AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R I
Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1,
17-1.5 və 17-1.6-cı maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsinə dair
28 iyul 2023-cü il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin
17.1, 17-1.1, 17-1.5 və 17-1.6-cı maddələrinin Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı
subyektlər Şirvan Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Baş
Prokurorluğunun, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini
və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək Azərbaycan Respublikası Cəzaların
İcrası Məcəlləsinin (bundan sonra – Cəzaların İcrası Məcəlləsi) 17.1,
17-1.1 və 17-1.6-cı maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
(bundan sonra – Cinayət Məcəlləsi) 93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, Ü.Baxşiyev Masallı Rayon Məhkəməsinin
16 sentyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin
234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması
cəzasına məhkum edilməklə yanaşı, barəsində tibbi xarakterli məcburi tədbir -
narkomaniyadan müalicə təyin edilmişdir.
İcra məmuru Ü.Baxşiyevin məcburi müalicəsi
üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”
publik hüquqi şəxsinə (bundan sonra – “Respublika Narkoloji Mərkəzi”) müraciət
etmişdir. “Respublika Narkoloji Mərkəzi” 30 sentyabr 2022-ci il tarixli məktubla
müalicənin növbəli şəkildə həyata keçirildiyini, yer məhdudiyyəti ilə əlaqədar məhkumun
ixtisaslaşdırılmış şöbədə məcburi müalicəyə yerləşdirilməsinin mümkün olmadığını
və onun çağırılma vaxtı barədə məlumat veriləcəyini bildirmişdir.
Ü.Baxşiyevə təyin olunmuş azadlığın məhdudlaşdırılması
cəzasının müddəti 9 oktyabr 2022-ci il tarixində başa çatdığından və cəza müddəti
ərzində tibbi xarakterli məcburi tədbirin tətbiqi qeyd olunan əsasla mümkün
olmadığından, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək təyin edilmiş
narkomaniyadan məcburi müalicənin ləğv edilməsini xahiş etmişdir.
Masallı Rayon Məhkəməsinin 23 dekabr
2022-ci il tarixli qərarına əsasən təqdimat təmin edilərək məhkum narkomaniyadan
məcburi müalicədən azad edilmişdir.
Birinci instansiya məhkəməsinin həmin qərarından
Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən apellyasiya
protesti verilmişdir.
Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə
baxılarkən belə məzmunlu təqdimatların hüquqi həlli ilə bağlı məhkəmə təcrübəsində
fikir ayrılığının olduğu müəyyən edilmişdir.
Belə ki, Cəzaların İcrası Məcəlləsinin
17.1 və 17-1.1-ci maddələrində məhkəmə tərəfindən məhkuma təyin edilmiş tibbi
xarakterli məcburi tədbirlərin cəza müddəti ərzində həyata keçirildiyi təsbit
olunsa da, həmin Məcəllənin 17-1.6-cı maddəsində isə belə bir qeyd nəzərdə
tutulmamışdır.
Təcrübədə bəzi hallarda həmin Məcəllənin
17.1-ci maddəsinin “cəza müddəti ərzində” müddəası hərfi təfsir edilərək, tibbi
xarakterli məcburi tədbirlərin yalnız cəza müddəti dövründə icra edilməli
olması və ya digər tədbirlə paralel icra olunması mümkün sayılır. Bu mövqe cəzanı
çəkib qurtarmış məhkumun cəza müddəti bitdikdən sonra əlavə məhrumiyyətlərə məruz
qalmamalı olması ilə əsaslandırılır.
Şirvan Apellyasiya Məhkəməsi qeyd edir ki,
Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinin bu cür təfsiri, yəni cəza müddəti
bitdikdən sonra məcburi müalicənin tətbiqinin istisna edilməsi Cinayət Məcəlləsinin
93-1.1-ci maddəsində nəzərdə tutulmuş məcburi müalicənin tətbiqi məqsədlərinə
nail olunmasını mümkünsüz edir.
Müraciətedənin qənaətinə görə, tibbi
xarakterli məcburi tədbirin tətbiq edilməsi ilə bağlı maddi və prosessual hüquq
normalarının sistemli təfsiri, həmçinin bununla bağlı cinayət hüququ elmində irəli
sürülmüş mövqelər onu deməyə imkan verir ki, tibbi xarakterli məcburi tədbirin
tətbiqi cəzanın icrası və ya cəzadan azad edilmə institutu ilə bağlı deyildir.
Şirvan Apellyasiya Məhkəməsi Cəzaların
İcrası Məcəlləsinin 17.1, 17-1.1 və 17-1.6-cı maddələri arasında ziddiyyət
olduğunu hesab edərək, mübahisəli məqamlara aydınlıq gətirilməsi, vahid təcrübənin
formalaşdırılması və qüvvədə olan qanunvericilik normalarının eyni qaydada tətbiq
edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab
edir ki, müraciətdə qaldırılan məsələlərin həlli zamanı hüquqi müəyyənlik,
hamının qanun və məhkəmə qarşısında bərabərliyi və qanunçuluq prinsipləri, eləcə
də konstitusiya nəzarəti orqanının bununla bağlı formalaşdırdığı hüquqi mövqeləri
rəhbər tutulmalıdır.
Hüquqi müəyyənlik prinsipi hüququn
aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun
hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca
vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın
olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə,
hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik
verməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında hərbi
xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci
maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü
maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli Qərarı).
Digər tərəfdən, qanun və məhkəmə
qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi hüquq
normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi
nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq
normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz
mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi
prinsiplərini pozmuş olar.
Beləliklə, hüquq tətbiqedici tərəfindən
qanunvericilik normasının yanlış təfsir edilərək fərqli məzmunda tətbiq
olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Bu səbəbdən
həm cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətləri, həm də cəzanı icra edən müəssisə və orqanların fəaliyyət
qaydası qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir.
Cinayət Məcəlləsinin “Cinayət-hüquqi
xarakterli digər tədbirlər” adlanan VI bölməsinin 15-ci fəslində (93-99-cu maddələr)
tibbi xarakterli məcburi tədbirlərin əsaslarını, məqsədlərini, müalicəyə
ehtiyacı olan şəxslərin siyahısını, bu tədbirin tətbiqinin uzadılması, ləğv
edilməsi və digər bu kimi məsələləri tənzimləyən normalar müəyyən edilmişdir.
Məcəllənin 93.1-ci maddəsinə görə, məhkəmə
psixi pozuntusu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi
yaradan və cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə
ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 9 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və
psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin,
habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq
edilməsi Qaydası”nın 2.3-cü və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli qərarı ilə təsdiq
edilmiş “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi
müalicəsinin aparılması Qaydaları”nın (bundan sonra – “Cəzaçəkmə
müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin
aparılması Qaydaları”) 1.2-ci bəndinə əsasən, tətbiq edilən məcburi müalicə cəza
və ya inzibati tənbeh xarakteri daşımır və yalnız narkomanlıq xəstəliyinə düçar
olmuş şəxsin səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşmasına, həmin xəstəliyin
doğurduğu digər fəsadların qarşısının alınmasına, narkomanlıq xəstəliyinə düçar
olmuş xəstələrin normal həyat tərzinə qaytarılmasına və onların ətrafındakı şəxslərin
hüquqlarının qorunmasına, habelə digər şəxslərin hüquqlarının pozulması
hallarına yol verilməməsinə yönəlmişdir.
Belə ki,
bu tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması,
səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış
tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə
qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının
alınmasından ibarətdir (Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsi).
Cinayət Məcəlləsinin 93-1.2-ci maddəsinə əsasən,
alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli
məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Cəzaların İcrası Məcəlləsi
ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Həmin tədbirlərin tətbiq edilməsinin ümumi
əsaslarını müəyyən edən Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə görə, məhkuma
məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı
istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq
edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya
orqan tərəfindən həyata keçirilir.
Bu Məcəllənin alkoqolizm və ya
narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq
edilməsinin xüsusiyyətlərini müəyyən edən 17-1.1-ci maddəsinə əsasən, azadlıqdan
məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya
narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər
təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri
tərəfindən həyata keçirilir.
Azadlıqdan məhrum etmə ilə əlaqədar
olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya
narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər
təyin edilmiş şəxslərin müalicəsinin isə müvafiq icra hakimiyyəti orqanının
tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata
keçirilməsi göstərilmişdir (Cəzaların İcrası Məcəlləsinin 17-1.5-ci maddəsi).
Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı
maddəsinə müvafiq olaraq, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya
məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə
məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin
edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra
olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin
icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.
Qeyd edilməlidir ki, adı çəkilən maddələr Cəzaların İcrası Məcəlləsinin “Cəzanı və cinayət-hüquqi
xarakterli digər tədbirləri icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə
nəzarət” adlanan III fəslində yer aldığından, məhz cəza və cinayət-hüquqi
xarakterli digər tədbirləri
icra edən orqanların fəaliyyətini tənzimlədiyindən, həmin normalar bu tədbirlərlə bağlı maddi-hüquqi xarakterli məsələlərə
münasibətdə tətbiq edilə bilməz.
Tibbi xarakterli məcburi tədbirlərin
yalnız cəza müddəti ərzində həyata keçirilməsi, bir sıra hallarda, məsələn cərimə
cəzasının icra olunduğu halda qeyd olunan maddələrin tətbiqinin mümkünlüyünü
sual altına almış olar.
Cinayət Məcəlləsinin 93-1.5-ci maddəsinə
müvafiq olaraq, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi
tədbirlər tətbiq edilmiş şəxs bu tədbirin tətbiqinin uzadılması və ya ləğv
edilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ayda bir dəfədən az
olmayaraq həkim-məsləhət komissiyasında baxışdan keçirilməlidir. Həmin tədbirlərin
uzadılması və ya ləğv edilməsi məsələsinə ilk dəfə müalicənin başlandığı gündən
altı ay keçdikdən sonra baxılır.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il 26 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış
tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın (bundan sonra
– “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi
müalicənin Şərtləri və Qaydaları” ) 2.7-ci bəndinə əsasən, altı aylıq müalicədən
sonra əgər müalicə-əmək təsiri müvəffəqiyyətli olarsa, həkim-məsləhət
komissiyasının rəyinə əsaslanaraq, şöbədə olan şəxsin müalicə müddəti
qısaldılmağa ehtiyac olduqda müdiriyyət tərəfindən lazımi sənədlər məhkəməyə
göndərilir və məhkəmə tərəfindən müvafiq qərar çıxarılır.
Lakin
müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının aşağı həddi üç ay (Cinayət Məcəlləsinin 55.2-ci maddəsi), tibbi
xarakterli məcburi tədbirlər tətbiq edildikdə isə onun uzadılması və ya ləğv
edilməsi məsələsinə ilk dəfə müalicənin başlandığı gündən altı ay keçdikdən
sonra baxılması müəyyən edildiyindən, Cəzaların İcrası Məcəlləsinin 17.1 və
17-1.1-ci maddələrinin hərfi mənada təfsiri halında altı aydan aşağı müddətə azadlıqdan
məhrum etmə cəzasına məhkum olunmuş şəxsə münasibətdə ona təyin olunmuş cəza
müddəti ərzində tibbi xarakterli məcburi tədbirin tətbiqi mümkünsüz olur.
Beləliklə, Cəzaların İcrası Məcəlləsinin
17-1.1-ci maddəsi 17.1-ci maddəsinə münasibətdə dəqiqləşdirici norma kimi çıxış
edərək azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, barəsində
tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxsə münasibətdə məhkumun (azadlıqdan
məhrum etmə cəzasını çəkdiyi dövrdə) məcburi müalicəsinin cəzaçəkmə müəssisəsi
tərəfindən icra edilməsini ehtiva edir.
Eyni tələb həmçinin “Cəzaçəkmə müəssisələrində
cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması
Qaydaları”nın 2.5-ci bəndində ifadə olunmuşdur.
Cəzaların İcrası Məcəlləsinin 17-1.5 və
17-1.6-cı maddələri isə öz növbəsində, Məcəllənin 17.1-ci maddəsi ilə müqayisədə
xüsusi halı tənzimləyən normalar olaraq, azadlıqdan məhrum etmə ilə bağlı
olmayan cəzaya məhkum olunmaqla yanaşı barəsində tibbi xarakterli məcburi tədbirlər
təyin edilmiş şəxslərin məcburi müalicəsinin həyata keçirmək vəzifəsinin
müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələrinin
üzərinə düşməsini nəzərdə tutur.
Qanunverici tərəfindən alkoqolizm və ya
narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi tibbi tədbirlərin
onlar cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində (İTM) davam
etdirilməsi təsbit edilmişdir.
Belə ki, “Cəzaçəkmə müəssisələrində cəza çəkən
narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın 6-cı
bəndində məhkumun cəza çəkdiyi müddətdə onun üzərində aparılmış tibbi
xarakterli məcburi tədbirlər barədə məlumatın məhkum cəzaçəkmə müəssisəsindən
azad edilməmişdən əvvəl müəssisənin müdiriyyəti tərəfindən məhkumun yaşayış
yeri üzrə narkoloji tibb xidməti göstərən müəssisəyə göndərilməsi müəyyən edilmişdir.
Oxşar tələb “İxtisaslaşdırılmış tibb müəssisələrində
məcburi müalicənin Şərtləri və Qaydaları”nda da əks olunmuşdur. Həmin
Qaydaların 2.9-cu bəndinə görə, İTM-də və
ya oraya qəbul olunanadək törədilmiş cinayətə görə azadlıqdan məhrum olunan şəxslər
cəzalarını çəkdikdən sonra məcburi müalicənin yarımçıq qalmış müddətini davam
etdirmək üçün İTM-ə göndərilməlidirlər.
“İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi
müalicənin Şərtləri və Qaydaları”nın 1.2-ci bəndinə müvafiq olaraq, azadlıqdan
məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilməklə yanaşı, barəsində məcburi
müalicə tədbirləri tətbiq edilmiş, azadlıqdan məhrum etmə yerlərindən azad
edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan, barəsində inzibati həbs
tənbeh növü tətbiq edilməklə yanaşı, narkomaniyadan məcburi müalicə təyin
edilmiş, yaxud cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş,
lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi
və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların
hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə
imtina etmiş, narkomanlıq xəstəliyinə düçar olmuş, barələrində məcburi tibbi tədbirlər
tətbiq edilmiş şəxslərin müalicəsi üçün İTM fəaliyyət
göstərir.
Sadalanan qanunvericilik normalarının əlaqəli
təhlili belə nəticəyə gəlməyə imkan verir ki, tibbi xarakterli məcburi tədbirlər
cəzanı icra edən müəssisə və ya orqan tərəfindən “cəza müddəti ərzində” və ya
“cəza çəkdiyi müddətdə” həyata keçirilir dedikdə, həmin orqanların öz üzərinə
düşən vəzifələri icra etmək imkanına malik olduqları “zaman kəsiyi” başa düşülməlidir.
Cəza müddəti bitəndən sonra isə tibbi xarakterli məcburi tədbirlərin icrası vəzifəsi
artıq fəaliyyəti digər normativ hüquqi aktlarla tənzimlənən müvafiq icra
hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələrinin
üzərinə düşür.
Əks yanaşma, yəni məhkuma tətbiq edilən
tibbi xarakterli məcburi tədbirlərin Cəzaların İcrası Məcəlləsinin
17.1 və 17-1.1-ci maddələrinin müddəalarının hərfi mənası əsas götürülərək
yalnız “cəza müddəti ərzində” və ya “cəza çəkdiyi müddətdə” icra edilməsi kimi
başa düşülməsi və bu müddətin keçdiyi halda şəxsin
məcburi müalicədən azad edilməsi müvafiq qanunvericilikdə nəzərdə
tutulan alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində
tətbiq edilən tibbi xarakterli məcburi tədbirlərin məqsədinə nail olunmaması və
məhkəmə tərəfindən qəbul olunmuş qərarın icra edilməməsi ilə nəticələ bilər.
Konstitusiya Məhkəməsi Plenumunun
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2, 28.3,
29.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1,
99-cu maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 aprel tarixli Qərarında
ifadə etdiyi hüquqi mövqeyinə görə, qanunverici psixi xəstəlikdən əziyyət çəkən
insanların məcburi müalicə qaydalarını müəyyən edərək, ümumilikdə ictimai təhlükəsizliyi,
digərlərinin təhlükəsizliyinin qorunmasını, psixi xəstə insanların özlərinə
ziyan törətməsinin qarşısının alınmasını əsas götürür. Məcburi müalicənin məqsədi
şəxsin müalicə olunması və onun sosial reabilitasiyasıdır.
Beləliklə, Cəzaların
İcrası Məcəlləsinin 17-1.5 və 17-1.6-cı maddələri həmin Məcəllənin 17.1 və
17-1.1-ci maddələri ilə ziddiyyət təşkil etməyərək azadlıqdan məhrum etmə ilə
əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, tibbi xarakterli məcburi
tədbirlər təyin edilmiş şəxslərin məcburi müalicəsinin cəza çəkdiyi müddətdə
ixtisaslaşdırılmış tibb müəssisəsində icra edilməsini, məhkumun tam sağalmaması
ilə əlaqədar məcburi müalicənin davam etdirilməsinə (uzadılmasına) zərurət
olduqda isə cəzanın çəkilib qurtarmasından sonra da davam etdirilməsini nəzərdə
tutur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun)
27-ci maddəsində narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan
narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicədən vaxtından əvvəl
azad edilməsi əsasları aşağıdakı kimi müəyyən
edilmişdir:
- həmin şəxslərin narkoloji-tibb müəssisəsində
qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olması;
- narkomanlıq xəstəliyindən müalicənin başlanması
vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurətin
aradan qalxması.
Həmin Qanunun 27.2-ci maddəsinə uyğun
olaraq, məcburi müalicədən vaxtından əvvəl azad edilmə həmin müəssisənin
müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla
yerli məhkəmənin qərarı əsasında həyata keçirilir.
Maddənin məzmunundan göründüyü kimi,
qanunverici tibbi xarakterli məcburi tədbirlərin məhkəmə tərəfindən ləğv edilməsi
əsasları sırasında barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş
şəxsin narkoloji-tibb müəssisəsində məcburi müalicəsinin yer məhdudiyyəti səbəbindən
həyata keçirilməsinin mümkünsüzlüyünü müəyyən etməmişdir.
Nəzərə alınmalıdır ki, tibbi xarakterli məcburi
tədbirlər məqsədlərinin özünəməxsusluğu ilə fərqlənir və məcburi müalicəyə dair
qərarın vaxtında icra edilməməsi bu məqsədlərin həyata keçirilməsini çətinləşdirməklə
onları səmərəsiz vasitəyə çevirə bilər. Tibbi xarakterli məcburi tədbirlərin təyin
edilməsinə dair məhkəmə qərarının qeyri-müəyyən vaxtadək icra olunmaması və ya təxirə
salınması Konstitusiya və qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.
Cinayət-prosessual qanunvericiliyinin məhkəmə
hökmünün, digər yekun qərarının icrası məsələlərini tənzimləyən normaları, eləcə
də cəzaların icrası qanunvericiliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarının
surətinin icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi
müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərilməsini müəyyən
edərək onların alındığı vaxtdan etibarən icraya yönəldilməsini nəzərdə tutur.
“İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi
müalicənin Şərtləri və Qaydaları”nın tələbinə görə, narkomanlıq xəstəliyinə
düçar olmuş şəxslər və narkomanlıq xəstəliyinə düçar olmuş yetkinlik yaşına
çatmayanlar bir-birindən ayrı saxlanılırlar. Qadınların məcburi müalicəsi qadın
şöbəsində aparılır. Detoksikasiya, narkotik maddələrdən kəskin fiziki və psixi
asılılığın və abstinensiyanın digər əlamətlərinin aradan götürülməsi, ümumi
möhkəmləndirici müalicə, qrup psixoterapiyası xəstə İTM-ə daxil olan kimi
başlanır və İTM-də saxlanılan digər şəxslərdən təcrid olunmaqla, stasionar şəraitdə
aparılır və s.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, alkoqolizm və ya narkomaniyadan
müalicə məqsədi ilə barəsində tətbiq edilmiş tibbi xarakterli məcburi tədbirlərin
təxirə salındığı şəxslərin müalicəsi ilə əlaqədar məsələlərin Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən mümkün qədər qısa müddət ərzində həll
edilməsi zəruridir.
Müraciətin edilməsinə səbəb olan işdə
olduğu kimi, ixtisaslaşdırılmış tibb müəssisələrində
resurs çatışmazlığı səbəbindən şəxsin məcburi müalicəsinin həyata keçirilməsinin
mümkün olmaması ilə bağlı həmçinin qeyd olunmalıdır ki, narkomanlıq xəstəliyinə
düçar olmuş şəxs özünün və ya qanuni nümayəndəsinin razılığı ilə könüllü müalicə
oluna bilər. “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri
və Qaydaları”nın 3.9-cu bəndinə görə, məcburi tədbirlərin
tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicə üçün müraciət
etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son
nailiyyətlərinə əsaslanır.
Odur ki, məcburi tədbirlərin təxirə salındığı
müddət ərzində şəxs könüllü müalicə oluna bilər. Bu halda tibbi xarakterli
məcburi tədbirlərin tətbiqi məqsədlərinə uyğun olaraq, barəsində belə
tədbirlərin tətbiqinə dair məhkəmə qərarı çıxarılmış şəxsin sağlamlıq vəziyyətinin
müvafiq qaydada qiymətləndirilməsindən sonra həmin qərarın icrasının zəruriliyi
məsələsinə baxılmalıdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 26.3-cü maddəsində
azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, barəsində
məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslərin Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı yanında təşkil edilmiş ixtisaslaşdırılmış tibb müəssisəsində
stasionar və ya ambulator müalicə olunması imkanı da tanınmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab
edir ki, ixtisaslaşdırılmış tibb müəssisələrində resurs çatışmazlığı səbəbindən
şəxsin məcburi müalicəsinin həyata keçirilməsi mümkün olmadığı halda, həmin şəxsin
müalicəsinin ambulator qaydada aparılması da mümkündür.
Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri
nəzərə alaraq aşağıdakı nəticələrə gəlir:
- Cinayət
Məcəlləsinin 93-1.1-ci və Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5 və
17-1.6-cı maddələri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə
yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi
xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin
cəza müddəti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti
orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən
müalicəsinin həyata keçirilməsini istisna etmir;
- barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin
təxirəsalınmaz müalicəsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsi Nazirlər
Kabinetinə tövsiyə olunmalıdır;
- Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin hüquqi təyinatı və məqsədinə,
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi
haqqında” Qanunun 26.3-cü maddəsinə uyğun olaraq, barəsində tibbi xarakterli məcburi
tədbirlər təyin edilmiş şəxslər xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ixtisaslaşdırılmış
tibb müəssisələrində ambulator qaydada müalicə oluna bilərlər.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
93-1.1-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1,
17-1.5 və 17-1.6-cı maddələri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə
yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi
xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin
cəza müddəti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti
orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən
müalicəsinin həyata keçirilməsini istisna etmir.
2.
Barəsində tibbi xarakterli məcburi tədbirlər
tətbiq edilmiş şəxslərin təxirəsalınmaz müalicəsi ilə əlaqədar müvafiq tədbirlərin
görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunsun.
3.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
93-1.1-ci maddəsinin hüquqi təyinatı və məqsədinə, “Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 26.3-cü maddəsinə uyğun olaraq, barəsində tibbi
xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər xəstəliyin ağırlıq dərəcəsindən
asılı olaraq ixtisaslaşdırılmış tibb müəssisələrində ambulator qaydada müalicə
oluna bilərlər.
4.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
5.
Qərar Azərbaycan Respublikasının rəsmi
dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
6.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev