Постановления

28.07.23 Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5 və 17-1.6-cı maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

  

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5 və 17-1.6-cı maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

28 iyul 2023-cü il                                                                               Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5 və 17-1.6-cı maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Şirvan Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – Cəzaların İcrası Məcəlləsi) 17.1, 17-1.1 və 17-1.6-cı maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Ü.Baxşiyev Masallı Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə yanaşı, barəsində tibbi xarakterli məcburi tədbir - narkomaniyadan müalicə təyin edilmişdir.

İcra məmuru Ü.Baxşiyevin məcburi müalicəsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinə (bundan sonra – “Respublika Narkoloji Mərkəzi”) müraciət etmişdir. “Respublika Narkoloji Mərkəzi” 30 sentyabr 2022-ci il tarixli məktubla müalicənin növbəli şəkildə həyata keçirildiyini, yer məhdudiyyəti ilə əlaqədar məhkumun ixtisaslaşdırılmış şöbədə məcburi müalicəyə yerləşdirilməsinin mümkün olmadığını və onun çağırılma vaxtı barədə məlumat veriləcəyini bildirmişdir.

Ü.Baxşiyevə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 9 oktyabr 2022-ci il tarixində başa çatdığından və cəza müddəti ərzində tibbi xarakterli məcburi tədbirin tətbiqi qeyd olunan əsasla mümkün olmadığından, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsini xahiş etmişdir.

Masallı Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarına əsasən təqdimat təmin edilərək məhkum narkomaniyadan məcburi müalicədən azad edilmişdir.

Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən apellyasiya protesti verilmişdir.

Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən belə məzmunlu təqdimatların hüquqi həlli ilə bağlı məhkəmə təcrübəsində fikir ayrılığının olduğu müəyyən edilmişdir.

Belə ki, Cəzaların İcrası Məcəlləsinin 17.1 və 17-1.1-ci maddələrində məhkəmə tərəfindən məhkuma təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin cəza müddəti ərzində həyata keçirildiyi təsbit olunsa da, həmin Məcəllənin 17-1.6-cı maddəsində isə belə bir qeyd nəzərdə tutulmamışdır.

Təcrübədə bəzi hallarda həmin Məcəllənin 17.1-ci maddəsinin “cəza müddəti ərzində” müddəası hərfi təfsir edilərək, tibbi xarakterli məcburi tədbirlərin yalnız cəza müddəti dövründə icra edilməli olması və ya digər tədbirlə paralel icra olunması mümkün sayılır. Bu mövqe cəzanı çəkib qurtarmış məhkumun cəza müddəti bitdikdən sonra əlavə məhrumiyyətlərə məruz qalmamalı olması ilə əsaslandırılır.

Şirvan Apellyasiya Məhkəməsi qeyd edir ki, Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinin bu cür təfsiri, yəni cəza müddəti bitdikdən sonra məcburi müalicənin tətbiqinin istisna edilməsi Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsində nəzərdə tutulmuş məcburi müalicənin tətbiqi məqsədlərinə nail olunmasını mümkünsüz edir.

Müraciətedənin qənaətinə görə, tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi ilə bağlı maddi və prosessual hüquq normalarının sistemli təfsiri, həmçinin bununla bağlı cinayət hüququ elmində irəli sürülmüş mövqelər onu deməyə imkan verir ki, tibbi xarakterli məcburi tədbirin tətbiqi cəzanın icrası və ya cəzadan azad edilmə institutu ilə bağlı deyildir.

Şirvan Apellyasiya Məhkəməsi Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1 və 17-1.6-cı maddələri arasında ziddiyyət olduğunu hesab edərək, mübahisəli məqamlara aydınlıq gətirilməsi, vahid təcrübənin formalaşdırılması və qüvvədə olan qanunvericilik normalarının eyni qaydada tətbiq edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələlərin həlli zamanı hüquqi müəyyənlik, hamının qanun və məhkəmə qarşısında bərabərliyi və qanunçuluq prinsipləri, eləcə də konstitusiya nəzarəti orqanının bununla bağlı formalaşdırdığı hüquqi mövqeləri rəhbər tutulmalıdır.

Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli Qərarı).

Digər tərəfdən, qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini pozmuş olar.

Beləliklə, hüquq tətbiqedici tərəfindən qanunvericilik normasının yanlış təfsir edilərək fərqli məzmunda tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Bu səbəbdən həm cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətləri, həm də  cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydası qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir.

Cinayət Məcəlləsinin “Cinayət-hüquqi xarakterli digər tədbirlər” adlanan VI bölməsinin 15-ci fəslində (93-99-cu maddələr) tibbi xarakterli məcburi tədbirlərin əsaslarını, məqsədlərini, müalicəyə ehtiyacı olan şəxslərin siyahısını, bu tədbirin tətbiqinin uzadılması, ləğv edilməsi və digər bu kimi məsələləri tənzimləyən normalar müəyyən edilmişdir.

Məcəllənin 93.1-ci maddəsinə görə, məhkəmə psixi pozuntusu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradan və cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 2.3-cü  və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın (bundan sonra  –  “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”) 1.2-ci bəndinə əsasən, tətbiq edilən məcburi müalicə cəza və ya inzibati tənbeh xarakteri daşımır və yalnız narkomanlıq xəstəliyinə düçar olmuş şəxsin səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşmasına, həmin xəstəliyin doğurduğu digər fəsadların qarşısının alınmasına, narkomanlıq xəstəliyinə düçar olmuş xəstələrin normal həyat tərzinə qaytarılmasına və onların ətrafındakı şəxslərin hüquqlarının qorunmasına, habelə digər şəxslərin hüquqlarının pozulması hallarına yol verilməməsinə yönəlmişdir.

Belə ki, bu tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir (Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsi).

Cinayət Məcəlləsinin 93-1.2-ci maddəsinə əsasən, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Həmin tədbirlərin tətbiq edilməsinin ümumi əsaslarını müəyyən edən Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə görə, məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir.

Bu Məcəllənin alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin xüsusiyyətlərini müəyyən edən 17-1.1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir.

Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsinin isə müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilməsi göstərilmişdir (Cəzaların İcrası Məcəlləsinin 17-1.5-ci maddəsi).

Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə müvafiq olaraq, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.

Qeyd edilməlidir ki, adı çəkilən maddələr Cəzaların İcrası Məcəlləsinin “Cəzanı və cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə nəzarət” adlanan III fəslində yer aldığından, məhz cəza və cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən orqanların fəaliyyətini tənzimlədiyindən, həmin normalar bu  tədbirlərlə bağlı maddi-hüquqi xarakterli məsələlərə münasibətdə tətbiq edilə bilməz.

Tibbi xarakterli məcburi tədbirlərin yalnız cəza müddəti ərzində həyata keçirilməsi, bir sıra hallarda, məsələn cərimə cəzasının icra olunduğu halda qeyd olunan maddələrin tətbiqinin mümkünlüyünü sual altına almış olar.

Cinayət Məcəlləsinin 93-1.5-ci maddəsinə müvafiq olaraq, narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs bu tədbirin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ayda bir dəfədən az olmayaraq həkim-məsləhət komissiyasında baxışdan keçirilməlidir. Həmin tədbirlərin uzadılması və ya ləğv edilməsi məsələsinə ilk dəfə müalicənin başlandığı gündən altı ay keçdikdən sonra baxılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın (bundan sonra  –   “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları” ) 2.7-ci bəndinə əsasən, altı aylıq müalicədən sonra əgər müalicə-əmək təsiri müvəffəqiyyətli olarsa, həkim-məsləhət komissiyasının rəyinə əsaslanaraq, şöbədə olan şəxsin müalicə müddəti qısaldılmağa ehtiyac olduqda müdiriyyət tərəfindən lazımi sənədlər məhkəməyə göndərilir və məhkəmə tərəfindən müvafiq qərar çıxarılır.

Lakin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının aşağı həddi üç ay (Cinayət Məcəlləsinin 55.2-ci maddəsi), tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə isə onun uzadılması və ya ləğv edilməsi məsələsinə ilk dəfə müalicənin başlandığı gündən altı ay keçdikdən sonra baxılması müəyyən edildiyindən, Cəzaların İcrası Məcəlləsinin 17.1 və 17-1.1-ci maddələrinin hərfi mənada təfsiri halında altı aydan aşağı müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsə münasibətdə ona təyin olunmuş cəza müddəti ərzində tibbi xarakterli məcburi tədbirin tətbiqi mümkünsüz olur.

Beləliklə, Cəzaların İcrası Məcəlləsinin 17-1.1-ci maddəsi 17.1-ci maddəsinə münasibətdə dəqiqləşdirici norma kimi çıxış edərək azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxsə münasibətdə məhkumun (azadlıqdan məhrum etmə cəzasını çəkdiyi dövrdə) məcburi müalicəsinin cəzaçəkmə müəssisəsi tərəfindən icra edilməsini ehtiva edir.

Eyni tələb həmçinin “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın 2.5-ci bəndində ifadə olunmuşdur.

Cəzaların İcrası Məcəlləsinin 17-1.5 və 17-1.6-cı maddələri isə öz növbəsində, Məcəllənin 17.1-ci maddəsi ilə müqayisədə xüsusi halı tənzimləyən normalar olaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunmaqla yanaşı barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin məcburi müalicəsinin həyata keçirmək vəzifəsinin müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələrinin üzərinə düşməsini nəzərdə tutur.

Qanunverici tərəfindən alkoqolizm və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi tibbi tədbirlərin onlar cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində (İTM) davam etdirilməsi təsbit edilmişdir.

Belə ki, “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın 6-cı bəndində məhkumun cəza çəkdiyi müddətdə onun üzərində aparılmış tibbi xarakterli məcburi tədbirlər barədə məlumatın məhkum cəzaçəkmə müəssisəsindən azad edilməmişdən əvvəl müəssisənin müdiriyyəti tərəfindən məhkumun yaşayış yeri üzrə narkoloji tibb xidməti göstərən müəssisəyə göndərilməsi müəyyən edilmişdir.

Oxşar tələb “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nda da əks olunmuşdur. Həmin Qaydaların 2.9-cu bəndinə görə, İTM-də  və ya oraya qəbul olunanadək törədilmiş cinayətə görə azadlıqdan məhrum olunan şəxslər cəzalarını çəkdikdən sonra məcburi müalicənin yarımçıq qalmış müddətini davam etdirmək üçün İTM-ə göndərilməlidirlər.

“İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın 1.2-ci bəndinə müvafiq olaraq, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş, azadlıqdan məhrum etmə yerlərindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan, barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, narkomaniyadan məcburi müalicə təyin edilmiş, yaxud cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş, narkomanlıq xəstəliyinə düçar olmuş, barələrində məcburi tibbi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi üçün İTM fəaliyyət göstərir.

Sadalanan qanunvericilik normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə imkan verir ki, tibbi xarakterli məcburi tədbirlər cəzanı icra edən müəssisə və ya orqan tərəfindən “cəza müddəti ərzində” və ya “cəza çəkdiyi müddətdə” həyata keçirilir dedikdə, həmin orqanların öz üzərinə düşən vəzifələri icra etmək imkanına malik olduqları “zaman kəsiyi” başa düşülməlidir. Cəza müddəti bitəndən sonra isə tibbi xarakterli məcburi tədbirlərin icrası vəzifəsi artıq fəaliyyəti digər normativ hüquqi aktlarla tənzimlənən müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələrinin üzərinə düşür.

Əks yanaşma, yəni məhkuma tətbiq edilən tibbi xarakterli məcburi tədbirlərin Cəzaların İcrası Məcəlləsinin 17.1 və 17-1.1-ci maddələrinin müddəalarının hərfi mənası əsas götürülərək yalnız “cəza müddəti ərzində” və ya “cəza çəkdiyi müddətdə” icra edilməsi kimi başa düşülməsi və bu müddətin keçdiyi halda şəxsin məcburi müalicədən azad edilməsi müvafiq qanunvericilikdə nəzərdə tutulan alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tətbiq edilən tibbi xarakterli məcburi tədbirlərin məqsədinə nail olunmaması və məhkəmə tərəfindən qəbul olunmuş qərarın icra edilməməsi ilə nəticələ bilər.

Konstitusiya Məhkəməsi Plenumunun “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2, 28.3, 29.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1, 99-cu maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 aprel tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanunverici psixi xəstəlikdən əziyyət çəkən insanların məcburi müalicə qaydalarını müəyyən edərək, ümumilikdə ictimai təhlükəsizliyi, digərlərinin təhlükəsizliyinin qorunmasını, psixi xəstə insanların özlərinə ziyan törətməsinin qarşısının alınmasını əsas götürür. Məcburi müalicənin məqsədi şəxsin müalicə olunması və onun sosial reabilitasiyasıdır.

Beləliklə, Cəzaların İcrası Məcəlləsinin 17-1.5 və 17-1.6-cı maddələri həmin Məcəllənin 17.1 və 17-1.1-ci maddələri ilə ziddiyyət təşkil etməyərək azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin məcburi müalicəsinin cəza çəkdiyi müddətdə ixtisaslaşdırılmış tibb müəssisəsində icra edilməsini, məhkumun tam sağalmaması ilə əlaqədar məcburi müalicənin davam etdirilməsinə (uzadılmasına) zərurət olduqda isə cəzanın çəkilib qurtarmasından sonra da davam etdirilməsini nəzərdə tutur.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun) 27-ci maddəsində narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi əsasları aşağıdakı kimi müəyyən edilmişdir:

- həmin şəxslərin narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olması;

- narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurətin aradan qalxması.

Həmin Qanunun 27.2-ci maddəsinə uyğun olaraq, məcburi müalicədən vaxtından əvvəl azad edilmə həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla yerli məhkəmənin qərarı əsasında həyata keçirilir.

Maddənin məzmunundan göründüyü kimi, qanunverici tibbi xarakterli məcburi tədbirlərin məhkəmə tərəfindən ləğv edilməsi əsasları sırasında barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin narkoloji-tibb müəssisəsində məcburi müalicəsinin yer məhdudiyyəti səbəbindən həyata keçirilməsinin mümkünsüzlüyünü müəyyən etməmişdir.

Nəzərə alınmalıdır ki, tibbi xarakterli məcburi tədbirlər məqsədlərinin özünəməxsusluğu ilə fərqlənir və məcburi müalicəyə dair qərarın vaxtında icra edilməməsi bu məqsədlərin həyata keçirilməsini çətinləşdirməklə onları səmərəsiz vasitəyə çevirə bilər. Tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə dair məhkəmə qərarının qeyri-müəyyən vaxtadək icra olunmaması və ya təxirə salınması Konstitusiya və qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.

Cinayət-prosessual qanunvericiliyinin məhkəmə hökmünün, digər yekun qərarının icrası məsələlərini tənzimləyən normaları, eləcə də cəzaların icrası qanunvericiliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surətinin icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərilməsini müəyyən edərək onların alındığı vaxtdan etibarən icraya yönəldilməsini nəzərdə tutur.

“İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın tələbinə görə, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər və narkomanlıq xəstəliyinə düçar olmuş yetkinlik yaşına çatmayanlar bir-birindən ayrı saxlanılırlar. Qadınların məcburi müalicəsi qadın şöbəsində aparılır. Detoksikasiya, narkotik maddələrdən kəskin fiziki və psixi asılılığın və abstinensiyanın digər əlamətlərinin aradan götürülməsi, ümumi möhkəmləndirici müalicə, qrup psixoterapiyası xəstə İTM-ə daxil olan kimi başlanır və İTM-də saxlanılan digər şəxslərdən təcrid olunmaqla, stasionar şəraitdə aparılır və s.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tətbiq edilmiş tibbi xarakterli məcburi tədbirlərin təxirə salındığı şəxslərin müalicəsi ilə əlaqədar məsələlərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən mümkün qədər qısa müddət ərzində həll edilməsi zəruridir.

Müraciətin edilməsinə səbəb olan işdə olduğu kimi, ixtisaslaşdırılmış tibb müəssisələrində resurs çatışmazlığı səbəbindən şəxsin məcburi müalicəsinin həyata keçirilməsinin mümkün olmaması ilə bağlı həmçinin qeyd olunmalıdır ki, narkomanlıq xəstəliyinə düçar olmuş şəxs özünün və ya qanuni nümayəndəsinin razılığı ilə könüllü müalicə oluna bilər. “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın 3.9-cu bəndinə görə, məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicə üçün müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır.

Odur ki, məcburi tədbirlərin təxirə salındığı müddət ərzində şəxs könüllü müalicə oluna bilər. Bu halda tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məqsədlərinə uyğun olaraq, barəsində belə tədbirlərin tətbiqinə dair məhkəmə qərarı çıxarılmış şəxsin sağlamlıq vəziyyətinin müvafiq qaydada qiymətləndirilməsindən sonra həmin qərarın icrasının zəruriliyi məsələsinə baxılmalıdır.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 26.3-cü maddəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanında təşkil edilmiş ixtisaslaşdırılmış tibb müəssisəsində stasionar və ya ambulator müalicə olunması imkanı da tanınmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ixtisaslaşdırılmış tibb müəssisələrində resurs çatışmazlığı səbəbindən şəxsin məcburi müalicəsinin həyata keçirilməsi mümkün olmadığı halda, həmin şəxsin müalicəsinin ambulator qaydada aparılması da mümkündür.

Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq aşağıdakı nəticələrə gəlir:

-  Cinayət Məcəlləsinin 93-1.1-ci və Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5 və 17-1.6-cı maddələri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin cəza müddəti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən müalicəsinin həyata keçirilməsini istisna etmir;

- barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin təxirəsalınmaz müalicəsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsi Nazirlər Kabinetinə tövsiyə olunmalıdır;

- Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin hüquqi təyinatı və məqsədinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 26.3-cü maddəsinə uyğun olaraq, barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ixtisaslaşdırılmış tibb müəssisələrində ambulator qaydada müalicə oluna bilərlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.                 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1, 17-1.5 və 17-1.6-cı maddələri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin cəza müddəti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən müalicəsinin həyata keçirilməsini istisna etmir.

2.                 Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin təxirəsalınmaz müalicəsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunsun.

3.                 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin hüquqi təyinatı və məqsədinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə uyğun olaraq, barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ixtisaslaşdırılmış tibb müəssisələrində ambulator qaydada müalicə oluna bilərlər.

4.                 Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5.                 Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6.                 Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                             Fərhad Abdullayev