Qərarlar

30.03.23 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1 və 402.2-ci maddələrinə dair QƏRARDAD

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R D A D I

 

 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1 və 402.2-ci maddələrinə dair

 

 

30 mart 2023-cü il                                                                            Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1 və 402.2-ci maddələrinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Milli Məclisinin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mülahizələrini, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək apellyasiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququna münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1 və 402.2-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən göründüyü kimi, “Bank BTB” Açıq Səhmdar Cəmiyyəti E.Behbudov və digərlərinə qarşı kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək kredit borcu üzrə tutma ipoteka predmetinə yönəldilmişdir.

 “Bank BTB” ASC apellyasiya şikayəti  ilə yanaşı, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan qeyri-yaşayış binasında söküntü, tikinti və digər işlərin aparılmasının mülkiyyətçiyə və başqa şəxslərə qadağan olunmasını xahiş etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi ayrıca icraatda baxılaraq təmin olunmuşdur.

Eyni zamanda həmin məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəmələrinin qərardadlarından şikayət vermək hüququna münasibətdə Mülki Prosessual Məcəllənin 267.1 və 402.2-ci maddələrinin Konstitusiyanın 60-cı maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması qənaətinə gəlinmişdir.

Müraciətedən hesab edir ki, apellyasiya instansiyası məhkəmələrinin qərardadlarından şikayət vermək hüququna münasibətdə Mülki Prosessual Məcəllədə qeyri-müəyyənlik mövcuddur.

Belə ki, apellyasiya instansiyası məhkəmələrinin qərardadları 2 növə bölünür:

- birinci instansiya məhkəmələrinin aktlarının yoxlanılması nəticəsində çıxarılan qərardadlar;

- birinci instansiya məhkəmələrinin aktlarının yoxlanılmasına aidiyyəti olmayan qərardadlar.

Birinci instansiya məhkəmələrinin aktlarının yoxlanılmasına aidiyyəti olmayan qərardadların çıxarılması zamanı apellyasiya instansiyası məhkəməsi yoxlama funksiyasını yerinə yetirmir, yəni həmin məsələ üzrə birinci instansiya məhkəməsinin aktı olmadığından, bu qərardadlar bilavasitə apellyasiya instansiyası məhkəməsinə verilmiş vəsatət və ərizələr əsasında və ya məhkəmənin öz təşəbbüsü ilə qəbul edilir.

Müraciətedənin qənaətinə görə, qeyri-müəyyənlik məhz bu növ qərardadlardan şikayətin verilməsinin mümkünlüyü  ilə bağlıdır.  

Belə ki, Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsində məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilməsi müəyyən edildiyi halda, 402.2-ci maddəsində isə barəsində kassasiya şikayəti verilə bilən apellyasiya instansiyası məhkəməsinin qərardadlarının siyahısında birinci instansiya məhkəmələrinin aktlarının yoxlanılmasına aidiyyəti olmayan qərardadlar nəzərdə tutulmamışdır.

Müraciətdə göstərilmişdir ki, hazırda məhkəmə təcrübəsində Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin rəhbər tutulması nəticəsində birinci instansiya məhkəmələrinin aktlarının yoxlanılmasına aidiyyəti olmayan qərardadlardan şikayət verilməsi mümkün hesab edilmir,  bununla da Konstitusiyanın 60-cı maddəsində əks olunan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi şübhə altına alınmış olur.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı qeyd edir ki, Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinin tələblərinə görə məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən öz səlahiyyətləri çərcivəsində qanunun normasının tətbiqində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məsələsinin Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan hüquqi mövqelərə uyğun həll olunması mümkündür.

Bununla belə, məhkəmələr qanunun normasının tətbiqində yaranmış qeyri-müəyyənliyin öz səlahiyyətləri həddində aradan qaldırılmasının mümkün olmadığı qənaətinə gəldikdə, Konstitusiya Məhkəməsinə müraciət etməlidirlər.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin müraciətə səbəb olan 267.1 və 402.2-ci maddələrinin məzmununda hər hansı qeyri-müəyyənlik aşkar edilməmişdir.

Belə ki, Mülki Prosessual Məcəllənin məhkəmə qərardadları ilə bağlı məsələləri tənzimləyən 21-ci fəslinə aid olan 267.1-ci maddə ümumi norma olmaqla, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardadlardan həmin Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilinməsinin mümkünlüyünü müəyyən edir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsi isə barəsində kassasiya şikayətinin verilməsi mümkün olan apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş qərardadların siyahısını müəyyən edir.

Müraciətedənin Konstitusiyanın 60-cı maddəsində əks olunan məhkəmə təminatı hüququnun pozulmaması üçün apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəmələrinin aktlarının yoxlanılmasına aidiyyəti olmayan qərardadlarından şikayət verilməsinin mümkünlüyünün zəruriliyi ilə bağlı mövqeyinə dair aşağıdakılar qeyd olunmalıdır.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayətinə dair 2011-ci il 15 aprel tarixli Qərarı).

Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq iş üzrə tərəflərin məhkəmə müdafiəsi vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur.

Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı ifadə etdiyi hüquqi mövqeyinə görə, qanunverici tərəfindən birinci instansiya məhkəmələrinin aktlarını apellyasiya qaydasında mübahisələndirmək hüququ müəyyən olunmuşdursa, bu hüquq Konstitusiyanın 60-cı maddəsinin müdafiəsi altına düşür və buna müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinə müraciət etmək hüququ dövlət tərəfindən qorunmalıdır (“M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərar).

Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair əsas normativ hüquqi akt olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki mühakimə icraatının əsas qayda və şərtlərini müəyyən edən Mülki Prosessual Məcəllədə  qanunverici aydın tənzimetmə ilə hər hansı fərq qoymadan müvəqqəti təminat tədbiri barədə apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsinin mümkünlüyünü nəzərdə tutmamışdır.

O da qeyd edilməlidir ki, Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətin bölünməsi prinsipinə görə Konstitusiya Məhkəməsi normayaratma fəaliyyətinin subyekti, yəni hər hansı hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi aktı hazırlayan, o cümlədən onların müddəalarının mətnini dəyişən və ya əlavə normaları daxil edən orqan və ya normayaratma təşəbbüsünün subyekti deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, vətəndaşların şikayətləri əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya ədalət mühakiməsi orqanıdır.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə Bakı Apellyasiya Məhkəməsinin müraciəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ayrıca qərarının qəbul edilməsinə ehtiyac yoxdur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 62, 68 və 69.2-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA   ALDI:

 

1.        Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınsın.

2.        Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin müraciəti üzrə konstitusiya işinin icraatına xitam verilsin.

3.        Qərardadın surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

4.        Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

 

 

Sədr                                                                     Fərhad Abdullayev