Qərarlar

15.10.24 AR Konstitusiyasının 129-cu maddəsinin I hissəsi baxımından Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinin “İcra haqqında” Qanununun 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

15 oktyabr 2024-cü                                                                                          Bakı  şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov, Fikrət Məmmədov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının, Sumqayıt Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 412.7-ci maddəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Bakı Hərbi Məhkəməsinin 1 may 2023-cü il tarixli icra sənədinə əsasən müsadirə edilməli əmlak, o cümlədən vurulmuş maddi və mənəvi ziyanla bağlı təqsirləndirilən şəxslərdən tutulmalı olan pul vəsaitlərinin və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumlarının məbləği müəyyən edilmişdir.

Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi “İcra haqqında" Qanunun 17.1.7-ci maddəsini rəhbər tutataraq icra sənədi üzrə icraatın dayandırılması barədə 3 avqust 2023-cü il tarixli qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin elektron sistemindən çıxarılmış məlumata əsasən icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarından kassasiya şikayəti Məhkəmənin icraatına daxil olmuş və şikayətə baxılması 18 oktyabr 2023-cü il tarixinə təyin olunmuşdur.

Bakı Hərbi Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərarı ilə S.Hüseynovun ərizəsi təmin edilərək icra sənədi üzrə icraatın dayandırılması barədə qərar Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinə əsasən ləğv edilmişdir.

Sorğuda qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsi ilə məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud kassasiya protestinin verilməsi onların icrasını dayandırmadığından həmin hökm və ya qərara əsasən verilmiş əmlakın alınmasına dair icra sənədləri üzrə icraat dayandırıla bilməz.

Digər tərəfdən “İcra haqqında" Qanunun 17.1.7-ci maddəsində icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması göstərilmişdir.

Belə olan halda məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud kassasiya protesti verildiyi zaman müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının ödənilməsinə dair hissədə onların icrasının dayandırması ilə bağlı fikir ayrılığı mövcuddur.

Göstərilənlərə əsasən, sorğuverən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası qaydalarının dəqiq müəyyən edilməsi, bununla da pozulmuş hüquqların bərpasına yönəlmiş qanunvericilik normalarının vahid qaydada tətbiqinin təmin edilməsi məqsədilə müvafiq maddələrin şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Əsas Qanun insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra – Konstitusiya) hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat hüququ təsbit edilmişdir (26 və 60-cı maddələrin I hissələri).

Məhkəmə müdafiəsi hüququ bir tərəfdən şəxsin həqiqi və ya ehtimal olunan hüquqlarının  pozulması ilə bağlı məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələr tərəfindən həmin müraciətlərə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz, ədalətlə və ağlabatan müddətdə baxılmasını, məhkəmənin və ya icra sənədini verən digər orqanın icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək vəzifəsini nəzərdə tutur.

Konstitusiyanın 129-cu maddəsinin müddəaları məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Həmin maddənin I və II hissələrinə uyğun  olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun  “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin həlli məqsədi ilə məhkəmə hökmünün və ya qərarının qüvvəyə minməsini və icrasını tənzimləyən qanunvericilik normalarının bir daha nəzərdən keçirilməsini zəruri hesab edir.

Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 412.7-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti yaxud kassasiya protestinin verilməsi onların icrasını dayandırmır.

Konstitusiya Məhkəməsi Plenumunun apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüüvvəyə minmə anı ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə mindiyindən, həmin qərardan sonra şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır və həmin şəxsə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 2014-cü il 17 dekabr tarixli Qərar).

Məsələ ilə əlaqədar xarici ölkələrin təcrübəsi araşdırılarkən bir sıra ölkələrdə analoji  normativ tənzimetmənin nəzərdə tutulduğu müəyyən olunmuşdur. Məsələn, Rusiya Federasiyasının cinayət-prosessual qanunvericiliyinə əsasən, apellyasiya instansiyası məhkəməsinin hökmü elan edildiyi andan qanuni qüvvəyə minir. Hökm qanuni qüvvəyə mindiyi və ya cinayət işi apellyasiya instansiyası məhkəməsindən qaytarıldığı gündən 3 gün müddətində birinci instansiya məhkəməsi tərəfindən icra edilməlidir (Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinin 390-cı maddəsi).

Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 488-ci maddəsinə uyğun olaraq, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün şikayətin və ya protestin verilməsi, həmin Məcəllənin 493-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, onların icrasını dayandırmır. Məcəllənin “Hökmün və ya məhkəmə qərarının icrasının dayandırılması” adlanan 493-cü maddəsinə görə Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri, Qazaxıstan Respublikasının Baş Prokuroru işin tələb edilməsi ilə eyni vaxtda hökmün, məhkəmə qərarının icrasını kassasiya qaydasında yoxlanılması üçün onu üç aydan çox olmayan müddətdə dayandırmaq hüququna malikdir.

İnsan Hüquqları üzrə Avopa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə ədalət mühakiməsi araşdırması xəyali hüquqa çevrilir (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar).

Beləliklə məhkəmə hökmünün və ya digər qərarının icraya yönəldilməsinin və icra olunmasının zəruri hüquqi əsası kimi onun qanuni qüvvəyə minməsi çıxış edir.

Qanuni qüvvəyə minmə ilə məhkəmə hökmü məcburilik və icraedilənlik kimi keyfiyyətləri əldə etdiyindən həmin hökm tam həcmdə icraya yönəldilməli və icra edilməlidir. Məhkəmə qərarlarının icrası cinayət prosesinin elə bir mərhələsidir ki, həmin mərhələ qərarın qanuni qüvvəyə minməsi anından başlayır və özündə qərarın icrası ilə əlaqədar qəbul edilən digər prosessual qərarları və hərəkətləri ehtiva edir.

Nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür. Lakin eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qeyri-sabitliyinin konstitusion hüquqi müəyyənlik prinsipinə zidd olduğu və bütövlükdə hüquq sisteminin qeyri-sabitliyinə gətirib çıxardığı da vurğulanmalıdır. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi müstəsna tədbir kimi nəzərdən keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” 2022-ci il 31 avqust tarixli Qərarı).

Cinayət-Prosessual Məcəlləsinin 65.3-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarlarının bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburiliyi məhkəmə hökmünün və digər qərarının kassasiya qaydasında və yeni açılmış hallar üzrə yoxlanılmasına, ləğv edilməsinə və dəyişdirilməsinə mane olmur.

Cinayət-Prosessual Məcəlləsinin 410.1.1-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin yekun qərarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün kifayət qədər uzun müddətlər – müvafiq olaraq bir, üç, altı və on iki aylıq müddətlər müəyyən edilmişdir.

Bu baxımdan məhkəmələrin hökm və ya qərarlarından kassasiya şikayətinin və ya kassasiya protestinin hətta bəzi hallarda on iki ay müddətində verilməsinin mümkün sayılmasını nəzərə alaraq qanunverici məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud kassasiya protestinin verildiyi halda onların icrasının dayandırılmadığını müəyyən etmişdir.

Qeyd edilməlidir ki, baş vermiş cinayət nəticəsində ictimai münasibətlərə əhəmiyyətli dərəcədə zərər vurulur, cəmiyyətin bütövlükdə maraq və mənafeyinə toxunulur və bu səbəbdən də ictimai nizamın bərpa edilməsinin yubadılması yolverilməzdir. Odur ki, cinayət mühakimə icraatında qərarların qeyri-müəyyən müddət ərzində icrasız qalmasının qarşısının alınması məqsədi ilə qanuni qüvvəyə minmiş hökm və ya qərardan kassasiya şikayətinin verilməsinin icranı dayandırmadığı təsbit edilmişdir.

Cinayət-Prosessual Məcəlləsinin 506.0.1-ci maddəsinə uyğun olaraq, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrasının cinayət cəzalarını və cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və orqanlar tərəfindən vaxtında və lazımınca təmin edilməsi üzrə məhkəmələrin vəzifələrindən biri kimi qanuni qüvvəyə minmiş hökmlərin və ya digər yekun qərarların icrası barədə dərhal göstərişin verilməsi müəyyən edilmişdir.

Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 507.1 və 508.1-ci maddələrinə əsasən, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə hakimin göstərişi, bir qayda olaraq, məhkəmənin müvafiq hökmünün və ya qərarının qanuni qüvvəyə mindiyi andan təxirə salınmadan yerinə yetirilir. Müvafiq müəssisə və ya orqanların vəzifəli şəxsləri təxirə salınmadan hökm, yaxud məhkəmənin digər yekun qərarının lazımınca icrasını təmin etməli və onun icraya yönəldilməsi barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər.

Göründüyü kimi Cinayət-Prosessual Məcəlləsində qanuni qüvvəyə minmiş hökm və qərarın istisnasız olaraq dərhal icraya yönəldilməsi və icra olunması müəyyən edilərək hər hansı bir hissənin icrasının dayandırılması ilə bağlı müddəa nəzərdə tutulmamışdır.

Cinayət mühakimə icraatından fərqli olaraq mülki məhkəmə icraatında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında mübahisələndirilməsi həmin məhkəmə aktının icrasının dayandırılması ilə nəticələnir.

Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 393-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 419.4-cü maddəsinə görə isə kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir.

Göründüyü kimi, mülki məhkəmə icraatında apellyasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan deyil, mübahisələndirilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Odur ki, mülki məhkəmə icraatı zamanı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmasını labüd edir.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 22 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərin hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır.

Həmçinin “İcra haqqında” Qanuna 2010-cu il 18 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə 17.1.7-ci maddə əlavə edilmişdir.

Həmin maddəyə görə, icra sənədi üzrə icraatın dayandırılması əsaslarından biri kimi icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması müəyyən edilmişdir.

Əvvəldə də qeyd edildiyi kimi, məhkəmə qətnaməsinin təkzibolunmazlığı və məcburiliyi onun qanuni qüvvəyə minməsi ilə şərtləndirildiyindən Mülki Prosessual Məcəllənin 393-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayətin verildiyi halda  həmin məhkəmə aktı üzrə icra tədbirləri başlanıla və yaxud davam etdirilə bilməz. Mübahisələndirilən məhkəmə aktı qanuni qüvvəsini alanadək və ya mübahisələndirilən iş üzrə başqa qəti qərar (məsələn, kassasiya instansiyası məhkəməsinin yeni qərarı) çıxarılanadək icra tədbirlərinin davam etdirilməsi istisna edilir.

Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlər əldə edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı).

Bu baxımdan,  “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsində əks olunmuş “icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması” müddəası ilə məhz mülki icraat zamanı apellyasiya və kasassiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması nəzərdə tutulmuşdur.

Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumunu onu da qeyd etməyi vacib hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin XIX fəslində əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxsin cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ nəzərdə tutulmuşdur. Belə iddialar həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinə müvafiq olaraq, fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı iki halda mülki iddia verməyə haqlıdır:

- ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;

- ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.

Qanunverici həmçinin, dövlət əmlakının mühafizəsi (dövlət idarə, müəssisə və ya təşkilatının müraciəti olduqda), habelə mülki iddiaçının öz qanuni mənafelərini şəxsən müdafiə etmək imkanı olmadıqda, prokurorun onların hüquqlarının müdafiəsi üçün mülki iddia verərək onu müdafiə etmək imkanını müəyyən etmişdir (Cinayət-Prosessual Məcəlləsinin 181.7-ci maddəsi).

Cinayət mühakimə icraatı zamanı mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri kassasiya şikayəti vermək hüququna malik olan şəxslərin sırasına aid edilmişdir (Cinayət-Prosessual Məcəlləsinin 409.1.3-cü maddəsi).

Lakin, yuxarıda qeyd edildiyi kimi, mülki məhkəmə icraatından fərqli olaraq cinayət mühakimə icraatı zamanı mülki iddiaçı və ya cavabdeh tərəfindən vurulmuş ziyana görə kassasiya şikayətinin verilməsi icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmasına səbəb olmur.

Vurulmuş maddi ziyanla bağlı fiziki və ya hüquqi şəxsin kassasiya şikayəti ilə məhkəməyə müraciət etdiyi hallarda cinayət mühakimə və mülki məhkəmə icraatlarında məhkəmə qərarlarının icrası ilə bağlı fərqli qaydaların müəyyən edilməsi mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla yanaşı, həmin şəxslərin icraatdan asılı olaraq mülkiyyət hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırır.

Konstitusiyanın 71-ci maddəsinin I və II hissələrinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Konstitusiyanın 149-cu maddəsinin I və III hissələrinə uyğun olaraq, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır.

Məhkəmə icraatı  və məhkəmə qərarlarının icrası məsələlərinə dair ümumi qaydaların müəyyən edilməsi  Konstitusiyanın 94-cü maddəsinin  I hissəsinin  6-cı bəndi baxımından qanunvericinin diskresion səlahiyyətlərinə aiddir. Bu sahədə o, geniş mülahizə sərbəstliyinə malikdir.

Bununla belə, qanunvericinin qeyd edilən mülahizə sərbəstliyi hədsiz deyil və Konstitusiyada təsbit olunmuş tələblərə, o cümlədən normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 149-cu maddəsinin I və III hissələrinin tələblərinə müvafiq olaraq mülki iddiaçının və ya cavabdehin qanuni mənafeləri, habelə dövlət əmlakının mühafizəsi baxımından (prokurora dövlət idarə, müəssisə və ya təşkilatının müraciəti olduqda) Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinin bu Qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsi mülki məhkəmə icraatının xüsusiyyətlərindən irəli gələrək məhz mülki icraat zamanı icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması halını müəyyən edir;

-   Konstitusiyanın 149-cu maddəsinin I və III hissələrinin tələblərinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, cinayət mühakimə icraatı zamanı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və ya digər qərarının mülki iddiaya aid hissəsindən kassasiya şikayətinin verildiyi halda onun icrasının dayandırılması məsələsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi mülki məhkəmə icraatının xüsusiyyətlərindən irəli gələrək məhz mülki icraat zamanı icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması halını müəyyən edir.

2. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I və III hissələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, cinayət mühakimə icraatı zamanı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və ya digər qərarının mülki iddiaya aid hissəsindən kassasiya şikayətinin verildiyi halda onun icrasının dayandırılması məsələsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                              Fərhad Abdullayev