AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 129-cu
maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 412.7-ci maddəsinin “İcra haqqında” Azərbaycan Respublikası
Qanununun 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
15 oktyabr
2024-cü Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov, Fikrət Məmmədov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 129-cu
maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
412.7-ci maddəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci
maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası
Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini,
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Bakı
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının, Sumqayıt Apellyasiya Məhkəməsinin
və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq
elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Azərbaycan
Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan
sonra – Cinayət-Prosessual Məcəlləsi) 412.7-ci maddəsinin “İcra
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında”
Qanun) 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Sorğuda göstərilmişdir
ki, Bakı Hərbi Məhkəməsinin 1 may 2023-cü il tarixli icra sənədinə əsasən
müsadirə edilməli əmlak, o cümlədən vurulmuş maddi və mənəvi ziyanla bağlı təqsirləndirilən
şəxslərdən tutulmalı olan pul vəsaitlərinin və iddianın təmin edilmiş hissəsinə
mütənasib olaraq dövlət rüsumlarının məbləği müəyyən edilmişdir.
Bakı şəhəri Nərimanov
Rayon İcra Şöbəsi “İcra haqqında" Qanunun 17.1.7-ci maddəsini rəhbər
tutataraq icra sənədi üzrə icraatın dayandırılması barədə 3 avqust 2023-cü il
tarixli qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan
Respublikası Ali Məhkəməsinin elektron sistemindən çıxarılmış məlumata əsasən
icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərarından kassasiya şikayəti Məhkəmənin
icraatına daxil olmuş və şikayətə baxılması 18 oktyabr 2023-cü il tarixinə təyin
olunmuşdur.
Bakı Hərbi Məhkəməsinin
20 oktyabr 2023-cü il tarixli qərarı ilə S.Hüseynovun ərizəsi təmin edilərək
icra sənədi üzrə icraatın dayandırılması barədə qərar Cinayət-Prosessual Məcəlləsinin
412.7-ci maddəsinə əsasən ləğv edilmişdir.
Sorğuda qeyd
edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsi ilə məhkəmənin
qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud kassasiya
protestinin verilməsi onların icrasını dayandırmadığından həmin hökm və ya qərara
əsasən verilmiş əmlakın alınmasına dair icra sənədləri üzrə icraat dayandırıla
bilməz.
Digər tərəfdən “İcra haqqında" Qanunun 17.1.7-ci maddəsində icraatda
olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və
kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi
üzrə icraatın məcburi olaraq dayandırılması göstərilmişdir.
Belə olan halda məhkəmənin
qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya
şikayəti, yaxud kassasiya protesti verildiyi zaman müsadirə edilməsi,
dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs
qoyulması ilə vurulmuş əmlak ziyanının ödənilməsinə dair hissədə onların
icrasının dayandırması ilə bağlı fikir ayrılığı mövcuddur.
Göstərilənlərə əsasən,
sorğuverən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası qaydalarının dəqiq
müəyyən edilməsi, bununla da pozulmuş hüquqların bərpasına yönəlmiş
qanunvericilik normalarının vahid qaydada tətbiqinin təmin edilməsi məqsədilə
müvafiq maddələrin şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
Əsas Qanun insan və
vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və
müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.
Azərbaycan
Respublikasının Konstitusiyasında (bundan sonra – Konstitusiya) hər kəsin
qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını
müdafiə etmək hüququ, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə
müdafiəsinə təminat hüququ təsbit edilmişdir (26 və 60-cı maddələrin I hissələri).
Məhkəmə müdafiəsi
hüququ bir tərəfdən şəxsin həqiqi və ya ehtimal olunan
hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmək hüququnu,
digər tərəfdən isə məhkəmələr tərəfindən həmin müraciətlərə müvafiq surətdə müəyyən
edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz, ədalətlə və
ağlabatan müddətdə baxılmasını, məhkəmənin və ya icra sənədini verən digər
orqanın icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək vəzifəsini
nəzərdə tutur.
Konstitusiyanın
129-cu maddəsinin müddəaları məhkəmə müdafiəsi hüququnun təmin edilməsi
baxımından böyük əhəmiyyət kəsb edir. Həmin maddənin I və II hissələrinə
uyğun olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından
çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması
qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Qanuni
qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib
hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş
məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi
hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz
edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan
Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci
il 2 sentyabr tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin
Plenumu sorğuda qaldırılan məsələnin həlli məqsədi ilə məhkəmə hökmünün və ya qərarının
qüvvəyə minməsini və icrasını tənzimləyən qanunvericilik normalarının bir daha
nəzərdən keçirilməsini zəruri hesab edir.
Cinayət-Prosessual Məcəlləsinin
407.2-ci maddəsinə uyğun olaraq, apellyasiya
instansiyası məhkəməsinin yekun qərarı elan
olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin
412.7-ci maddəsinə əsasən, məhkəmənin qanuni
qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti yaxud kassasiya
protestinin verilməsi onların icrasını dayandırmır.
Konstitusiya Məhkəməsi
Plenumunun apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüüvvəyə minmə
anı ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin
yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə mindiyindən, həmin
qərardan sonra şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin
residivini yaradır və həmin şəxsə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir
(“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh
edilməsinə dair” 2014-cü il 17 dekabr tarixli Qərar).
Məsələ ilə əlaqədar
xarici ölkələrin təcrübəsi araşdırılarkən bir sıra ölkələrdə
analoji normativ tənzimetmənin nəzərdə tutulduğu müəyyən olunmuşdur.
Məsələn, Rusiya Federasiyasının cinayət-prosessual qanunvericiliyinə əsasən,
apellyasiya instansiyası məhkəməsinin hökmü elan edildiyi andan qanuni qüvvəyə
minir. Hökm qanuni qüvvəyə mindiyi və ya cinayət işi apellyasiya instansiyası məhkəməsindən
qaytarıldığı gündən 3 gün müddətində birinci instansiya məhkəməsi tərəfindən
icra edilməlidir (Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinin 390-cı
maddəsi).
Qazaxıstan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 488-ci maddəsinə uyğun olaraq,
qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün şikayətin və ya
protestin verilməsi, həmin Məcəllənin 493-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla, onların icrasını dayandırmır. Məcəllənin “Hökmün və ya məhkəmə
qərarının icrasının dayandırılması” adlanan 493-cü maddəsinə görə Qazaxıstan
Respublikası Ali Məhkəməsinin sədri, Qazaxıstan Respublikasının Baş Prokuroru
işin tələb edilməsi ilə eyni vaxtda hökmün, məhkəmə qərarının icrasını
kassasiya qaydasında yoxlanılması üçün onu üç aydan çox olmayan müddətdə
dayandırmaq hüququna malikdir.
İnsan Hüquqları üzrə
Avopa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair
mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən
birinin ziyanına olaraq icra edilmədikdə ədalət mühakiməsi araşdırması xəyali
hüquqa çevrilir (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19
mart tarixli Qərar).
Beləliklə məhkəmə
hökmünün və ya digər qərarının icraya yönəldilməsinin və icra olunmasının zəruri
hüquqi əsası kimi onun qanuni qüvvəyə minməsi çıxış edir.
Qanuni qüvvəyə minmə
ilə məhkəmə hökmü məcburilik və icraedilənlik kimi keyfiyyətləri əldə etdiyindən
həmin hökm tam həcmdə icraya yönəldilməli və icra edilməlidir. Məhkəmə qərarlarının
icrası cinayət prosesinin elə bir mərhələsidir ki, həmin mərhələ qərarın qanuni
qüvvəyə minməsi anından başlayır və özündə qərarın icrası ilə əlaqədar qəbul
edilən digər prosessual qərarları və hərəkətləri ehtiva edir.
Nəzərə alınmalıdır
ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib
edilə də bilər. Çünki onun əlavə kassasiya və ya yeni açılmış hallar üzrə
araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq
instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür. Lakin
eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qeyri-sabitliyinin
konstitusion hüquqi müəyyənlik prinsipinə zidd olduğu və bütövlükdə hüquq
sisteminin qeyri-sabitliyinə gətirib çıxardığı da vurğulanmalıdır. Ona görə də
qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi müstəsna tədbir kimi nəzərdən
keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair”
2022-ci il 31 avqust tarixli Qərarı).
Cinayət-Prosessual Məcəlləsinin
65.3-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə
minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarlarının bütün
dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburiliyi məhkəmə hökmünün və
digər qərarının kassasiya qaydasında və yeni açılmış hallar üzrə
yoxlanılmasına, ləğv edilməsinə və dəyişdirilməsinə mane olmur.
Cinayət-Prosessual Məcəlləsinin
410.1.1-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin yekun qərarından
kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün kifayət qədər
uzun müddətlər – müvafiq olaraq bir, üç, altı və on iki aylıq müddətlər müəyyən
edilmişdir.
Bu baxımdan məhkəmələrin
hökm və ya qərarlarından kassasiya şikayətinin və ya kassasiya protestinin hətta
bəzi hallarda on iki ay müddətində verilməsinin mümkün sayılmasını nəzərə
alaraq qanunverici məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından
kassasiya şikayəti, yaxud kassasiya protestinin verildiyi halda onların
icrasının dayandırılmadığını müəyyən etmişdir.
Qeyd edilməlidir ki,
baş vermiş cinayət nəticəsində ictimai münasibətlərə əhəmiyyətli dərəcədə zərər
vurulur, cəmiyyətin bütövlükdə maraq və mənafeyinə toxunulur və bu səbəbdən də
ictimai nizamın bərpa edilməsinin yubadılması yolverilməzdir. Odur ki, cinayət
mühakimə icraatında qərarların qeyri-müəyyən müddət ərzində icrasız qalmasının
qarşısının alınması məqsədi ilə qanuni qüvvəyə minmiş hökm və ya qərardan
kassasiya şikayətinin verilməsinin icranı dayandırmadığı təsbit edilmişdir.
Cinayət-Prosessual Məcəlləsinin
506.0.1-ci maddəsinə uyğun olaraq, hökm və ya məhkəmənin digər yekun qərarlarının
icrasının cinayət cəzalarını və cinayət-hüquqi xarakterli digər tədbirləri icra
edən müəssisə və orqanlar tərəfindən vaxtında və lazımınca təmin edilməsi üzrə
məhkəmələrin vəzifələrindən biri kimi qanuni qüvvəyə minmiş hökmlərin və ya digər
yekun qərarların icrası barədə dərhal göstərişin verilməsi müəyyən edilmişdir.
Həmçinin Cinayət-Prosessual
Məcəlləsinin 507.1 və 508.1-ci maddələrinə əsasən, hökmün və ya məhkəmənin digər
yekun qərarının icrası barədə hakimin göstərişi, bir qayda olaraq, məhkəmənin
müvafiq hökmünün və ya qərarının qanuni qüvvəyə mindiyi andan təxirə salınmadan
yerinə yetirilir. Müvafiq müəssisə və ya orqanların vəzifəli şəxsləri təxirə
salınmadan hökm, yaxud məhkəmənin digər yekun qərarının lazımınca icrasını təmin
etməli və onun icraya yönəldilməsi barədə göstəriş vermiş hakimə dərhal məlumat
verməlidirlər.
Göründüyü kimi Cinayət-Prosessual
Məcəlləsində qanuni qüvvəyə minmiş hökm və qərarın istisnasız olaraq dərhal
icraya yönəldilməsi və icra olunması müəyyən edilərək hər hansı bir hissənin
icrasının dayandırılması ilə bağlı müddəa nəzərdə tutulmamışdır.
Cinayət mühakimə
icraatından fərqli olaraq mülki məhkəmə icraatında apellyasiya instansiyası məhkəməsinin
qətnaməsinin kassasiya qaydasında mübahisələndirilməsi həmin məhkəmə aktının
icrasının dayandırılması ilə nəticələnir.
Belə ki, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
393-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən
şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada
verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Mülki Prosessual Məcəllənin
419.4-cü maddəsinə görə isə kassasiya instansiyası məhkəməsinin qərarı qəbul
edildiyi andan qüvvəyə minir.
Göründüyü kimi,
mülki məhkəmə icraatında apellyasiya instansiyası məhkəməsinin qərarı qəbul
edildiyi andan deyil, mübahisələndirilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə
rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Odur
ki, mülki məhkəmə icraatı zamanı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən
kassasiya şikayətinin verilməsi icra sənədi üzrə icraatın məcburi olaraq
dayandırılmasını labüd edir.
Nəzərə alınmalıdır
ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının 2009-cu il 26 may tarixli Qanununun tətbiq edilməsi barədə”
2009-cu il 22 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərin
hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara
alınmışdır.
Həmçinin “İcra
haqqında” Qanuna 2010-cu il 18 iyun tarixli Azərbaycan Respublikasının
Qanunu ilə 17.1.7-ci maddə əlavə
edilmişdir.
Həmin maddəyə görə,
icra sənədi üzrə icraatın dayandırılması əsaslarından biri kimi icraatda olan
iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya
şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması müəyyən edilmişdir.
Əvvəldə də qeyd
edildiyi kimi, məhkəmə qətnaməsinin təkzibolunmazlığı və məcburiliyi onun
qanuni qüvvəyə minməsi ilə şərtləndirildiyindən Mülki Prosessual Məcəllənin
393-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin
qətnaməsindən şikayətin verildiyi halda həmin məhkəmə aktı üzrə icra
tədbirləri başlanıla və yaxud davam etdirilə bilməz. Mübahisələndirilən məhkəmə
aktı qanuni qüvvəsini alanadək və ya mübahisələndirilən iş üzrə başqa qəti qərar
(məsələn, kassasiya instansiyası məhkəməsinin yeni qərarı) çıxarılanadək icra tədbirlərinin
davam etdirilməsi istisna edilir.
Qanuni qüvvəyə
minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan
faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin
tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva
edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün
müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı
təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlər əldə edir
(Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6
iyun tarixli Qərarı).
Bu
baxımdan, “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsində əks olunmuş
“icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və
kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması” müddəası
ilə məhz mülki icraat zamanı apellyasiya və kasassiya şikayətinin müvafiq məhkəmələrin
icraatına qəbul olunması nəzərdə tutulmuşdur.
Göstərilənlərlə
yanaşı, Konstitusiya Məhkəməsinin Plenumunu onu da qeyd etməyi vacib hesab edir
ki, Cinayət Prosessual Məcəlləsinin XIX fəslində əmlakına
vurulmuş ziyana görə fiziki və hüquqi şəxsin cinayət mühakimə icraatı zamanı
mülki iddia vermək hüququ nəzərdə tutulmuşdur. Belə iddialar həmin Məcəllənin
müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki
qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul
edilir.
Cinayət-Prosessual Məcəlləsinin
181-ci maddəsinə müvafiq olaraq, fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı
zamanı iki halda mülki iddia verməyə haqlıdır:
- ziyan bilavasitə
cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;
- ziyan cinayət
qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.
Qanunverici həmçinin,
dövlət əmlakının mühafizəsi (dövlət idarə, müəssisə və ya təşkilatının
müraciəti olduqda), habelə mülki iddiaçının öz qanuni mənafelərini şəxsən
müdafiə etmək imkanı olmadıqda, prokurorun onların hüquqlarının müdafiəsi üçün
mülki iddia verərək onu müdafiə etmək imkanını müəyyən etmişdir (Cinayət-Prosessual
Məcəlləsinin 181.7-ci maddəsi).
Cinayət mühakimə
icraatı zamanı mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və
ya nümayəndələri kassasiya şikayəti vermək hüququna malik olan şəxslərin
sırasına aid edilmişdir (Cinayət-Prosessual Məcəlləsinin 409.1.3-cü maddəsi).
Lakin, yuxarıda qeyd
edildiyi kimi, mülki məhkəmə icraatından fərqli olaraq cinayət mühakimə icraatı
zamanı mülki iddiaçı və ya cavabdeh tərəfindən vurulmuş ziyana görə kassasiya
şikayətinin verilməsi icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmasına
səbəb olmur.
Vurulmuş maddi
ziyanla bağlı fiziki və ya hüquqi şəxsin kassasiya şikayəti ilə məhkəməyə
müraciət etdiyi hallarda cinayət mühakimə və mülki məhkəmə icraatlarında məhkəmə
qərarlarının icrası ilə bağlı fərqli qaydaların müəyyən edilməsi mülki dövriyyə
iştirakçılarının maraqlarına zidd olmaqla yanaşı, həmin şəxslərin icraatdan
asılı olaraq mülkiyyət hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırır.
Konstitusiyanın
71-ci maddəsinin I və II hissələrinə görə, Konstitusiyada təsbit edilmiş insan
və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Konstitusiyanın
149-cu maddəsinin I və III hissələrinə uyğun olaraq, normativ hüquqi aktlar
hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı,
qanunlar Konstitusiyaya zidd olmamalıdır.
Məhkəmə
icraatı və məhkəmə qərarlarının icrası məsələlərinə dair ümumi
qaydaların müəyyən edilməsi Konstitusiyanın 94-cü maddəsinin I
hissəsinin 6-cı bəndi baxımından qanunvericinin diskresion səlahiyyətlərinə
aiddir. Bu sahədə o, geniş mülahizə sərbəstliyinə malikdir.
Bununla belə,
qanunvericinin qeyd edilən mülahizə sərbəstliyi hədsiz deyil və Konstitusiyada
təsbit olunmuş tələblərə, o cümlədən normativ hüquqi aktların hüquqa və haqq-ədalətə
(bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd
olmaması tələblərinə uyğun həyata keçirilməlidir.
Bu baxımdan
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 149-cu maddəsinin
I və III hissələrinin tələblərinə müvafiq olaraq mülki iddiaçının və ya
cavabdehin qanuni mənafeləri, habelə dövlət əmlakının mühafizəsi baxımından
(prokurora dövlət idarə, müəssisə və ya təşkilatının müraciəti olduqda) Cinayət-Prosessual
Məcəlləsinin 412.7-ci maddəsinin bu Qərarda əks olunan hüquqi mövqelər nəzərə
alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə
edilməlidir.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- “İcra haqqında”
Qanunun 17.1.7-ci maddəsi mülki məhkəmə icraatının xüsusiyyətlərindən irəli gələrək məhz mülki icraat zamanı icra
sənədi üzrə icraatın məcburi olaraq dayandırılması halını müəyyən edir;
- Konstitusiyanın
149-cu maddəsinin I və III hissələrinin tələblərinə və bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, cinayət mühakimə icraatı
zamanı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və ya
digər qərarının mülki iddiaya aid hissəsindən kassasiya şikayətinin verildiyi
halda onun icrasının dayandırılması məsələsinin tənzimlənməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun
17.1.7-ci maddəsi mülki məhkəmə icraatının xüsusiyyətlərindən irəli gələrək məhz
mülki icraat zamanı icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması
halını müəyyən edir.
2. Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin I və III hissələrinin tələblərinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, cinayət mühakimə icraatı
zamanı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və ya
digər qərarının mülki iddiaya aid hissəsindən kassasiya şikayətinin verildiyi
halda onun icrasının dayandırılması məsələsinin tənzimlənməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz.
Sədr
Fərhad
Abdullayev