Qərarlar

14.06.23 AR 1994 il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “AR Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci m. AR Konstitusiyasının 149m. VII his. ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

14 iyun 2023-cü il                                                                                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim),  İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun  27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin Sosial normativ aktlar idarəsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin (bundan sonra – Nizamnamə) 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının  (bundan sonra – Konstitusiya) 149-cu maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə  şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, 1991-2016-cı illər ərzində həlak olan şəhid statusu verilmiş hərbi qulluqçuların ailə üzvlərinin bir qrupu Nazirlər Kabinetinə çoxsaylı müraciətlər edərək, “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarının (bundan sonra –  Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarı) Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi əsas götürülməklə qeyd edilən hərbi qulluqçulara da şamil edilməsini, həmin Qərarla müəyyən edilmiş 3 000 manat məbləğində maliyyə yardımının onların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) də ödənilməsini xahiş etmişlər.

Belə ki, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanunu ilə Nizamnaməyə “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” adlanan 16 saylı əlavə daxil edilmişdir (“Respublika" qəzetində 17 yanvar 2016-cı il tarixində dərc edilməklə qüvvəyə minmişdir).

Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsi ilə 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımının göstərilməsi müəyyən edilmişdir.

“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 727 nömrəli Fərmanının (bundan sonra –  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli Fərmanı) 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarı ilə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının verilməsi təsbit edilmişdir.

Nazirlər Kabineti Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinin tələbləri baxımından yas mərasiminin təşkili üçün müəyyən olunmuş maliyyə yardımının 1991-2016-cı illər ərzində həlak olan şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) şamil edilib-edilməməsi ilə bağlı hüquq tətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin aradan qaldırılması və vahid təcrübənin formalaşdırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.

Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə və 16-cı maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin  edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə müvafiq olaraq, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Sosial təminat hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ vardır.

Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, sosial dövlət prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin edir. Konstitusiya dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına görə, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 2002-ci il 29 noyabr və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 21 oktyabr tarixli Qərarlar).

Bu prinsipə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 8 iyun tarixli, 1029-IIIQR nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Hərbi doktrinasının VII hissəsinin (Hərbi quruculuğun inkişaf perspektivləri) 61-ci bəndində Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və onların həyat şəraitinin daim yaxşılaşdırılması Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hazırkı mərhələdə və ortamüddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetləri kimi göstərilmişdir.

Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 94-cü maddəsi ilə dövlətin sosial sahə ilə bağlı vəzifələrinin əsaslarının, ümumi qaydaların müəyyən edilməsi qanunvericinin müstəsna səlahiyyətlərinə aid edilmişdir. Belə ümumi qaydalar isə müxtəlif xarakterli münasibətlərin onların spesifik xüsusiyyətlərindən asılı olaraq müvafiq sahəvi hüquq normaları ilə fərqli (özünə xas olan) məzmunda tənzimlənməsini istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 iyul tarixli Qərardadı).

Hərbi qulluqçuların statusu haqqında qanunvericilik hərbi qulluqçuların hüquq və vəzifələrini, o cümlədən məsuliyyətini müəyyən edərkən məhz hərbi xidmətin xüsusi xarakterə və əhəmiyyətə malik olmasından çıxış etmiş, bu xidməti dövlət qulluğunun başqa növlərindən fərqləndirmişdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir (“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun  (bundan sonra – “Hərbi qulluqçuların statusu haqqında” Qanun) 1-ci maddəsinin 1-ci hissəsi).

“Hərbi qulluqçuların statusu haqqında” Qanunda göstərildiyi kimi, hərbi qulluqçular həmin Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, hərbi qulluqçuların məsuliyyəti onların statusunun xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir, hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir, hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradılır, hərbi qulluçuya öz səhhətinə və ya ailə üzvlərinin səhhətinə, ailə vəziyyətinə görə, xüsusi şəraitli yerlərdə xidmət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddəti başa çatdırmasına görə xidmət yerini dəyişdirmək hüququ verilir və s.

Qeyd edilməlidir ki, hərbi xidmətin xüsusiyyətlərinin nəzərə alınması hərbi qulluqçuların sosial təminat məsələlərində daha qabarıq şəkildə özünü göstərir. Bu hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququnun, hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququnun, hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması, həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi, hərbi qulluqçunun şəxsi əmlakının zədələnməsi, məhv olması və ya itirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi və s. hüquqlarının həyata keçirilməsi üçün müəyyən edilən təminatlarda ifadə olunur (“Hərbi qulluqçuların statusu haqqında” Qanunun  12, 13, 21, 27, 28 və 29-cu maddələri).

Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Qanunverici hərbi qulluqçuların hüquqi statusuna sosial müdafiə hüququnu daxil etməklə (yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilmə və s.) hərbi xidmətkeçmənin ictimai əhəmiyyətli fəaliyyət olmasını vurğulayır və bu hüququn həyata keçirilməsi üçün dövlət təminatının verilməsini bəyan edir (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 iyul tarixli Qərardadı).

Sadalananlar dövlət tərəfindən həlak olmuş hərbi qulluqçuların ailələrinə göstərilən diqqət və qayğının ardıcıllığının göstəricisi olmaqla, onların şərəfli və əhəmiyyətli fəaliyyət və xidmətinə verilən qiymətdir. Beləliklə, hərbi xidmətkeçmənin əlahiddə əhəmiyyətli fəaliyyət olması nəzərə alınaraq qanunvericilik qaydasında hərbi qulluqçuların bir çox hüquqları, o cümlədən geniş həcmli sosial təminat hüququ da daxil olmaqla xüsusi hüquqi statusu müəyyən edilmişdir.

Sorğuya əsasən 1991-2016-cı illər ərzində həlak olan şəhid statusu verilmiş hərbi qulluqçuların ailə üzvlərinin bir qrupu Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsaslanaraq Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarının bu Qərar qüvvəyə minənədək həlak olmuş qeyd olunan hərbi qulluquçulara da şamil edilməsini xahiş etmişlər.

 

 

Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, hüquq doktrinasında və qanunvericilikdə hüquqi müəyyənlik (sabitlik) və hüquqa etimad prinsiplərindən irəli gələrək hüquq normalarının bir qayda olaraq geriyə şamil olunmasının yolverilməzliyi prinsipi tətbiq edilir. Belə ki, ictimai münasibətlərin iştirakçıları bütün hərəkət və davranışlarını məhz mövcud hüquq qaydalarına uyğun həyata keçirirlər. Bu səbəbdəndir ki, insanların hüquqa olan etimad və etibarının qorunması, habelə hüquqi qeyri-müəyyənliyə yol verilməməsi üçün hüquq normalarının, bir qayda olaraq, geriyə şamil edilməməsi hüququn hamılıqla qəbul olunmuş prinsiplərindəndir.

Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 28 yanvar tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Bu ondan irəli gəlir ki, hüquqi müəyyənlik prinsipinin bir komponenti kimi hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaratmaqla, fərdi qanunvericiliyin və hüquq tətbiqedən orqanların subyektiv hüquqlara haqsız müdaxiləsindən qoruyur.

Konstitusiya Məhkəməsnin Plenumu vurğulayır ki, hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Lakin Konstitusiya hüququ baxımından hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi də mümkündür. Belə ki, şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi tamamilə istisna edilmir.

Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Göründüyü kimi, qanunun geriyə qüvvəsinin yolverilməzliyi prinsipindən istisna onun fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırması, hüquqi məsuliyyətini aradan qaldırması və ya yüngülləşdirməsi ilə şərtləndirilmişdir.

Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının  2015-ci il 18 dekabr tarixli Qanunu ilə Nizamnaməyə 16 saylı “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” əlavə edilmişdir.

Nizamnamənin 333-cü maddəsinə əsasən, aşağıdakı şəxslərə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi müəyyən edilmişdir:

- “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin;

- ehtiyatda olmağın son yaş həddinə çatmayan, lakin yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 (iyirmi) təqvim ili və daha çox xidmət etmiş ali və baş zabitlərin;

- Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə uyğun olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış ali və baş zabitlərin;

- Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, eləcə də Azərbaycan Respublikasının “Zəfər” ordeni, “Qarabağ” ordeni, “Şöhrət” ordeni və ya “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin;

- Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş digər şəxslərin.

Qaydaların 1.6-cı maddəsində Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin bu Qaydalara uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclərin Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilməsi göstərilmişdir.

Bu şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımının göstərilməsi həmin Qaydaların 1.7-ci maddəsində müəyyən edilmişdir.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli Fərmanının 2.4-cü bəndinə əsasən, Nizamnamənin 16 saylı əlavəsinin 1.6-cı və 1.7-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) həyata keçirir.

Fərmanın 2.1-ci bəndinə uyğun olaraq, həmin Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci (birinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir.

Müvafiq olaraq Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarı ilə  dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3 000  manat məbləğində maliyyə yardımının verilməsi nəzərdə tutulmuşdur.

Göründüyü kimi, qanunverici hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) dəfn və yas mərasimlərinin təşkili üçün dövlət büdcəsindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması üçün ayrılmış vəsait hesabına maliyyə yardımının göstərilməsini müəyyən etmişdir.

Qaydaların 6-cı maddəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəfn mərasiminin keçirilməsi ilə əlaqədar yerinə yetirməli olduğu vəzifələr sırasında Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) ilə birlikdə mərhumun dəfn olunacağı yerin və vaxtın müəyyənləşdirilməsi,  müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dəfn və yas mərasimləri ilə əlaqədar görüləcək tədbirlərin razılaşdırılması və həyata keçirilməsi, bu haqda Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) ətraflı məlumatlandırılması göstərilmişdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin üzərinə, həmçinin  Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) onların “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Əmək pensiyaları haqqında” və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hüquq və imtiyazları haqqında dolğun məlumat verilməsi vəzifəsi qoyulmuşdur.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq isə şəhid adını almış və ya müvafiq hərbi hissənin arayışı ilə şəhid olması təsdiq edilmiş hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissə komandiri şəhidin yas mərasimində hərbi hissə nümayəndələrinin iştirakını təmin edir, habelə hərbi hissələrdə xüsusi guşə yaradılır, burada şəhid olmuş hərbi qulluqçuların və toplanışa çağırılmış vəzifəlilərin şəkli və onlar haqqında müvafiq məlumat əks etdirilir (Nizamnamənin 348-ci maddəsi).

Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarının 4-cü hissəsində isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən maliyyə yardımının verilməsi barədə müraciətin dərhal qəbul edilib, 3 iş günü müddətində müvafiq vəsaitin nağdsız hesablaşma yolu ilə ödənilməsinin təmin edilməsi göstərilmişdir.

Qeyd olunanlar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) dəfn və yas mərasimlərinin təşkili üçün müəyyən edilmiş birdəfəlik maliyyə yardımının ödənilməsinin şərtsiz olaraq təmin olunmasına yönəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın qəbulunda güdülən məqsəd, normanın yerinə yetirdiyi hüquqi funksiya diqqətə alınmalıdır. Nizamnamənin 16 saylı əlavəsinin – “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın  1.7-ci maddəsinin əsas məqsəd və təyinatını isə həlak olmuş hərbi qulluqçuların xatirəsinə ehtiram olaraq onların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) hərbi qulluqçuların məhz dəfn və yas mərasimlərinin təşkili və keçirilməsi üçün birdəfəlik dövlət yardımının ayrılması təşkil edir. Odur ki, 2016-cı il tarixinədək həlak olmuş və dəfn olunmuş hərbi qulluqçuların  valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsi üzrə birdəfəlik maliyyə yardımının ödənilməsi həmin aktın hüquqi təyinat, məqsəd və funksiyası ilə də uzlaşmır.

Göstərilənlərə əsasən,  dəfn və yas mərasiminin təşkili üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göstərilən bu yardım vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) həmin şəxslərin sosial rifahının yaxşılaşdırılmasına yönələn vəsait və ya kompensasiya  kimi qiymətləndirilə bilməz.

 Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, dövlətin daim diqqət və qayğısında olan həlak olmuş hərbi qulluqçuların valideynlərinin (yaxın qohumlarının) sosial rifahının yaxşılaşdırılması istiqamətində mümkün tədbirlərin həyata keçirilməsi daim nəzərdə saxlanılmalıdır.

Hərbi qulluqçuların xüsusi hüquqi statusunun artıq qanunvericilik qaydasında müəyyən edildiyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin müddəalarının tətbiqi istisna edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA   ALDI:

 

1.        Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinə  uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin müddəalarının tətbiqi istisna edilir.

2. Dövlətin diqqət və qayğısında olan həlak olmuş hərbi qulluqçuların valideynlərinin (yaxın qohumlarının) sosial rifahının yaxşılaşdırılması istiqamətində mümkün tədbirlərin davam etdirilməsi müvafiq dövlət qurumları tərəfindən daim nəzərdə saxlanılmalıdır.

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

 

Sədr                                                                                      Fərhad Abdullayev