Постановления

12.09.23 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

12 sentyabr 2023-cü il                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Şirvan Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 272.3 və 511-ci maddələrinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, ov qaydalarını kobud şəkildə pozmasına, yəni lazımi icazə olmadan Lənkəran rayonu ərazisində yerləşən “Qızılağac Milli Parkı”nda ov etməsinə görə T.Şükürlü barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 28 noyabr 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir.

Lənkəran Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı ilə T.Şükürlü İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş “Toz” markalı ov silahı müsadirə edilməklə, 6 ay müddətinə ov hüququ məhdudlaşdırılmışdır.

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi qərarın tətbiq olunmuş əsas inzibati tənbehə dair hissəsindən apellyasiya şikayəti vermişdir. Şikayət əsasında Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən xüsusi hüquq (ov hüququ) verilməmiş fiziki şəxs barəsində həmin inzibati tənbehin tətbiqinin mümkünlüyü məsələsi ilə bağlı məhkəmə təcrübəsində fərqli yanaşmaların olduğu müəyyən edilmişdir.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.

Müraciətedənin qənaətinə görə, fiziki şəxs barəsində qeyd olunan inzibati tənbeh tətbiq edilərkən ilk növbədə, onun xüsusi hüququnun olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı fiziki şəxsin xüsusi hüququnu təsdiq edən müvafiq sənədi aidiyyəti orqana təqdim etməsi vaxtından başlanır. Bu, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərarın icrası və xüsusi hüququn məhdudlaşdırılması müddətinin hesablanması qaydalarını tənzimləyən İnzibati Xətalar Məcəlləsinin 152 və 153-cü maddələrinin tələblərindən irəli gəlir.

Həmin Məcəllənin 152.4-cü maddəsinə uyğun olaraq, ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Həmin Məcəllənin 153.2 və 153.3-cü maddələrinə əsasən, xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2-152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır.

Müraciətedən həmçinin hesab edir ki, xüsusi hüququn məhdudlaşdırılması növündə inzibati tənbehin yalnız xüsusi hüququ olan şəxslərə tətbiq edilməsi qanun qarşısında bərabərlik prinsipini təsbit edən İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinin pozulması ilə nəticələnə bilər. Məsələn, ov hüququ olmayan şəxs ov qaydalarının kobud şəkildə pozulmasına görə həmin Məcəllənin 272.3-cü maddəsi ilə yalnız cərimə edildiyi halda,  belə hüququ olan şəxs cərimə olunur, yaxud iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılmasına məruz qalır. Eyni zamanda, ovçuluq bileti olan şəxsin ov hüququ ən azı altı ay müddətinə  məhdudlaşdırıldığı halda, ovçuluq bileti olmayan şəxs cərimə olunduqdan sonra, qanunla müəyyən edilmiş halda ov hüququ əldə edərək ovçuluğa daha tez müddətdə başlaya bilər.

Göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsi hüquqi müəyyənliyin təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar, ilk növbədə, aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 72-ci maddəsinin II hissəsində qeyd edilir ki, hər bir şəxs, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Konstitusiyanın 80-cı maddəsinə görə isə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

İnzibati xətalar qanunvericiliyinin prinsip və vəzifələri məhz sadalanan konstitusiya müddəalarının tələblərindən irəli gəlir.

Belə ki, inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi).

Həmin Məcəllənin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsipləri sadalanmışdır. Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

Məcəllənin 7.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.

İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi).

Ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarı).

İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləqdir.

İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində inzibati xəta həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi göstərilmişdir.

Həmin Məcəllənin 25-ci Fəslinin (Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar) 272-ci maddəsində balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir.

Müraciətdə də göstərildiyi kimi, Məcəllənin 272.3-cü maddəsi ilə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.

Maddənin lazımi icazə olmadan müddəasının məzmununun izahı “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Ovçuluq haqqında” Qanun) müvafiq maddələrində verilmişdir.

Belə ki, həmin Qanunun 5.2-ci maddəsində ovçuluq fəaliyyətinin subyektləri sırasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ov etmək hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə ovçuluq təsərrüfatları və ovçular cəmiyyətləri aid edilmişdir. 

“Ovçuluq haqqında” Qanunun 12.2-ci maddəsində ovçuluq fəaliyyətinin ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilməsi müəyyən edilmişdir.

Qanunun 13-cü maddəsinə əsasən, ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ovçuluq biletindən yalnız onun sahibi istifadə edə bilər.

Üzvlük bileti isə ovçunun ovçular cəmiyyətində üzv olduğunu təsdiq edən sənəd olmaqla, ovçuluq bileti əsasında üzvü olduğu ovçular cəmiyyəti tərəfindən verilir.

 Ov etmək üçün icazə isə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir. Ovçuya verilən ov etmək üçün icazədən yalnız özü istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır (həmin Qanunun 14-cü maddəsi).

Oxşar müddəalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın  1.5-ci bəndində ifadə olunmuşdur. Həmin Qaydalara əsasən ovçuluq fəaliyyəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ovçuluq bileti və üzvlük bileti əsasında verilmiş ov etmək üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquqi sənəddir. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs ovçu sayılır

Sadalanan normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, ov etmək hüququnun xüsusi hüquq kimi yaranması ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazə kimi sənədlərin (hüquqi faktların) mövcud olması ilə şərtləndirilmişdir.

İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində qanunverici müvafiq məsuliyyəti müəyyən edərkən lazımi icazə olmadan müddəası ilə ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənədin (ovçuluq biletinin) və ya həmin fəaliyyətə icazə verən hüquqi sənədin (ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtlərini müəyyən edən) olmamasını nəzərdə tutmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin normaları həmin Məcəllənin Ümumi hissəsinin normaları nəzərə alınmaqla tətbiq edilməli olduğundan, ov etmək hüququ olmayan şəxsin törətdiyi inzibati xətaya görə ona xüsusi hüququn (ov hüququnun) məhdudlaşdırılması növündə tənbehin tətbiqinin mümkün olub-olmaması məsələsinin həlli zamanı Ümumi hissənin norması kimi Məcəllənin məhz 27.1-ci maddəsinin məzmunu rəhbər tutulmalıdır.

Həmin maddəyə uyğun olaraq, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, verilmiş xüsusi hüquq müddəası maddənin dispozisiya şərti kimi çıxış edərək, xüsusi hüququn verilmədiyi halda onun məhdudlaşdırılmasını da istisna edir.

İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin məzmunundan göründüyü kimi, həm ov etmək hüququna malik ovçular, həm də belə hüququ olmayan şəxslər qeyd olunan xətanın subyekti qismində çıxış edə bilərlər. Lakin həmin maddədə müəyyən edilmiş xətaya, yəni ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə tətbiq olunacaq tənbeh növünün seçilməsi zamanı Məcəllənin başqa maddələrinin, o cümlədən  27.1-ci maddənin tələblərinə şərtsiz riayət olunmalıdır.

Müraciətdə də qeyd olunduğu kimi, İnzibati Xətalar Məcəlləsinin fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərarın icrası qaydalarını nizamlayan 152-ci maddəsi xüsusi hüququn məhdudlaşdırılması haqqında qərarın icrasının həmin hüququ təsdiqləyən sənədin alınması yolu ilə həyata keçirildiyini təsbit etmişdir. Ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Məcəllənin 153-cü maddəsi fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması müddətinin hesablanmasını tənzimləyir. Həmin normaya görə, xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır.

Göründüyü kimi, qanunverici xüsusi hüququn məhdudlaşdırılması növündə tənbehin yalnız belə hüquqa malik olan şəxslərə tətbiq edilməsini mümkün hesab etdiyindən, tənbehin icrası məhz bu hüququ təsdiqləyən müvafiq sənədin alınması yolu ilə həyata keçirilə bilər.

Göstərilənlər belə nəticəyə gəlməyə imkan verir ki, İnzibati Xətalar Məcəlləsinin  272.3-cü maddəsində inzibati tənbeh növü kimi nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması, yalnız "verilmiş xüsusi hüquq" olduğu halda, yəni "Ovçuluq haqqında" Qanunun müvafiq maddələrində müəyyən edilmiş ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazəsi olan şəxslərə münasibətdə tətbiq edilməlidir. Həmin hüququ olmayan şəxslər ov qaydalarını kobud şəkildə pozduqda isə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş digər tənbeh tədbiri - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan əməlləri törədən şəxslərə münasibətdə inzibati tənbeh tətbiq edilərkən, tətbiq edilən inzibati tənbehin törədilən inzibati xətanın xarakterinə mütənasibliyi, məsuliyyətin və inzibati tənbehin fərdiləşdirilməsi prinsiplərinin tələblərinə uyğun olaraq inzibati xətanı törədən şəxsin şəxsiyyətini xarakterizə edən halların, ov qaydalarının pozulması dərəcəsinin, inzibati xətanın törədilməsində təqsirli hesab edilən şəxsin inzibati xətanı törədənədək və törətdikdən sonrakı hərəkətlərini xarakterizə edən halların nəzərə alınması mütləqdir.

Bu prinsiplərin tələblərinə riayət edildiyi təqdirdə, inzibati tənbeh tədbiri olaraq xüsusi hüququ olan şəxsin ov hüququnun ən azı altı ay müddətinə  məhdudlaşdırıldığı halda, bu hüquqa malik olmayan şəxsin törətmiş olduğu xətaya görə cərimə olunmasından sonra ov hüququ əldə edərək ovçuluğa daha tez müddətdə başlaya bilməsi imkanı Konstitusiyanın 25-ci maddəsində təsbit olunan bərabərlik hüququnun pozulması anlamına gəlmir.

Beləliklə, bərabərlik və ədalət prinsiplərinin təmin edilməsi üçün ovçuluq haqqında qanunvericiliyin tələblərinə qarşı yönələn hüquqazidd əmələ görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi zamanı təqsirli şəxsdə xüsusi hüququn olub-olmaması, həmçinin inzibati xətanın doğurduğu nəticələrin ictimai təhlükəliliyi və işin digər halları nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsinin normalarına uyğun qərar qəbul edilməlidir.

Yuxarıda qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:

- İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                    Fərhad Abdullayev