AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası
Konstitusiyasının 28 və 71-ci maddələrinin II hissəsi baxımından Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası
Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair
1 sentyabr 2023-cü il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev
(məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət
tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin II hissəsi baxımından
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh
edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası
Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Azərbaycan Respublikası Baş
Prokurorluğunun mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra –
Cəzaların İcrası Məcəlləsi) 167-ci maddəsinə münasibətdə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdən görünür
ki, İ.İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2015-ci il tarixli
hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il
müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza 2 il
sınaq müddəti ilə şərti hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 4 mart
2016-cı il tarixli qərarı həmin hökmdən Məcəllənin
70-ci maddəsinə dair müddəalar xaric edilmiş və o iclas zalından həbs
edilmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8 iyul
2016-cı il tarixli hökmü ilə İ.İsmayılov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin
Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 8 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin
27 oktyabr 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə 9 il
3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonradan Bakı
şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qərarı ilə İ.İsmayılovun
barəsində olan 27 oktyabr 2016-cı il tarixli hökm “Azərbaycan Respublikası
Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il
tarixli Qanuna uyğunlaşdırılaraq, əməlləri Cinayət Məcəlləsinin 178.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif
edilmiş, Məcəllənin 66.2-ci maddəsinə əsasən cəzası 5 il müddətinə azadlıqdan məhrum
etmə cəzasına endirilmiş və cəzasının əvvəlinin 26 fevral 2016-cı il tarixindən
hesablanması göstərilmişdir.
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5 fevral 2018-ci il tarixli qərarı
ilə İ.İsmayılovun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz
edilməsi barədə ərizəsinə baxılaraq, İ.İsmayılovun üzərində saxlanılmış 5 il
müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 il 21 gün hissəsi 500
manat miqdarında cərimə cəzası ilə əvəz edilərək, o həbsdən azad edilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin
12 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, İ.İsmayılov 500 manat cəriməni
26 noyabr 2018-ci il tarixində tamamilə ödəmişdir.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il
tarixli hökmü ilə İ.İsmayılov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli
bilinərək ona 7000 manat cərimə cəzası təyin edilmiş və Cinayət Məcəlləsinin
69.4-cü maddəsi tətbiq edilərək üzərində 6000 manat cərimə cəzası
saxlanılmışdır.
Birinci instansiya məhkəməsi Cəzaların İcrası Məcəlləsinin 167-ci
maddəsinə istinad edərək hesab etmişdir ki, həmin maddədə cəza çəkməkdən azad
etmənin əsaslarından biri kimi cəzanın çəkilməmiş hissəsinin yüngül cəza ilə əvəz
edilməsi göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir
ki, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi cərimə ilə əvəz
olunduğundan, 5 fevral 2018-ci il onun cəzadan azad edildiyi tarix hesab edilməli,
bu səbəbdən məhkumluğun ödənilməsi müddəti həmin vaxtdan hesablanılmaqla,
hazırkı cinayəti iki il müddət keçdikdən
sonra törətdiyindən əməlində residiv mövcud olmamalıdır.
Birinci instansiya məhkəməsi mövqeyini, həmçinin Cinayət Məcəlləsinin
15.3, 18.4.3 və 83.3.3-cü maddələrinin tələbləri baxımından əsaslandırmışdır.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il
tarixli hökmündən apellyasiya protesti verilmişdir.
Protestdə qeyd edilmişdir ki, məhkəmə təqsirləndirilən
şəxsə yeni cəza təyin edərkən Cinayət Məcəlləsinin onun törətdiyi əməl üzrə
yaranmış məhkumluğun ödənilmə müddətinin başlandığı vaxtın müəyyən edilməsi ilə
bağlı tələblərinə deyil, Cəzaların İcrası Məcəlləsinin tələblərinə istinad etməsi,
həmin qanunvericilik aktlarının məqsəd və vəzifələrinə uyğun deyildir.
İ.İsmayılova hökmlə təyin olunmuş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının
çəkilməmiş hissəsinin 5 fevral 2018-ci il tarixli hökmün icrası qaydasında qəbul
olunmuş qərar əsasında yüngül cəza ilə əvəz edilməsi onun cəzasının çəkilib
qurtarması və ya cəzadan azad edilməsi kimi qiymətləndirilə bilməz. Prokurorluğun
mövqeyinə əsasən, İ.İsmayılova təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının cərimə
ilə əvəz olunduğu vaxtdan artıq onun məhkumluğunun ödənilməsi müddətinin axımı
başlayarsa, əvəz edən cərimə cəzasının nə vaxt icra olunmasının və ya ümumiyyətlə
icra edilməməsinin heç bir hüquqi əhəmiyyəti qalmır. Bu isə Cinayət Məcəlləsinin
83.4-cü maddəsinin tələblərinə ziddir.
Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən Cinayət Məcəlləsinin
83.4-cü maddəsində nəzərdə tutulmuş cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza
növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddətinin təyin edilmiş cəzanın
əvəz edildiyi və ya yekun cəzanın çəkilib qurtardığı vaxtdan hesablanması ilə
bağlı təcrübədə müxtəlif yanaşmalar olduğu müəyyən edilmişdir.
Müraciətedən hesab edir ki, şəxs məhkəmə hökmü ilə təyin edilmiş cəzanı
deyil əvəz edən cəzanı çəkdiyi halda, yenidən çəkmədiyi və artıq əvəz edilmiş
(olmayan) cəzanın (təyin edilmiş) hüquqi nəticələrinə məruz qalması ədalət və
humanizm prinsipi ilə uzlaşmır.
Müraciətdə həmçinin qeyd olunur ki, Cinayət Məcəlləsinin 83.4-cü maddəsi
cəzanın çəkilməmiş
hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi halda, məhkumluğun ödənilməsi
müddətinin şəxsin əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan
hesablanmasını təsbit etsə də, əsas cəza dedikdə təyin edilmiş və ya əvəz edən
cəzanın nəzərdə tutulması müəyyən deyildir.
Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra – Konstitusiya) 28-ci maddəsinin
II hissəsi və 71-ci maddəsinin II hissəsi baxımından Konstitusiya
Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin həlli məqsədilə cinayət
qanunvericiliyinin məhkumluq və cinayətlərin residivi institutlarının hüquqi məzmununa
bir daha aydınlıq gətirilməsini, eləcə də Plenumun bununla bağlı
formalaşdırdığı hüquqi mövqelərinin nəzərdən keçirilməsini zəruri hesab edir.
Konstitusiyada azadlıq hüququ beynəlxalq
hüquq normalarına uyğun təsbit edilmiş və bu hüquq mütləq hüquq olmadığına görə
onun məhdudiyyətləri müəyyənləşdirilmişdir. Belə ki, Konstitusiyanın
28-ci maddəsinin II hissəsinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə
tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla
bilər.
Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə
görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç
kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və
qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları
ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən
gözlənilən nəticəyə mütənasib olmalıdır.
Qeyd edilməlidir ki, azadlıq hüququnun məhdudlaşdırılması
cinayətin və ya inzibati xətaların törədilməsində şübhəli və ya təqsirləndirilən
şəxslər barəsində tutulma zamanı, müvafiq olaraq qətimkan tədbirinin və ya
inzibati tənbehin seçilməsi zamanı, habelə cinayət törədilməsində təqsirli
bilinmiş şəxslər barəsində cəzanın təyin edilməsi zamanı qanunvericilik səviyyəsində
müəyyənləşdirilmiş xüsusi qaydalar üzrə səlahiyyətli vəzifəli şəxslər tərəfindən
tətbiq olunur. Qanunvericilikdə dövlət tərəfindən insan hüquq və azadlıqlarının
məhdudlaşdırılmasını nəzərdə tutan hallar dəqiq və birmənalı təsbit olunmalıdır.
Əks halda tətbiq edilən məhdudiyyətlər Konstitusiyada və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrində nəzərdə
tutulan hüquq və azadlıqları pozmuş olar.
Qanunverici azadlıq və şəxsi toxunulmazlıq
hüququnun məhdudlaşdırılmasının hüquqi qaydasını və əsaslarını müəyyən
etməklə, dövlətin ədalət mühakiməsi yolu ilə cəmiyyət üçün əhəmiyyət kəsb edən
dəyərlərinin mühafizə edilməsi və hər bir şəxsin azadlıq hüququnun təmin edilməsi
arasında yarana biləcək kolliziyaları həll etmiş olur (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü
maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə
dair” 2011-ci il 10 oktyabr tarixli Qərarı).
Cinayət Məcəlləsi üzərinə qoyulmuş vəzifələri
həyata keçirmək üçün cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət,
cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini
və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini
və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.
Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən,
cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə
mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum
olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə
uyğun olaraq məhkumluq nəzərə alınır.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə
dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq
hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə
vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən
və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət
yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə
məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə
olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi
tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür.
Məhkumluq cinayət törətmiş şəxslə dövlət
arasında xüsusi cinayət-hüquqi münasibətlərin yaranmasına səbəb olur. Məhkumluğun
mahiyyəti ondan ibarətdir ki, cəzasını çəkmiş şəxs yeni cinayət törətmə şübhəsi
altında qalmaqda davam edir və şəxsin yeni cinayət törətməsi halında onun məhkumluğu
əlavə cinayət-hüquqi yüklülüyün yaranması üçün əsas olur.
Cinayət qanunu məhkumluğun xitamının iki
qaydasını nəzərdə tutur: məhkumluğun ödənilməsi və ya götürülməsi (Cinayət Məcəlləsinin
83.3 və 83.5-ci maddələri).
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin
8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 2022-ci
il 28 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,
məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə
əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində
sona yetməsi deməkdir. Bu halda şəxsin məhkum olunmamış hesab edilməsi üçün
xüsusi məhkəmə qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb
olunmur.
Cinayət Məcəlləsinin 83.3-cü maddəsində məhkumluğun
ödənilməsi müddətlərinin təyin olunmuş cəzaya və törədilmiş cinayətin
xarakterinə uyğun olaraq differensasiyası aparılmışdır.
Həmin Məcəllənin 83.5-ci maddəsinə əsasən
isə şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah
olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu
vaxtından əvvəl onun üzərindən götürə bilər.
Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə
müvafiq olaraq, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan
bütün hüquqi nəticələri ləğv edir.
Beləliklə, şəxsin cinayət-hüquqi statusunu
səciyyələndirən cəhət olaraq məhkumluq şəxs barəsində məhkəmənin ittiham hökmü
qanuni qüvvəyə mindiyi gündən başlayır, bütün cəzaçəkmə müddətini əhatə etməklə
cinayətin ağırlığından asılı olaraq qanunla müəyyən edilmiş müddət ərzində
davam edir və bu müddətin bitməsi ilə ödənilmiş hesab olunur.
Məhkumluğun səbəb olduğu cinayət-hüquqi
xarakterli ağır nəticələrdən biri isə həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi
zamanı residivin yaranmasıdır. Cinayətin residivi zamanı, bir qayda olaraq, şəxs
ona qarşı tətbiq olunmuş cinayət-prosessual, cinayət-hüquqi və cəza icra tədbirlərinə
və vasitələrinə etinasız yanaşdığını, onlara məhəl qoymadığını göstərir ki, bu
da onun yüksək sosial risk daşıyıcısı olduğuna və ictimai təhlükəliliyinə dəlalət
edir.
Cəzanın çəkilməsindən sonra qanunla müəyyən
edilmiş müddət daxilində yeni cinayət törətməklə şəxs qanunauyğun həyat tərzi
sürmək, cinayət qanununun normalarının tələblərinə riayət etmək istəyinin
olmamasını aşkar şəkildə göstərməklə, ona qarşı daha sərt cinayət-hüquqi məsuliyyətin
və cəzanın tətbiqini labüd edir.
Residiv yeni bir cinayətin törədilməsindən
daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi
zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin
məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində
residivin olub-olmamasını müəyyən etməyə imkan verir.
Residivin mütləq şərti olaraq məhkumluqdan
bəhs etdikdə, cinayət qanunu sadəcə şəxs barəsində qanuni qüvvəyə minmiş
ittiham hökmünün olmasını deyil, bu hökmlə şəxsə cəza təyin edilməsini də nəzərdə
tutur. Belə ki, Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza
təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham
hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir.
Həmçinin Cinayət Məcəlləsinin 83.4 və
83.4-1-ci maddələrinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən
edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın
çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi
müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan
hesablanır. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən
vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza
növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun
ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.
Göründüyü kimi, qanunverici məhkumluğun ödənilməsi
müddətinin başlanğıcı olaraq şəxsin törətdiyi konkret cinayətə görə ona təyin
olunmuş cəzanın deyil, şəxsin faktiki olaraq çəkdiyi cəzanın bitmə anını görür.
Beləliklə, məhkumluğun ödənilməsi təyin
olunmuş cəzaya münasibətdə deyil, faktiki çəkilən cəzaya münasibətdə hesablanır
və real cəzanın çəkilib qurtardığı gündən başlayır.
Cinayət Məcəlləsinin 83-cü maddəsinə dair
Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkumluğun ödənilmə
müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın
çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin
hər təsnifatı üçün müstəqil şəkildə hesablanır.
Konstitusiya Məhkəməsinin Plenumu belə
mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı başqa yanaşma ona gətirib
çıxara bilər ki, şəxs qəti cəzanı hələ çəkdiyi dövrdə onun törətdiyi müvafiq
cinayətlər və məhkum edildiyi müvafiq hökmlər üzrə cəza müddətləri artıq
qurtarmış və məhkumluğunun ödənilmə müddətinin axımı başlanmış olur. Bu isə məhkumluğun
ödənilməsi müddətinin axımının başlanmasını cəzanın çəkilib qurtarması və ya cəzanı
çəkməkdən azad edilmə ilə əlaqələndirən Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin
tələbləri ilə ziddiyyət təşkil edir (“Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov
rayon məhkəməsinin müraciətinə dair” 2010-cu il 22 dekabr tarixli Qərar).
Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzadan
azad etmənin əsaslarına cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın
çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı
çəkməkdən azad etmə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən
cəzanın çəkilməsinin təxirə salınması, ittiham hökmünün icrası müddəti ilə əlaqədar
cəza çəkməkdən azad etmə, amnistiya və əfvetmə aiddir (Cinayət Məcəlləsinin
76-82-ci maddələri). Cəzadan azad etmə institutu qanunla müəyyən edilmiş əsaslar
olduqda dövlətin cəzanın çəkilməsinə xitam verməsini və cəzadan irəli gələn məhdudiyyətlərin
aradan qaldırılmasını nəzərdə tutur.
Təsadüfi deyil ki, Cəzaların İcrası Məcəlləsinin
məqsədi Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədilə
eynidir. Bu onunla izah olunur ki, Cəzaların İcrası Məcəlləsi üçün maddi əsas
Cinayət Məcəlləsi təşkil edir. Cəzaların İcrası Məcəlləsinin vəzifəsi Cinayət Məcəlləsinə
müvafiq olaraq təyin olunmuş cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi
xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini tənzimləməkdən,
məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və
azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir.
Cəzaların İcrası Məcəlləsinin 6-cı maddəsinə
əsasən, cəzaların icrasının və cinayət-hüquqi xarakterli digər tədbirlərin
tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud qərarları,
habelə amnistiya və ya əfvetmə aktları təşkil edir.
Cəzaların İcrası Məcəlləsinin yuxarıda göstərilən
vəzifələrindən çıxış edərək qeyd olunmalıdır ki, həmin Məcəllənin 167.0.4-cü maddəsində nəzərdə tutulmuş cəzanın çəkilməmiş
hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi cinayət-hüquqi anlamda cəza
çəkməkdən azad edilmə kimi qəbul edilə bilməz. Qanunverici burada cəzanın çəkilməmiş hissəsindən azad etmənin cəzaların
icrası qaydasında tənzimlənməsini nəzərdə tutur. Nə qədər ki, şəxs barəsində
cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər Cinayət Məcəlləsi ilə müəyyən
edilir və həmin Məcəllədə nəzərdə tutulmuş qaydada tətbiq edilir, həmin tədbirlərin
cinayət-hüquqi nəticələri də Cinayət Məcəlləsindən irəli gəlir.
Cinayət Məcəlləsinin 77-ci maddəsinə
müvafiq olaraq isə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə o
vaxt əvəz edilə bilər ki, cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdəki davranışı
buna imkan versin, yəni şəxs nümunəvi davranışı ilə islah olunma istəyini göstərsin.
Məhkumluğun şəxs üçün yaratdığı cinayət-hüquqi
məhrumiyyətləri nəzərə alaraq qanunverici məhkumluq müddətinin qısaldılmasını
da müstəsna olaraq onun davranışı və islah olunma istəyi ilə əlaqələndirmiş və
bundan asılı olaraq cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz
edilməsini nəzərdə tutmuşdur.
Eyni zamanda Konstitusiya Məhkəməsi
Plenumunun formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq, şəxs təyin olunmuş cəzalardan
birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib
elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz
və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi
müddətinin axımının başlanması istisna edilir.
Əks yanaşma, vahid hökmlə təyin olunmuş hər
bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq yaratması, həmçinin eyni bir
hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm məhkumluğu ödənilən, həm ödənilməyən,
hətta cəza çəkən şəxs statusunda ola bilməsi kimi yanlış nəticəyə gətirib
çıxarar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri
baxımından şərh edilməsinə dair” 2022-ci il 28 sentyabr tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir
ki, məhkəmə hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza
ilə əvəz edilməsi cəza təyin etmə kimi qəbul edilməsə də, bu cür qərarın
doğurduğu hüquqi nəticələrə müvafiq olaraq törətdiyi konkret cinayətə görə məhkum
olunmuş şəxs cəzasının çəkilməmiş hissəsindən daha yüngül cəzanı çəkməkdə davam
edir. Bu halda məhkumluğun ödənilməsi müddəti şəxsin törətdiyi konkret
kateqoriyadan olan cinayətə görə müəyyən edilməklə, əvəz edən cəzanın çəkilib qurtardığı
gündən hesablanmalıdır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
-
Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş şəxsin cəzasının
çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi
müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən cəzanın çəkilib qurtardığı gündən
hesablanmalıdır;
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin mənasına görə, məhkum
edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz
edildikdə, məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən
cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır.
2.
Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin 167.0.4-cü maddəsində cəzanın çəkilməmiş hissəsinin
daha yüngül cəza növü ilə əvəz edilməsi cəzanın çəkilməmiş hissəsindən azad etmənin
cəzaların icrası qaydasında tənzimlənməsini nəzərdə tutur.
3.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev