Qərarlar

25.09.23 Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair



AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

25 sentyabr 2023-cü il                                                                                                            Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq)  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, alternativ tərkibli uzanan cinayətlərin törədilməsi ilə əlaqədar onların başa çatdığı yer baxımından cinayət işlərinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinin “cinayətin başa çatdığı yer” müddəasının, o cümlədən cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan, bir icraatda birləşdirilmiş cinayət işlərinin yurisdiksiya baxımından hansı ağır cinayətlər məhkəməsinə aid olması ilə bağlı həmin Məcəllənin 74.5-ci maddəsində qeyd edilən “ağır cinayətlər məhkəməsində” müddəasının, habelə ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı həmin Məcəllənin 74.8-ci maddəsinin şərh edilməsinə zərurət var.

Sorğuda cinayət mühakimə icraatının əsas prinsiplərindən biri olan məhkəmə aidiyyətinə əməl olunması prinsipinə toxunularaq qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.

Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir.

Sorğuverən göstərmişdir ki, məhkəmələr tərəfindən hazırlıq iclasında cinayət işlərinin ərazi üzrə məhkəmə aidiyyəti məsələlərinin həll edilməsi təcrübəsi təhlil edilərkən müəyyən edilmişdir ki, hazırlıq iclaslarında məhkəmə aidiyyəti məsələlərinə baxılarkən eyni xarakterli işlər üzrə fərqli hüquqi mövqelər sərgilənir. Bu isə öz növbəsində bir sıra konstitusion prinsiplərin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində əksini tapan hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulması ilə nəticələnə bilər.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Lakin, qüvvədə olan cinayət-prosessual qanunvericiliyində həmin qaydada birləşdirilmiş cinayət işlərinin məhkəmə aidiyyətinin məhz ağır cinayətlər kateqoriyasına aid olan cinayətin törədildiyi yer üzrə, yaxud ağır cinayətlər kateqoriyasına aid olmasa da, törədildiyi tarix baxımından daha sonra törədilmiş cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsinə aid olması ilə bağlı tənzimetmə öz əksini tapmamışdır.

Sorğuda məhkəmələr tərəfindən alternativ tərkibli uzanan cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti məsələsi həll edilərkən eyni qəbildən olan cinayətlər üzrə biri digərinə zidd olan hüquqi mövqelərin nümayiş etdirildiyi də vurğulanmışdır.

Sorğuda o da bildirilir ki, məhkəmə təcrübəsində ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı aparılan iki və ya daha çox epizodlu cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı da fərqli mövqelər sərgilənir.

Bəzi hallarda Cinayət-Prosessual Məcəlləsinin 74.8-ci maddəsi əsas götürülməklə ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında istintaqı tamamlanan cinayət işlərinə həmin qurumların yerləşdiyi inzibati ərazi vahidi üzrə fəaliyyət göstərən məhkəmələrdə baxılır. Bir sıra hallarda isə həmin məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilməklə cinayət işləri cinayət hadisəsinin törədildiyi inzibati ərazi vahidi üzrə fəaliyyət göstərən məhkəmələrə göndərilir.

Göstərilənlərə əsasən Prokurorluq təcrübədə yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması, qeyd olunan hallar üzrə məhkəmə aidiyyəti ilə bağlı vahid mövqenin formalaşdırılması, bununla da hüquqi müəyyənlik və Konstitusiyada təsbit olunmuş məhkəmə aidiyyətinin dəyişdirilməsinin yolverilməzliyi prinsiplərinin təmin olunması məqsədilə Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərin həlli üçün  Cinayət-Prosessual Məcəlləsinin məhkəmə aidiyyəti ilə bağlı normalarının məqsədini, o cümlədən uzanan cinayətlərin hüquqi mahiyyəti və əlamətlərinin bir daha nəzərdən keçirilməsini vacib hesab edir.

Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında formalaşdırdığı hüquqi  mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

Qanunvericiliyə əsasən məhkəmə aidiyyəti üç prinsip - ərazi üzrə məhkəmə aidiyyəti, predmet üzrə məhkəmə aidiyyəti, həmçinin şəxsi aidiyyət prinsipləri əsasında müəyyən edilir. Bu prinsiplər müstəsna və ya elektiv (seçimli) qaydada tətbiq olunur.

Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsində təsbit olunmuş ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır.

Sorğuda qaldırılan alternativ tərkibli uzanan cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilməlidir ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan cinayətləri digər cinayətlərdən fərqləndirmir, onların anlayışını vermir və bu cinayətlər üzrə müddətin hesablanmasına dair xüsusi müddəalar nəzərdə tutmur. Lakin qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır  (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarları).

Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırdığı hüquqi mövqeyə görə, uzanan cinayət - konkret cinayətdir və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) bir maddəsi ilə tövsif olunur. Uzanan cinayət əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir.

Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsi bu məsələyə münasibətdə qanunvericinin yanaşmasını əks etdirməklə, uzanan cinayətin başa çatdığı yeri onun törədildiyi yer hesab edir və bu əməllərin törədildiyi yeri onun törədilmə vaxtı (başa çatması anı) ilə əlaqələndirir.

Qeyd olunmalıdır ki, hüquqi cəhətdən cinayətin başa çatmaş hesab edilməsi üçün təqsirli şəxsin əməlində Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş konkret cinayətin tərkib əlamətlərinin olması kifayətdir. Lakin uzanan cinayət faktiki cəhətdən Cinayət Məcəlləsi ilə qorunan obyektə yönəlmiş qəsdin ya təqsirli şəxsin iradəsi ilə, ya da iradəsindən kənar müdaxilə nəticəsində son qoyulduğu anda bitir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin  18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında uzanan cinayətin əlamətlərini və bütün elementlərini vurğulayaraq qeyd etmişdir ki, uzanan cinayət əməli (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və onu törədən şəxsin özünün cinayətin qarşısını almağa yönəlmiş hərəkəti və ya cinayətin törədilməsinə əngəl yaradan hadisələrin (məsələn, hakimiyyət orqanlarının müdaxiləsi) baş verməsi nəticəsində başa çatır.

Alternativ əlamətli cinayət tərkiblərinə gəldikdə isə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsində belə obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, uzanan cinayət bir məhkəmənin yurisdiksiyasına aid olan yerdə başlayıb, başqa məhkəmənin yurisdiksiyası daxilində bitibsə, cinayət işinə cinayətin bitdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Alternativ tərkibli uzanan cinayətlərə gəldikdə isə qeyd olunmalıdır ki, belə tərkibli cinayətlərin obyektiv cəhətini təşkil edən alternativ hərəkətlərdən hər hansı birinə yol verildiyi anda hüquqi cəhətdən cinayət baş vermiş hesab edilsə də, məhkəmə aidiyyəti məsələsinə münasibətdə cinayətə son qoyulma yeri faktiki cəhətdən cinayətin başa çatdığı yer hesab olunmalı və cinayət işinə həmin yerin məhkəməsi tərəfindən baxılmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu birləşdirilmiş cinayət işlərinin yurisdiksiya baxımından hansı ağır cinayətlər məhkəməsinə aid olması ilə bağlı sorğuda qaldırılan digər məsələyə dair qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Bu maddə ağır cinayət kateqoriyasına aid olmayan cinayət işi ilə ağır cinayət işini fərqləndirir. Belə ki, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digər isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinin ixtisaslı baxışdan keçməsini təmin etmək məqsədilə, predmet məhkəmə aidiyyəti prinsipinə uyğun olaraq ağır cinayətlər məhkəməsində baxışına üstünlük verilir.

Vurğulanmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsi müxtəlif səlahiyyətli birinci instansiya məhkəmələrinə aid olan bir neçə işin bir icraatda birləşdirilməsi zamanı məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələlərini tənzimləyir. Həmin norma cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılmasını imperativ qaydada müəyyən etmişdir. Belə vəziyyətdə məhkəmə aidiyyətini ağır cinayət (o cümlədən, onun törədildiyi yer) şərtləndirdiyindən, cinayət işinə məhz ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. Cinayət işinə axırıncı törədilmiş, lakin ağır olmayan cinayətin törədilmə yeri üzrə ağır cinayətlər məhkəməsində baxılması Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinin pozulmasına səbəb olar və ağır cinayətlər məhkəməsinin onun yurisdiksiyasından kənarda baş vermiş cinayətə dair işə baxması ilə nəticələnər.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hər bir ağır cinayətlər məhkəməsinə onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir.

Əgər bir icraatda birləşdirilmiş müxtəlif yurisdiksiyalarda baş vermiş cinayətlərə dair işlər eyni səviyyəli birinci instansiya məhkəmələrinə, məsələn hər biri ağır cinayətlər məhkəməsinə aiddirsə, məhkəmə aidiyyəti məsələsi Cinayət-Prosessual Məcəlləsinin 74.8-ci maddəsində təsbit edilmiş qaydaya müvafiq surətdə həll edilməli, yəni cinayət işinə məhkəməyədək icraatın başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Həmin maddəyə əsasən, eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, cinayətlər müxtəlif inzibati ərazi vahidlərində törədildikdə, cinayət işinə istintaqı aparılan cinayətlərin əksəriyyətinin və ya ən ağırının törədildiyi yer üzrə  məhkəmə baxır. Qanunverici ibtidai araşdırma və məhkəmə icraatının məhz cinayətin törədildiyi yer üzrə həyata keçirilməsini müəyyən etməklə sübutların sürətli, tam şəkildə əldə olunması və yoxlanılmasını təmin etmək, nəticədə cinayət mühakimə icraatının vəzifələrinin icrasına nail olmaq məqsədini güdmüşdür.

Beləliklə, cinayət-prosessual qanunvericiliyi ilə tənzimlənən ərazi üzrə məhkəmə aidiyyəti prosessual qənaət prinsipinə riayət edilməsini təmin etməklə məhkəmə icraatının rahat və səmərəli olmasına, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, yəni yüksək nəticənin minimum vasitələrlə daha qısa müddətdə əldə edilməsinə xidmət edir.

Sorğuda qaldırılan, yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşmayan ibtidai istintaq orqanı tərəfindən aparılmış işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsi ilə əlaqədar qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin müvafiq normaları, xüsusilə 216.1 və 74.8-ci maddələri yalnız yurisdiksiyası müvafiq inzibati ərazi vahidinə şamil edilən cinayət təqibi orqanları ilə bağlı tənzimetməni nəzərdə tutur, yurisdiksiyası daha geniş olan orqanlarla bağlı isə aidiyyət məsələlərini birbaşa tənzimləmir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müxtəlif yurisdiksiyalarda baş vermiş cinayətlərə dair işlər üzrə məhkəməyədək icraat yurisdiksiyası bütün ölkənin ərazisinə şamil olunan orqan tərəfindən tamamlandıqda, məhkəməyədək icraat bu inzibati ərazi vahidlərinin hər birində başa çatdırılmış sayıla və iş baxılması üçün cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə məhkəməyə göndərilə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 62-ci maddəsinin tələblərini rəhbər tutaraq aşağıdakı nəticələrə gəlir:

- Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə uyğun olaraq, alternativ tərkibli uzanan cinayətlərə dair işə cinayətə son qoyulduğu yerin yurisdiksiyasına aid olan məhkəmələr tərəfindən baxılmalıdır;

- Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır;

- ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə uyğun olaraq, alternativ tərkibli uzanan cinayətlərə dair işə cinayətə son qoyulduğu yerin yurisdiksiyasına aid olan məhkəmələr tərəfindən baxılmalıdır.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır.

3. Ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                             Fərhad Abdullayev