AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R D A D I
Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 267.1 və 402.2-ci maddələrinə dair
30 mart 2023-cü
il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun
Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi
Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI
hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya
icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı
Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 267.1 və 402.2-ci maddələrinə dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim
R.İsmayılovun məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin və
Azərbaycan Respublikası Milli Məclisinin, mütəxəssislər Azərbaycan Respublikası
Ali Məhkəməsinin və Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının mülahizələrini, iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı
Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
müraciət edərək apellyasiya məhkəmələrinin qərardadlarından şikayət vermək
hüququna münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
267.1 və 402.2-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı
maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən
göründüyü kimi, “Bank BTB” Açıq Səhmdar Cəmiyyəti E.Behbudov və digərlərinə
qarşı kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia
ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Bakı şəhəri Binəqədi
Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən
təmin edilərək kredit borcu üzrə tutma ipoteka predmetinə yönəldilmişdir.
“Bank
BTB” ASC apellyasiya şikayəti ilə yanaşı, müvəqqəti təminat
tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti
olan qeyri-yaşayış binasında söküntü, tikinti və digər işlərin aparılmasının
mülkiyyətçiyə və başqa şəxslərə qadağan olunmasını xahiş etmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2022-ci il tarixli
qərardadı ilə iddiaçının ərizəsi ayrıca icraatda baxılaraq təmin olunmuşdur.
Eyni zamanda
həmin məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəmələrinin
qərardadlarından şikayət vermək hüququna münasibətdə Mülki Prosessual
Məcəllənin 267.1 və 402.2-ci maddələrinin Konstitusiyanın 60-cı maddəsi ilə
əlaqəli şəkildə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması
qənaətinə gəlinmişdir.
Müraciətedən
hesab edir ki, apellyasiya instansiyası məhkəmələrinin qərardadlarından şikayət
vermək hüququna münasibətdə Mülki Prosessual Məcəllədə qeyri-müəyyənlik
mövcuddur.
Belə ki,
apellyasiya instansiyası məhkəmələrinin qərardadları 2 növə bölünür:
- birinci
instansiya məhkəmələrinin aktlarının yoxlanılması nəticəsində çıxarılan
qərardadlar;
- birinci
instansiya məhkəmələrinin aktlarının yoxlanılmasına aidiyyəti olmayan
qərardadlar.
Birinci
instansiya məhkəmələrinin aktlarının yoxlanılmasına aidiyyəti olmayan
qərardadların çıxarılması zamanı apellyasiya instansiyası məhkəməsi yoxlama
funksiyasını yerinə yetirmir, yəni həmin məsələ üzrə birinci instansiya
məhkəməsinin aktı olmadığından, bu qərardadlar bilavasitə
apellyasiya instansiyası məhkəməsinə verilmiş vəsatət və ərizələr əsasında və
ya məhkəmənin öz təşəbbüsü ilə qəbul edilir.
Müraciətedənin
qənaətinə görə, qeyri-müəyyənlik məhz bu növ qərardadlardan şikayətin
verilməsinin mümkünlüyü ilə bağlıdır.
Belə ki, Mülki
Prosessual Məcəllənin 267.1-ci maddəsində məhkəmə tərəfindən ayrıca akt
şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət
verilə bilməsi müəyyən edildiyi halda, 402.2-ci maddəsində isə barəsində
kassasiya şikayəti verilə bilən apellyasiya instansiyası məhkəməsinin
qərardadlarının siyahısında birinci instansiya məhkəmələrinin aktlarının
yoxlanılmasına aidiyyəti olmayan qərardadlar nəzərdə tutulmamışdır.
Müraciətdə
göstərilmişdir ki, hazırda məhkəmə təcrübəsində Mülki Prosessual Məcəllənin
402.2-ci maddəsinin rəhbər tutulması nəticəsində birinci instansiya
məhkəmələrinin aktlarının yoxlanılmasına aidiyyəti olmayan qərardadlardan
şikayət verilməsi mümkün hesab edilmir, bununla da Konstitusiyanın
60-cı maddəsində əks olunan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi şübhə
altına alınmış olur.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə bağlı qeyd edir ki, Konstitusiyanın 130-cu
maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 33.1-ci maddəsinin tələblərinə görə məhkəmələr insan
hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın
və qanunların şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edə
bilərlər.
Qeyd
olunmalıdır ki, məhkəmələr tərəfindən öz səlahiyyətləri çərcivəsində qanunun
normasının tətbiqində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması
məsələsinin Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin
Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan hüquqi mövqelərə
uyğun həll olunması mümkündür.
Bununla belə,
məhkəmələr qanunun normasının tətbiqində yaranmış qeyri-müəyyənliyin öz
səlahiyyətləri həddində aradan qaldırılmasının mümkün olmadığı qənaətinə
gəldikdə, Konstitusiya Məhkəməsinə müraciət etməlidirlər.
Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin müraciətə səbəb
olan 267.1 və 402.2-ci maddələrinin məzmununda hər hansı qeyri-müəyyənlik aşkar
edilməmişdir.
Belə ki, Mülki
Prosessual Məcəllənin məhkəmə qərardadları ilə bağlı məsələləri tənzimləyən
21-ci fəslinə aid olan 267.1-ci maddə ümumi norma olmaqla, məhkəmə tərəfindən
ayrıca akt şəklində qəbul edilmiş qərardadlardan həmin Məcəllədə göstərilmiş
hallarda şikayət verilə bilinməsinin mümkünlüyünü müəyyən edir. Mülki Prosessual
Məcəllənin 402.2-ci maddəsi isə barəsində kassasiya şikayətinin verilməsi
mümkün olan apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş
qərardadların siyahısını müəyyən edir.
Müraciətedənin
Konstitusiyanın 60-cı maddəsində əks olunan məhkəmə təminatı hüququnun
pozulmaması üçün apellyasiya instansiyası məhkəməsinin birinci instansiya
məhkəmələrinin aktlarının yoxlanılmasına aidiyyəti olmayan qərardadlarından
şikayət verilməsinin mümkünlüyünün zəruriliyi ilə bağlı mövqeyinə dair
aşağıdakılar qeyd olunmalıdır.
Konstitusiyanın
60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə
müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm
Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan
Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə
tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna
təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının
və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər
tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli
qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun
“Viktor Ozerovun şikayətinə dair 2011-ci il 15 aprel tarixli Qərarı).
Məhkəməyə
müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn
pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini
əhəmiyyətsiz edir. Bu hüquq iş üzrə tərəflərin məhkəmə müdafiəsi vasitələrinə
çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real
imkanlarının olmasını nəzərdə tutur.
Konstitusiya
Məhkəməsi Plenumunun bununla bağlı ifadə etdiyi hüquqi mövqeyinə görə,
qanunverici tərəfindən birinci instansiya məhkəmələrinin aktlarını apellyasiya
qaydasında mübahisələndirmək hüququ müəyyən olunmuşdursa, bu hüquq
Konstitusiyanın 60-cı maddəsinin müdafiəsi altına düşür və buna müvafiq olaraq
apellyasiya instansiyası məhkəməsinə müraciət etmək hüququ dövlət tərəfindən
qorunmalıdır (“M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati
Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun
yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərar).
Konstitusiyanın
60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı,
müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının
prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu
məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni
olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair əsas normativ hüquqi akt
olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və
prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki
mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə
icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən
etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın
aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət
olunmaqla məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu
şikayətlərə baxılması qaydasını da tənzimləyir (Konstitusiya Məhkəməsi
Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli
Qərarı).
Beləliklə,
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki mühakimə icraatının əsas
qayda və şərtlərini müəyyən edən Mülki Prosessual
Məcəllədə qanunverici aydın tənzimetmə ilə hər hansı fərq qoymadan
müvəqqəti təminat tədbiri barədə apellyasiya instansiyası məhkəməsinin
qərardadından kassasiya şikayətinin verilməsinin mümkünlüyünü nəzərdə
tutmamışdır.
O da qeyd
edilməlidir ki, Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətin
bölünməsi prinsipinə görə Konstitusiya Məhkəməsi normayaratma fəaliyyətinin
subyekti, yəni hər hansı hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ
hüquqi aktı hazırlayan, o cümlədən onların müddəalarının mətnini dəyişən və ya
əlavə normaları daxil edən orqan və ya normayaratma təşəbbüsünün subyekti
deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, vətəndaşların
şikayətləri əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və
yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində
konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya ədalət mühakiməsi
orqanıdır.
Göstərilənlərə
əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, hazırkı
vəziyyətdə Bakı Apellyasiya Məhkəməsinin müraciəti üzrə Konstitusiya Məhkəməsi
Plenumunun ayrıca qərarının qəbul edilməsinə ehtiyac yoxdur.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 62, 68 və 69.2-ci
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının
təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınsın.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının
təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Bakı Apellyasiya
Məhkəməsinin müraciəti üzrə konstitusiya işinin icraatına xitam verilsin.
3. Qərardadın
surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
4. Qərardad
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında
yerləşdirilsin.
Sədr Fərhad
Abdullayev