AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R
A R I
Azərbaycan
Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair
25 sentyabr
2023-cü il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim),
Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında
Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci
maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Azərbaycan
Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mütəxəssis
mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual
Məcəlləsi) 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Sorğuda
göstərilmişdir ki, alternativ tərkibli uzanan cinayətlərin törədilməsi ilə əlaqədar
onların başa çatdığı yer baxımından cinayət işlərinin məhkəmə aidiyyətinin müəyyən
edilməsi ilə bağlı Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinin “cinayətin
başa çatdığı yer” müddəasının, o cümlədən cinayət işlərindən biri ağır cinayətlər
məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan, bir icraatda birləşdirilmiş
cinayət işlərinin yurisdiksiya baxımından hansı ağır cinayətlər məhkəməsinə aid
olması ilə bağlı həmin Məcəllənin 74.5-ci maddəsində qeyd edilən “ağır cinayətlər
məhkəməsində” müddəasının, habelə ərazi yurisdiksiyası Azərbaycan
Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən
istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə
aidiyyətinin müəyyən edilməsi ilə bağlı həmin Məcəllənin 74.8-ci maddəsinin şərh
edilməsinə zərurət var.
Sorğuda
cinayət mühakimə icraatının əsas prinsiplərindən biri olan məhkəmə aidiyyətinə əməl
olunması prinsipinə toxunularaq qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin
9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi
prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış
icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə,
yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə
səbəb ola bilər.
Həmin
Məcəllənin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş
icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər
materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların
məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin
və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə
onu aidiyyəti üzrə göndərməlidir.
Sorğuverən
göstərmişdir ki, məhkəmələr tərəfindən hazırlıq iclasında cinayət işlərinin ərazi
üzrə məhkəmə aidiyyəti məsələlərinin həll edilməsi təcrübəsi təhlil edilərkən
müəyyən edilmişdir ki, hazırlıq iclaslarında məhkəmə aidiyyəti məsələlərinə
baxılarkən eyni xarakterli işlər üzrə fərqli hüquqi mövqelər sərgilənir. Bu isə
öz növbəsində bir sıra konstitusion prinsiplərin, o cümlədən Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində əksini
tapan hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması
hüququnun pozulması ilə nəticələnə bilər.
Belə
ki, Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən, cinayət işlərindən
biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan
bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində
baxılır. Lakin, qüvvədə olan cinayət-prosessual qanunvericiliyində həmin
qaydada birləşdirilmiş cinayət işlərinin məhkəmə aidiyyətinin məhz ağır cinayətlər
kateqoriyasına aid olan cinayətin törədildiyi yer üzrə, yaxud ağır cinayətlər
kateqoriyasına aid olmasa da, törədildiyi tarix baxımından daha sonra törədilmiş
cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsinə aid olması ilə bağlı
tənzimetmə öz əksini tapmamışdır.
Sorğuda
məhkəmələr tərəfindən alternativ tərkibli uzanan cinayətlərin törədilməsi ilə
bağlı cinayət işlərinin məhkəmə aidiyyəti məsələsi həll edilərkən eyni qəbildən
olan cinayətlər üzrə biri digərinə zidd olan hüquqi mövqelərin nümayiş etdirildiyi
də vurğulanmışdır.
Sorğuda
o da bildirilir ki, məhkəmə təcrübəsində ərazi yurisdiksiyası Azərbaycan
Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən
istintaq qurumlarında məhkəməyədək icraatı aparılan iki və ya daha çox epizodlu
cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı da fərqli mövqelər sərgilənir.
Bəzi
hallarda Cinayət-Prosessual Məcəlləsinin 74.8-ci maddəsi əsas götürülməklə ərazi
yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə
inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında istintaqı tamamlanan
cinayət işlərinə həmin qurumların yerləşdiyi inzibati ərazi vahidi üzrə fəaliyyət
göstərən məhkəmələrdə baxılır. Bir sıra hallarda isə həmin məhkəmələr tərəfindən
müvafiq qərarlar qəbul edilməklə cinayət işləri cinayət hadisəsinin törədildiyi
inzibati ərazi vahidi üzrə fəaliyyət göstərən məhkəmələrə göndərilir.
Göstərilənlərə
əsasən Prokurorluq təcrübədə yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması,
qeyd olunan hallar üzrə məhkəmə aidiyyəti ilə bağlı vahid mövqenin
formalaşdırılması, bununla da hüquqi müəyyənlik və Konstitusiyada təsbit
olunmuş məhkəmə aidiyyətinin dəyişdirilməsinin yolverilməzliyi prinsiplərinin təmin
olunması məqsədilə Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərin həlli üçün Cinayət-Prosessual Məcəlləsinin məhkəmə aidiyyəti
ilə bağlı normalarının məqsədini, o cümlədən uzanan cinayətlərin hüquqi mahiyyəti
və əlamətlərinin bir daha nəzərdən keçirilməsini vacib hesab edir.
Konstitusiyanın
62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə
baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə
baxılmasına yol verilmir.
Normada
nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət
qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. xüsusi elementləri
ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti
qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin
qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı
hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.
Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında
formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə
aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və
qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul
olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini
tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı
məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə
tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin
pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
“Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən,
işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə
aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından
alınması qadağandır.
Cinayət-Prosessual
Məcəlləsinin 29-cu maddəsinə əsasən, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən
edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı
olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
Qanunvericiliyə
əsasən məhkəmə aidiyyəti üç prinsip - ərazi üzrə məhkəmə aidiyyəti, predmet üzrə
məhkəmə aidiyyəti, həmçinin şəxsi aidiyyət prinsipləri əsasında müəyyən edilir.
Bu prinsiplər müstəsna və ya elektiv (seçimli) qaydada tətbiq olunur.
Cinayət-Prosessual
Məcəlləsinin 74.1-ci maddəsində təsbit olunmuş ərazi üzrə məhkəmə aidiyyətinin
mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı
digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən
baxılmalıdır.
Sorğuda
qaldırılan alternativ tərkibli uzanan cinayətlərin törədilməsi ilə bağlı cinayət
işlərinin məhkəmə aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilməlidir ki, Azərbaycan
Respublikasının cinayət qanunvericiliyi uzanan cinayətləri digər cinayətlərdən
fərqləndirmir, onların anlayışını vermir və bu cinayətlər üzrə müddətin
hesablanmasına dair xüsusi müddəalar nəzərdə tutmur. Lakin qanunvericilik bu
cinayətlərin mövcudluğunu tanıyır və Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci
maddəsində həmin cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və
davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli və “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh
edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarları).
Konstitusiya
Məhkəməsi Plenumunun artıq formalaşdırdığı hüquqi mövqeyə görə, uzanan cinayət
- konkret cinayətdir və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
(bundan sonra – Cinayət Məcəlləsi) bir maddəsi ilə tövsif olunur. Uzanan cinayət
əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq
müəyyən müddət ərzində fasiləsiz törədilir.
Cinayət-Prosessual
Məcəlləsinin 74.2-ci maddəsi bu məsələyə münasibətdə qanunvericinin yanaşmasını
əks etdirməklə, uzanan cinayətin başa çatdığı yeri onun törədildiyi yer hesab edir
və bu əməllərin törədildiyi yeri onun törədilmə vaxtı (başa çatması anı) ilə əlaqələndirir.
Qeyd
olunmalıdır ki, hüquqi cəhətdən cinayətin başa çatmaş hesab edilməsi üçün təqsirli
şəxsin əməlində Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş konkret cinayətin tərkib
əlamətlərinin olması kifayətdir. Lakin uzanan cinayət faktiki cəhətdən Cinayət
Məcəlləsi ilə qorunan obyektə yönəlmiş qəsdin ya təqsirli şəxsin iradəsi ilə,
ya da iradəsindən kənar müdaxilə nəticəsində son qoyulduğu anda bitir.
Konstitusiya
Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin
18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci
maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair”
2020-ci il 18 sentyabr tarixli Qərarında uzanan cinayətin əlamətlərini və bütün
elementlərini vurğulayaraq qeyd etmişdir ki, uzanan cinayət əməli (hərəkət və
ya hərəkətsizlik) törədildiyi andan başlayır və onu törədən şəxsin özünün cinayətin
qarşısını almağa yönəlmiş hərəkəti və ya cinayətin törədilməsinə əngəl yaradan
hadisələrin (məsələn, hakimiyyət orqanlarının müdaxiləsi) baş verməsi nəticəsində
başa çatır.
Alternativ
əlamətli cinayət tərkiblərinə gəldikdə isə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsində
belə obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli
cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin
olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ
olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi
kifayət etsin.
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, uzanan cinayət bir məhkəmənin
yurisdiksiyasına aid olan yerdə başlayıb, başqa məhkəmənin yurisdiksiyası
daxilində bitibsə, cinayət işinə cinayətin bitdiyi yer üzrə məhkəmə tərəfindən
baxılmalıdır. Alternativ tərkibli uzanan cinayətlərə gəldikdə isə qeyd
olunmalıdır ki, belə tərkibli cinayətlərin obyektiv cəhətini təşkil edən alternativ
hərəkətlərdən hər hansı birinə yol verildiyi anda hüquqi cəhətdən cinayət baş
vermiş hesab edilsə də, məhkəmə aidiyyəti məsələsinə münasibətdə cinayətə son
qoyulma yeri faktiki cəhətdən cinayətin başa çatdığı yer hesab olunmalı və
cinayət işinə həmin yerin məhkəməsi tərəfindən baxılmalıdır.
Konstitusiya
Məhkəməsinin Plenumu birləşdirilmiş cinayət işlərinin yurisdiksiya baxımından
hansı ağır cinayətlər məhkəməsinə aid olması ilə bağlı sorğuda qaldırılan digər
məsələyə dair qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən,
cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə
aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində
baxılır. Bu maddə ağır cinayət kateqoriyasına aid olmayan cinayət işi ilə ağır
cinayət işini fərqləndirir. Belə ki, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə,
digər isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət
işlərinin ixtisaslı baxışdan keçməsini təmin etmək məqsədilə, predmet məhkəmə
aidiyyəti prinsipinə uyğun olaraq ağır cinayətlər məhkəməsində baxışına
üstünlük verilir.
Vurğulanmalıdır
ki, Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsi müxtəlif səlahiyyətli birinci
instansiya məhkəmələrinə aid olan bir neçə işin bir icraatda birləşdirilməsi
zamanı məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələlərini tənzimləyir. Həmin
norma cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər)
məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər
məhkəməsində baxılmasını imperativ qaydada müəyyən etmişdir. Belə vəziyyətdə məhkəmə
aidiyyətini ağır cinayət (o cümlədən, onun törədildiyi yer) şərtləndirdiyindən,
cinayət işinə məhz ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində
baxılmalıdır. Cinayət işinə axırıncı törədilmiş, lakin ağır olmayan cinayətin
törədilmə yeri üzrə ağır cinayətlər məhkəməsində baxılması Cinayət-Prosessual Məcəlləsinin
69.3-cü maddəsinin pozulmasına səbəb olar və ağır cinayətlər məhkəməsinin onun
yurisdiksiyasından kənarda baş vermiş cinayətə dair işə baxması ilə nəticələnər.
Belə
ki, Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hər bir ağır
cinayətlər məhkəməsinə onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər
aiddir.
Əgər
bir icraatda birləşdirilmiş müxtəlif yurisdiksiyalarda baş vermiş cinayətlərə
dair işlər eyni səviyyəli birinci instansiya məhkəmələrinə, məsələn hər biri
ağır cinayətlər məhkəməsinə aiddirsə, məhkəmə aidiyyəti məsələsi Cinayət-Prosessual
Məcəlləsinin 74.8-ci maddəsində təsbit edilmiş qaydaya müvafiq surətdə həll
edilməli, yəni cinayət işinə məhkəməyədək icraatın başa çatdığı yer üzrə fəaliyyət
göstərən məhkəmə tərəfindən baxılmalıdır. Həmin maddəyə əsasən, eyni səviyyəli birinci
instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə,
həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət
göstərən məhkəmə tərəfindən baxılır.
Konstitusiya
Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, cinayətlər müxtəlif
inzibati ərazi vahidlərində törədildikdə, cinayət işinə istintaqı aparılan
cinayətlərin əksəriyyətinin və ya ən ağırının törədildiyi yer üzrə məhkəmə baxır. Qanunverici ibtidai araşdırma
və məhkəmə icraatının məhz cinayətin törədildiyi yer üzrə həyata keçirilməsini
müəyyən etməklə sübutların sürətli, tam şəkildə əldə olunması və yoxlanılmasını
təmin etmək, nəticədə cinayət mühakimə icraatının vəzifələrinin icrasına nail
olmaq məqsədini güdmüşdür.
Beləliklə,
cinayət-prosessual qanunvericiliyi ilə tənzimlənən ərazi üzrə məhkəmə aidiyyəti
prosessual qənaət prinsipinə riayət edilməsini təmin etməklə məhkəmə icraatının
rahat və səmərəli olmasına, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli,
tam və obyektiv araşdırılmasına, yəni yüksək nəticənin minimum vasitələrlə daha
qısa müddətdə əldə edilməsinə xidmət edir.
Sorğuda
qaldırılan, yurisdiksiyası bir inzibati ərazi vahidi ilə məhdudlaşmayan ibtidai
istintaq orqanı tərəfindən aparılmış işlər üzrə məhkəmə aidiyyətinin müəyyən
edilməsi məsələsi ilə əlaqədar qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin
müvafiq normaları, xüsusilə 216.1 və 74.8-ci maddələri yalnız yurisdiksiyası
müvafiq inzibati ərazi vahidinə şamil edilən cinayət təqibi orqanları ilə bağlı
tənzimetməni nəzərdə tutur, yurisdiksiyası daha geniş olan orqanlarla bağlı isə
aidiyyət məsələlərini birbaşa tənzimləmir.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, müxtəlif yurisdiksiyalarda baş vermiş cinayətlərə
dair işlər üzrə məhkəməyədək icraat yurisdiksiyası bütün ölkənin ərazisinə
şamil olunan orqan tərəfindən tamamlandıqda, məhkəməyədək icraat bu inzibati ərazi
vahidlərinin hər birində başa çatdırılmış sayıla və iş baxılması üçün cinayətlərdən
ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə məhkəməyə göndərilə bilər.
Konstitusiya
Məhkəməsinin Plenumu Konstitusiyanın 62-ci maddəsinin tələblərini rəhbər
tutaraq aşağıdakı nəticələrə gəlir:
-
Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə uyğun olaraq, alternativ tərkibli
uzanan cinayətlərə dair işə cinayətə son qoyulduğu yerin yurisdiksiyasına aid
olan məhkəmələr tərəfindən baxılmalıdır;
-
Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən
biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan
bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə
ağır cinayətlər məhkəməsində baxılmalıdır;
-
ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə
inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı
tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Cinayət-Prosessual Məcəlləsinin
74.1-ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən ən çoxunun və
ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə
uyğun olaraq, alternativ tərkibli uzanan cinayətlərə dair işə cinayətə son
qoyulduğu yerin yurisdiksiyasına aid olan məhkəmələr tərəfindən baxılmalıdır.
2.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə
müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə
rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə
ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır.
3.
Ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə
inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı
tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 74.1-ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən
ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir.
4.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
6.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev