AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin
16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu
maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
14 iyun 2023-cü il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze
(məruzəçi-hakim), İsa Nəcəfov və Kamran
Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun
27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi
konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri
nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə şərh
edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin
məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Qanunvericilik baş idarəsinin Sosial normativ aktlar idarəsi və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin, Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini, ekspert
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının
professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının
Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət
edərək, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin (bundan sonra – Nizamnamə) 16
saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın
(bundan sonra – Qaydalar) 1.7-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra –
Konstitusiya) 149-cu maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Sorğuda göstərilmişdir ki,
1991-2016-cı illər ərzində həlak olan şəhid statusu verilmiş hərbi
qulluqçuların ailə üzvlərinin bir qrupu Nazirlər Kabinetinə çoxsaylı
müraciətlər edərək, “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi
ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni
nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının
göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Nazirlər
Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarının (bundan sonra – Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr
tarixli Qərarı) Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi əsas götürülməklə
qeyd edilən hərbi qulluqçulara da şamil edilməsini, həmin Qərarla müəyyən
edilmiş 3 000 manat məbləğində maliyyə yardımının onların valideynlərinə (yaxın
qohumlarına və ya qanuni nümayəndələrinə) də ödənilməsini xahiş etmişlər.
Belə ki, “Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul
xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan
Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanunu ilə Nizamnaməyə “Dəfn
mərasiminin təşkili və keçirilməsi Qaydaları” adlanan 16 saylı əlavə daxil
edilmişdir (“Respublika" qəzetində 17 yanvar 2016-cı il tarixində dərc
edilməklə qüvvəyə minmişdir).
Nizamnamənin 16 saylı əlavəsinin
1.7-ci maddəsi ilə 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın
qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımının göstərilməsi müəyyən
edilmişdir.
“Azərbaycan Respublikasının
1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18
dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 14 yanvar tarixli 727 nömrəli Fərmanının (bundan sonra
– Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 14 yanvar tarixli Fərmanı) 1.1.4-cü yarımbəndinin icrasını təmin
etmək məqsədi ilə Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarı
ilə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən
şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas
mərasimlərinin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının verilməsi
təsbit edilmişdir.
Nazirlər Kabineti
Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin və “Normativ hüquqi aktlar
haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinin
tələbləri baxımından yas mərasiminin təşkili üçün müəyyən olunmuş maliyyə
yardımının 1991-2016-cı illər ərzində həlak olan şəhid statusu verilmiş hərbi
qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə)
şamil edilib-edilməməsi ilə bağlı hüquq tətbiqetmə təcrübəsində
qeyri-müəyyənliyin aradan qaldırılması və vahid təcrübənin formalaşdırılması
məqsədi ilə Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək qərarına
gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.
Konstitusiyanın 12-ci
maddəsinin I hissəsinə və 16-cı maddəsinin I hissəsinə əsasən, insan və
vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının
vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin
edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir
vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat
səviyyəsi qayğısına qalır.
Əsas sosial-iqtisadi
hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində
təsbit olunmuşdur. Həmin maddəyə müvafiq olaraq, hər kəsin sosial təminat
hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda,
xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini
itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial
təminat hüququna malikdir.
Sosial təminat hüququ
Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda
da öz əksini tapmışdır. Belə ki, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin
22-ci maddəsinə uyğun olaraq, hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial
təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin
strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması,
şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını
həyata keçirmək hüququ vardır. Eyni zamanda, “İqtisadi, sosial və mədəni
hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki,
sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ vardır.
Konstitusiya Məhkəməsi Plenumunun
bir sıra Qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, sosial dövlət
prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi
kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun
olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən
Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial
siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin
edir. Konstitusiya dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif
mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət
etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına görə, dövlət
sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş
cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən
sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə
götürmüşdür (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin
ikinci hissəsinin şərh edilməsinə dair” 2002-ci il 29 noyabr və “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə
və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair”
2016-cı il 21 oktyabr tarixli Qərarlar).
Bu prinsipə uyğun olaraq
Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 8 iyun tarixli, 1029-IIIQR
nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Hərbi
doktrinasının VII hissəsinin (Hərbi quruculuğun inkişaf perspektivləri) 61-ci
bəndində Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi
qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və
onların həyat şəraitinin daim yaxşılaşdırılması Silahlı Qüvvələrin və başqa silahlı
birləşmələrin hazırkı mərhələdə və ortamüddətli perspektivdə əsas quruculuq,
inkişaf və hazırlıq prioritetləri kimi göstərilmişdir.
Burada nəzərə alınmalıdır
ki, Konstitusiyanın 94-cü maddəsi ilə dövlətin sosial sahə ilə bağlı
vəzifələrinin əsaslarının, ümumi qaydaların müəyyən edilməsi qanunvericinin
müstəsna səlahiyyətlərinə aid edilmişdir. Belə ümumi qaydalar isə müxtəlif
xarakterli münasibətlərin onların spesifik xüsusiyyətlərindən asılı olaraq
müvafiq sahəvi hüquq normaları ilə fərqli (özünə xas olan) məzmunda
tənzimlənməsini istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18
iyul tarixli Qərardadı).
Hərbi qulluqçuların statusu
haqqında qanunvericilik hərbi qulluqçuların hüquq və vəzifələrini, o cümlədən
məsuliyyətini müəyyən edərkən məhz hərbi xidmətin xüsusi xarakterə və
əhəmiyyətə malik olmasından çıxış etmiş, bu xidməti dövlət qulluğunun başqa
növlərindən fərqləndirmişdir.
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi
xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi
qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan
Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan,
vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən
ibarətdir (“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan sonra – “Hərbi
qulluqçuların statusu haqqında” Qanun) 1-ci maddəsinin 1-ci hissəsi).
“Hərbi qulluqçuların
statusu haqqında” Qanunda göstərildiyi kimi, hərbi qulluqçular həmin Qanunla,
Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən
və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə
Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir,
hərbi qulluqçuların məsuliyyəti onların statusunun xüsusiyyətləri nəzərə
alınmaqla Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir,
hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına
güzəştli şərtlərlə daxil edilir, hərbi qulluqçuların hərbi xidmət vəzifələrini
icra etməsi üçün maddi və başqa şərait yaradılır, hərbi qulluçuya öz səhhətinə
və ya ailə üzvlərinin səhhətinə, ailə vəziyyətinə görə, xüsusi şəraitli
yerlərdə xidmət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən
etdiyi müddəti başa çatdırmasına görə xidmət yerini dəyişdirmək hüququ verilir
və s.
Qeyd edilməlidir ki, hərbi
xidmətin xüsusiyyətlərinin nəzərə alınması hərbi qulluqçuların sosial təminat
məsələlərində daha qabarıq şəkildə özünü göstərir. Bu hərbi qulluqçuların
mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin
olunmaq hüququnun, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin
ödənilməsi hüququnun, hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququnun,
hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması, həlak olmuş
(ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi,
hərbi qulluqçunun şəxsi əmlakının zədələnməsi, məhv olması və ya itirilməsi
nəticəsində dəymiş zərərin ödənilməsi və s. hüquqlarının həyata keçirilməsi
üçün müəyyən edilən təminatlarda ifadə olunur (“Hərbi qulluqçuların statusu
haqqında” Qanunun 12, 13, 21, 27, 28 və
29-cu maddələri).
Hərbi qulluqçuların sosial
müdafiəsini gücləndirmək məqsədilə onların həyat və sağlamlığının dövlət icbari
şəxsi sığortası sahəsində münasibətlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Qanunverici hərbi
qulluqçuların hüquqi statusuna sosial müdafiə hüququnu daxil etməklə (yaşayış
sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilmə və s.)
hərbi xidmətkeçmənin ictimai əhəmiyyətli fəaliyyət olmasını vurğulayır və bu
hüququn həyata keçirilməsi üçün dövlət təminatının verilməsini bəyan edir
(Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 iyul tarixli Qərardadı).
Sadalananlar dövlət
tərəfindən həlak olmuş hərbi qulluqçuların ailələrinə göstərilən diqqət və
qayğının ardıcıllığının göstəricisi olmaqla, onların şərəfli və əhəmiyyətli
fəaliyyət və xidmətinə verilən qiymətdir. Beləliklə, hərbi xidmətkeçmənin
əlahiddə əhəmiyyətli fəaliyyət olması nəzərə alınaraq qanunvericilik qaydasında
hərbi qulluqçuların bir çox hüquqları, o cümlədən geniş həcmli sosial təminat
hüququ da daxil olmaqla xüsusi hüquqi statusu müəyyən edilmişdir.
Sorğuya əsasən 1991-2016-cı
illər ərzində həlak olan şəhid statusu verilmiş hərbi qulluqçuların ailə üzvlərinin
bir qrupu Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsaslanaraq Nazirlər Kabinetinin
2016-cı il 29 sentyabr tarixli Qərarının bu Qərar qüvvəyə minənədək həlak olmuş
qeyd olunan hərbi qulluquçulara da şamil edilməsini xahiş etmişlər.
Bununla bağlı ilk növbədə
qeyd edilməlidir ki, hüquq doktrinasında və qanunvericilikdə hüquqi müəyyənlik
(sabitlik) və hüquqa etimad prinsiplərindən irəli gələrək hüquq normalarının bir
qayda olaraq geriyə şamil olunmasının yolverilməzliyi prinsipi tətbiq edilir.
Belə ki, ictimai münasibətlərin iştirakçıları bütün hərəkət və davranışlarını
məhz mövcud hüquq qaydalarına uyğun həyata keçirirlər. Bu səbəbdəndir ki,
insanların hüquqa olan etimad və etibarının qorunması, habelə hüquqi
qeyri-müəyyənliyə yol verilməməsi üçün hüquq normalarının, bir qayda olaraq,
geriyə şamil edilməməsi hüququn hamılıqla qəbul olunmuş prinsiplərindəndir.
Konstitusiya Məhkəməsi
Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”
Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair”
2014-cü il 28 yanvar tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, əksər
normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi
olmur. Bu ondan irəli gəlir ki, hüquqi müəyyənlik prinsipinin bir komponenti
kimi hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda
və hüquqi təhlükəsizlik zəmanətini yaratmaqla, fərdi qanunvericiliyin və hüquq
tətbiqedən orqanların subyektiv hüquqlara haqsız müdaxiləsindən qoruyur.
Konstitusiya Məhkəməsnin
Plenumu vurğulayır ki, hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil
edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır.
Lakin Konstitusiya hüququ baxımından hüquq normasının qüvvəsinin geriyə şamil
edilməsi də mümkündür. Belə ki, şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran
normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi tamamilə istisna
edilmir.
Konstitusiyanın 149-cu
maddəsinin VII hissəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi
vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya
yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa
normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
Göründüyü kimi, qanunun
geriyə qüvvəsinin yolverilməzliyi prinsipindən istisna onun fiziki və hüquqi
şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırması, hüquqi məsuliyyətini aradan
qaldırması və ya yüngülləşdirməsi ilə şərtləndirilmişdir.
Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanunu ilə
Nizamnaməyə 16 saylı “Dəfn mərasiminin təşkili və
keçirilməsi Qaydaları” əlavə edilmişdir.
Nizamnamənin 333-cü maddəsinə əsasən, aşağıdakı
şəxslərə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın
göstərilməsi müəyyən edilmişdir:
- “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin
icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa
çağırılmış hərbi vəzifəlilərin;
- ehtiyatda olmağın son yaş həddinə çatmayan, lakin
yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə həqiqi hərbi xidmətdən ehtiyata
buraxılmış 20 (iyirmi) təqvim ili və daha çox xidmət etmiş ali və baş
zabitlərin;
- Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr
tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında
Əsasnamə”yə uyğun olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə
həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış ali və baş
zabitlərin;
- Azərbaycan Respublikasının “Vətən Müharibəsi
Qəhrəmanı” adı və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, eləcə də
Azərbaycan Respublikasının “Zəfər” ordeni, “Qarabağ” ordeni, “Şöhrət” ordeni və
ya “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi
xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin;
- Azərbaycan Respublikasının qanunlarında nəzərdə
tutulmuş digər şəxslərin.
Qaydaların 1.6-cı
maddəsində Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin bu Qaydalara
uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclərin Azərbaycan
Respublikasının dövlət büdcəsindən müvafiq icra hakimiyyəti orqanının
saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilməsi göstərilmişdir.
Bu şəxslərin valideynlərinə
(yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili
üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımının göstərilməsi
həmin Qaydaların 1.7-ci maddəsində müəyyən edilmişdir.
Nəzərə alınmalıdır ki,
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli Fərmanının
2.4-cü bəndinə əsasən, Nizamnamənin 16 saylı əlavəsinin 1.6-cı və 1.7-ci
(ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti (bundan sonra – Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti) həyata keçirir.
Fərmanın 2.1-ci bəndinə
uyğun olaraq, həmin Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci (birinci halda)
maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Nazirlər Kabineti həyata keçirir.
Müvafiq olaraq Nazirlər
Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarı ilə dəfn mərasiminin təşkili və keçirilməsi
zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və
ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının verilməsi
nəzərdə tutulmuşdur.
Göründüyü kimi, qanunverici
hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya
qanuni nümayəndələrinə) dəfn və yas mərasimlərinin təşkili üçün dövlət
büdcəsindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
saxlanılması üçün ayrılmış vəsait hesabına maliyyə yardımının göstərilməsini
müəyyən etmişdir.
Qaydaların 6-cı maddəsində
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəfn mərasiminin
keçirilməsi ilə əlaqədar yerinə yetirməli olduğu vəzifələr sırasında
Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynləri (yaxın
qohumları və ya qanuni nümayəndələri) ilə birlikdə mərhumun dəfn olunacağı
yerin və vaxtın müəyyənləşdirilməsi,
müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dəfn və yas mərasimləri ilə
əlaqədar görüləcək tədbirlərin razılaşdırılması və həyata keçirilməsi, bu haqda
Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinin (yaxın
qohumlarının və ya qanuni nümayəndələrinin) ətraflı məlumatlandırılması
göstərilmişdir.
Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və
bölmələrinin üzərinə, həmçinin
Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə
(yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) onların “Şəhid adının
əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Əmək
pensiyaları haqqında” və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası
haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hüquq və
imtiyazları haqqında dolğun məlumat verilməsi vəzifəsi qoyulmuşdur.
“Şəhid adının
əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan
Respublikası Qanununa uyğun olaraq isə şəhid adını almış və ya müvafiq hərbi
hissənin arayışı ilə şəhid olması təsdiq edilmiş hərbi qulluqçuların və
toplanışa çağırılmış hərbi vəzifəlilərin xatirəsinə ehtiram əlaməti olaraq
hərbi hissə komandiri şəhidin yas mərasimində hərbi hissə nümayəndələrinin
iştirakını təmin edir, habelə hərbi hissələrdə xüsusi guşə yaradılır, burada
şəhid olmuş hərbi qulluqçuların və toplanışa çağırılmış vəzifəlilərin şəkli və
onlar haqqında müvafiq məlumat əks etdirilir (Nizamnamənin 348-ci maddəsi).
Nazirlər Kabinetinin
2016-cı il 29 sentyabr tarixli Qərarının 4-cü hissəsində isə Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və
bölmələri tərəfindən maliyyə yardımının verilməsi barədə müraciətin dərhal
qəbul edilib, 3 iş günü müddətində müvafiq vəsaitin nağdsız hesablaşma yolu ilə
ödənilməsinin təmin edilməsi göstərilmişdir.
Qeyd olunanlar vəfat etmiş
(həlak olmuş) hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya
qanuni nümayəndələrinə) dəfn və yas mərasimlərinin təşkili üçün müəyyən edilmiş
birdəfəlik maliyyə yardımının ödənilməsinin şərtsiz olaraq təmin olunmasına
yönəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi vacib bilir ki, hər hansı normativ hüquqi aktın bu və ya
digər norması tətbiq olunarkən həmin aktın qəbulunda güdülən məqsəd, normanın
yerinə yetirdiyi hüquqi funksiya diqqətə alınmalıdır. Nizamnamənin 16 saylı
əlavəsinin – “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinin əsas məqsəd və təyinatını
isə həlak olmuş hərbi qulluqçuların xatirəsinə ehtiram olaraq onların
valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) hərbi
qulluqçuların məhz dəfn və yas mərasimlərinin təşkili və keçirilməsi üçün
birdəfəlik dövlət yardımının ayrılması təşkil edir. Odur ki, 2016-cı il tarixinədək
həlak olmuş və dəfn olunmuş hərbi qulluqçuların
valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə)
Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsi üzrə birdəfəlik maliyyə
yardımının ödənilməsi həmin aktın hüquqi təyinat, məqsəd və funksiyası ilə də
uzlaşmır.
Göstərilənlərə əsasən, dəfn və yas mərasiminin təşkili üçün
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göstərilən
bu yardım vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların valideynlərinə (yaxın
qohumlarına və ya qanuni nümayəndələrinə) həmin şəxslərin sosial rifahının
yaxşılaşdırılmasına yönələn vəsait və ya kompensasiya kimi qiymətləndirilə bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin
qeyd edir ki, dövlətin daim diqqət və qayğısında olan həlak olmuş hərbi
qulluqçuların valideynlərinin (yaxın qohumlarının) sosial rifahının
yaxşılaşdırılması istiqamətində mümkün tədbirlərin həyata keçirilməsi daim
nəzərdə saxlanılmalıdır.
Hərbi qulluqçuların xüsusi
hüquqi statusunun artıq qanunvericilik qaydasında müəyyən edildiyini nəzərə
alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev