AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin
27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
12
sentyabr 2023-cü il Bakı
şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova
(məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Şirvan Apellyasiya
Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü
maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın
məruzəsini, maraqlı subyektlər Şirvan Apellyasiya Məhkəməsi və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası
Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin
rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 272.3 və 511-ci
maddələrinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri
ilə əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdən görünür ki, ov qaydalarını kobud şəkildə pozmasına, yəni
lazımi icazə olmadan Lənkəran rayonu ərazisində yerləşən “Qızılağac Milli Parkı”nda
ov etməsinə görə T.Şükürlü barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən
28 noyabr 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə
göndərilmişdir.
Lənkəran
Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə T.Şükürlü İnzibati Xətalar
Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın
bilavasitə obyekti olmuş “Toz” markalı ov silahı müsadirə edilməklə, 6 ay müddətinə
ov hüququ məhdudlaşdırılmışdır.
1
saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi qərarın tətbiq
olunmuş əsas inzibati tənbehə dair hissəsindən apellyasiya şikayəti vermişdir. Şikayət
əsasında Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən xüsusi hüquq
(ov hüququ) verilməmiş fiziki şəxs barəsində həmin inzibati tənbehin tətbiqinin
mümkünlüyü məsələsi ilə bağlı məhkəmə təcrübəsində fərqli yanaşmaların olduğu müəyyən
edilmişdir.
Belə
ki,
İnzibati Xətalar Məcəlləsinin 27.1-ci maddəsinə əsasən,
fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya
müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş
hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.
Müraciətedənin
qənaətinə görə, fiziki şəxs barəsində qeyd olunan inzibati tənbeh tətbiq edilərkən
ilk növbədə, onun xüsusi hüququnun olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, xüsusi hüququn məhdudlaşdırılması müddətinin
axımı fiziki şəxsin xüsusi hüququnu təsdiq edən müvafiq sənədi aidiyyəti orqana
təqdim etməsi vaxtından başlanır. Bu, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması
haqqında qərarın icrası və xüsusi hüququn məhdudlaşdırılması müddətinin
hesablanması qaydalarını tənzimləyən İnzibati Xətalar Məcəlləsinin 152 və
153-cü maddələrinin tələblərindən irəli gəlir.
Həmin
Məcəllənin 152.4-cü maddəsinə uyğun olaraq, ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın
icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Həmin
Məcəllənin 153.2 və 153.3-cü maddələrinə əsasən, xüsusi hüququn məhdudlaşdırılması
haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi
hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi
bu Məcəllənin 152.2-152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim
etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl
götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd
olunan orqana bu barədə ərizə verməlidir. Xüsusi hüququ məhdudlaşdırılmış
fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə,
xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin
axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin
verildiyi gündən başlayır.
Müraciətedən
həmçinin hesab edir ki, xüsusi hüququn məhdudlaşdırılması növündə inzibati tənbehin
yalnız xüsusi hüququ olan şəxslərə tətbiq edilməsi qanun qarşısında bərabərlik
prinsipini təsbit edən İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinin pozulması
ilə nəticələnə bilər. Məsələn, ov hüququ olmayan şəxs ov qaydalarının kobud şəkildə
pozulmasına görə həmin Məcəllənin 272.3-cü maddəsi ilə yalnız cərimə edildiyi halda,
belə hüququ olan şəxs cərimə olunur,
yaxud iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılmasına məruz qalır. Eyni
zamanda, ovçuluq bileti olan şəxsin ov hüququ ən azı altı ay müddətinə məhdudlaşdırıldığı halda, ovçuluq bileti
olmayan şəxs cərimə olunduqdan sonra, qanunla müəyyən edilmiş halda ov hüququ əldə
edərək ovçuluğa daha tez müddətdə başlaya bilər.
Göstərilənlərə
əsasən, Şirvan Apellyasiya Məhkəməsi hüquqi müəyyənliyin təmin edilməsi və
vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə
müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə əlaqədar, ilk növbədə, aşağıdakıları qeyd edir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 72-ci maddəsinin
II hissəsində qeyd edilir ki, hər bir şəxs, Azərbaycan Respublikası
Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və
azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə
yetirməlidir.
Konstitusiyanın
80-cı maddəsinə görə isə Konstitusiyanın və qanunların pozulması, o cümlədən
Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin
yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
İnzibati
xətalar qanunvericiliyinin prinsip və vəzifələri məhz sadalanan konstitusiya
müddəalarının tələblərindən irəli gəlir.
Belə
ki, inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş
hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin
sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin
iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,
idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların
qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi).
Həmin
Məcəllənin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsipləri sadalanmışdır.
Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi,
qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik
və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.
Məcəllənin
7.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq
mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər.
Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb
oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
İnzibati
xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni
inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı
törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya
görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar
Məcəlləsinin 9-cu maddəsi).
Ədalətlilik
prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa
hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta
sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini
müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir.
İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik
prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci
maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarı).
İnzibati
Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə
tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta
tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi)
törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
Göründüyü
kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə
sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və
inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləqdir.
İnzibati
Xətalar Məcəlləsinin 12-ci maddəsində inzibati xəta həmin Məcəllə ilə qorunan
ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və
ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət
və ya hərəkətsizlik) kimi göstərilmişdir.
Həmin
Məcəllənin 25-ci Fəslinin (Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və
ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar) 272-ci maddəsində
balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulmasına
görə inzibati məsuliyyət müəyyən edilmişdir.
Müraciətdə
də göstərildiyi kimi, Məcəllənin 272.3-cü maddəsi ilə ov qaydalarının kobud şəkildə
pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan
olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə),
habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə
və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə
edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.
Maddənin
lazımi icazə olmadan müddəasının məzmununun izahı “Ovçuluq haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Ovçuluq haqqında” Qanun) müvafiq maddələrində
verilmişdir.
Belə
ki, həmin Qanunun 5.2-ci maddəsində ovçuluq fəaliyyətinin subyektləri sırasına
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ov etmək
hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı
olmayan şəxslər, habelə ovçuluq təsərrüfatları və ovçular cəmiyyətləri aid
edilmişdir.
“Ovçuluq
haqqında” Qanunun 12.2-ci maddəsində ovçuluq fəaliyyətinin ovçuluq bileti və ov
etmək üçün verilən icazə əsasında həyata keçirilməsi müəyyən edilmişdir.
Qanunun
13-cü maddəsinə əsasən, ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək
üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq
istəyən şəxslərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Ovçuluq biletindən yalnız onun sahibi istifadə edə bilər.
Üzvlük
bileti isə ovçunun ovçular cəmiyyətində üzv olduğunu təsdiq edən sənəd olmaqla,
ovçuluq bileti əsasında üzvü olduğu ovçular cəmiyyəti tərəfindən verilir.
Ov etmək üçün icazə isə ovçuluq fəaliyyətinin
həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə
ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək
üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun
vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi
qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Ovçuluq bileti və üzvlük
bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir.
Ovçuya verilən ov etmək üçün icazədən yalnız özü istifadə edə bilər və icazə
verildiyi müddət üçün etibarlıdır (həmin Qanunun 14-cü maddəsi).
Oxşar
müddəalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar
tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində
ovçuluğun aparılması Qaydaları”nın 1.5-ci
bəndində ifadə olunmuşdur. Həmin Qaydalara əsasən ovçuluq fəaliyyəti Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün
ayrılmış ov yerlərində ovçuluq bileti və üzvlük bileti əsasında verilmiş ov etmək
üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətini
həyata keçirmək üçün hüquqi sənəddir. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün
ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs ovçu sayılır
Sadalanan
normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, ov etmək hüququnun xüsusi
hüquq kimi yaranması ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazə kimi
sənədlərin (hüquqi faktların) mövcud olması ilə şərtləndirilmişdir.
İnzibati
Xətalar Məcəlləsinin 272.3-cü maddəsində qanunverici müvafiq məsuliyyəti müəyyən
edərkən lazımi icazə olmadan müddəası ilə ovçuluq fəaliyyətini həyata keçirmək
üçün hüquq verən sənədin (ovçuluq biletinin) və ya həmin fəaliyyətə icazə verən
hüquqi sənədin (ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun
vaxtı, icazənin müddəti və şərtlərini müəyyən edən) olmamasını nəzərdə tutmuşdur.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin
normaları həmin Məcəllənin Ümumi hissəsinin normaları nəzərə alınmaqla tətbiq
edilməli olduğundan, ov etmək hüququ olmayan şəxsin törətdiyi inzibati xətaya
görə ona xüsusi hüququn (ov hüququnun) məhdudlaşdırılması növündə tənbehin tətbiqinin
mümkün olub-olmaması məsələsinin həlli zamanı Ümumi hissənin norması kimi Məcəllənin
məhz 27.1-ci maddəsinin məzmunu rəhbər tutulmalıdır.
Həmin
maddəyə uyğun olaraq, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə
qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.
Göründüyü kimi, verilmiş xüsusi hüquq müddəası maddənin dispozisiya şərti kimi
çıxış edərək, xüsusi hüququn verilmədiyi halda onun məhdudlaşdırılmasını da istisna
edir.
İnzibati
Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin məzmunundan göründüyü kimi, həm ov etmək
hüququna malik ovçular, həm də belə hüququ olmayan şəxslər qeyd olunan xətanın
subyekti qismində çıxış edə bilərlər. Lakin həmin maddədə müəyyən edilmiş xətaya,
yəni ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə
olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə,
qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov
qaydalarının müntəzəm pozulmasına görə tətbiq olunacaq tənbeh növünün seçilməsi
zamanı Məcəllənin başqa maddələrinin, o cümlədən 27.1-ci maddənin tələblərinə şərtsiz riayət
olunmalıdır.
Müraciətdə də
qeyd olunduğu kimi, İnzibati Xətalar Məcəlləsinin fiziki şəxsə verilmiş xüsusi
hüququn məhdudlaşdırılması haqqında qərarın icrası qaydalarını nizamlayan 152-ci
maddəsi xüsusi hüququn məhdudlaşdırılması haqqında qərarın icrasının həmin
hüququ təsdiqləyən sənədin alınması yolu ilə həyata keçirildiyini təsbit
etmişdir. Ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın
icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Məcəllənin
153-cü maddəsi fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması müddətinin
hesablanmasını tənzimləyir. Həmin normaya görə, xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə
mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış
fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi aidiyyəti orqana
təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə
əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə
həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Xüsusi
hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq
sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı
dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin
itirilməsi barədə ərizənin verildiyi gündən başlayır.
Göründüyü
kimi, qanunverici xüsusi hüququn
məhdudlaşdırılması növündə tənbehin yalnız belə hüquqa malik olan şəxslərə
tətbiq edilməsini mümkün hesab etdiyindən, tənbehin icrası məhz bu hüququ
təsdiqləyən müvafiq sənədin alınması yolu ilə həyata keçirilə bilər.
Göstərilənlər
belə nəticəyə gəlməyə imkan verir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində inzibati tənbeh növü kimi
nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması, yalnız "verilmiş xüsusi
hüquq" olduğu halda, yəni "Ovçuluq haqqında" Qanunun müvafiq maddələrində
müəyyən edilmiş ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazəsi olan şəxslərə
münasibətdə tətbiq edilməlidir. Həmin
hüququ olmayan şəxslər ov qaydalarını kobud şəkildə pozduqda isə İnzibati Xətalar
Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş digər tənbeh tədbiri - inzibati
xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min
manatadək məbləğdə cərimə edilə bilər.
Konstitusiya
Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, İnzibati Xətalar Məcəlləsinin
272.3-cü maddəsində nəzərdə tutulan əməlləri törədən şəxslərə münasibətdə inzibati
tənbeh tətbiq edilərkən, tətbiq edilən inzibati tənbehin törədilən inzibati xətanın
xarakterinə mütənasibliyi, məsuliyyətin və inzibati tənbehin fərdiləşdirilməsi
prinsiplərinin tələblərinə uyğun olaraq inzibati xətanı törədən şəxsin şəxsiyyətini
xarakterizə edən halların, ov qaydalarının pozulması dərəcəsinin,
inzibati xətanın törədilməsində təqsirli hesab edilən şəxsin inzibati xətanı
törədənədək və törətdikdən sonrakı hərəkətlərini xarakterizə edən halların nəzərə
alınması mütləqdir.
Bu
prinsiplərin tələblərinə riayət edildiyi təqdirdə, inzibati tənbeh tədbiri
olaraq xüsusi hüququ olan şəxsin ov hüququnun ən azı altı ay müddətinə məhdudlaşdırıldığı halda, bu hüquqa malik
olmayan şəxsin törətmiş olduğu xətaya görə cərimə olunmasından sonra ov hüququ əldə
edərək ovçuluğa daha tez müddətdə başlaya bilməsi imkanı Konstitusiyanın 25-ci
maddəsində təsbit olunan bərabərlik hüququnun pozulması anlamına gəlmir.
Beləliklə,
bərabərlik və ədalət prinsiplərinin təmin edilməsi üçün ovçuluq haqqında
qanunvericiliyin tələblərinə qarşı yönələn hüquqazidd əmələ görə şəxsin inzibati
məsuliyyətə cəlb edilməsi zamanı təqsirli şəxsdə xüsusi hüququn olub-olmaması, həmçinin
inzibati xətanın doğurduğu nəticələrin ictimai təhlükəliliyi və işin digər
halları nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsinin normalarına uyğun qərar qəbul
edilməlidir.
Yuxarıda
qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan
ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması
növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının
tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun
olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması
halında mümkündür.
2. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev