AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin
Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
8 may 2023-cü il
Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa
Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında
Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri
və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli
şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası
Baş Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini,
Azərbaycan Respublikası Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini və
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının
Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra –
Cinayət- Prosessual Məcəlləsi) 49.4.2-ci maddəsində nəzərdə tutulan “cinayətin
törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar bir
icraatda birləşdirilə bilməz” müddəasının həmin Məcəllənin 8.0.3, 8.0.4, 48.1,
50.1 və 211.3-cü maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
(bundan sonra – Cinayət Məcəlləsi) 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsini xahiş etmişdir.
Sorğuda göstərilmişdir ki,
Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə ağır və ya xüsusilə ağır cinayətin
hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər
verməməyə görə, həmin Məcəllənin 307.2-ci maddəsi ilə qabaqcadan vəd etmədən
ağır cinayəti gizlətməyə görə, 307.3-cü maddəsi ilə isə qabaqcadan vəd etmədən
xüsusilə ağır cinayəti gizlətməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Cinayət-Prosessual
Məcəlləsinin cinayət təqibi üzrə icraatın birləşdirilməsi qaydalarını
tənzimləyən 49.4.2-ci maddəsinə əsasən, cinayətin törədilməsi ilə onun
gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar bir icraatda
birləşdirilə bilməz.
Sorğudan göründüyü kimi,
istintaq təcrübəsində Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin
tələbinə müvafiq olaraq ağır və ya xüsusilə ağır cinayətlərə dair işlər məhkəməyə
göndərilməzdən əvvəl, həmin cinayət barədə xəbər verməyən və ya həmin
cinayətləri gizlədən şəxslər barəsində Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə
cinayət təqibi ayrı icraata ayrılır və məhkəməyə göndərilən ağır və ya xüsusilə
ağır cinayət üzrə hökm qanuni qüvvəyə minənədək ayrılmış iş ibtidai istintaqda
dayandırılır.
Lakin belə işlərin
dayandırılmasına görə Cinayət-Prosessual Məcəlləsinin 53-cü maddəsi ilə müvafiq
əsas müəyyən edilmədiyindən, həmin işlər Məcəllənin 53.1.1-ci maddəsinə istinad
etməklə, yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən
olunmaması əsası ilə dayandırılır.
Prokurorluğun qənaətinə
görə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi qanuni
qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmədiyi halda, şəxsin Cinayət
Məcəlləsinin 307-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək məhkum olunması
qanuni və əsaslı hesab edilə bilməz. Qanunvericilikdə isə ağır və ya xüsusilə
ağır cinayətə dair işlər üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan
həmin işdən ayrılmış cinayətin törədilməsinin gizlədilməsi və ya xəbər
verilməməsinə dair cinayət işinin məhkəməyə göndərilə bilməməsi və ya şəxsin
məhkum oluna bilməyəcəyinə dair hər hansı müddəa müəyyən edilməmişdir.
Qeyd olunan işlərin ibtidai
istintaqda dayandırılması təcrübəsi Cinayət
Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin xəbər
verilməməsinə dair cinayət işləri üzrə təqsirləndirilən şəxs qismində cəlb
edilməli olan şəxslərin əksər hallarda cinayət məsuliyyətinə cəlb etmə
müddətinin keçməsi əsası ilə cinayət məsuliyyətindən kənarda qalması ilə
nəticələnir.
Sorğuverən hesab edir ki,
Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsində təsbit olunmuş tələbin
istisnasız müəyyən olunması cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli,
tam, obyektiv və vaxtında araşdırılmasına, baxılmasına, cinayət törətmiş şəxsin
vaxtında cinayət məsuliyyətinə cəlb olunmasına maneə olmaqla,
Cinayət-Prosessual Məcəlləsinin 8.0.3, 8.0.4, 48.1, 50.1 və 211.3-cü maddələrinin
tələbləri ilə uzlaşmır.
Göstərilənlərə əsasən Prokurorluq
hüquq tətbiqetmə təcrübəsindəki qeyri-müəyyənliyin aradan qaldırılması, vahid
istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət və
cinayət-prosessual qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və
bununla da hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Konstitusiya
Məhkəməsinə sorğu verilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Sorğuda qaldırılan məsələlərin həlli ilə əlaqədar Konstitusiya Məhkəməsinin
Plenumu, ilk növbədə, cinayət təqibi üzrə icraatın birləşdirilməsi və
ayrılmasının hüquqi məqsədinin, əsasları və qaydaları ilə bağlı qanunvericilik
normalarının nəzərdən keçirilməsini vacib hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I və II hissələrinə müvafiq
olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə
müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz
yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan
müddətdə baxılsın.
Bu mənada, qanunla nəzərdə
tutulmuş hallarda cinayət təqibi üzrə icraatın birləşdirilməsi və ayrılması
institutları da hüquq və azadlıqların məhkəmə təminatı hüququnun tərkib hissəsi
kimi qəbul olunmalıdır.
Cinayət-Prosessual Məcəlləsinin
cinayət-prosessual qanunvericiliyinin təyinatını müəyyən edən 1.2-ci maddəsinə
əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona
yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa
etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə
təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli
şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına
almaq, ittiham və ya məhkum etmək mümkün olmasın, heç kəs qanunsuz və ya
zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və
azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.
Cinayətləri tezliklə açmaq,
cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq
və cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət
mühakimə icraatının vəzifələri sırasında müəyyən edilmişdir (Cinayət-Prosessual
Məcəlləsinin 8.0.3 və 8.0.4-cü maddələri).
Cinayət-prosessual
qanunvericiliyinin təyinatına müvafiq olaraq və cinayət mühakimə
icraatının vəzifələrinin icrasına nail olunması məqsədilə qanunvericilikdə
cinayət təqibi üzrə icraatın birləşdirilməsi və cinayət təqibi üzrə icraatın
ayrılması ilə bağlı müddəalar nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, cinayət-prosessual
qanunvericiliyində təsbit olunmuş cinayət təqibi üzrə icraatın birləşdirilməsi
və ayrılması ilə bağlı münasibətləri tənzimləyən normalar iki başlıca məqsədin
təmin edilməsinə istiqamətlənmişdir:
-
prosessual qənaət
prinsipinin gözlənilməsi;
-
cinayət təqibi ilə bağlı
bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması.
Məhz bu məqsədlərə uyğun olaraq
qanunverici cinayət təqibi üzrə icraatın birləşdirilə bildiyi, icraatın
birləşdirilməsinin qadağan olunduğu, cinayət təqibi üzrə icraatın ayrılmasına
yol verildiyi, həmçinin cinayət işinin materiallarından başqa cinayət işinin
ayrıca icraata ayrılmalı olduğu halları müəyyən etmişdir.
Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci
maddəsində cinayət təqibi üzrə icraatın birləşdirilə bildiyi iki hal təsbit
edilmişdir:
-
bir neçə şəxsin bir
cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi;
-
bir şəxsin bir neçə
cinayəti törətməsi barədə cinayət təqibi.
Həmin
Məcəllənin 49.2-ci maddəsinə əsasən, müxtəlif cinayətlər törətmiş şəxslərin hər
hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları
istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində
birləşdirilməsi yolverilməzdir.
Normanın
məzmunundan da göründüyü kimi, cinayət-prosessual qanunvericiliyi cinayət təqibi
üzrə icraatların birləşdirilməsi üçün cinayət işləri arasında dolayı əlaqənin
mövcudluğunu qəbul etməyərək, birbaşa əlaqənin olmasını tələb edir. Cinayət
işləri arasında bu əlaqə isə ya subyektlər arasındakı (bir neçə şəxsin bir
cinayəti birlikdə törətməsi) əlaqədən, ya da cinayət əməlləri ilə subyektin
əlaqəsindən (bir şəxsin bir neçə cinayəti törətməsi) əmələ gəlir.
Belə
əlaqələrin mövcud olduğu halda, cinayət işlərinin birləşdirilməsi bir tərəfdən icraatın
sürətli şəkildə davam etdirilməsinə, məhkəmə proseslərinin uzadılmasını aradan
qaldırmaqla işlərə vaxtında baxılmasına şərait yaratmış olur, digər tərəfdən
isə iştirakçılıqla törədilən cinayətlərdə cinayətin iştirakçılarının əməlləri
bir-biri ilə əlaqəli olduğundan icraatda lüzumsuz təkrarlığın qarşısının
alınmasına, işin daha hərtərəfli və obyektiv araşdırılmasına kömək etmiş olur.
Lakin nəzərə
alınmalıdır ki, qanunverici cinayət təqibinin (cinayət işlərinin) bir icraatda
birləşdirilməli olmasını imperativ norma kimi müəyyən etməmişdir. Bu səbəbdən
cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuşdur ki, cinayət təqibi
ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane
olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda
cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir (Cinayət-Prosessual Məcəlləsinin
50.1-ci maddəsi). Cinayət işinin ayrıca baxılmasının mümkünlüyü dedikdə, həm
ilkin, həm də ayrılmış cinayət təqibi üzrə bütün halların müəyyən edilməsi üçün
istintaqın, zəruri prosessual hərəkətlərin, o cümlədən məhkəmə baxışının
müstəqil surətdə həyata keçirilə bilməsi başa düşülür.
Bununla
yanaşı qanunvericilikdə elə hallar müəyyən edilmişdir ki, bu halların
mövcudluğu müstəntiqin və ya prokurorun mülahizəsindən asılı olmayaraq, cinayət
təqibinin bir icraatda birləşdirilməsini birbaşa olaraq qadağan edir. Cinayət-Prosessual
Məcəlləsinin 49.4-cü maddəsinin imperativ tələbinə əsasən bu hallara
aşağıdakılar aiddir:
- cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya
xəbər verilməməsinə dair ittihamlar üzrə;
- cinayət təqibi bir əmələ görə xüsusi ittiham
qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata
keçirilən ittihamlar üzrə;
- birgə baxılması obyektiv araşdırılmasına mane ola
bilən digər bütün ittihamlar üzrə cinayət təqibi.
Qanunverici təqsirsizlik
prezumpsiyasını, xüsusi ittiham növündə cinayət təqibinin həyata keçirilməsinin
prosessual qaydalarının əhəmiyyətli dərəcədə fərqləndiyini və birgə baxılması hər
bir halda cinayət işinin obyektiv, hərtərəfli, tam və ya vaxtında
araşdırılmasına maneə olduğunu nəzərə alaraq müvafiq hallarda cinayət təqibi
üzrə icraatın birləşdirilməsini mümkün hesab etməmişdir.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, cinayət-prosessual
qanunvericiliyinin tələbləri nəzərə alınmaqla cinayət təqibi üzrə icraatların
birləşdirilməsi barədə qərar qəbul etmək üçün aşağıdakı şərtlər gözlənilməlidir:
-
cinayət işləri arasında birbaşa
əlaqə olmalıdır;
-
cinayət işlərinin birləşdirilməsi
faydalı olmalıdır (yəni, prosessual qənaət prinsipinin gözlənilməsinə və
cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv
araşdırılmasının təmin edilməsinə yönəlməlidir);
-
cinayət işlərinin
birləşdirilməsinə qanunvericiliklə birbaşa qadağa qoyulmamalıdır.
Qeyd edildiyi kimi, cinayət
təqibi üzrə icraatın birləşdirilməsinə yol verilməyən hallardan biri də
cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair
ittihamlar üzrə cinayət təqibidir (Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci
maddəsi).
Cinayət Məcəlləsinin 307-ci
maddəsində təsbit olunmuş cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd
etmədən cinayəti gizlətmə əməllərinin ictimai təhlükəliliyi onunla səciyyələnir
ki, həmin əməllər hazırlanan cinayətlərin qarşısının vaxtında alınmasına,
törədilmiş cinayətlərə münasibətdə isə cinayətin açılmasına, cinayət törətmiş
şəxsin yaxalanmasına və ifşa olunmasına maneə yaradır.
Ağır və ya xüsusilə ağır
cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət
barəsində xəbər verməmə hərəkətsizlik şəklində törədilməklə, şəxsin hazırlanan
və ya törədilmiş cinayət haqqında məlumatlı olmasına baxmayaraq, bu barədə
hakimiyyət orqanlarına və ya onların səlahiyyətli nümayəndələrinə məlumat
verməməsində ifadə olunur.
Ağır və ya xüsusilə ağır
cinayəti qabaqcadan vəd etmədən gizlətmə cinayəti isə obyektiv cəhətdən
aktiv hərəkətlərlə müşayiət olunmaqla, qabaqcadan heç bir vəd verilmədən
cinayət törətmiş şəxsin, cinayət törətmək üçün alət və vasitələrin, cinayətin
izlərinin və cinayət yolu ilə əldə edilmiş əşyaların gizlədilməsi şəklində
törədilir.
Cinayət barəsində xəbər
verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməlləri, gizlədilən və
ya barəsində xəbər verilməyən cinayətlə ayrı-ayrı əməllər olmaqla və fərqli subyektlər
tərəfindən törədilməklə aralarında birbaşa əlaqə mövcud deyildir.
Cinayətin törədilməsi ilə
onun qabaqcadan vəd edilmədən gizlədilməsi və ya barəsində xəbər verilməməsinə
dair ittihamlar bir icraatda birləşdirildiyi halda, bu cinayətlərdən biri
digərini şərtləndirdiyi üçün ağır və ya xüsusilə ağır cinayət işi üzrə yekun
nəticə əldə edilməmiş, yəni cinayət hadisəsinin mövcudluğu, əməldə cinayət
tərkibinin olması, əməlin ağır və ya xüsusilə ağır cinayət olması və iş üçün
əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli araşdırılmadan və sübut
edilmədən, cinayətin qabaqcadan vəd edilmədən
gizlədilməsi və ya xəbər verilməməsi kimi bir cinayət əməlinin
mövcudluğu nəticəsinə gəlinməsi, eləcə də bununla bağlı cinayət işinin obyektiv
şəkildə araşdırılması mümkünsüzdür.
Belə ki, məhkəmə baxışı
nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül
cinayət əməlinə tövsif edə, habelə ona qarşı irəli sürülmüş ittihamdan
ayrı-ayrı bəndləri çıxara (Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsi),
eləcə də cinayət hadisəsinin və ya əməldə cinayət tərkibinin olmaması, habelə
qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla bəraət hökmü çıxara bilər. Bu
səbəbdən qabaqcadan vəd etmədən gizlədilən və ya barəsində xəbər verilməyən
cinayət işi üzrə hökm qanuni qüvvəyə minməklə əməlin ağır və ya xüsusilə ağır
cinayət olması faktı təsdiqlənmədən, Cinayət Məcəlləsinin 307-ci maddəsində
nəzərdə tutulmuş əməl üzrə şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi
cinayət mühakimə icraatının vəzifələrinə, əsas prinsip və şərtlərinə uyğun
olmamaqla, onun qanunsuz olaraq uzun müddət prosessual məcburiyyət tədbirlərinə
məruz qalmasına, nəticədə hüquq və azadlıqlarının əsassız şəkildə
məhdudlaşdırılmasına səbəb ola bilər.
Cinayət-Prosessual Məcəlləsinin
tələbinə əsasən, cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və
ya məhkəmə tərəfindən həmin Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı
və qurtarmalıdır ki, şəxslər onlara ittiham elan olunmasını, işlərinə
baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət
gözləməsinlər. Cinayət prosesini həyata keçirən orqan hər hansı cinayət işi
başlandığı andan həmin Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş
müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilməsini və ya cinayət təqibinə
xitam verilməsini hər bir halda təmin etməlidir (Cinayət-Prosessual Məcəlləsinin
48.1.2 və 48.2.2-ci maddələri).
Xüsusilə vurğulanmalıdır
ki, Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə
nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin
(hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
Bu səbəbdən
təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə ittiham
aktı tərtib olunub məhkəməyə göndərilsə belə, barəsində xəbər verilməyən və ya
qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət işi üzrə
qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin Cinayət Məcəlləsinin 307-ci
maddəsində təsbit olunmuş əməlin törədilməsində təqsirli bilinməsi
qəbuledilməzdir.
Əks yanaşma cinayət
hüququnun mühüm prinsiplərindən olan qanunçuluq prinsipinin, eləcə də cinayət
mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına səbəb
ola bilər.
Konstitusiya Məhkəməsi
Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən,
qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquq tətbiqedən
orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata
keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin
təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət
qanunu əsasında yol verilməsindən ibarətdir (“Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 21
oktyabr tarixli Qərar).
Konstitusiyanın 63-cü
maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin
törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə
tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş
hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə
təqsirli sayıla bilməz.
Təqsirsizlik prezumpsiyası,
həmçinin Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində öz əksini tapmışdır. Həmin
maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun
təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu
barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.
Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol
verilmir.
Qeyd olunanlar Cinayət
Məcəlləsinin 307-ci maddəsi üzrə aparılan cinayət təqibi üzrə icraatın ağır və
ya xüsusilə ağır cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək
dayandırılmasını zəruri edir.
Lakin nəzərə alınmalıdır
ki, Cinayət-Prosessual Məcəlləsinin cinayət təqibi üzrə icraatın dayandırılması
əsaslarını təsbit edən 53-cü maddəsində Cinayət Məcəlləsinin 307-ci maddəsi
üzrə icraatın dayandırılmasına imkan verən belə bir əsas müəyyən edilməmişdir. Bu
baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu Qərarda əks
olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən Cinayət-Prosessual
Məcəlləsinin 53-cü maddəsinin təkmilləşdirilməsi məqsədəmüvafiq olardı.
Konstitusiyanın 60-cı
maddəsində nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı hüququnun təmin
edilməsi məqsədilə məsələ qanunvericilik qaydasında həll edilənədək Cinayət
Məcəlləsinin 307-ci maddəsində təsbit olunmuş cinayət əməlləri ilə bağlı cinayət təqibi üzrə icraat,
barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya
xüsusilə ağır cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək
dayandırılmalıdır.
Bununla yanaşı
vurğulanmalıdır ki, cinayət və cinayət-prosessual qanunvericiliklərində belə
dayandırmanın şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün müəyyən edilmiş
müddətin axımının dayandırılmasına səbəb olması nəzərdə tutulmamışdır.
Cinayət-Prosessual Məcəlləsinin 53.7-ci maddəsinə
görə, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və
ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə
tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və
müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət
məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət
törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış
icraata xitam verilir.
Cinayət Məcəlləsinin müddətin keçməsi ilə bağlı
cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan 75-ci maddəsinə uyğun olaraq,
böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə
şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Odur ki, barəsində xəbər
verilməyən ağır və ya xüsusilə ağır cinayət əməlləri üzrə icraatın iki ildən çox
müddətə davam etməsinin mümkünlüyü nəzərə alınaraq və cinayət-prosessual
qanunvericiliyinin təyinatına uyğun olaraq Cinayət Məcəlləsinin 307.1-ci maddəsində
nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə bağlı
ayrıca qaydanın müəyyənləşdirilməsi zəruridir.
Bu baxımdan Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, ağır və ya xüsusilə ağır cinayət barəsində
xəbər verməmə cinayəti ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin
axımının əsas cinayət işi üzrə yekun məhkəmə qərarının qanuni qüvvəyə mindiyi
gündən hesablanması məqsədəmüvafiq olardı.
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual
Məcəlləsinin 39-cu maddəsi ilə cinayət təqibinə xitam verilməli olan (cinayət
təqibini istisna edən) hallar müəyyən edilmişdir.
Həmin Məcəllənin 41 və 43-cü maddələrinə müvafiq olaraq təhqiqatçı, müstəntiq
və ya prokuror, eləcə də məhkəmə baxışı gedişində məhkəmə cinayət təqibini
istisna edən hallar müəyyən etdikdə qanunvericiliklə müəyyən edilmiş qaydalara
əməl edilməklə cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi
üzrə icraata xitam verilməsi barədə) qərar çıxara bilər.
Əgər cinayət təqibinə
Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsi ilə müəyyən edilən bəraətverici
əsaslar olmadan xitam verilmişdirsə və belə xitam vermə haqqında qərarda
cinayət hadisəsinin mövcud olmasının sübuta yetirilməsi faktı öz əksini tapmışdırsa,
bu halda cinayət barəsində xəbər verməyən və ya qabaqcadan vəd etmədən cinayəti
gizlədən şəxs barəsində cinayət təqibinə dair icraatın məhkəməyə göndərilməsi
və həmin cinayət işinə məhkəmələr tərəfindən baxılaraq təqsirləndirilən şəxsin
əməlinə hüquqi qiymət verilməsi istisna edilmir.
Qeyd olunanlara əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
· Cinayət-Prosessual
Məcəlləsinin 53-cü maddəsində ağır və ya xüsusilə ağır cinayət barəsində xəbər
verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməlləri ilə əlaqədar cinayət
təqibi üzrə icraatın dayandırılmasının xüsusi əsasının müəyyən edilməsi;
· Cinayət Məcəlləsinin
75-ci maddəsində ağır və ya xüsusilə ağır cinayət barəsində xəbər
verməmə cinayəti ilə bağlı cinayət
məsuliyyətinə cəlb etmə müddətinin axımının hesablanmasının fərqli qaydasının təsbit
edilməsi tövsiyə olunmalıdır.
- Cinayət və Cinayət-Prosessual Məcəllələrinin müvafiq
normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, Cinayət
Məcəlləsinin 307-ci maddəsində təsbit olunmuş cinayət əməlləri ilə bağlı cinayət təqibi üzrə icraatlar,
barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya
xüsusilə ağır cinayət işləri üzrə məhkəmə hökmü qanuni qüvvəyə minənədək
dayandırılmalıdır.
Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə
tutulmuş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı ağır və ya
xüsusilə ağır cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən
hesablanmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində
əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikasının Milli
Məclisinə:
-
Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 53-cü maddəsində ağır və ya xüsusilə ağır cinayət
barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməlləri
ilə əlaqədar cinayət təqibi üzrə icraatın dayandırılmasının xüsusi əsasının
müəyyən edilməsi;
-
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
75-ci maddəsində ağır və ya xüsusilə ağır cinayət barəsində
xəbər verməmə cinayəti
ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının hesablanmasının fərqli
qaydasının təsbit edilməsi tövsiyə olunsun.
2. Azərbaycan Respublikası Cinayət və Cinayət-Prosessual
Məcəllələrinin müvafiq normaları qanunverici orqan tərəfindən
təkmilləşdirilənədək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci
maddəsində təsbit olunmuş cinayət əməlləri ilə bağlı
cinayət təqibi üzrə icraatlar, barəsində xəbər
verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır
cinayət işləri üzrə məhkəmə hökmü qanuni qüvvəyə minənədək dayandırılsın.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə
cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı ağır və ya xüsusilə ağır
cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablansın.
3. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci
maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
8 may 2023-cü il tarixli Qərarından hakim
İ.Nəcəfovun (“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 64-cü maddəsinə əsasən)
Xüsusi rəyi
8 may 2023-cü
il
Bakı şəhəri
Konstitusiya Məhkəməsinin
Plenum qərarına hörmətlə yanaşaraq, qərardakı bəzi mühakimələrə öz mövqeyimi
bildirməyi vacib sayıram.
Plenum qərarında
qeyd olunmuşdur ki, “qanunverici cinayət təqibinin (cinayət işlərinin) bir icraatda
birləşdirilməli olmasını imperativ norma kimi müəyyən etməmişdir. Bu səbəbdən
cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmişdir ki, cinayət təqibi
ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane
olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda
cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir (Cinayət-Prosessual
Məcəlləsinin 50.1-ci maddəsi). Cinayət işinin ayrıca baxılmasının mümkünlüyü
dedikdə həm ilkin, həm də ayrılmış cinayət təqibi üzrə bütün halların müəyyən
edilməsi üçün istintaqın, zəruri prosessual hərəkətlərin, o cümlədən məhkəmə
baxışının müstəqil surətdə həyata keçirilə bilməsi başa düşülür.
Bununla yanaşı qanunvericilikdə elə hallar müəyyən edilmişdir ki, bu
halların mövcudluğu müstəntiqin və ya prokurorun mülahizəsindən asılı olmayaraq
cinayət təqibinin bir icraatda birləşdirilməsini birbaşa olaraq qadağan edir.
Cinayət-Prosessual Məcəlləsinin 49.4-cü maddəsinin imperativ tələbinə əsasən bu
hallara aşağıdakılar aiddir:
- cinayətin törədilməsi ilə
onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə;
- cinayət təqibi bir əmələ
görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham
qaydasında həyata keçirilən ittihamlar üzrə;
- birgə baxılması obyektiv
araşdırılmasına mane ola bilən digər bütün ittihamlar üzrə cinayət təqibi.
Qanunverici təqsirsizlik prezumpsiyasını, xüsusi ittiham növündə cinayət
təqibinin həyata keçirilməsinin prosessual qaydalarının əhəmiyyətli dərəcədə
fərqləndiyini və birgə baxılması hər bir halda cinayət işinin obyektiv,
hərtərəfli, tam və ya vaxtında araşdırılmasına maneə olduğunu nəzərə alaraq
müvafiq hallarda cinayət təqibi üzrə icraatın birləşdirilməsini mümkün hesab
etməmişdir.”
Həmçinin, qərarda
vurğulanır ki, “cinayətin törədilməsi ilə onun qabaqcadan vəd edilmədən gizlədilməsi və ya xəbər verilməməsinə dair
ittihamların bir icraatda birləşdirildiyi halda, bu cinayətlərdən biri digərini
şərtləndirdiyi üçün ağır və ya xüsusilə ağır cinayət işi üzrə yekun nəticə əldə
edilməmiş, yəni cinayət hadisəsinin mövcudluğu, əməldə cinayət tərkibinin
olması, əməlin ağır və ya xüsusilə ağır cinayət olması və iş üçün əhəmiyyət
kəsb edən digər hallar tam və hərtərəfli qaydada araşdırılmadan və sübut
edilmədən cinayətin qabaqcadan vəd edilmədən
gizlədilməsi və ya xəbər verilməməsi ilə bağlı cinayət işinin obyektiv
şəkildə araşdırılması mümkünsüzdür”.
Plenumun bu hüquqi mövqeyi
kifayət qədər düzgün hesab etmirəm.
CPM-nin 4-cü fəslində
cinayət təqibi üzrə icraatın aparılması qaydaları müəyyən olunmuşdur. Bu
qaydalar ibtidai araşdırma prosesində ibtidai araşdırma aparan təhqiqatçı, müstəntiq
və ibtidai istintaqa prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul
edilən prosesual aktlardan ibarətdir.
Qanunvericilik bu
qaydaların içərisində cinayət işlərinin birləşdirilməsi və ayrılması ilə bağlı
prosesual hərəkətlərə xüsusi diqqət yetirmişdir.
CPM-də xüsusi yer
tutan bu cür qaydalardan biri də ayrı-ayrı cinayət işlərinin bir icraatda birləşdirilməsini
müəyyən edən normalardır.
Cinayət işlərinin
birləşdirilməsi barədə CPM-in 49-cu maddəsinin müddəasına əsasən “Yalnız
bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət
təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir
icraatda birləşdirilə bilər”. Yəni, ayrı ayrılıqda və müxtəlif vaxtlarda, eləcə
də, ayrı-ayrı istintaq orqanlarında cinayət faktı və ya cinayət törətdiyinə görə
barəsində cinayət işi başlanan şəxslərin təqsirləndirilməsinə dair cinayət təqibləri
bir icraatda birləşdirilə bilər.
CPM-in
49.4-cü maddəsinə əsasən, 49.4.2-ci maddəsində göstərilən “cinayətlərin törədilməsi
ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə” bir
icraatda birləşdirilə bilməz.
Zənnimizcə,
qanunverici bu normaları tərtib edərkən və qəbul edərkən “Normativ hüquqi
aktlar haqqında” Konstitusiya Qanununun 8.0.4-cü maddəsinin mütənasiblik
prinsipinə əməl etməmişdir. Belə ki, cinayətin törədilməsi ilə onun gizlədilməsi
və ya xəbər verilməməsinə dair hüquqi faktlar, yəni cinayət əməlləri, konkret
ağır və xüsusilə ağır cinayətlərin ibtidai istintaqı prosesində aşkar edilir.
Bu halda cinayət işlərinin birləşdirilməsindən və ya ayrılmasından söhbət gedə
bilməz. Çünki, bu əsas işin içərisində istintaqı gedən bir epizoddur.
Prokurorluğun
sorğusundan görünür ki, prokurorluq orqanlarında 2020-2022-ci illərdə ağır və
ya xüsusilə ağır cinayətlərin hazırlanmasını və ya törədilməsini bilərək, həmin
cinayət barəsində xəbər verməmə faktı üzrə 53 cinayət işi başlanmış, lakin cəmi
5 iş üzrə ittiham hökmü çıxarılmışdır. Qanunverici aparılan cinayət işlərinin
istintaqında bu növ cinayət işlərinin ayrılmasını nəzərdə tutmur.
Çünki CPM-in cinayət
təqibi üzrə icraatın ayrılmasını müəyyən edən 50.1-ci maddəsinə əsasən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli,
tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə
ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın
ayrılmasına yol verilir.
Qanunverici,
cinayət işindən digər bir işin ayrılmasını CPM-in 50.1-ci maddəsinin müddəasındakı
istilahlarla – “...işə vaxtında baxılmasına mane olmayan...” və eləcə də,
“...işə xarakterinə görə ayrıca baxılmasının mümkün olması...” ilə şərtləndirmişdir.
İşə
vaxtında baxılma və ayrıca baxılma elə hüquqi prosessual hərəkətlərdir ki,
onların mümkün olmaması cinayət təqibi üzrə icraatın ayrılmasını istisna edir.
Qanunverici
CPM-in “Cinayət işlərinin birləşdirilməsi və cinayət işinin materiallarından
başqa cinayət işinin ayrılması” adlı 211-ci maddəsinin 3-cü bəndində təsbit
edir ki, “Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və
ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli,
tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi
ayrıla bilməz”.
Maddənin
“cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında
araşdırılması” müddəası cinayət təqibinin fasiləsiz aparılmasını ehtiva edir.
Ona
görə də deyə bilərik ki, CPM-in 50.1-ci maddəsi 211.3-cü maddəsiylə funksional əlaqədədir.
Bu
əlaqələr cinayət təqibi ilə üzrə bütün halların “vaxtında baxılmasına”, “ayrıca
baxılmasına”, “vaxtında araşdırılmasına” maneələrin olmaması müddəaları ilə
bağlıdır.
İstintaqın
təcrübəsindən də görünür ki, ağır və ya xüsusilə ağır cinayət işlərindən,
CPM-in 49.2.4-cü maddəsinə əsasən
ayrılmış cinayət işləri üzrə cinayət təqibi
bütün hallarda hərtərəfli, tam, obyektiv və vaxtında nə araşdırılmış, nə
də ki ayrıca baxılmışdır.
Prokurorluğun
sorğusunda qeyd edilən istintaq təcrübəsi də bir daha sübüt edir ki, CPM-nin
49.4.2-ci maddəsində qeyd edilən ayrılma icrası mümkün olmayan prosessual hərəkətdir.
Azərbaycan Respublikası
Konstitusiyasının “Vətəndaşların vəzifələrinin əsası”nı müəyyən edən 72-ci maddəsinin
II bəndində təsdiq edilir ki, “hər bir şəxs Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin
hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri
yerinə yetirməlidir.”
Konstitusiyanın “Məsuliyyət” müəyyən edən 80-cı maddəsində
isə təsbit edilir ki, “Konstitusiyanın və qanunların pozulması, o cümlədən
Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin
yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.”
Cinayət prosessual qanunvericiliyin bir neçə təyinatı vardır.
Onlardan biri də konstitusion hüquq və azadlıqların qorunmasını təmin edən, qanunla
cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə
cəlb etməyi mümkün hesab etməkdir.
CMP-in 1.2.1-ci maddəsinin
bu müddəası Konstitusiyanın 80-cı maddəsinin müddəasından qaynaqlanır.
CPM-nin 49.4.2-ci maddəsində qeyd edilən
qayda cinayət mühakimə icraatında problemlər yaratmışdır. Çünki əvvəlcədən vəd
etmədən cinayəti gizlətmə ilə bağlı barəsində cinayət işi başlanmış və cinayət
təqibi ayrıca icraata ayrılmış şəxs nə ibtidai araşdırmadan, nə də ki məhkəmə araşdırmasından
kənar qala bilməyəcəkdir. Bu cür hallarda cinayəti gizlətmək təkcə cinayətkarı
deyil, həm də cinayətin alət və vasitələrini, cinayətin predmetini və s gizlədilməsini
ehtiva edir. Artıq cinayət işinin icraatında prosessual hərəkətlər əsasında
ayrılması mümkün olmayan hüquqi fakt ortaya çıxmış olur. Bunlar da cinayət əməli
bitdikdən sonra cinayətlə dolayı yolla bağlılığı olan maddi sübutların
saxlayıcısı, sübut etmə institutunun ən vacib və mötəbər vasitələrindən
biridir. Və bunun müstəqil cinayət işi kimi başa çatdırılması sübutetmə vasitələrinin
parçalanması deməkdir.
Eləcə də, qeyd edilən cinayət işləri üzrə
ibtidai istintaqın bir icraatda aparılması ibtidai istintaq müddəti ilə bağlı zəruri
hallarda, bir qərarla müddətin uzadılması həyata keçiriləcəkdir. Çünki ağır və
ya xüsusilə ağır cinayət işləri üzrə aparılan ibtidai istintaq müddəti daxilində
qeyd edilən cinayət faktları üzrə qəbul edilməsi zəruri olan cinayət prosessual
qərarların qəbul edilməsi qanuna uyğundur.
Təqsirləndirilən şəxslərin əsas cinayət işi
üzrə məhkəmə baxışlarının nəticəsini gözləməsinə isə ehtiyac qalmayacaqdır.
Bununla da, “Cinayət təqibi üzrə icraatın
tezliyinin təmin olunması”na dair imperativ xarakterli CPM-in 48.1 – 48.2 və
48.1.2-ci maddələrinin tələbləri gözləniləcəkdir.
Göründüyü kimi, yuxarıda qeyd edilənlər cinayət
işinin elə faktiki hallarıdır ki, onlarsız nə ibtidai araşdırma, nə də ki məhkəmə
iş üzrə obyektiv, hərtərəfli və ədalətli qərar qəbul edə bilməz. Bu halda,
qanunvericinin CPM-nin 50-ci maddəsində qeyd edilən prinsiplərinə görə, cinayətin
törədilməsi ilə bağlı olan cinayət işindən onun gizlədilməsi və ya xəbər verməməsinə
dair ittihamlar üzrə olan cinayət işinin ayrılması düzgün deyildir.
Ona görə
ki:
-
Ağır və ya xüsusilə ağır cinayətlərin hazırlanmasını və ya törədilməsini
bilərək, həmin cinayət barəsində xəbər verməmək, eləcə də, qabaqcadan vəd etmədən ağır və ya xüsusilə
ağır cinayəti gizlətmək heç vaxtı müstəqil şəkildə mövcud olmur.
-
Onlar, qeyd edilən cinayətlərin ibtidai istintaqının müəyyən mərhələlərində,
şahidlərin, şübhəli şəxslərin, əksər hallarda isə təqsirləndirilən şəxslərin
ifadələri əsasında aşkar edilir. (CPM 204.2-ci maddəsi)
-
Onlar öz hüquqi təbiətinə görə sadə tərkiblidir. Və dolayısı yolla ağır
və ya xüsusilə ağır cinayətlə əlaqəlidir.
-
Əsas ağır və ya xüsusilə ağır cinayətlər üzrə toplanmış sübut vasitələrinin
həll edici aspektləri də cinayətləri bilib xəbər verməyənin və ya cinayəti əvvəlcədən
vəd etmədən gizlədənin ittihamı üçün əsas sübutlardır.
-
Hansı ki, bu sübutlar, cinayəti bilib xəbər verməyənin və ya əvvəlcədən
vəd etmədən cinayəti gizlədənin cinayət
təqibi üzrə qanunun tələb etdiyi müddətdə mühakimə edilməsini təmin edir.
Beləliklə də, Plenumun
“işlərin bir icraatda birləşdiyi halda, cinayət işinin obyektiv şəkildə araşdırılması
mümkün deyil” – iddiasının hüquqi əsası fərziyyə xarakteri daşıdığından razılaşa
bilmərəm.
Həmçinin, Plenumun CPM-nin
318.1-ci maddəsinin müddəalarını öz mövqeyinin təsdiqi üçün əsas gətirməsi həlledici
fakt deyildir. Ona görə ki, qeyd edilən cinayətlərə görə təqsirləndirilən şəxslər
də ağır və ya xüsusilə ağır cinayətlərə görə təqsirləndirilən şəxslərlə birlikdə
məhkəmə mühakiməsinə cəlb edilərək mühakimə edilə bilərlər. Əslində belə də
olmalıdır. Çünki onların ittihamları əsas ittihamlardan asılı və bağlıdır.
CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmənin
ağır və ya xüsusilə ağır cinayətlərdə təqsirləndirilən şəxslər barədə qəbul
etdiyi qərarlara müvafiq olaraq, cinayəti xəbər verməmə və ya əvvəlcədən vəd
etmədən cinayəti gizlətmədə təqsirləndirilən şəxslər barədə də qərar qəbul edilə
bilər.
Hazırkı CPM-ə qədər qüvvədə
olmuş Azərbaycan SSR CPM-in “cinayət işlərini birləşdirmə və ayırma”
qaydalarını müəyyən edən 147-ci maddəsinin birinci bəndində təsbit edilirdi ki,
– “Bir və ya bir neçə cinayət törətməkdə iştirakçılığa görə bir neçə şəxsin
ittihamı üzrə cinayət işləri və ya bir şəxsin bir neçə cinayət törətməkdə,
habelə bu cinayətləri qabaqcadan vəd etmədən gizlətməkdə və onlar haqqında xəbər
verməməkdə ittihamı üzrə işlər bir istintaq icraatında birləşdirilir.
Rusiya
Federasiyasının CPM-nin 153.1.3-cü maddəsində (əvvəlcədən vəd etmədən cinayəti
gizlətmə), Belarusiya Respublikasının CPM-nin 164-cü maddəsinin 4-cü bəndində
eyni müddəalar öz əksini tapmışdır.
Prokurorluğun
7 fevral 2023-cü il sorğusundan da görünür ki, CPM-in 49.4.2-ci maddəsinin müddəasının
tətbiqi prosesində problem olduğundan 30-dan artıq cinayət işi üzrə CPM-in
1.2.1-ci maddəsində nəzərdə tutulan vəzifəni icra etmək mümkün olmamışdır.
CPM-in 49-cu maddəsinin müddəasının
hüquqi tənzimetmədə rolu və tutduğu mövqeyə görə ümumi normadır. CPM-in
211.1-ci maddəsinin müddəasında da o, yəni 49-cu maddə ümumi norma kimi hüquqi
mövqeyində qalır.
Lakin CPM-in 211.3-cü maddəsində
qeyd olunmuş “Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən
biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli,
tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi
ayrıla bilməz” müddəası həm Məcəllədəki yerinə,
həm də hüquqi tənzim etmədəki roluna görə xüsusi norma kimi səciyyələnir.
“Normativ hüquqi aktlar haqqında”
Konstitusiya Qanununun 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda
ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq
edilir.
Yuxarıda qeyd edilənlərə əsasən
belə hesab edirəm ki, CPM-in 49.4.2-ci maddəsinin müddəası Azərbaycan
Respublikasının Konstitusiyasının 80-ci maddəsinin və CPM-in 1.2.1-ci, 48.1 –
48.2, 48.2.2, 50.1-ci və 211.3-cü maddələrinin müddəalarına ziddir.
Ona görə də, Konstitusiya Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 49-cu maddəsində müvafiq dəyişikliklər edilməsini Milli Məclisdən tələb etməliydi.