AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və
357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair
3 aprel
2023-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev
(sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev,
Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin
39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun
sorğusu əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri
ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Azərbaycan
Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ
kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Yolçiyevin rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
sorğu verərək Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 50.2, 59.1,
357.1 və 357.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Sorğuda qeyd olunmuşdur ki, Bakı Hərbi Məhkəməsinin 28 noyabr 2019-cu il
tarixli hökmü ilə V.Mahmudova məxsus cinayət yolu ilə əldə edilmiş əmlakın dövlət
nəfinə verilməsi qərara alınmışdır.
Hökmün icrası zamanı
müəyyən olunmuşdur ki, V.Mahmudovun arvadı iddia ərizəsi ilə məhkəməyə müraciət
edərək birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə qətnamə qəbul
edilməsini xahiş etmişdir.
Bakı şəhəri Binəqədi
Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə əmlak tərəflər
arasında ½ pay üzrə bölünmüşdür.
Prokurorluq tərəfindən
həmin qətnamədən apellyasiya protesti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyası protesti qeyri-mümkün hesab etmiş və mülki iş üzrə
apellyasiya protestinin mülki prosessual qanunvericiliyin tələblərinə
uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi
barədə 14 iyun 2021-ci il tarixli qərardad qəbul etmişdir.
Apellyasiya
instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin
357.2-ci maddəsinin tələbinə görə prokurorluq iş üzrə yalnız iddiaçı və ya ərizəçi
olduğu halda məhkəmə aktlarından protest vermək hüququna malikdir.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
Mülki Kollegiyası) 1 fevral 2022-ci il tarixli qərarı ilə prokurorluğun
kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı
dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin Mülki
Kollegiyası qərarını onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin
364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən
verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə
toxunmasını, daha sonra isə həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə
uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir.
Sorğuverən hesab
edir ki, məhkəmə təcrübəsinin formalaşdırılması və hüquqi müəyyənlik
prinsipinin təmin edilməsi məqsədi ilə prokurorun birinci instansiya məhkəməsi
tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan
maraqlı şəxs və ya işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə
hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər qismində apellyasiya
protesti (şikayəti) vermək hüququnun olub-olmaması, prokurorluğun belə bir
hüququ tanınmadığı halda cinayət mühakimə icraatı zamanı mülki iddianı və cinayət
qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə
üzərinə həbs qoyulmuş əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul
olunmuş məhkəmə qətnaməsindən (həmin əmlakla bağlı mülkiyyət hüquqlarının həyata
keçirilməsi, payların bölünməsi və digər bu kimi hallar üzrə) dövlət mənafeyinin
müdafiəsi üçün apellyasiya şikayətinin hansı dövlət orqanı tərəfindən verilə
bilməsinin müəyyən edilməsi baxımından Mülki Prosessual Məcəllənin müvafiq maddələrinin
əlaqəli şəkildə şərh edilməsi zərurəti yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, sorğuda qaldırılan məsələlərin bir çoxuna əvvəlki qərarlarda
aydınlıq gətirilərək göstərilmişdir ki, hüquqi və demokratik dövlətə xas olan dəyərlərə
əsaslanan Əsas Qanun insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə
yanaşı, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.
Azərbaycan
Respublikasının Konstitusiyasında (bundan sonra – Konstitusiya) hər kəsin
qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını
müdafiə etmək hüququ, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə
müdafiəsinə təminat hüququ təsbit edilmişdir (26 və 60-cı maddələrin I hissələri).
Hüquq və
azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət
etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və
azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən
edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva
edir.
Konstitusiya Məhkəməsi
Plenumunun hüquq və azadlıqların məhkəmə
təminatı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəməyə müraciət
etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları
qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa
edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Bu hüquq məhkəmə
prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci
instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda
apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə
tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh
edilməsinə dair” 2012-ci il 28 fevral və “Azərbaycan Respublikası İnzibati Prosessual
Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli
Qərarlar).
Qeyd olunmalıdır ki,
Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə
(müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da
özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının
ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllə ilə mülki
məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini, məhkəmənin, işdə
iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini
müəyyən etməklə yanaşı, məhkəmə aktlarından
şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləmişdir.
Mülki
Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci
maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə
məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin
Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn
hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki
və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də
maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada
məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu
maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının
müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli
gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı).
Sorğuda qaldırılan məsələlərin həlli ilə bağlı Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, ilk növbədə, Konstitusiyanın, mülki prosessual, həmçinin
digər aidiyyəti qanunvericiliyin tələbləri baxımından prokurorluq orqanının
mülki mühakimə icraatında iştirakının prosessual qaydalarına aydınlıq gətirilməsi
zəruridir.
Göstərildiyi kimi, Azərbaycan
Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydasını
tənzimləyən Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının
gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı üçün müvafiq
hərəkətlərin mümkünlüyünü və aparılması qaydasını müəyyən edir.
Mülki Prosessual Məcəllənin işdə iştirak edən şəxslərin tərkibini müəyyən edən 46-cı maddəsinə əsasən,
tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya
barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək
hüququ olan ictimai təşkilatlar, dövlət
orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.
Prokurorluq orqanlarının mülki
mühakimə icraatında iştirakına dair qeyd edilməlidir ki, Azərbaycan
Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə
dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından
protest verir və s. (Konstitusiyanın 133-cü
maddəsinin I hissəsi).
Prokurorluğun fəaliyyət
istiqamətləri “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü
maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, mülki məhkəmə icraatında
prokurorun fəaliyyəti məhkəmədə iddia qaldırılmasından (ərizə verilməsindən),
mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı kimi
iştirak edilməsindən ibarətdir.
Qeyd olunan Qanunun 19-cu maddəsinə
görə, hakimlərin müstəqilliyi və onların yalnız qanuna tabe olması prinsipinə
dönmədən əməl edilməklə prokurorlar Azərbaycan Respublikasının prosessual
qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmələrdə cinayət
işlərinə birinci instansiya, apellyasiya və kassasiya qaydasında baxılmasında
tərəf kimi iştirak edir, rəy verir, dövlət ittihamını müdafiə edir, məhkəmədə
iddia qaldırır, mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında
iddiaçı qismində iştirak edir, məhkəmə qərarlarından protest verir.
Mülki Prosessual Məcəllənin 50.1-ci
maddəsinə müvafiq olaraq, mülki prosesdə tərəflər iddiaçı və cavabdeh hesab
olunur. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və
ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsində xüsusi
olaraq prokurorun da mülki prosesdə iddiaçı tərəf ola bilməsi göstərilmiş və
adı çəkilən maddəyə görə, özünün və ya başqasının mənafeyi naminə iddia
qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və
ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin
müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia
qaldırmış prokuror iddiaçılar hesab edilirlər.
Mülki Prosessual Məcəllənin 306.3-cü
maddəsində isə prokurorluğun eyni subyektlərin müraciəti olduğu halda xüsusi
icraat qaydasında ərizəçi qismində iştirak etmək hüququ təsbit edilmişdir.
Belə ki, göstərilən maddəyə uyğun olaraq, dövlət idarə və
təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud
təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət
mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər:
- mülkiyyət hüququ üzrə
əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında
işlər üzrə;
-
daşınar əşyanın
sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun
tanınması haqqında işlər üzrə.
Mülki Prosessual
Məcəllənin “Başqa şəxslərin hüquqlarını
və dövlət mənafeyini müdafiə etmək üçün məhkəməyə müraciət etmə” adlanan 59-cu
maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları,
ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının
və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud
digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə
bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan
şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia
qaldırıla bilər.
Maddənin məzmunundan göründüyü kimi,
göstərilən müraciətlər aşağıdakı əlamətlərlə xarakterizə olunur:
-
belə müraciətlərə yalnız
qanunla nəzərdə tutulan hallarda yol verilir və bu hüquqa yalnız qanunun
müvafiq normalarında göstərilən orqanlar, hüquqi və fiziki şəxslər malikdir;
-
belə müraciətlərə bir
qayda olaraq hüquqları,
azadlıqları və qanunla qorunan mənafeləri müdafiə olunan şəxslərin xahişi
(müraciəti) əsasında yol verilir. Məsələn, “İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci
hissəsinin beşinci abzasına əsasən, icra hakimiyyəti orqanlarının
istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları istehlakçıların hüquqlarının müdafiəsi
məqsədilə öz təşəbbüsü və ya istehlakçının (istehlakçılar ittifaqının) müraciəti
əsasında məhkəmə qarşısında iddia qaldıra bilər;
-
dövlət orqanları,
ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının
və qanunla qorunan mənafelərinin müdafiəsi üçün qanunla nəzərdə tutulmuş
hallarda onların xahişi olmadan yalnız iki əsasla müraciət edə bilərlər: a) fəaliyyət qabiliyyəti
olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün
və b) qeyri-müəyyən sayda şəxslərin (Mülki Prosessual Məcəllənin 59.1-ci
maddəsində bu “digər şəxslər” kimi ifadə olunub) – yəni, ictimai maraqların
müdafiəsi üçün. Məsələn, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 6-cı maddəsinin 1.8-ci bəndinə müvafiq olaraq, insan
həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və
başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması
və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında
ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin
məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv
edilməsini tələb etmək ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların,
vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin
hüquqlarına aid edilmişdir. Göründüyü kimi, bu hüququn qanunvericiliklə
birbaşa tanınmasında əsas məqsəd ətraf mühitin mühafizəsi ilə bağlı ictimai
maraqların qorunmasıdır.
Yuxarıda göstərilənlərdən müəyyən
edildiyi kimi, Mülki Prosessual Məcəllənin 59-cu maddəsinin tələbləri
baxımından dövlət orqanları, o cümlədən prokurorluq başqa şəxslərin
hüquqlarının, azadlıqlarının və mənafelərinin müdafiəsi üçün, bir qayda olaraq
onların müraciətinə əsasən iddia ilə məhkəməyə müraciət edə bilərlər. Həmin
norma ilə o da müəyyən edilmişdir ki, belə bir müraciətin mümkünlüyü üçün,
müvafiq müraciət imkanı birbaşa qanunda nəzərdə tutulmuş olmalıdır. Prokurorun mülki
mühakimə prosesində tərəf qismində iştirakının mümkünlüyü isə yalnız Mülki
Prosessual Məcəllənin yuxarıda məzmunu açıqlanmış 50 və 306.3-cü maddələri
ilə nəzərdə tutulmuşdur.
Beləliklə, Mülki Prosessual
Məcəllənin qeyd edilən maddələrinin əlaqəli şəkildə təhlili onu göstərir ki, prokuror yalnız dövlət
mənafeyinin müdafiəsi üçün dövlət idarə və təşkilatlarının və ya təsisçisi
dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin prokurora
müvafiq müraciəti olduqda mülki prosesdə (birinci instansiya məhkəməsində) iddiaçı və ya ərizəçi qismində tərəf ola bilər.
Prokurorun işdə iştirak etməyə cəlb olunmayan, yəni birinci instansiya
məhkəməsində iddiaçı və ya ərizəçi qismində tərəf olaraq iştirak etmədiyi işlər
üzrə məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxs qismində
apellyasiya protesti vermək hüququnun olub-olmaması ilə bağlı məsələyə gəldikdə
isə qeyd edilməlidir ki, belə şəxslərin hüquqi statusuna Konstitusiya Məhkəməsi
Plenumunun bir sıra qərarlarında aydınlıq gətirilmiş, onların pozulmuş hüquq və
azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyi
vurğulanmışdır.
İşdə iştirak etməyə
cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına
toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan
işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının
onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni
maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir
(Konstitusiya Məhkəməsi Plenumunun K.Maraevin şikayəti
üzrə 2016-cı il 29 iyul tarixli Qərarı).
Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə
maraqlarına toxunan şəxslərin həmin
aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların
hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və
ya mənafelərinə toxunulması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin
hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən
qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə
xələl gətirilməməlidir (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı).
Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllədə məhkəmə aktlarından
şikayət verilməsinin prosessual qaydası, müddətləri, məhkəmə qərarlarından
şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. məsələlər dəqiqliklə tənzimlənmişdir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət
vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə
iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma, qanuni
maraqlarına toxunulma ehtimalından çıxış edərək şikayətə baxan məhkəmə
instansiyasının spesifik xüsusiyyətləri nəzərə alınmaqla onların da işə cəlb
edilməsinin mümkünlüyünü müəyyən etmişdir.
Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə uyğun olaraq, işdə iştirak
etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə
toxunan hallarda, digər şəxslərin də apellyasiya şikayəti vermək hüququ vardır.
Göstərilən maddədə prokurorun yalnız bu Məcəllənin 50 və 306-cı maddələrinə
əsasən məhkəmə baxışında iddiaçı və ya ərizəçi olduğu hallarda məhkəmə
aktlarından protest verə bilmək imkanı tanınmışdır.
Apellyasiya instansiyası məhkəmələrinin aktlarından kassasiya şikayəti
verilməsi ilə bağlı eyni qayda Mülki Prosessual Məcəllənin 403.3-cü maddəsində
nəzərdə tutulmuşdur.
Beləliklə, mülki prosessual qanunvericilik işdə iştirak etməyə cəlb edilməyən,
lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər
şəxslərin də apellyasiya şikayəti vermək hüququnu tanısa da, prokurorun belə
imkanı yalnız onun Mülki Prosessual Məcəllənin
50 və 306-cı maddələrinə əsasən işdə iddiaçı və ya ərizəçi olduğu hallarda nəzərdə
tutulmuşdur.
Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə
dair” 2017-ci il 31 yanvar tarixli Qərarında oxşar məsələyə - inzibati xətalar
üzrə icraatda prokurorun protest vermə səlahiyyətinə münasibətdə, İnzibati Xətalar
Məcəlləsinin 54.3-cü maddəsinə istinadən prokurorun yalnız inzibati xətalar
haqqında işlərin baxılmasında iştirak etdikdə, həmin işlər üzrə məhkəmə tərəfindən
qəbul edilən qərar və ya qərardadlardan protest vermək hüququna malik olduğu qənaətinə
gəlinmişdir.
Digər bir Qərarında da Konstitusiya Məhkəməsinin Plenumu həmin məsələ ilə
bağlı eyni hüquqi mövqe nümayiş etdirmişdir.
Prokurorun, hansı şərtlərlə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından
protest vermək səlahiyyətini müəyyən etmək üçün, ilk növbədə, İnzibati Xətalar
Məcəlləsinin 54.3-cü maddəsinin məzmunundan çıxış etmək vacibdir. Həmin maddənin
mətnindən aydın olur ki, prokurorun protest vermək səlahiyyəti inzibati xəta
haqqında işə baxılmasında iştirak etməsi ilə şərtləndirilir (“Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq
haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi
müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 23 fevral tarixli
Qərar).
Dövlət mənafeyinin müdafiəsi üçün
cinayət mühakimə icraatı zamanı mülki iddianı və cinayət qanunu ilə nəzərdə
tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə üzərinə həbs
qoyulmuş əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul olunmuş məhkəmə
qətnaməsindən apellyasiya şikayətinin hansı dövlət orqanı tərəfindən verilməli
olması, eləcə də belə hallarda xüsusi müsadirənin tətbiqi ilə bağlı hökmün
hüquqi müqəddəratı ilə bağlı sorğuda qaldırılan məsələ ilə əlaqədar isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları
qeyd edir.
Cinayət-hüquqi tədbir
olaraq xüsusi müsadirə Cinayət Məcəlləsinin 99-1-ci maddəsində əmlakın məhkəmənin
yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi
müəyyən edilmişdir.
Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş
hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət
və vasitələr, cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına
əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi
əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər
əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya
cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün
nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı
ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır.
Xüsusi müsadirə ilə
bağlı ətraflı açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli
şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərarında
verilmişdir.
Qərarda göstərilmişdir ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə
edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya
digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq
müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş
ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi
mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən
irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə
mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın
cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin
predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə
edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın,
yaxud onun çox hissəsinin üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq
edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya
paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin
ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir.
Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi)
41.3-cü maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət
yolu ilə qazandığı vəsait hesabına əldə edildiyi və ya artırıldığı məhkəmənin
hökmü ilə müəyyən olunduqda, ödəmə bu əmlaka və ya onun bir hissəsinə yönəldilə
bilər.
Bu baxımdan sorğuda qeyd edilən işdə olduğu kimi, cinayət yolu ilə əldə
edilməsinə kifayət qədər sübutlar toplanılmış əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz
olaraq dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülkiyyət
hüquqlarının həyata keçirilməsi, payların bölünməsi və s. bu kimi hallar üzrə
mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna rəğmən
icra edilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli
516 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə
verilməsi” Qaydasının 1.2-ci bəndinə görə, xüsusi müsadirə növündə cinayət-hüquqi
tədbirinin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı
əmlak (qanuni sahibinə qaytarılmalı olan əmlak istisna olmaqla) üzərində dövlətin
mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsasdır.
Həmin Qaydanın xüsusi müsadirə edilmiş əmlakın aidiyyəti üzrə təhvil
verilməsi, istifadəsi və satışını tənzimləyən 3-cü bəndi ilə bəzi əşyaların
aidiyyəti üzrə müvafiq dövlət orqanları və təşkilatlarına (məsələn, pul vəsaitlərinin
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq
Agentliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı hesabına, mobil
telefon nömrələrinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinə) təhvil verilməli olduğu təsbit edilmişdir. Xüsusi müsadirə edilmiş
əmlakın satışının isə Maliyyə Nazirliyinin sifarişi əsasında Əmlak Məsələləri
Dövlət Xidməti tərəfindən hərrac yolu ilə həyata keçirildiyi müəyyən
olunmuşdur.
Odur ki, müəyyən əmlakla bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi,
payların bölünməsi və s. bu kimi hallar üzrə mülki mühakimə icraatı qaydasında
qəbul olunmuş qətnamə hər hansı dövlət idarə və təşkilatının və ya təsisçisi
dövlət və ya dövlət idarəsi olan, yaxud təşkilatı olan hüquqi şəxslərin mənafelərinə
toxunarsa, həmin subyektlər (məsələn, Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və
s.) müstəqil qaydada məhkəmə aktını mübahisələndirə bilərlər.
Həmçinin vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 60-cı
maddəsinin I hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət
mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə
apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsini Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə etməklə yanaşı, müəyyən etmişdir ki, məsələ
qanunvericilik qaydasında həll edilənədək Konstitusiyanın 60-cı maddəsinin I hissəsində
və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək
hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə
hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli
dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli
sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər (“Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli
şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərar).
Beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin
hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən
şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə
hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə
pozulduğunu hesab edən şəxslər, o cümlədən
ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə
predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət
işi üzrə icraata cəlb edilə bilərlər.
Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq aşağıdakı
nəticələrə gəlir:
-
Mülki Prosessual Məcəllənin 50, 59 və 306-cı maddələrinin tələblərinə əsasən,
dövlət mənafeyinin müdafiəsi üçün dövlət
idarə
və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı
olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda prokuror mülki prosesdə
iddiaçı və ya ərizəçi qismində tərəf ola bilər;
- Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə
uyğun olaraq, prokuror yalnız həmin Məcəllənin
50 və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi
olarsa, məhkəmə aktlarından protest verə
bilər;
-
Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Ailə Məcəlləsinin 41.3-cü
maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki və bu qərarlarında
formalaşdırdığı hüquqi mövqelərə əsasən, əmlakın
xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq
dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülki mühakimə
icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna baxmayaraq icra edilməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50, 59 və 306-cı
maddələrinin tələblərinə əsasən, dövlət mənafeyinin müdafiəsi üçün dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət
və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti
olduğu hallarda prokuror mülki prosesdə iddiaçı və ya ərizəçi qismində tərəf ola bilər.
2.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
357-ci maddəsinə uyğun olaraq, prokuror yalnız həmin Məcəllənin 50 və 306-cı
maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi
olarsa, məhkəmə aktlarından protest verə bilər.
3.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələrinə,
habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki və bu
qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsasən, əmlakın xüsusi müsadirə
cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə
alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülki mühakimə icraatı
qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna
baxmayaraq icra edilməlidir.
4. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
5. Qərar Azərbaycan Respublikasının rəsmi
dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
6. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz.
Sədr Fərhad Abdullayev