsi cinayətin subyekti baxımından qeyri müəyyən olduğuna görə hüquq tətbiqetmə təcrübəsində fərqli yanaşmalara səbəb olur. Belə ki, Cinayət Məcəlləsinin 294.1-ci və 294.2-ci maddələrinin dispozisiyalarında cinayətin xüsusi subyekti birbaşa müəyyənləşdirilmişdir. Həmin Məcəllənin 294.1-ci maddəsində subyekt olaraq mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi, 294.2-ci maddəsində isə cinayətin xüsusi subyektləri olaraq təhqiqatçı, müstəntiq, prokuror və müdafiəçi göstərilmişdir.

Yuxarıda göstərilən iki maddədən fərqli olaraq Cinayət Məcəlləsinin 294.3-cü maddəsində xüsusi subyekt birbaşa göstərilməmiş, həmin maddənin dispozisiyası “ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda” məzmununda müəyyən olunmuşdur.

Təcrübədə Cinayət Məcəlləsinin 294.3-cü maddəsinin subyektinə münasibətdə yaranmış fərqli yanaşma ondan ibarətdir ki, bəzi hüquq tətbiqedənlərin mövqeyinə görə, bu maddə üzrə qanunverici əməlin xüsusi subyekt tərəfindən törədilməsini nəzərdə tutmadığından, həmin əməlin subyekti proses iştirakçıları ilə yanaşı proses iştirakçısı olmayan istənilən digər şəxslər də ola bilər.  

Digər mövqeyə görə, Cinayət Məcəlləsinin 294.3-cü maddəsində qeyd olunan “ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma” cinayətin ümumi subyektinə aid edildikdə, həmin subyekt tərəfindən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət haqqında cinayət işi üzrə sübutların saxtalaşdırılması zamanı məsuliyyət nəzərdə tutulmamış olur. Bu isə cinayət qanunvericiliyində boşluğun əmələ gəlməsinə gətirib çıxarır.

Göstərilənlərə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsi yuxarıda qeyd olunan qanunvericilik normalarının əlaqəli şəkildə şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir. 

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.

Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır (Konstitusiyanın 129-cu maddəsinin III hissəsi).

Konstitusiyanın göstərilən maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar.

Həmin Məcəllənin 28.5-ci maddəsinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)  9.3-cü maddəsi ilə müəyyən edilmişdir ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

İş üzrə məhkəmənin qənaətinin formalaşmasında və hüquqi mübahisənin həllində, yəni ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətdə sübutların əhəmiyyəti nəzərə alınaraq cinayət qanunvericiliyində mülki və cinayət işləri üzrə sübutların saxtalaşdırılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

Cinayət Məcəlləsinin 294.1-ci maddəsinə görə, mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən, həmin Məcəllənin 294.2-ci maddəsinə görə isə cinayət işi üzrə təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi tərəfindən sübutların saxtalaşdırılması cinayət məsuliyyəti yaradır.

Hər iki maddədə nəzərdə tutulmuş cinayətin obyektini məhkəmənin normal fəaliyyəti, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı ictimai münasibətlər təşkil edir.

Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, sübutların saxtalaşdırılması ədalətsiz qərarın qəbul edilməsinə, bununla da məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirilməsinə, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb ola bilər.

Cinayət əməllərinin obyektiv cəhətini sübutların saxtalaşdırılması təşkil edir. Nəzəriyyəyə əsasən, eləcə də məhkəmə təcrübəsində saxtalaşdırmanın həyata keçirilməsinin müxtəlif üsullarına rast gəlinir. Təhlil edilən cinayət əməlinə münasibətdə saxtalaşdırma təqdim olunan sübutların, məsələn, sənədlərin (etibarnamələrin, iltizamların, müqavilələrin, yoxlama aktlarının, ekspert rəylərinin, istintaq hərəkətləri protokollarının və s.) saxta formasını hazırlamaq, belə sənədlərə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etmək və ya yalan məlumatlar əlavə etmək, uydurma maddi sübutların hazırlanması və s. bu kimi hərəkətlər vasitəsilə icra edilə bilər.

Cinayət Məcəlləsinin 294.1, 294.2 və 294.3-cü (digər işlər üzrə sübutların saxtalaşdırılmasının ağır nəticələrə səbəb olması istisna olmaqla) maddələrində nəzərdə tutulmuş cinayətlər formal tərkiblidir. Bu cinayətlər saxtalaşdırılmış sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mülki və cinayət işinə əlavə edildiyi andan başa çatmış hesab edilir.

Subyektiv cəhətdən göstərilən cinayətlər birbaşa qəsdlə törədilir. Təqsirli şəxs mülki və ya cinayət işi üzrə sübutları saxtalaşdırdığını dərk edir və belə əməlin törədilməsini arzu edir.

Cinayətin motivi (tamah və s. şəxsi niyyət) və məqsədi əməlin tövsifinə təsir etmir, çünki onlar maddələrdə cinayət tərkibinin mütləq əlaməti kimi nəzərdə tutulmamışdır. Lakin həmin əlamətlər cəza təyin edilərkən nəzərə alına bilər.

Cinayət Məcəlləsinin 294.1-ci maddəsinin subyekti mülki işdə iştirak edən şəxslər (Mülki Prosessual Məcəllənin 46-cı maddəsi) və məhkəmədə iş aparmaq üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş nümayəndə (Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsi) və qanuni nümayəndə (Mülki Prosessual Məcəllənin 72-ci maddəsi) ola bilər.     

Cinayət Məcəlləsinin 294.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektləri bilavasitə həmin maddənin dispozisiyasında göstərilmişdir. Bu subyektlərə təhqiqatçı, müstəntiq, prokuror və müdafiəçi daxildir.

Beləliklə, Cinayət Məcəlləsinin 294.1 və 294.2-ci maddələrinin dispozisiyalarında sübutların saxtalaşdırılması cinayətinin subyektləri birbaşa və açıq şəkildə müəyyən olunmuşdur.

Bundan fərqli olaraq, Cinayət Məcəlləsinin 294.3-cü maddəsində cinayətin xüsusi subyekti birbaşa müəyyən edilmədən ağır və xüsusi ilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutların saxtalaşdırılmasına, habelə digər işlər üzrə sübutların saxtalaşdırılmasının ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

Müraciətdə də qeyd edildiyi kimi, təcrübədə Cinayət Məcəlləsinin 294.3-cü maddəsində göstərilən cinayət əməlinin subyekti ilə bağlı yaranmış fikir ayrılığı həmin əməlin subyekti kimi Cinayət Məcəlləsinin 294.1 və 294.2-ci maddələrində nəzərdə tutulmuş xüsusi subyektlərin, yaxud ümumi subyekt olaraq 16 yaşına çatmış istənilən şəxsin çıxış edə bilməsi ilə əlaqədardır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin düzgün həlli və Cinayət Məcəlləsinin 294.3-cü maddəsinin tətbiqində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə, Konstitusiyanın və Cinayət Məcəlləsinin bəzi müddəalarının, habelə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərin nəzərdən keçirilməsini zəruri hesab edir.

Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ümumi mənada mövcud hüquqi vəziyyətə dair aydınlığı və müəyyənliyi nəzərdə tutur.  

Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərdən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsin onun hüquq və azadlıqlarının müdafiə olunacaqlarına, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 31 may tarixli Qərarı).

Hüquqi müəyyənlik konstitusiya prinsipinə uyğun olaraq normativ hüquqi aktların və onların struktur elementlərinin forması və mətninə xüsusi tələblər irəli sürülmüşdür.

Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – Konstitusiya Qanunu) 8-ci maddəsində normayaratma fəaliyyətinin əsas prinsipləri sırasında “mütənasiblik”, “normativ hüquqi aktların ziddiyyətsizliyi”, “ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi” kimi prinsiplər yer almışdır.

Bu baxımdan Konstitusiya Qanununun 25.1-ci maddəsinə əsasən, normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır.

Konstitusiya Qanununun 30.1-ci maddəsində müəyyən edilmişdir ki, normativ hüquqi aktın struktur elementləri preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarətdir. Həmin Qanunun 30.6-cı maddəsinə görə isə normativ hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir.

Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,  Cinayət Məcəlləsinin 294.3-cü maddəsi həmin Məcəllənin 294.1 və 294.2-ci maddələri ilə sistemlilik və komplekslilik yaratmaqla, məntiqi baxımından qarşılıqlı uzlaşmış olmaqla məhz ilk iki maddədə müəyyən edilmiş işlər üzrə sübutların saxtalaşdırılması əməlinin tövsifedici əlamətini (ağır və xüsusilə ağır cinayətlər haqqında cinayət işləri üzrə sübutların saxtalaşdırılması, habelə digər işlər üzrə ağır nəticələrə səbəb olma) müəyyən edir.

Lakin Cinayət Məcəlləsinin 294.3-cü maddəsinin mətnində müəyyən qüsurların olması həmin normanın bu məzmunda tətbiqi zamanı qeyri-məyyənliyin yaranmasına səbəb olur. Belə ki, həmin maddənin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın təyin edilməsi imperativ qaydada müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 46-cı maddəsinin tələblərinə görə isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası yalnız dövlət və yerli özünüidarə orqanlarında konkret vəzifə tutan və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olan şəxslər barəsində tətbiq edilir.

Bunu nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, Cinayət Məcəlləsinin 294.3-cü maddəsində nəzərdə tutulan "ağır nəticələrə səbəb olma" tövsifedici əlaməti yalnız cinayət işləri üzrə sübutların saxtalaşdırılması halında keçərlidir. Mülki işlər üzrə sübutların saxtalaşdırılmasına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə növündə cəzanın tətbiqi heç də bütün subyektlərə (məsələn, iddiaçı, cavabdeh və s.) münasibətdə mümkün olmadığından, Cinayət Məcəlləsinin 294.3-cü maddəsi yalnız cinayət işləri üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olmasına görə məsuliyyəti müəyyən edən norma kimi çıxış edir.

Lakin ağır nəticələrin yalnız cinayət işi üzrə deyil, həm də mülki iş üzrə sübutların saxtalaşdırılması nəticəsində yarana bilməsi istisna olunmur. Mülki iş üzrə sübutların saxtalaşdırılmasının ağır nəticələrinə qanunsuz övladlığa götürmə (qəbul etmə), müəssisənin müflis elan edilməsi və s. aid edilir. Belə ağır nəticələrin yüksək ictimai təhlükəlilik dərəcəsinin mütənasib qiymətləndirilməsi isə Cinayət Məcəlləsinin 294.1-ci maddəsinin sanksiyası çərçivəsində mümkün olmadığından, bu əməllər Cinayət Məcəlləsinin 294.3-cü maddəsində nəzərdə tutulmuş tövsifedici hal kimi qəbul edilməsi məqsədə müvafiq olardı.

Qeyd etmək lazımdır ki, digər ölkələrin qanunvericiliyində və təcrübəsində bu məsələ oxşar qaydada tənzimlənmişdir.

Belə ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 303-cü maddəsinin birinci hissəsində mülki, inzibati və inzibati xətalar haqqında işlər üzrə, maddənin ikinci hissəsində cinayət işləri üzrə, həmin maddənin üçüncü hissəsində isə ağır və ya xüsusilə ağır cinayət işləri üzrə sübutların saxtalaşdırılmasına görə, habelə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduğu halda cinayət məsuliyyəti müəyyən edilmişdir.

Rusiya Federasiyasının Ali Məhkəməsi “Ədalət mühakiməsi əleyhinə cinayət işləri üzrə məhkəmə təcrübəsinə dair” 2022-ci il 28 iyun tarixli Qərarının 14-cü bəndində göstərmişdir ki, ağır nəticələrə görə məsuliyyət məhkəmə icraatının növündən asılı olmayaraq yarana bilər.      

Konstitusiya Məhkəməsinin Plenumu isə qeyd edir ki, istənilən subyekt tərəfindən ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olmanı nəzərdə tutan (Cinayət Məcəlləsinin 286-cı maddəsi) ümumi normadan fərqli olaraq, Cinayət Məcəlləsinin 294-cü maddəsi məhz sübutların saxtalaşdırılması əməlini, yəni sübutları təqdim etməyə və ya onları toplamağa prosessual səlahiyyəti olan Məcəllənin 294.2-ci maddəsində nəzərdə tutan şəxslərin hüquqa zidd davranışını nəzərdə tutur.

Həmçinin Cinayət Məcəlləsinin 294.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi subyektlər dairəsinə daxil olmayan şəxslər (zərərçəkmiş, ekspert və s.) tərəfindən cinayət prosesində sübut əhəmiyyətli ola biləcək sənədlərin, əşyaların və s. saxtalaşdırılması üzrə əməllərə görə məsuliyyət müəyyən edən xüsusi normanın (Cinayət Məcəlləsinin 297-ci maddəsi) olması da həmin Məcəllənin 294.3-cü maddəsi üzrə subyektin ümumi deyil, məhz Cinayət Məcəlləsinin 294.2-ci maddəsi ilə müəyyən olunmuş şəxslər olduğunu göstərir.

Beləliklə, sübutların saxtalaşdırılmasına görə Cinayət Məcəlləsinin 294.2-ci maddəsində nəzərdə tutulmayan şəxslərin cinayətin icraçısı qismində həmin Məcəllənin 294.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi həmin maddənin məzmununa və mahiyyətinə uyğun olmamaqla yanaşı, hüququn aliliyinin əsas elementlərindən olan hüquqi müəyyənlik prinsipinə də ziddir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 2012-ci il 10 aprel tarixli Qərarında qeyd etmişdir ki, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının Korbely Macarıstana qarşı iş üzrə 2008-ci il 19 sentyabr tarixli Qərarında (§70) qeyd edilmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən, yalnız qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq normalarının genişləndirici şərh olunması qadağan edilir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin 294.1 və 294.2-ci maddələrində nəzərdə tutulmayan şəxslərin sübutların saxtalaşdırılmasına görə cinayətin icraçısı qismində həmin Məcəllənin 294.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsinə (lex stricta) dair Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsinin və Konvensiyanın 7-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsi və Konvensiyanın 7-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 294.3-cü maddəsi üzrə subyekt qismində həmin Məcəllənin 294.2-ci maddəsi ilə müəyyən edilmiş şəxslər (təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi) çıxış edə bilərlər;

- Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə görə Cinayət Məcəlləsinin 294.3-cü maddəsində tövsifedici əlamət olaraq nəzərdə tutulmuş “ağır nəticələrin” mülki iş üzrə sübutların saxtalaşdırılması nəticəsində də yaranması mümkün olduğu nəzərə alınaraq, Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən həmin maddəyə bu istiqamətdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 7-ci maddəsi baxımından  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3-cü maddəsi üzrə subyekt qismində həmin Məcəllənin 294.2-ci maddəsi ilə müəyyən edilmiş şəxslər (təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi) çıxış edə bilərlər.

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3-cü maddəsində tövsifedici əlamət olaraq nəzərdə tutulmuş “ağır nəticələrin” mülki iş üzrə sübutların saxtalaşdırılması nəticəsində də yaranması mümkün olduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən həmin maddəyə bu istiqamətdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

 

Sədr                                                            Fərhad Abdullayev

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi baxımından şərh edilməsinə dair 01 noyabr 2024-cü il tarixli Qərarından hakim İsa Nəcəfovun

 

Xüsusi rəyi

 

05 noyabr 2024-cü il                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi baxımından şərh edilməsi üzrə Qərarına hörmətlə yanaşaraq, aşağıdakılarla bağlı öz mövqeyimi qeyd etməyi zəruri hesab edirəm.

Müraciətin edilməsinə səbəb olmuş hüquqi fakt ondan ibarətdir ki, A.Qiyasbəyli və qeyriləri hökm və məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraatla bağlı iş üzrə zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin adlarından, guya sonuncuların məhkum V.Əhmədovdan heç bir şikayət və tələbinin olmamasına dair notariat ofisində təsdiq edilməsi görüntüsü yaradan ərizələri kompyuterdə qanunsuz hazırlayıb, zərərçəkmişlərin adından imzalayaraq həmin məlumatları saxta yolla yaradılmış bazaya daxil etməklə saxta ərizə tərtib etmişdir. Daha sonra hazırlanmış saxta sənədlər məhkəməyə təqdim olunmuş və həmin məhkəmənin 23 iyun 2022-ci il tarixli 7(007)-830/2022 nömrəli qərarı ilə məhkum Vüsal Əhmədov cəzadan şərti olaraq 05 ay 29 gün vaxtından əvvəl azad edilmişdir. Bununla da hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraatla bağlı iş üzrə ağır nəticələrə səbəb olan sübutları saxtalaşdırmaqla cinayət törətməyə görə məhkum edilmiş şəxs əsassız olaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

Müraciətdə göstərilir ki, icraatdakı cinayət işi üzrə irəli sürülmüş ittihamlara görə təqsirləndirilən şəxslər hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq ondan istifadə etməklə kompyuter məlumatlarını və hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraatla bağlı iş üzrə ağır nəticələrə səbəb olan sübutları saxtalaşdırmışlar.

Bununla bərabər, iş üzrə təqsirləndirilən şəxslərin heç biri Cinayət Məcəlləsinin 294.1-ci və 294.2-ci maddələrində sadalanan xüsusi subyektlər siyahısına daxil deyillər. Şəxslərin hər hansı biri müvafiq məhkəmə işlərində hər hansı şəkildə iştirak etməmişlər.

İttihamdan göründüyü kimi, təqsirləndirilən şəxslərə eyni bir əmələ görə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırıb qanunsuz hazırlama, bilə-bilə saxta sənədlərdən istifadə etmə və hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraatla bağlı iş üzrə ağır nəticələrə səbəb olan sübutları saxtalaşdırma ittihamları, yəni Cinayət Məcəlləsinin 294.3, 320.1 və 320.2-ci maddələri ilə ittihamlar irəli sürülmüşdür.

Bu ittihamlara görə faktiki olaraq iki və daha çox cinayətin törədilməsi vəziyyətində təqsirləndirilən şəxslərin törətdikləri əməl cinayətlərin ideal məcmusunu yaratmışdır (Cinayət Məcəlləsinin 17.2-ci maddəsi). Amma həmin əməllərin müxtəlif vaxtda və müxtəlif hərəkətlərlə törədildiyi nəzərə alınarsa, bu halda irəli sürülmüş ittihamların cinayətlərin ideal məcmusu anlayışı ilə müqayisəsi ziddiyyətli vəziyyət yaradır.

Digər tərəfdən, Cinayət Məcəlləsinin 294.3-cü maddəsində qeyd olunan “ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma” cinayəti ümumi subyektinə aid edilirsə, o zaman həmin şəxs tərəfindən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət haqqında cinayət işi üzə sübutların saxtalaşdırılması zamanı məsuliyyət nəzərdə tutulmamış olur, bu da Cinayət Qanunda boşluğun əmələ gəlməsi görüntüsü yaradır.

Müraciətdə o da göstərilmişdir ki, “Normativ-hüquqi aktlar haqqında” 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunun 26-cı maddəsinin tələbinə görə, normativ hüquqi aktın mətnində əvvəl ümumi, sonra isə daha konkret müddəalar yerləşdirilir.

Bu baxımdan da Cinayət Məcəlləsinin 294.1 və 294.2-ci maddələri xüsusi subyekti nəzərdə tutursa, həmin Məcəllənin 294.3-cü maddəsində nəzərdə tutulmuş subyektin ümumi subyektə aid olunmasının həm də “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 26-cı maddəsinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalıdır.

Qeyd olunmalıdır ki, Respublikamızda ədalət mühakiməsi demokratik əsaslarla, məhkəmələr, istintaq və təhqiqat orqanları tərəfindən prosessual qanunlarımızın tələb və müddəalarına ciddi əməl etməklə həyata keçirilir.

Cinayət hüquqi müdafiə obyekti kimi ədalət mühakiməsi anlayışı məhkəmələr tərəfindən həyata keçirilən ədalət mühakiməsi anlayışından daha genişdir.

Konstitusiyamızın 7-ci fəslinə əsasən respublikamızda ədalət mühakiməsini məhkəmə hakimiyyəti həyata keçirir (125-ci maddə). Əməliyyat axtarış, təhqiqat və istintaq orqanları isə cinayətlərin açılması, cinayətkarların qanuna müvafiq cəzalandırılması üçün öz səlahiyyətləri dairəsində sübutlar toplayıb, onların qorunmasını təmin edirlər.

Əsaslı və qanuna müvafiq hökmün çıxarılması isə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasından asılıdır.

Cinayət Məcəlləsinin “Ədalət mühakiməsi əleyhinə olan cinayətlər” adlı 32-ci fəslindəki normalarda nəzərdə tutulan cinayət təqibatları, nəinki cinayətkar qəsdlərdən məhkəmənin, təhqiqatın, istintaqın bütün fəaliyyət növlərinin, eləcə də, dövlət hakimiyyət orqanlarının ədalət mühakiməsi sferasındakı fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Başqa sözlə, bu fəsildəki cinayətlər subyektlərinə görə iki növə bölünür: vəzifəli şəxslər tərəfindən törədilən  cinayətlərə və digər şəxslər tərəfindən törədilən cinayətlərə.

CM-nin 294-cü maddəsi sübutların saxtalaşdırılmasına görə cinayət məsuliyyətini müəyyən edən normadır.

Norma yaratma prosesində normativ hüquqi aktın mətnində ümumiləşdirilmiş düşüncələrin ifadə edilməsinə yol verilmir (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun “Normativ hüquqi aktın mətninə dair üslub tədbirləri” adlı 56-cı maddəsi). Cinayət Məcəlləsinin 294.3-cü maddəsinin “digər işlər üzrə” müddəası yuxarıda qeyd etdiyimiz hallara aiddir. Bu isə qanunun tətbiqi prosesində problemlər yaradır.

Məcəllə adi qanun deyildir. O vahid qanun aktı olmaqla, cinayət hüquqi müdafiənin cəmiyyətdə bərqərar olan hüquq və azadlıqların müxtəlif sistemlərinin ümumi toplusunu özündə birləşdirir. CM-nin xüsusi hissəsinin normalarının dispozisiyası konkret müddəalardan ibarət olmalıdır. Bir norma digərinin təkrarı olmamalıdır.

CM-nin 15-ci maddəsi cinayətlərin təsnifatını özündə ehtiva edir. Cinayət əməlləri xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.

Hüquq norması daxili quruluşuna görə üç hissədən ibarətdir – hipoteza, dispozisiya və sanksiya.

Hüquq normasının hansı şərtlərlə tətbiq olunmasının müəyyənləşdirən  hissəsi həmin normanın hipotezası adlanır. Qanunverici orqan normanın hipotezasında bir və ya bir neçə hüquqi faktlar müəyyən edir ki, onların baş verməsi ilə subyektlərin hüquq və vəzifələri meydana gəlir.

CM-nin 294.2-ci maddəsi cinayət işləri üzrə sübutları saxtalaşdırmaq imkanına malik ola biləcək subyektləri sadalayır.

294.3-cü maddəsində qeyd olunan “ağır və ya xüsusilə ağır cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə saxtalaşdırma ağır nəticələrə səbəb olduqda” ifadəsi hipoteza olmaqla, normanın göstərişlərini konkretləşdirir, həmin normanın tətbiq oluna biləcək şərtlərinin dairəsini təsdiqləyir.

Zahirən elə görünür ki, qanunverici 294.2-ci maddəsində “cinayət işləri üzrə” müddəasında bütün növ cinayət əməllərini göstərmişdir. Lakin bu əslində belə deyildir.

Qanunverici 294.3-cü maddəni tərtib etməklə təsdiq etmişdir ki, 294.2-ci maddədəki məsuliyyət böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə adir.

Çünki 294.2-nin sanksiyası 294.3-cü hissəyə nisbətən daha yüngüldür.

Bununla da, 294-cü maddənin 2 və 3-cü hissəsindəki cinayət əməllərinin obyektiv tərəfinin müxtəlifliyi, eləcə də sanksiyaların əməllərə müvafiqliyini müəyyən etməklə subyektlərin eyniliyini göstərir.

Təkrarlıq bir normanın ayrı-ayrı hissə və ya bəndlərində ola bilər. Bunlar da bir-birinə zidd olmamalıdır. Ona görə də CM-nin 294.3-cü maddəsindəki “digər işlər üzrə” müddəası ümumiləşdirilmiş düşüncə ifadəsi olduğundan maddədən çıxarılmalıdır.

Digər tərəfdən, CM-nin 294.3-cü maddəsinin “ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutların saxtalaşdırılması, habelə saxtalaşdırma ağır nəticələrə səbəb olduqda” müddəası, ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimlədiyindən, həmin norma CM-nin 294.2-ci maddəsi ilə funksional əlaqəyə malikdir.

Ona görə də, bu norma, yəni CM-nin 294.3-cü maddəsi mahiyyət etibarı ilə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 26-cı maddəsinin tələblərinə uyğundur.

Həmçinin nəzərə alınmaıdır ki, ədalət mühakiməsinin cinayət hüquqi müdafiəsini təmin edən qanunlardan biri də “Əməliyyat-axtarış fəaliyyəti hqqında” Azərbaycan Respublikasının qanunudur. Bu qanun əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir.

Azərbaycan Respublikası CM-nin 294-cü maddəsinin 2 və 3-cü hissələrinin dispozisiyası Rusiya Federasiyasının CM-nin 303-cü maddəsinin 2 və 3-cü hissələri ilə eynidir.

Lakin 29.11.2012-ci ildə RF CM-nin 303-cü maddəsinə əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin saxtalaşdırılmasına görə məsuliyyət nəzərdə tutan yeni 4-cü hissə əlavə edilmişdir. Həmin Məcəllənin 303.4-cü hissəsində qeyd olunur ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirməyə səlahiyyəti olan şəxs tərəfindən cinayətin törədilməsinə aidiyyatı olmayan şəxs barəsində cinayət təqibini həyata keçirmək və ya şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzuna zərər vurmaq məqsədilə əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin saxtalaşdırılması məsuliyyətə səbəb olur.

Məlum olduğu kimi təhqiqatçı, müstəntiq və prokuror müvafiq təhqiqat orqanına cinayətin açılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq hüququna malikdirlər. Çox hallarda əməliyyatçı tərəfindən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar əsasında təhqiqat aparılır.

Qeyd olunmalıdır ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların düzgün tərtibi və rəsmiləşdirilməsi sonrakı proseslərə, yəni ibtidai araşdırmanın qanuniliyinə və əsaslılığına əhəmiyyətli təsir göstərir.

Məhkəmə təcrübəsinə nəzər saldıqda görürük ki, müəyyən hallarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar əsasında istintaq aparılaraq ittiham elan olunan təqsirləndirilən şəxslər barəsində məhkəmədə bəraət hökmü çıxarılır. Bu da bəzən əməliyyat-axtarış fəaliyyəti nəticəsinin saxtalaşdırılması ilə bağlı olur.

 Buna görə də hesab edirəm ki, müraciətdə bu məsələ qoyulmamış olsa belə, Konstitusiya Məhkəməsi konstitusiya nəzarəti orqanı kimi bu hala hüquqi qiymət verməli və Cinayət Məcəlləsinin 294-cü maddəsinə əməliyyat-axtarış fəaliyyətinin nəticəsini saxtalaşdırmağa görə yuxarıda qeyd edilən məzmunda cinayət məsuliyyətini müəyyən edən normanın əlavə edilməsini qanunverici orqandan tələb etməliydi.

Çünki Konstitusiya Məhkəməsi dövlətin ali qanunu ilə həm milli dövlətçiliyimizi müdafiə etməyə, həm də ki, insan və vətəndaş hüquq və azadlıqlarının keşiyində durmağa müvəkkil olunmuşdur.

  

 

Hakim:                                                                      İsa Nəcəfov