Постановления

08.05.23 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

8 may 2023-cü il                                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 49.4.2-ci maddəsində nəzərdə tutulan “cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar bir icraatda birləşdirilə bilməz” müddəasının həmin Məcəllənin 8.0.3, 8.0.4, 48.1, 50.1 və 211.3-cü maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməyə görə, həmin Məcəllənin 307.2-ci maddəsi ilə qabaqcadan vəd etmədən ağır cinayəti gizlətməyə görə, 307.3-cü maddəsi ilə isə qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

Cinayət-Prosessual Məcəlləsinin cinayət təqibi üzrə icraatın birləşdirilməsi qaydalarını tənzimləyən 49.4.2-ci maddəsinə əsasən, cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar bir icraatda birləşdirilə bilməz.

Sorğudan göründüyü kimi, istintaq təcrübəsində Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin tələbinə müvafiq olaraq ağır və ya xüsusilə ağır cinayətlərə dair işlər məhkəməyə göndərilməzdən əvvəl, həmin cinayət barədə xəbər verməyən və ya həmin cinayətləri gizlədən şəxslər barəsində Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə cinayət təqibi ayrı icraata ayrılır və məhkəməyə göndərilən ağır və ya xüsusilə ağır cinayət üzrə hökm qanuni qüvvəyə minənədək ayrılmış iş ibtidai istintaqda dayandırılır.

Lakin belə işlərin dayandırılmasına görə Cinayət-Prosessual Məcəlləsinin 53-cü maddəsi ilə müvafiq əsas müəyyən edilmədiyindən, həmin işlər Məcəllənin 53.1.1-ci maddəsinə istinad etməklə, yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunmaması əsası ilə dayandırılır.

Prokurorluğun qənaətinə görə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmədiyi halda, şəxsin Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək məhkum olunması qanuni və əsaslı hesab edilə bilməz. Qanunvericilikdə isə ağır və ya xüsusilə ağır cinayətə dair işlər üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan həmin işdən ayrılmış cinayətin törədilməsinin gizlədilməsi və ya xəbər verilməməsinə dair cinayət işinin məhkəməyə göndərilə bilməməsi və ya şəxsin məhkum oluna bilməyəcəyinə dair hər hansı müddəa müəyyən edilməmişdir.

Qeyd olunan işlərin ibtidai istintaqda  dayandırılması təcrübəsi Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin xəbər verilməməsinə dair cinayət işləri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxslərin əksər hallarda cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət məsuliyyətindən kənarda qalması ilə nəticələnir.

Sorğuverən hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsində təsbit olunmuş tələbin istisnasız müəyyən olunması cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına, baxılmasına, cinayət törətmiş şəxsin vaxtında cinayət məsuliyyətinə cəlb olunmasına maneə olmaqla, Cinayət-Prosessual Məcəlləsinin 8.0.3, 8.0.4, 48.1, 50.1 və 211.3-cü maddələrinin tələbləri ilə uzlaşmır.

Göstərilənlərə əsasən Prokurorluq hüquq tətbiqetmə təcrübəsindəki qeyri-müəyyənliyin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və bununla da hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə sorğu verilməsinin zəruriliyi qənaətinə gəlmişdir. 

Sorğuda qaldırılan məsələlərin həlli ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, cinayət təqibi üzrə icraatın birləşdirilməsi və ayrılmasının hüquqi məqsədinin, əsasları və qaydaları ilə bağlı qanunvericilik normalarının nəzərdən keçirilməsini vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I və II hissələrinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

Bu mənada, qanunla nəzərdə tutulmuş hallarda cinayət təqibi üzrə icraatın birləşdirilməsi və ayrılması institutları da hüquq və azadlıqların məhkəmə təminatı hüququnun tərkib hissəsi kimi qəbul olunmalıdır.

Cinayət-Prosessual Məcəlləsinin cinayət-prosessual qanunvericiliyinin təyinatını müəyyən edən 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.

Cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq və cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının vəzifələri sırasında müəyyən edilmişdir (Cinayət-Prosessual Məcəlləsinin 8.0.3 və 8.0.4-cü maddələri).

Cinayət-prosessual qanunvericiliyinin təyinatına müvafiq olaraq və cinayət mühakimə icraatının vəzifələrinin icrasına nail olunması məqsədilə qanunvericilikdə cinayət təqibi üzrə icraatın birləşdirilməsi və cinayət təqibi üzrə icraatın ayrılması ilə bağlı müddəalar nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, cinayət-prosessual qanunvericiliyində təsbit olunmuş cinayət təqibi üzrə icraatın birləşdirilməsi və ayrılması ilə bağlı münasibətləri tənzimləyən normalar iki başlıca məqsədin təmin edilməsinə istiqamətlənmişdir:

-  prosessual qənaət prinsipinin gözlənilməsi;

-  cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması.

Məhz bu məqsədlərə uyğun olaraq qanunverici cinayət təqibi üzrə icraatın birləşdirilə bildiyi, icraatın birləşdirilməsinin qadağan olunduğu, cinayət təqibi üzrə icraatın ayrılmasına yol verildiyi, həmçinin cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılmalı olduğu halları müəyyən etmişdir.

Belə ki,  Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci maddəsində cinayət təqibi üzrə icraatın birləşdirilə bildiyi iki hal təsbit edilmişdir:

-  bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi;

-  bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi.

Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir.

Normanın məzmunundan da göründüyü kimi, cinayət-prosessual qanunvericiliyi cinayət təqibi üzrə icraatların birləşdirilməsi üçün cinayət işləri arasında dolayı əlaqənin mövcudluğunu qəbul etməyərək, birbaşa əlaqənin olmasını tələb edir. Cinayət işləri arasında bu əlaqə isə ya subyektlər arasındakı (bir neçə şəxsin bir cinayəti birlikdə törətməsi) əlaqədən, ya da cinayət əməlləri ilə subyektin əlaqəsindən (bir şəxsin bir neçə cinayəti törətməsi) əmələ gəlir.  

Belə əlaqələrin mövcud olduğu halda, cinayət işlərinin birləşdirilməsi bir tərəfdən icraatın sürətli şəkildə davam etdirilməsinə, məhkəmə proseslərinin uzadılmasını aradan qaldırmaqla işlərə vaxtında baxılmasına şərait yaratmış olur, digər tərəfdən isə iştirakçılıqla törədilən cinayətlərdə cinayətin iştirakçılarının əməlləri bir-biri ilə əlaqəli olduğundan icraatda lüzumsuz təkrarlığın qarşısının alınmasına, işin daha hərtərəfli və obyektiv araşdırılmasına kömək etmiş olur.

Lakin nəzərə alınmalıdır ki, qanunverici cinayət təqibinin (cinayət işlərinin) bir icraatda birləşdirilməli olmasını imperativ norma kimi müəyyən etməmişdir. Bu səbəbdən cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuşdur ki, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir (Cinayət-Prosessual Məcəlləsinin 50.1-ci maddəsi). Cinayət işinin ayrıca baxılmasının mümkünlüyü dedikdə, həm ilkin, həm də ayrılmış cinayət təqibi üzrə bütün halların müəyyən edilməsi üçün istintaqın, zəruri prosessual hərəkətlərin, o cümlədən məhkəmə baxışının müstəqil surətdə həyata keçirilə bilməsi başa düşülür.

Bununla yanaşı qanunvericilikdə elə hallar müəyyən edilmişdir ki, bu halların mövcudluğu müstəntiqin və ya prokurorun mülahizəsindən asılı olmayaraq, cinayət təqibinin bir icraatda birləşdirilməsini birbaşa olaraq qadağan edir. Cinayət-Prosessual Məcəlləsinin 49.4-cü maddəsinin imperativ tələbinə əsasən bu hallara aşağıdakılar aiddir:

- cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə;

- cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar üzrə;

- birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər bütün ittihamlar üzrə cinayət təqibi.

Qanunverici təqsirsizlik prezumpsiyasını, xüsusi ittiham növündə cinayət təqibinin həyata keçirilməsinin prosessual qaydalarının əhəmiyyətli dərəcədə fərqləndiyini və birgə baxılması hər bir halda cinayət işinin obyektiv, hərtərəfli, tam və ya vaxtında araşdırılmasına maneə olduğunu nəzərə alaraq müvafiq hallarda cinayət təqibi üzrə icraatın birləşdirilməsini mümkün hesab etməmişdir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, cinayət-prosessual qanunvericiliyinin tələbləri nəzərə alınmaqla cinayət təqibi üzrə icraatların birləşdirilməsi barədə qərar qəbul etmək üçün aşağıdakı şərtlər gözlənilməlidir:

-  cinayət işləri arasında birbaşa əlaqə olmalıdır;

-  cinayət işlərinin birləşdirilməsi faydalı olmalıdır (yəni, prosessual qənaət prinsipinin gözlənilməsinə və cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsinə yönəlməlidir);

-  cinayət işlərinin birləşdirilməsinə qanunvericiliklə birbaşa qadağa qoyulmamalıdır.

Qeyd edildiyi kimi, cinayət təqibi üzrə icraatın birləşdirilməsinə yol verilməyən hallardan biri də cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə cinayət təqibidir (Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsi).

Cinayət Məcəlləsinin 307-ci maddəsində təsbit olunmuş cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməllərinin ictimai təhlükəliliyi onunla səciyyələnir ki, həmin əməllər hazırlanan cinayətlərin qarşısının vaxtında alınmasına, törədilmiş cinayətlərə münasibətdə isə cinayətin açılmasına, cinayət törətmiş şəxsin yaxalanmasına və ifşa olunmasına maneə yaradır.

Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə hərəkətsizlik şəklində törədilməklə, şəxsin hazırlanan və ya törədilmiş cinayət haqqında məlumatlı olmasına baxmayaraq, bu barədə hakimiyyət orqanlarına və ya onların səlahiyyətli nümayəndələrinə məlumat verməməsində ifadə olunur.

Ağır və ya xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmə cinayəti isə obyektiv cəhətdən aktiv hərəkətlərlə müşayiət olunmaqla, qabaqcadan heç bir vəd verilmədən cinayət törətmiş şəxsin, cinayət törətmək üçün alət və vasitələrin, cinayətin izlərinin və cinayət yolu ilə əldə edilmiş əşyaların gizlədilməsi şəklində törədilir.

Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməlləri, gizlədilən və ya barəsində xəbər verilməyən cinayətlə ayrı-ayrı əməllər olmaqla və fərqli subyektlər tərəfindən törədilməklə aralarında birbaşa əlaqə mövcud deyildir.

Cinayətin törədilməsi ilə onun qabaqcadan vəd edilmədən gizlədilməsi və ya barəsində xəbər verilməməsinə dair ittihamlar bir icraatda birləşdirildiyi halda, bu cinayətlərdən biri digərini şərtləndirdiyi üçün ağır və ya xüsusilə ağır cinayət işi üzrə yekun nəticə əldə edilməmiş, yəni cinayət hadisəsinin mövcudluğu, əməldə cinayət tərkibinin olması, əməlin ağır və ya xüsusilə ağır cinayət olması və iş üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli araşdırılmadan və sübut edilmədən, cinayətin qabaqcadan vəd edilmədən  gizlədilməsi və ya xəbər verilməməsi kimi bir cinayət əməlinin mövcudluğu nəticəsinə gəlinməsi, eləcə də bununla bağlı cinayət işinin obyektiv şəkildə araşdırılması mümkünsüzdür.

Belə ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara (Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsi), eləcə də cinayət hadisəsinin və ya əməldə cinayət tərkibinin olmaması, habelə qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla bəraət hökmü çıxara bilər. Bu səbəbdən qabaqcadan vəd etmədən gizlədilən və ya barəsində xəbər verilməyən cinayət işi üzrə hökm qanuni qüvvəyə minməklə əməlin ağır və ya xüsusilə ağır cinayət olması faktı təsdiqlənmədən, Cinayət Məcəlləsinin 307-ci maddəsində nəzərdə tutulmuş əməl üzrə şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi cinayət mühakimə icraatının vəzifələrinə, əsas prinsip və şərtlərinə uyğun olmamaqla, onun qanunsuz olaraq uzun müddət prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, nəticədə hüquq və azadlıqlarının əsassız şəkildə məhdudlaşdırılmasına səbəb ola bilər.

Cinayət-Prosessual Məcəlləsinin tələbinə əsasən, cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən həmin Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki, şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Cinayət prosesini həyata keçirən orqan hər hansı cinayət işi başlandığı andan həmin Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilməsini və ya cinayət təqibinə xitam verilməsini hər bir halda təmin etməlidir (Cinayət-Prosessual Məcəlləsinin 48.1.2 və 48.2.2-ci maddələri).

Xüsusilə vurğulanmalıdır ki, Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

Bu səbəbdən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə ittiham aktı tərtib olunub məhkəməyə göndərilsə belə, barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin Cinayət Məcəlləsinin 307-ci maddəsində təsbit olunmuş əməlin törədilməsində təqsirli bilinməsi qəbuledilməzdir.

Əks yanaşma cinayət hüququnun mühüm prinsiplərindən olan qanunçuluq prinsipinin, eləcə də cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına səbəb ola bilər.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquq tətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 21 oktyabr tarixli Qərar).

Konstitusiyanın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

Təqsirsizlik prezumpsiyası, həmçinin Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir.

Qeyd olunanlar Cinayət Məcəlləsinin 307-ci maddəsi üzrə aparılan cinayət təqibi üzrə icraatın ağır və ya xüsusilə ağır cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmasını zəruri edir.

Lakin nəzərə alınmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin cinayət təqibi üzrə icraatın dayandırılması əsaslarını təsbit edən 53-cü maddəsində Cinayət Məcəlləsinin 307-ci maddəsi üzrə icraatın dayandırılmasına imkan verən belə bir əsas müəyyən edilməmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 53-cü maddəsinin təkmilləşdirilməsi məqsədəmüvafiq olardı.

Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı hüququnun təmin edilməsi məqsədilə məsələ qanunvericilik qaydasında həll edilənədək Cinayət Məcəlləsinin 307-ci maddəsində təsbit olunmuş cinayət əməlləri ilə bağlı cinayət təqibi üzrə icraat, barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət işi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmalıdır.

Bununla yanaşı vurğulanmalıdır ki, cinayət və cinayət-prosessual qanunvericiliklərində belə dayandırmanın şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün müəyyən edilmiş müddətin axımının dayandırılmasına səbəb olması nəzərdə tutulmamışdır.

Cinayət-Prosessual Məcəlləsinin 53.7-ci maddəsinə görə, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir.

Cinayət Məcəlləsinin müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan 75-ci maddəsinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.    

Odur ki, barəsində xəbər verilməyən ağır və ya xüsusilə ağır cinayət əməlləri üzrə icraatın iki ildən çox müddətə davam etməsinin mümkünlüyü nəzərə alınaraq və cinayət-prosessual qanunvericiliyinin təyinatına uyğun olaraq Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə bağlı ayrıca qaydanın müəyyənləşdirilməsi zəruridir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ağır və ya xüsusilə ağır cinayət barəsində xəbər verməmə cinayəti ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının əsas cinayət işi üzrə yekun məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən hesablanması məqsədəmüvafiq olardı.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsi ilə cinayət təqibinə xitam verilməli olan (cinayət təqibini istisna edən) hallar müəyyən edilmişdir. Həmin Məcəllənin 41 və 43-cü maddələrinə müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror, eləcə də məhkəmə baxışı gedişində məhkəmə cinayət təqibini istisna edən hallar müəyyən etdikdə qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl edilməklə cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxara bilər.

Əgər cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsi ilə müəyyən edilən bəraətverici əsaslar olmadan xitam verilmişdirsə və belə xitam vermə haqqında qərarda cinayət hadisəsinin mövcud olmasının sübuta yetirilməsi faktı öz əksini tapmışdırsa, bu halda cinayət barəsində xəbər verməyən və ya qabaqcadan vəd etmədən cinayəti gizlədən şəxs barəsində cinayət təqibinə dair icraatın məhkəməyə göndərilməsi və həmin cinayət işinə məhkəmələr tərəfindən baxılaraq təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsi istisna edilmir.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikasının Milli Məclisinə:

· Cinayət-Prosessual Məcəlləsinin 53-cü maddəsində ağır və ya xüsusilə ağır cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməlləri ilə əlaqədar cinayət təqibi üzrə icraatın dayandırılmasının xüsusi əsasının müəyyən edilməsi;

· Cinayət Məcəlləsinin 75-ci maddəsində ağır və ya xüsusilə ağır cinayət barəsində xəbər verməmə cinayəti ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının hesablanmasının fərqli qaydasının təsbit edilməsi tövsiyə olunmalıdır.

- Cinayət və Cinayət-Prosessual Məcəllələrinin müvafiq normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, Cinayət Məcəlləsinin 307-ci maddəsində təsbit olunmuş cinayət əməlləri ilə bağlı cinayət təqibi üzrə icraatlar, barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət işləri üzrə məhkəmə hökmü qanuni qüvvəyə minənədək dayandırılmalıdır.

Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı ağır və ya xüsusilə ağır cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikasının Milli Məclisinə:

-                Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53-cü maddəsində ağır və ya xüsusilə ağır cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməlləri ilə əlaqədar cinayət təqibi üzrə icraatın dayandırılmasının xüsusi əsasının müəyyən edilməsi;

-                Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsində ağır və ya xüsusilə ağır cinayət barəsində xəbər verməmə cinayəti ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının hesablanmasının fərqli qaydasının təsbit edilməsi tövsiyə olunsun.

2. Azərbaycan Respublikası Cinayət və Cinayət-Prosessual Məcəllələrinin müvafiq normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsində təsbit olunmuş cinayət əməlləri ilə bağlı cinayət təqibi üzrə icraatlar, barəsində xəbər verilməyən və ya qabaqcadan vəd edilmədən gizlədilən ağır və ya xüsusilə ağır cinayət işləri üzrə məhkəmə hökmü qanuni qüvvəyə minənədək dayandırılsın.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı ağır və ya xüsusilə ağır cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablansın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                                     Fərhad Abdullayev

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

8 may 2023-cü il  tarixli Qərarından hakim İ.Nəcəfovun (“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 64-cü maddəsinə əsasən)

 

Xüsusi rəyi


 

8 may 2023-cü il                                                                                  Bakı şəhəri

        

Konstitusiya Məhkəməsinin Plenum qərarına hörmətlə yanaşaraq, qərardakı bəzi mühakimələrə öz mövqeyimi bildirməyi vacib sayıram.

Plenum qərarında qeyd olunmuşdur ki, “qanunverici cinayət təqibinin (cinayət işlərinin) bir icraatda birləşdirilməli olmasını imperativ norma kimi müəyyən etməmişdir. Bu səbəbdən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmişdir ki, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir (Cinayət-Prosessual Məcəlləsinin 50.1-ci maddəsi). Cinayət işinin ayrıca baxılmasının mümkünlüyü dedikdə həm ilkin, həm də ayrılmış cinayət təqibi üzrə bütün halların müəyyən edilməsi üçün istintaqın, zəruri prosessual hərəkətlərin, o cümlədən məhkəmə baxışının müstəqil surətdə həyata keçirilə bilməsi başa düşülür.

Bununla yanaşı qanunvericilikdə elə hallar müəyyən edilmişdir ki, bu halların mövcudluğu müstəntiqin və ya prokurorun mülahizəsindən asılı olmayaraq cinayət təqibinin bir icraatda birləşdirilməsini birbaşa olaraq qadağan edir. Cinayət-Prosessual Məcəlləsinin 49.4-cü maddəsinin imperativ tələbinə əsasən bu hallara aşağıdakılar aiddir:

-    cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə;

-    cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar üzrə;

-    birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər bütün ittihamlar üzrə cinayət təqibi.

Qanunverici təqsirsizlik prezumpsiyasını, xüsusi ittiham növündə cinayət təqibinin həyata keçirilməsinin prosessual qaydalarının əhəmiyyətli dərəcədə fərqləndiyini və birgə baxılması hər bir halda cinayət işinin obyektiv, hərtərəfli, tam və ya vaxtında araşdırılmasına maneə olduğunu nəzərə alaraq müvafiq hallarda cinayət təqibi üzrə icraatın birləşdirilməsini mümkün hesab etməmişdir.”

Həmçinin, qərarda vurğulanır ki, “cinayətin törədilməsi ilə onun qabaqcadan vəd edilmədən  gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamların bir icraatda birləşdirildiyi halda, bu cinayətlərdən biri digərini şərtləndirdiyi üçün ağır və ya xüsusilə ağır cinayət işi üzrə yekun nəticə əldə edilməmiş, yəni cinayət hadisəsinin mövcudluğu, əməldə cinayət tərkibinin olması, əməlin ağır və ya xüsusilə ağır cinayət olması və iş üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli qaydada araşdırılmadan və sübut edilmədən cinayətin qabaqcadan vəd edilmədən  gizlədilməsi və ya xəbər verilməməsi ilə bağlı cinayət işinin obyektiv şəkildə araşdırılması mümkünsüzdür”.

Plenumun bu hüquqi mövqeyi kifayət qədər düzgün hesab etmirəm.

CPM-nin 4-cü fəslində cinayət təqibi üzrə icraatın aparılması qaydaları müəyyən olunmuşdur. Bu qaydalar ibtidai araşdırma prosesində ibtidai araşdırma aparan təhqiqatçı, müstəntiq və ibtidai istintaqa prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilən prosesual aktlardan ibarətdir.

Qanunvericilik bu qaydaların içərisində cinayət işlərinin birləşdirilməsi və ayrılması ilə bağlı prosesual hərəkətlərə xüsusi diqqət yetirmişdir.

CPM-də xüsusi yer tutan bu cür qaydalardan biri də ayrı-ayrı cinayət işlərinin bir icraatda birləşdirilməsini müəyyən edən normalardır.

Cinayət işlərinin birləşdirilməsi barədə CPM-in 49-cu maddəsinin müddəasına əsasən “Yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər”. Yəni, ayrı ayrılıqda və müxtəlif vaxtlarda, eləcə də, ayrı-ayrı istintaq orqanlarında cinayət faktı və ya cinayət törətdiyinə görə barəsində cinayət işi başlanan şəxslərin təqsirləndirilməsinə dair cinayət təqibləri bir icraatda birləşdirilə bilər.

CPM-in 49.4-cü maddəsinə əsasən, 49.4.2-ci maddəsində göstərilən “cinayətlərin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə” bir icraatda  birləşdirilə bilməz.

Zənnimizcə, qanunverici bu normaları tərtib edərkən və qəbul edərkən “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 8.0.4-cü maddəsinin mütənasiblik prinsipinə əməl etməmişdir. Belə ki, cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair hüquqi faktlar, yəni cinayət əməlləri, konkret ağır və xüsusilə ağır cinayətlərin ibtidai istintaqı prosesində aşkar edilir. Bu halda cinayət işlərinin birləşdirilməsindən və ya ayrılmasından söhbət gedə bilməz. Çünki, bu əsas işin içərisində istintaqı gedən bir epizoddur. 

Prokurorluğun sorğusundan görünür ki, prokurorluq orqanlarında 2020-2022-ci illərdə ağır və ya xüsusilə ağır cinayətlərin hazırlanmasını və ya törədilməsini bilərək, həmin cinayət barəsində xəbər verməmə faktı üzrə 53 cinayət işi başlanmış, lakin cəmi 5 iş üzrə ittiham hökmü çıxarılmışdır. Qanunverici aparılan cinayət işlərinin istintaqında bu növ cinayət işlərinin ayrılmasını nəzərdə tutmur.

Çünki CPM-in cinayət təqibi üzrə icraatın ayrılmasını müəyyən edən 50.1-ci maddəsinə əsasən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir.

Qanunverici, cinayət işindən digər bir işin ayrılmasını CPM-in 50.1-ci maddəsinin müddəasındakı istilahlarla – “...işə vaxtında baxılmasına mane olmayan...” və eləcə də, “...işə xarakterinə görə ayrıca baxılmasının mümkün olması...” ilə şərtləndirmişdir.

İşə vaxtında baxılma və ayrıca baxılma elə hüquqi prosessual hərəkətlərdir ki, onların mümkün olmaması cinayət təqibi üzrə icraatın ayrılmasını istisna edir.

Qanunverici CPM-in “Cinayət işlərinin birləşdirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” adlı 211-ci maddəsinin 3-cü bəndində təsbit edir ki, “Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz”.

Maddənin “cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılması” müddəası cinayət təqibinin fasiləsiz aparılmasını ehtiva edir.

Ona görə də deyə bilərik ki, CPM-in 50.1-ci maddəsi 211.3-cü maddəsiylə funksional əlaqədədir.

Bu əlaqələr cinayət təqibi ilə üzrə bütün halların “vaxtında baxılmasına”, “ayrıca baxılmasına”, “vaxtında araşdırılmasına” maneələrin olmaması müddəaları ilə bağlıdır.

İstintaqın təcrübəsindən də görünür ki, ağır və ya xüsusilə ağır cinayət işlərindən, CPM-in 49.2.4-cü  maddəsinə əsasən ayrılmış cinayət işləri üzrə cinayət təqibi  bütün hallarda hərtərəfli, tam, obyektiv və vaxtında nə araşdırılmış, nə də ki ayrıca baxılmışdır.

Prokurorluğun sorğusunda qeyd edilən istintaq təcrübəsi də bir daha sübüt edir ki, CPM-nin 49.4.2-ci maddəsində qeyd edilən ayrılma icrası mümkün olmayan prosessual hərəkətdir.

Azərbaycan Respublikası Konstitusiyasının “Vətəndaşların vəzifələrinin əsası”nı müəyyən edən 72-ci maddəsinin II bəndində təsdiq edilir ki, “hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.”

         Konstitusiyanın “Məsuliyyət” müəyyən edən 80-cı maddəsində isə təsbit edilir ki, “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.”

         Cinayət prosessual qanunvericiliyin bir neçə təyinatı vardır. Onlardan biri də konstitusion hüquq və azadlıqların qorunmasını təmin edən, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etməyi mümkün hesab etməkdir.

CMP-in 1.2.1-ci maddəsinin bu müddəası Konstitusiyanın 80-cı maddəsinin müddəasından qaynaqlanır.

CPM-nin 49.4.2-ci maddəsində qeyd edilən qayda cinayət mühakimə icraatında problemlər yaratmışdır. Çünki əvvəlcədən vəd etmədən cinayəti gizlətmə ilə bağlı barəsində cinayət işi başlanmış və cinayət təqibi ayrıca icraata ayrılmış şəxs nə ibtidai araşdırmadan, nə də ki məhkəmə araşdırmasından kənar qala bilməyəcəkdir. Bu cür hallarda cinayəti gizlətmək təkcə cinayətkarı deyil, həm də cinayətin alət və vasitələrini, cinayətin predmetini və s gizlədilməsini ehtiva edir. Artıq cinayət işinin icraatında prosessual hərəkətlər əsasında ayrılması mümkün olmayan hüquqi fakt ortaya çıxmış olur. Bunlar da cinayət əməli bitdikdən sonra cinayətlə dolayı yolla bağlılığı olan maddi sübutların saxlayıcısı, sübut etmə institutunun ən vacib və mötəbər vasitələrindən biridir. Və bunun müstəqil cinayət işi kimi başa çatdırılması sübutetmə vasitələrinin parçalanması deməkdir.

Eləcə də, qeyd edilən cinayət işləri üzrə ibtidai istintaqın bir icraatda aparılması ibtidai istintaq müddəti ilə bağlı zəruri hallarda, bir qərarla müddətin uzadılması həyata keçiriləcəkdir. Çünki ağır və ya xüsusilə ağır cinayət işləri üzrə aparılan ibtidai istintaq müddəti daxilində qeyd edilən cinayət faktları üzrə qəbul edilməsi zəruri olan cinayət prosessual qərarların qəbul edilməsi qanuna uyğundur.

Təqsirləndirilən şəxslərin əsas cinayət işi üzrə məhkəmə baxışlarının nəticəsini gözləməsinə isə ehtiyac qalmayacaqdır.

Bununla da, “Cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması”na dair imperativ xarakterli CPM-in 48.1 – 48.2 və 48.1.2-ci maddələrinin tələbləri gözləniləcəkdir.

Göründüyü kimi, yuxarıda qeyd edilənlər cinayət işinin elə faktiki hallarıdır ki, onlarsız nə ibtidai araşdırma, nə də ki məhkəmə iş üzrə obyektiv, hərtərəfli və ədalətli qərar qəbul edə bilməz. Bu halda, qanunvericinin CPM-nin 50-ci maddəsində qeyd edilən prinsiplərinə görə, cinayətin törədilməsi ilə bağlı olan cinayət işindən onun gizlədilməsi və ya xəbər verməməsinə dair ittihamlar üzrə olan cinayət işinin ayrılması düzgün deyildir.

Ona görə ki:

-      Ağır və ya xüsusilə ağır cinayətlərin hazırlanmasını və ya törədilməsini bilərək, həmin cinayət barəsində xəbər verməmək, eləcə  də, qabaqcadan vəd etmədən ağır və ya xüsusilə ağır cinayəti gizlətmək heç vaxtı müstəqil şəkildə mövcud olmur.

-      Onlar, qeyd edilən cinayətlərin ibtidai istintaqının müəyyən mərhələlərində, şahidlərin, şübhəli şəxslərin, əksər hallarda isə təqsirləndirilən şəxslərin ifadələri əsasında aşkar edilir. (CPM 204.2-ci maddəsi)

-      Onlar öz hüquqi təbiətinə görə sadə tərkiblidir. Və dolayısı yolla ağır və ya xüsusilə ağır cinayətlə əlaqəlidir.

-      Əsas ağır və ya xüsusilə ağır cinayətlər üzrə toplanmış sübut vasitələrinin həll edici aspektləri də cinayətləri bilib xəbər verməyənin və ya cinayəti əvvəlcədən vəd etmədən gizlədənin ittihamı üçün əsas sübutlardır.

-      Hansı ki, bu sübutlar, cinayəti bilib xəbər verməyənin və ya əvvəlcədən vəd etmədən cinayəti gizlədənin  cinayət təqibi üzrə qanunun tələb etdiyi müddətdə mühakimə edilməsini təmin edir.

Beləliklə də, Plenumun “işlərin bir icraatda birləşdiyi halda, cinayət işinin obyektiv şəkildə araşdırılması mümkün deyil” – iddiasının hüquqi əsası fərziyyə xarakteri daşıdığından razılaşa bilmərəm.

         Həmçinin, Plenumun CPM-nin 318.1-ci maddəsinin müddəalarını öz mövqeyinin təsdiqi üçün əsas gətirməsi həlledici fakt deyildir. Ona görə ki, qeyd edilən cinayətlərə görə təqsirləndirilən şəxslər də ağır və ya xüsusilə ağır cinayətlərə görə təqsirləndirilən şəxslərlə birlikdə məhkəmə mühakiməsinə cəlb edilərək mühakimə edilə bilərlər. Əslində belə də olmalıdır. Çünki onların ittihamları əsas ittihamlardan asılı və bağlıdır.

CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmənin ağır və ya xüsusilə ağır cinayətlərdə təqsirləndirilən şəxslər barədə qəbul etdiyi qərarlara müvafiq olaraq, cinayəti xəbər verməmə və ya əvvəlcədən vəd etmədən cinayəti gizlətmədə təqsirləndirilən şəxslər barədə də qərar qəbul edilə bilər.

Hazırkı CPM-ə qədər qüvvədə olmuş Azərbaycan SSR CPM-in “cinayət işlərini birləşdirmə və ayırma” qaydalarını müəyyən edən 147-ci maddəsinin birinci bəndində təsbit edilirdi ki, – “Bir və ya bir neçə cinayət törətməkdə iştirakçılığa görə bir neçə şəxsin ittihamı üzrə cinayət işləri və ya bir şəxsin bir neçə cinayət törətməkdə, habelə bu cinayətləri qabaqcadan vəd etmədən gizlətməkdə və onlar haqqında xəbər verməməkdə ittihamı üzrə işlər bir istintaq icraatında birləşdirilir.

         Rusiya Federasiyasının CPM-nin 153.1.3-cü maddəsində (əvvəlcədən vəd etmədən cinayəti gizlətmə), Belarusiya Respublikasının CPM-nin 164-cü maddəsinin 4-cü bəndində eyni müddəalar öz əksini tapmışdır.

         Prokurorluğun 7 fevral 2023-cü il sorğusundan da görünür ki, CPM-in 49.4.2-ci maddəsinin müddəasının tətbiqi prosesində problem olduğundan 30-dan artıq cinayət işi üzrə CPM-in 1.2.1-ci maddəsində nəzərdə tutulan vəzifəni icra etmək mümkün olmamışdır.

CPM-in 49-cu maddəsinin müddəasının hüquqi tənzimetmədə rolu və tutduğu mövqeyə görə ümumi normadır. CPM-in 211.1-ci maddəsinin müddəasında da o, yəni 49-cu maddə ümumi norma kimi hüquqi mövqeyində qalır.

Lakin CPM-in 211.3-cü maddəsində qeyd olunmuş “Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz” müddəası  həm Məcəllədəki yerinə, həm də hüquqi tənzim etmədəki roluna görə xüsusi norma kimi səciyyələnir.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.

Yuxarıda qeyd edilənlərə əsasən belə hesab edirəm ki, CPM-in 49.4.2-ci maddəsinin müddəası Azərbaycan Respublikasının Konstitusiyasının 80-ci maddəsinin və CPM-in 1.2.1-ci, 48.1 – 48.2, 48.2.2, 50.1-ci və 211.3-cü maddələrinin müddəalarına ziddir.

Ona görə də, Konstitusiya Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 49-cu maddəsində müvafiq dəyişikliklər edilməsini Milli Məclisdən tələb etməliydi.