Постановления

01.09.23 AR Konstitusiyasının 28 və 71-ci mad.II his. baxımından AR Cinayət Məcəlləsinin 83.4-cü mad. AR Cəzaların İcrası Məcəlləsinin 167-ci mad. münasibətdə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair

 

 

1 sentyabr 2023-cü il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Azərbaycan Respublikası Baş Prokurorluğunun mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – Cəzaların İcrası Məcəlləsi) 167-ci maddəsinə münasibətdə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, İ.İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 4 mart 2016-cı il tarixli qərarı həmin hökmdən Məcəllənin 70-ci maddəsinə dair müddəalar xaric edilmiş və o iclas zalından həbs edilmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8 iyul 2016-cı il tarixli hökmü ilə İ.İsmayılov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə 9 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonradan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qərarı ilə İ.İsmayılovun barəsində olan 27 oktyabr 2016-cı il tarixli hökm “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanuna uyğunlaşdırılaraq, əməlləri Cinayət Məcəlləsinin 178.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilmiş, Məcəllənin 66.2-ci maddəsinə əsasən cəzası 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş və cəzasının əvvəlinin 26 fevral 2016-cı il tarixindən hesablanması göstərilmişdir.

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5 fevral 2018-ci il tarixli qərarı ilə İ.İsmayılovun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi barədə ərizəsinə baxılaraq, İ.İsmayılovun üzərində saxlanılmış 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 il 21 gün hissəsi 500 manat miqdarında cərimə cəzası ilə əvəz edilərək, o həbsdən azad edilmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 12 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, İ.İsmayılov 500 manat cəriməni 26 noyabr 2018-ci il tarixində tamamilə ödəmişdir.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmü ilə İ.İsmayılov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 7000 manat cərimə cəzası təyin edilmiş və Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq edilərək üzərində 6000 manat cərimə cəzası saxlanılmışdır.

Birinci instansiya məhkəməsi Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə istinad edərək hesab etmişdir ki, həmin maddədə cəza çəkməkdən azad etmənin əsaslarından biri kimi cəzanın çəkilməmiş hissəsinin yüngül cəza ilə əvəz edilməsi göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi cərimə ilə əvəz olunduğundan, 5 fevral 2018-ci il onun cəzadan azad edildiyi tarix hesab edilməli, bu səbəbdən məhkumluğun ödənilməsi müddəti həmin vaxtdan hesablanılmaqla, hazırkı cinayəti iki il müddət  keçdikdən sonra törətdiyindən əməlində residiv mövcud olmamalıdır.

Birinci instansiya məhkəməsi mövqeyini, həmçinin Cinayət Məcəlləsinin 15.3, 18.4.3 və 83.3.3-cü maddələrinin tələbləri baxımından əsaslandırmışdır.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmündən apellyasiya protesti verilmişdir.

Protestdə qeyd edilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə yeni cəza təyin edərkən Cinayət Məcəlləsinin onun törətdiyi əməl üzrə yaranmış məhkumluğun ödənilmə müddətinin başlandığı vaxtın müəyyən edilməsi ilə bağlı tələblərinə deyil, Cəzaların İcrası Məcəlləsinin tələblərinə istinad etməsi, həmin qanunvericilik aktlarının məqsəd və vəzifələrinə uyğun deyildir. İ.İsmayılova hökmlə təyin olunmuş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin 5 fevral 2018-ci il tarixli hökmün icrası qaydasında qəbul olunmuş qərar əsasında yüngül cəza ilə əvəz edilməsi onun cəzasının çəkilib qurtarması və ya cəzadan azad edilməsi kimi qiymətləndirilə bilməz. Prokurorluğun mövqeyinə əsasən, İ.İsmayılova təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının cərimə ilə əvəz olunduğu vaxtdan artıq onun məhkumluğunun ödənilməsi müddətinin axımı başlayarsa, əvəz edən cərimə cəzasının nə vaxt icra olunmasının və ya ümumiyyətlə icra edilməməsinin heç bir hüquqi əhəmiyyəti qalmır. Bu isə Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələblərinə ziddir.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən Cinayət Məcəlləsinin 83.4-cü maddəsində nəzərdə tutulmuş cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddətinin təyin edilmiş cəzanın əvəz edildiyi və ya yekun cəzanın çəkilib qurtardığı vaxtdan hesablanması ilə bağlı təcrübədə müxtəlif yanaşmalar olduğu müəyyən edilmişdir.

Müraciətedən hesab edir ki, şəxs məhkəmə hökmü ilə təyin edilmiş cəzanı deyil əvəz edən cəzanı çəkdiyi halda, yenidən çəkmədiyi və artıq əvəz edilmiş (olmayan) cəzanın (təyin edilmiş) hüquqi nəticələrinə məruz qalması ədalət və humanizm prinsipi ilə uzlaşmır.      

Müraciətdə həmçinin qeyd olunur ki, Cinayət Məcəlləsinin 83.4-cü maddəsi cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi halda, məhkumluğun ödənilməsi müddətinin şəxsin əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanmasını təsbit etsə də, əsas cəza dedikdə təyin edilmiş və ya əvəz edən cəzanın nəzərdə tutulması müəyyən deyildir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 28-ci maddəsinin II hissəsi və 71-ci maddəsinin II hissəsi baxımından Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin həlli məqsədilə cinayət qanunvericiliyinin məhkumluq və cinayətlərin residivi institutlarının hüquqi məzmununa bir daha aydınlıq gətirilməsini, eləcə də Plenumun bununla bağlı formalaşdırdığı hüquqi mövqelərinin nəzərdən keçirilməsini zəruri hesab edir.

Konstitusiyada azadlıq hüququ beynəlxalq hüquq normalarına uyğun təsbit edilmiş və bu hüquq mütləq hüquq olmadığına görə onun məhdudiyyətləri müəyyənləşdirilmişdir. Belə ki,  Konstitusiyanın 28-ci maddəsinin II hissəsinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

Qeyd edilməlidir ki, azadlıq hüququnun məhdudlaşdırılması cinayətin və ya inzibati xətaların törədilməsində şübhəli və ya təqsirləndirilən şəxslər barəsində tutulma zamanı, müvafiq olaraq qətimkan tədbirinin və ya inzibati tənbehin seçilməsi zamanı, habelə cinayət törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəzanın təyin edilməsi zamanı qanunvericilik səviyyəsində müəyyənləşdirilmiş xüsusi qaydalar üzrə səlahiyyətli vəzifəli şəxslər tərəfindən tətbiq olunur. Qanunvericilikdə dövlət tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasını nəzərdə tutan hallar dəqiq və birmənalı təsbit olunmalıdır. Əks halda tətbiq edilən məhdudiyyətlər Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrində nəzərdə tutulan hüquq və azadlıqları pozmuş olar.

Qanunverici azadlıq və şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılmasının hüquqi qaydasını və əsaslarını  müəyyən etməklə, dövlətin ədalət mühakiməsi yolu ilə cəmiyyət üçün əhəmiyyət kəsb edən dəyərlərinin mühafizə edilməsi və hər bir şəxsin azadlıq hüququnun təmin edilməsi arasında yarana biləcək kolliziyaları həll etmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair” 2011-ci il  10 oktyabr tarixli Qərarı).

Cinayət Məcəlləsi üzərinə qoyulmuş vəzifələri həyata keçirmək üçün cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.

Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür.

Məhkumluq cinayət törətmiş şəxslə dövlət arasında xüsusi cinayət-hüquqi münasibətlərin yaranmasına səbəb olur. Məhkumluğun mahiyyəti ondan ibarətdir ki, cəzasını çəkmiş şəxs yeni cinayət törətmə şübhəsi altında qalmaqda davam edir və şəxsin yeni cinayət törətməsi halında onun məhkumluğu əlavə cinayət-hüquqi yüklülüyün yaranması üçün əsas olur.

Cinayət qanunu məhkumluğun xitamının iki qaydasını nəzərdə tutur: məhkumluğun ödənilməsi və ya götürülməsi (Cinayət Məcəlləsinin 83.3 və 83.5-ci maddələri).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 2022-ci il  28 sentyabr  tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi deməkdir. Bu halda şəxsin məhkum olunmamış hesab edilməsi üçün xüsusi məhkəmə qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb olunmur.

Cinayət Məcəlləsinin 83.3-cü maddəsində məhkumluğun ödənilməsi müddətlərinin təyin olunmuş cəzaya və törədilmiş cinayətin xarakterinə uyğun olaraq differensasiyası aparılmışdır.

Həmin Məcəllənin 83.5-ci maddəsinə əsasən isə şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.

Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə müvafiq olaraq, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Beləliklə, şəxsin cinayət-hüquqi statusunu səciyyələndirən cəhət olaraq məhkumluq şəxs barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən başlayır, bütün cəzaçəkmə müddətini əhatə etməklə cinayətin ağırlığından asılı olaraq qanunla müəyyən edilmiş müddət ərzində davam edir və bu müddətin bitməsi ilə ödənilmiş hesab olunur.

Məhkumluğun səbəb olduğu cinayət-hüquqi xarakterli ağır nəticələrdən biri isə həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi zamanı residivin yaranmasıdır. Cinayətin residivi zamanı, bir qayda olaraq, şəxs ona qarşı tətbiq olunmuş cinayət-prosessual, cinayət-hüquqi və cəza icra tədbirlərinə və vasitələrinə etinasız yanaşdığını, onlara məhəl qoymadığını göstərir ki, bu da onun yüksək sosial risk daşıyıcısı olduğuna və ictimai təhlükəliliyinə dəlalət edir.

Cəzanın çəkilməsindən sonra qanunla müəyyən edilmiş müddət daxilində yeni cinayət törətməklə şəxs qanunauyğun həyat tərzi sürmək, cinayət qanununun normalarının tələblərinə riayət etmək istəyinin olmamasını aşkar şəkildə göstərməklə, ona qarşı daha sərt cinayət-hüquqi məsuliyyətin və cəzanın tətbiqini labüd edir.

Residiv yeni bir cinayətin törədilməsindən daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində residivin olub-olmamasını müəyyən etməyə imkan verir.

Residivin mütləq şərti olaraq məhkumluqdan bəhs etdikdə, cinayət qanunu sadəcə şəxs barəsində qanuni qüvvəyə minmiş ittiham hökmünün olmasını deyil, bu hökmlə şəxsə cəza təyin edilməsini də nəzərdə tutur. Belə ki, Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir.  

Həmçinin Cinayət Məcəlləsinin 83.4 və 83.4-1-ci maddələrinə  görə,  məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.

Göründüyü kimi, qanunverici məhkumluğun ödənilməsi müddətinin başlanğıcı olaraq şəxsin törətdiyi konkret cinayətə görə ona təyin olunmuş cəzanın deyil, şəxsin faktiki olaraq çəkdiyi cəzanın bitmə anını görür.

Beləliklə, məhkumluğun ödənilməsi təyin olunmuş cəzaya münasibətdə deyil, faktiki çəkilən cəzaya münasibətdə hesablanır və real cəzanın çəkilib qurtardığı gündən başlayır.

Cinayət Məcəlləsinin 83-cü maddəsinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanır.

Konstitusiya Məhkəməsinin Plenumu belə mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı başqa yanaşma ona gətirib çıxara bilər ki, şəxs qəti cəzanı hələ çəkdiyi dövrdə onun törətdiyi müvafiq cinayətlər və məhkum edildiyi müvafiq hökmlər üzrə cəza müddətləri artıq qurtarmış və məhkumluğunun ödənilmə müddətinin axımı başlanmış olur. Bu isə məhkumluğun ödənilməsi müddətinin axımının başlanmasını cəzanın çəkilib qurtarması və ya cəzanı çəkməkdən azad edilmə ilə əlaqələndirən Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin müraciətinə dair” 2010-cu il  22 dekabr  tarixli Qərar). 

Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzadan azad etmənin əsaslarına cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə, amnistiya və əfvetmə  aiddir (Cinayət Məcəlləsinin 76-82-ci maddələri). Cəzadan azad etmə institutu qanunla müəyyən edilmiş əsaslar olduqda dövlətin cəzanın çəkilməsinə xitam verməsini və cəzadan irəli gələn məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur.

Təsadüfi deyil ki, Cəzaların İcrası Məcəlləsinin məqsədi Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədilə eynidir. Bu onunla izah olunur ki, Cəzaların İcrası Məcəlləsi üçün maddi əsas Cinayət Məcəlləsi təşkil edir. Cəzaların İcrası Məcəlləsinin vəzifəsi Cinayət Məcəlləsinə müvafiq olaraq təyin olunmuş cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir.

Cəzaların İcrası Məcəlləsinin 6-cı maddəsinə əsasən, cəzaların icrasının və  cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir.

Cəzaların İcrası Məcəlləsinin yuxarıda göstərilən vəzifələrindən çıxış edərək qeyd olunmalıdır ki, həmin Məcəllənin 167.0.4-cü maddəsində nəzərdə tutulmuş cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi cinayət-hüquqi anlamda cəza çəkməkdən azad edilmə kimi qəbul edilə bilməz. Qanunverici burada cəzanın çəkilməmiş hissəsindən azad etmənin cəzaların icrası qaydasında tənzimlənməsini nəzərdə tutur. Nə qədər ki, şəxs barəsində cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər Cinayət Məcəlləsi ilə müəyyən edilir və həmin Məcəllədə nəzərdə tutulmuş qaydada tətbiq edilir, həmin tədbirlərin cinayət-hüquqi nəticələri də Cinayət Məcəlləsindən irəli gəlir. 

Cinayət Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq isə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə o vaxt əvəz edilə bilər ki, cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdəki davranışı buna imkan versin, yəni şəxs nümunəvi davranışı ilə islah olunma istəyini göstərsin.

Məhkumluğun şəxs üçün yaratdığı cinayət-hüquqi məhrumiyyətləri nəzərə alaraq qanunverici məhkumluq müddətinin qısaldılmasını da müstəsna olaraq onun davranışı və islah olunma istəyi ilə əlaqələndirmiş və bundan asılı olaraq cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsini nəzərdə tutmuşdur.

Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq, şəxs təyin olunmuş cəzalardan birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması istisna edilir.

Əks yanaşma, vahid hökmlə təyin olunmuş hər bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq yaratması, həmçinin eyni bir hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm məhkumluğu ödənilən, həm ödənilməyən, hətta cəza çəkən şəxs statusunda ola bilməsi kimi yanlış nəticəyə gətirib çıxarar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 2022-ci il 28 sentyabr  tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi cəza təyin etmə kimi qəbul edilməsə də, bu cür qərarın doğurduğu hüquqi nəticələrə müvafiq olaraq törətdiyi konkret cinayətə görə məhkum olunmuş şəxs cəzasının çəkilməmiş hissəsindən daha yüngül cəzanı çəkməkdə davam edir. Bu halda məhkumluğun ödənilməsi müddəti şəxsin törətdiyi konkret kateqoriyadan olan cinayətə görə müəyyən edilməklə, əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır. 

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır;

 - Cəzaların İcrası Məcəlləsinin 167.0.4-cü maddəsində cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi cəzanın çəkilməmiş hissəsindən azad etmənin cəzaların icrası qaydasında tənzimlənməsini nəzərdə tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır.

2.              Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167.0.4-cü maddəsində cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi cəzanın çəkilməmiş hissəsindən azad etmənin cəzaların icrası qaydasında tənzimlənməsini nəzərdə tutur.

3.              Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.              Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.              Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                           Fərhad Abdullayev