Qərarlar

03.04.23 AR MPM-in 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin AR CPM-in 248.3-cü və AR Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

 3 aprel 2023-cü il                                                                                                         Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında  Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini,  maraqlı subyektlər Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Yolçiyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda qeyd olunmuşdur ki,  Bakı Hərbi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü ilə V.Mahmudova məxsus cinayət yolu ilə əldə edilmiş əmlakın dövlət nəfinə verilməsi qərara alınmışdır.

Hökmün icrası zamanı müəyyən olunmuşdur ki, V.Mahmudovun arvadı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə əmlak tərəflər arasında ½ pay üzrə bölünmüşdür.

Prokurorluq tərəfindən həmin qətnamədən apellyasiya protesti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası protesti qeyri-mümkün hesab etmiş və mülki iş üzrə apellyasiya protestinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə 14 iyun 2021-ci il tarixli qərardad qəbul etmişdir.

Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinin tələbinə görə prokurorluq iş üzrə yalnız iddiaçı və ya ərizəçi olduğu halda məhkəmə aktlarından protest vermək hüququna malikdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 1 fevral 2022-ci il tarixli qərarı ilə prokurorluğun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyası qərarını onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir.

Sorğuverən hesab edir ki, məhkəmə təcrübəsinin formalaşdırılması və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə prokurorun birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan maraqlı şəxs və ya işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər qismində apellyasiya protesti (şikayəti) vermək hüququnun olub-olmaması, prokurorluğun belə bir hüququ tanınmadığı halda cinayət mühakimə icraatı zamanı mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə üzərinə həbs qoyulmuş əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul olunmuş məhkəmə qətnaməsindən (həmin əmlakla bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi, payların bölünməsi və digər bu kimi hallar üzrə) dövlət mənafeyinin müdafiəsi üçün apellyasiya şikayətinin hansı dövlət orqanı tərəfindən verilə bilməsinin müəyyən edilməsi baxımından Mülki Prosessual Məcəllənin müvafiq maddələrinin əlaqəli şəkildə şərh edilməsi zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, sorğuda qaldırılan məsələlərin bir çoxuna əvvəlki qərarlarda aydınlıq gətirilərək göstərilmişdir ki, hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Əsas Qanun insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra – Konstitusiya) hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat hüququ təsbit edilmişdir (26 və 60-cı maddələrin I hissələri).

Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir.

Konstitusiya Məhkəməsi Plenumunun hüquq və azadlıqların  məhkəmə təminatı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarlar).

Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllə ilə mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini, məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, məhkəmə aktlarından  şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləmişdir.

Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı).

Sorğuda qaldırılan məsələlərin həlli ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ilk növbədə, Konstitusiyanın, mülki prosessual, həmçinin digər aidiyyəti qanunvericiliyin tələbləri baxımından prokurorluq orqanının mülki mühakimə icraatında iştirakının prosessual qaydalarına aydınlıq gətirilməsi zəruridir.

Göstərildiyi kimi, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydasını tənzimləyən Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı üçün müvafiq hərəkətlərin mümkünlüyünü və aparılması qaydasını müəyyən edir.

Mülki Prosessual Məcəllənin işdə iştirak edən şəxslərin tərkibini müəyyən edən 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.

Prokurorluq orqanlarının mülki mühakimə icraatında iştirakına dair qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir və s. (Konstitusiyanın 133-cü maddəsinin I hissəsi).

Prokurorluğun fəaliyyət istiqamətləri “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, mülki məhkəmə icraatında prokurorun fəaliyyəti məhkəmədə iddia qaldırılmasından (ərizə verilməsindən), mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edilməsindən ibarətdir.

Qeyd olunan Qanunun 19-cu maddəsinə görə, hakimlərin müstəqilliyi və onların yalnız qanuna tabe olması prinsipinə dönmədən əməl edilməklə prokurorlar Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmələrdə cinayət işlərinə birinci instansiya, apellyasiya və kassasiya qaydasında baxılmasında tərəf kimi iştirak edir, rəy verir, dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı qismində iştirak edir, məhkəmə qərarlarından protest verir.

Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsinə müvafiq olaraq, mülki prosesdə tərəflər iddiaçı və cavabdeh hesab olunur. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsində xüsusi olaraq prokurorun da mülki prosesdə iddiaçı tərəf ola bilməsi göstərilmiş və adı çəkilən maddəyə görə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.

Mülki Prosessual Məcəllənin 306.3-cü maddəsində isə prokurorluğun eyni subyektlərin müraciəti olduğu halda xüsusi icraat qaydasında ərizəçi qismində iştirak etmək hüququ təsbit edilmişdir.

Belə ki, göstərilən maddəyə uyğun olaraq, dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər:

- mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə;

- daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə.

Mülki Prosessual Məcəllənin “Başqa şəxslərin hüquqlarını və dövlət mənafeyini müdafiə etmək üçün məhkəməyə müraciət etmə” adlanan 59-cu maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər.

Maddənin məzmunundan göründüyü kimi, göstərilən müraciətlər aşağıdakı əlamətlərlə xarakterizə olunur:

- belə müraciətlərə yalnız qanunla nəzərdə tutulan hallarda yol verilir və bu hüquqa yalnız qanunun müvafiq normalarında göstərilən orqanlar, hüquqi və fiziki şəxslər malikdir;

- belə müraciətlərə bir qayda olaraq hüquqları, azadlıqları və qanunla qorunan mənafeləri müdafiə olunan şəxslərin xahişi (müraciəti) əsasında yol verilir. Məsələn, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən, icra hakimiyyəti orqanlarının istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları  istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə öz təşəbbüsü və ya istehlakçının (istehlakçılar ittifaqının) müraciəti əsasında məhkəmə qarşısında iddia qaldıra bilər;

- dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün qanunla nəzərdə tutulmuş hallarda onların xahişi olmadan yalnız iki əsasla müraciət edə bilərlər: a) fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün və b) qeyri-müəyyən sayda şəxslərin (Mülki Prosessual Məcəllənin 59.1-ci maddəsində bu “digər şəxslər” kimi ifadə olunub) – yəni, ictimai maraqların müdafiəsi üçün. Məsələn, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1.8-ci bəndinə müvafiq olaraq, insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin  hüquqlarına aid edilmişdir. Göründüyü kimi, bu hüququn qanunvericiliklə birbaşa tanınmasında əsas məqsəd ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maraqların qorunmasıdır.

Yuxarıda göstərilənlərdən müəyyən edildiyi kimi, Mülki Prosessual Məcəllənin 59-cu maddəsinin tələbləri baxımından dövlət orqanları, o cümlədən prokurorluq başqa şəxslərin hüquqlarının, azadlıqlarının və mənafelərinin müdafiəsi üçün, bir qayda olaraq onların müraciətinə əsasən iddia ilə məhkəməyə müraciət edə bilərlər. Həmin norma ilə o da müəyyən edilmişdir ki, belə bir müraciətin mümkünlüyü üçün, müvafiq müraciət imkanı birbaşa qanunda nəzərdə tutulmuş olmalıdır. Prokurorun  mülki mühakimə prosesində tərəf qismində iştirakının mümkünlüyü isə yalnız Mülki Prosessual Məcəllənin yuxarıda məzmunu açıqlanmış 50 və 306.3-cü maddələri ilə  nəzərdə tutulmuşdur.

Beləliklə, Mülki Prosessual Məcəllənin qeyd edilən maddələrinin əlaqəli şəkildə təhlili  onu göstərir ki, prokuror yalnız dövlət mənafeyinin müdafiəsi üçün dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin prokurora müvafiq müraciəti olduqda mülki prosesdə (birinci instansiya məhkəməsində) iddiaçı və ya ərizəçi qismində tərəf ola bilər.

  Prokurorun işdə iştirak etməyə cəlb olunmayan, yəni birinci instansiya məhkəməsində iddiaçı və ya ərizəçi qismində tərəf olaraq iştirak etmədiyi işlər üzrə məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxs qismində apellyasiya protesti vermək hüququnun olub-olmaması ilə bağlı məsələyə gəldikdə isə qeyd edilməlidir ki, belə şəxslərin hüquqi statusuna Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında aydınlıq gətirilmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyi vurğulanmışdır.

İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə  onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (Konstitusiya Məhkəməsi Plenumunun K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərarı).

Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən  qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı).

Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllədə məhkəmə aktlarından şikayət verilməsinin prosessual qaydası, müddətləri, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. məsələlər dəqiqliklə tənzimlənmişdir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma, qanuni maraqlarına toxunulma ehtimalından çıxış edərək şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətləri nəzərə alınmaqla onların da işə cəlb edilməsinin mümkünlüyünü müəyyən etmişdir.

Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə uyğun olaraq, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda, digər şəxslərin də apellyasiya şikayəti vermək hüququ vardır.

Göstərilən maddədə prokurorun yalnız bu Məcəllənin 50 və 306-cı maddələrinə əsasən məhkəmə baxışında iddiaçı və ya ərizəçi olduğu hallarda məhkəmə aktlarından protest verə bilmək imkanı tanınmışdır.

Apellyasiya instansiyası məhkəmələrinin aktlarından kassasiya şikayəti verilməsi ilə bağlı eyni qayda Mülki Prosessual Məcəllənin 403.3-cü maddəsində nəzərdə tutulmuşdur.

Beləliklə, mülki prosessual qanunvericilik işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də apellyasiya şikayəti vermək hüququnu tanısa da, prokurorun belə imkanı yalnız  onun Mülki Prosessual Məcəllənin 50 və 306-cı maddələrinə əsasən işdə iddiaçı və ya ərizəçi olduğu hallarda nəzərdə tutulmuşdur.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə dair” 2017-ci il 31 yanvar tarixli Qərarında oxşar məsələyə - inzibati xətalar üzrə icraatda prokurorun protest vermə səlahiyyətinə münasibətdə, İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə istinadən prokurorun yalnız inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etdikdə, həmin işlər üzrə məhkəmə tərəfindən qəbul edilən qərar və ya qərardadlardan protest vermək hüququna malik olduğu qənaətinə gəlinmişdir.

Digər bir Qərarında da Konstitusiya Məhkəməsinin Plenumu həmin məsələ ilə bağlı eyni hüquqi mövqe nümayiş etdirmişdir.

Prokurorun, hansı şərtlərlə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından protest vermək səlahiyyətini müəyyən etmək üçün, ilk növbədə, İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin məzmunundan çıxış etmək vacibdir. Həmin maddənin mətnindən aydın olur ki, prokurorun protest vermək səlahiyyəti inzibati xəta haqqında işə baxılmasında iştirak etməsi ilə şərtləndirilir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 23 fevral tarixli Qərar).

Dövlət mənafeyinin müdafiəsi üçün cinayət mühakimə icraatı zamanı mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə üzərinə həbs qoyulmuş əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul olunmuş məhkəmə qətnaməsindən apellyasiya şikayətinin hansı dövlət orqanı tərəfindən verilməli olması, eləcə də belə hallarda xüsusi müsadirənin tətbiqi ilə bağlı hökmün hüquqi müqəddəratı ilə bağlı sorğuda qaldırılan məsələ ilə əlaqədar isə  Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Cinayət-hüquqi tədbir olaraq xüsusi müsadirə Cinayət Məcəlləsinin 99-1-ci maddəsində əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi müəyyən edilmişdir.

Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır.

Xüsusi müsadirə ilə bağlı ətraflı açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərarında verilmişdir.

Qərarda göstərilmişdir ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir.

Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 41.3-cü maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə qazandığı vəsait hesabına əldə edildiyi və ya artırıldığı məhkəmənin hökmü ilə müəyyən olunduqda, ödəmə bu əmlaka və ya onun bir hissəsinə yönəldilə bilər.

Bu baxımdan sorğuda qeyd edilən işdə olduğu kimi, cinayət yolu ilə əldə edilməsinə kifayət qədər sübutlar toplanılmış əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi, payların bölünməsi və s. bu kimi hallar üzrə mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna rəğmən icra edilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 516 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi” Qaydasının 1.2-ci bəndinə görə, xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı əmlak (qanuni sahibinə qaytarılmalı olan əmlak istisna olmaqla) üzərində dövlətin mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsasdır.

Həmin Qaydanın xüsusi müsadirə edilmiş əmlakın aidiyyəti üzrə təhvil verilməsi, istifadəsi və satışını tənzimləyən 3-cü bəndi ilə bəzi əşyaların aidiyyəti üzrə müvafiq dövlət orqanları və təşkilatlarına (məsələn, pul vəsaitlərinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı hesabına, mobil telefon nömrələrinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə) təhvil verilməli olduğu təsbit edilmişdir. Xüsusi müsadirə edilmiş əmlakın satışının isə Maliyyə Nazirliyinin sifarişi əsasında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərrac yolu ilə həyata keçirildiyi müəyyən olunmuşdur.

Odur ki, müəyyən əmlakla bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi, payların bölünməsi və s. bu kimi hallar üzrə mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamə hər hansı dövlət idarə və təşkilatının və ya təsisçisi dövlət və ya dövlət idarəsi olan, yaxud təşkilatı olan hüquqi şəxslərin mənafelərinə toxunarsa, həmin subyektlər (məsələn, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və s.) müstəqil qaydada məhkəmə aktını mübahisələndirə bilərlər.

Həmçinin vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin  məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etməklə yanaşı, müəyyən etmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək Konstitusiyanın 60-cı maddəsinin I hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər (“Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərar).

Beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu  hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər.

Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq aşağıdakı nəticələrə gəlir:

- Mülki Prosessual Məcəllənin 50, 59 və 306-cı maddələrinin tələblərinə əsasən, dövlət mənafeyinin müdafiəsi üçün dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda prokuror mülki prosesdə iddiaçı və ya ərizəçi qismində tərəf ola bilər;

- Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə uyğun olaraq, prokuror yalnız həmin Məcəllənin 50 və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa,  məhkəmə aktlarından protest verə bilər;

- Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Ailə Məcəlləsinin 41.3-cü maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki və bu qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsasən, əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna baxmayaraq icra edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50, 59 və 306-cı maddələrinin tələblərinə əsasən, dövlət mənafeyinin müdafiəsi üçün dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda prokuror mülki prosesdə iddiaçı və ya ərizəçi qismində tərəf ola bilər.

2.              Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə uyğun olaraq, prokuror yalnız həmin Məcəllənin 50 və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

3.              Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki və bu qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsasən, əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna baxmayaraq icra edilməlidir.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                             Fərhad Abdullayev