AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R I
Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı
S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
28
fevral 2023-cü il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova,
Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və
Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin şikayətini və iş materiallarını
araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
“ÖZ-AK” Tarım
Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkəti (bundan sonra – “ÖZ-AK” Şirkəti)
S.Kazımlıya qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi
ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
İddia onunla əsaslandırılmışdır ki, “ÖZ-AK”
Şirkəti iddianı təmin etmə tədbirinin (hazırda müvəqqəti təminat tədbiri) tətbiqi nəticəsində
külli miqdarda pul vəsaitini istifadə etməkdən məhrum olmuşdur. Belə ki, S.Kazımlı
tərəfindən "ÖZ-AK" Şirkətinə qarşı pul tələbinə dair iddia
qaldırılmış və iddianı təmin etmə tədbiri kimi Abşeron Rayon Məhkəməsinin
12 avqust 2014-cü il tarixli qərardadı ilə "ÖZ-AK" Şirkəti və "Səba"
Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 mart 2014-cü il tarixli
"Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alğı-satqısı haqqında
müqavilə"yə əsasən sonuncunun "ÖZ-AK"
Şirkətinə 15 yanvar 2015-ci il tarixədək ödəyəcəyi 600 000 manat pul məbləğinin
üzərinə həbs qoyulmuş, həmin məhkəmənin 29
avqust 2014-cü il tarixli qərardadi ilə isə iddianı təmin etmə tədbiri olaraq ödəniləcək
pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara
alınmışdır.
Göstərilənlərə əsasən iddiaçı hesab etmişdir
ki, "ÖZ-AK" Şirkətinin pul vəsaitinin üzərinə həbs qoyulmadığı təqdirdə
o, 765 013 ABŞ dolları əldə etmiş olardı. Belə ki, qərardad qəbul olunan tarixdə Azərbaycan
Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi 1 USD = 0.7843 AZN
olmuşdur.
S.Kazımlı öz növbəsində "ÖZ-AK" Şirkətinə
qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə
müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal
Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qərardadı ilə iddianı təmin etmə tədbirinə dair ərizə təmin edilərək mülkiyyətində olan torpaq sahələrinin və
avtomobillərin üzərinə həbs qoyulmasının və həmin əmlakların özgəninkiləşdirilməsinin
və ya digər formada yüklü edilməsinin qadağan olunması qərara alınmış, bununla
da ona külli miqdarda ziyan dəymişdir. Belə ki, sadalanan torpaq sahələri
mülkiyyətində olduğu halda, o həmin əmlakları alğı-satqı yolu ilə digər şəxslərin
sərəncamına verə bilməmişdir.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17
sentyabr 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək 381 073
ABŞ dollarının tutularaq "ÖZ-AK" Şirkətinə ödənilməsi, qarşılıqlı
iddianın isə təmin edilməməsi qət edilmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi
ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 10 iyul
2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi S.Kazımlıdan
şirkətin xeyrinə pul vəsaitinin tutulması hissəsində ləğv edilmiş, həmin hissəyə
yenidən baxılması üçün iş apellyasiya baxışına göndərilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə S.Kazımlının apellyasiya
şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən
- ilkin iddia üzrə S.Kazımlıdan pul vəsaitinin tutularaq "ÖZ-AK" Şirkətinə
ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə
iddia rədd edilmişdir.
Ali Məhkəmənin Mülki Kollegiyasının 2 mart
2020-ci il tarixli qərarı ilə “ÖZ-AK” Şirkəti tərəfindən verilmiş kassasiya
şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən
baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin
qətnaməsi ləğv edilərək "ÖZ-AK" Şirkətinin S.Kazımlıya qarşı irəli
sürdüyü iddiasının təmin edilməməsi qət edilmişdir.
Ali Məhkəmənin Mülki Kollegiyasının 30 mart
2021-ci il tarixli qərarı ilə “ÖZ-AK” Şirkətinin kassasiya şikayəti təmin edilərək,
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli
qətnaməsi ləğv edilmiş və iş təkrar apellyasiya baxışına göndərilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 9 iyul 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin ayrı-ayrılıqda
verdiyi apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin
17 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən
saxlanılmışdır.
Ali Məhkəmənin Mülki Kollegiyasının 9 fevral
2022-ci il tarixli qərarı ilə "ÖZ-AK" Şirkəti və S.Kazımlı tərəfindən
verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının 9 iyul 2021-ci il tarixli qətnaməsinin “ilk iddiada irəli
sürülmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)
449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və
qarşılıqlı iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılması”
hissələri ləğv edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara
alınmışdır.
S.Kazımlı Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə
müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli
qərarının Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I
hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan
sonra – Mülki Prosessual Məcəllə) 416, 417 və 418-ci maddələrinə uyğunluğunun
yoxlanılmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar
aşağıdakıları qeyd etməyi zəruri hesab
edir.
Konstitusiyanın
60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə
müdafiəsinə təminat verilir.
Məhkəmə
müdafiəsi hüququ insan hüquq və azadlıqları sırasında olmaqla yanaşı,
Konstitusiyada təsbit edilmiş digər hüquqların da təminatı kimi çıxış edir. Bu
müdafiə vasitəsi məhkəməyə müraciətlə məhdudlaşmayaraq, pozulmuş hüquq və
azadlıqların səmərəli bərpasına yönələn ədalət mühakiməsini də nəzərdə tutur.
Qanuni
qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun
tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında
və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata
keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya
və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə
qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa
olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında”
Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh
edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı).
Müvəqqəti
təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi
vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı
kimi çıxış edir.
Belə
ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının
məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər
şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi
təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin)
mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq
məqsədilə müvəqqəti təminat tədbirlərinin
tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur (Mülki Prosessual
Məcəllənin 157.2-ci maddəsi).
Lakin,
müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən
məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz
məhdudlaşdırılması ilə nəticələnməməlidir.
Bu
səbəbdən də işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin
görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.
Müvəqqəti
təminat tədbiri üç əsas meyara cavab verməlidir:
- bu tədbirlər, onların tətbiqi üçün
əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir;
- bu tədbirlər müvəqqəti xarakter
daşımalıdır;
- tətbiq olunan tədbirlər verilmiş
əsas iddia tələblərinə mütənasib olmalıdır.
Məhkəmə,
təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin
tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə
qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə
irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə
qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin
olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən
tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını
çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.
Təmin
etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi
prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia
məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər
şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra
etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
157 və 158-ci maddələrinin bəzi
müddəalarına dair” 2018-ci il 14 mart tarixli Qərar).
Qeyd
olunmalıdır ki, qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində
maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın
icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb
etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi
nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki,
müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə
ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş
üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata
keçirilir.
Mülki
Prosessual Məcəllənin 164-cü maddəsinə görə, işi mahiyyəti üzrə həll edən
məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi
verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul
edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən
edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş
müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə
qaydasında tələb etməyə haqlıdır.
Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157
və 158-ci maddələrinin bəzi müddəalarına
dair” 2018-ci il 14 mart tarixli Qərarında formalaşdırılmış hüquqi
mövqeyinə görə, təmin etmə
tədbirlərinin qəbul olunması haqqında qərardadın yerinə yetirilməməsi
nəticəsində vurulmuş ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu
bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması
və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin
şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)
başa düşülür.
Qeyd
olunmalıdır ki, müvəqqəti
təminat tədbiri qanunverici tərəfindən təsbit olunan və icrası Mülki Prosessual
Məcəllənin 157.5-ci maddəsində göstərilən əsaslarla mümkün olan prosessual
hüquq olduğundan maraqlı
şəxsin bu hərəkəti heç bir halda mülki hüquq pozuntusu (deliktlər) kimi
qiymətləndirilə bilməz (Mülki Məcəllənin 1096-1097-ci maddələri).
Müvəqqəti
təminat tədbirinin tətbiqini tələb edən şəxsin bu hərəkəti nəticəsində vurulmuş
ziyana görə daşıdığı öhdəlik qanundan irəli gələn öhdəlik olmaqla, müvafiq
olaraq maraqlı şəxs də təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi
nəticəsində vurulmuş zərərin qarşılanmasını yalnız məhkəməyə Mülki Məcəllənin
21-ci maddəsinin dispozisiyasının şərtlərinə uyğun olaraq pozulmuş hüququnu
bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə, real zərərin dəyməsi
və ya əldən çıxmış faydaya dair mötəbər sübutları təqdim etməklə tələb edə
bilər.
Zərərin əvəzinin ödənilməsi zamanı
zərərin mövcudluğu və həcmi, dəymiş zərərlə zərər vuranın hərəkətləri arasında
səbəbli əlaqənin mövcudluğu faktı sübut edilməlidir. Həmin faktları sübut etmək
vəzifəsi zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin üzərinə düşür.
Məhkəmələr tərəfindən Mülki
Prosessual Məcəllənin 164-cü maddəsi üzrə işlərə baxılarkən, müvəqqəti təminat
tədbirlərinin tətbiqinə dair ərizənin mülki prosesin uzadılması, ilkin iddianın
hüquqdan sui-istifadə məqsədi ilə verilib-verilməməsi, mülki proses iştirakçılarının
mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində
davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı
olaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmi ağlabatanlıq
meyarlarına cavab verməklə mütənasiblik və ədalətlilik prinsipləri əsasında
müəyyənləşdirilməlidir.
Eləcə də Konstitusiya Məhkəməsinin
Plenumu, həmçinin qeyd etməyi vacib hesab edir ki, müvəqqəti təminat tədbirinin
tətbiqi ilə bağlı ərizələrə baxılarkən, məhkəmələr tərəfindən Mülki Prosessual
Məcəllənin 164-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi
nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı qanundan irəli gələn öhdəliyin
yaranması ehtimalının ərizəçiyə izah edilməsi məqsədəmüvafiqdir.
Hazırkı
iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyası ilk dəfə apellyasiya instansiyası məhkəməsinin
qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına göndərərkən göstərmişdir
ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1096.1-ci maddəsinə
iddianın qanuni əsası kimi istinad edərkən, iddianı təmin etmə tədbiri
barədə ərizənin delikt olmamasını nəzərə almamış və həmin normanın
hazırkı mübahisəyə tətbiq edilməsinin mümkünlüyü imkanını əsaslandırmamışdır.
Kassasiya instansiyası məhkəməsi qərarında məsələnin
Mülki Məcəllənin 21-ci və Mülki Prosessual Məcəllənin 164-cü maddələrinin tələbləri
baxımından həll edilməli olduğunu göstərmişdir. Ali Məhkəmənin Mülki
Kollegiyası həmçinin qeyd etmişdir ki, "ÖZ-AK"
Şirkəti təminat tədbiri nəticəsində pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi
və ya çəkməli olduğu xərclər barədə, əmlakının zədələnməsi (real zərərin dəyməsi),
adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi
barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu
bir daha qeyd etməyi vacib bilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində
vurulmuş zərərin ödənilməsi tələbi mülki hüquq pozuntusundan (deliktdən) irəli
gəlmir və o, yalnız maraqlı şəxsin məruz qaldığı xərclərə, əmlakının zədələnməsinə,
habelə adi mülki dövriyyə şəraitində müvəqqəti təminat tədbirlərinin tətbiq
edilmədiyi halda əldə edəcəyi gəlirlərə dair mötəbər sübutlarla təsdiq olunduğu
təqdirdə təmin edilə bilər.
Mülki
prosessual qanunvericiliyin tələblərinə görə, mülki işlər və kommersiya
mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında
bərabərliyi prinsipi əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin
etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə
etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə,
qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə
əsaslandıra bilməz (Mülki
Prosessual Məcəllənin 8.1, və 9.3-cü maddələri).
Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə
müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam
baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq
olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş
qüvvəsi yoxdur.
Sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı
qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o
zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə
və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş
üçün önəmli olan hallara əsaslansın.
Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün
işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması,
sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq
normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə
aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı
olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti
üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16
noyabr tarixli Qərarları).
Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən
isə qətnamə
iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə
uyğun əsaslandırılmalıdır.
Həmin Məcəllənin
217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, məhkəmə
(hakim) qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“ÖZ-AK” Şirkətinin S.Kazımlıya qarşı dəymiş zərərin
ödənilməsi tələbinin qismən təmin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin
mövqeyi ilə razılaşan Ali Məhkəmənin Mülki Kollegiyası 9 fevral 2022-ci il
tarixli qərarında qeyd olunan nəticəyə gələrkən
müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin həcmi ilə
bağlı kifayət qədər sübutların olub-olmamasını və bununla bağlı ətraflı
araşdırılmanın aparılmamasını nəzərə almamışdır. Halbuki məhkəmələr
Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə müvafiq olaraq, müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində
vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi yalnız işin hallarına
uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində Mülki Məcəllənin
21-ci maddəsinin dispozisiya şərtlərinin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə
təmin edə bilərlər.
O da qeyd olunmalıdır ki, ilk dəfə apellyasiya
instansiyası məhkəməsinin qərarını ləğv edib işi təkrar apellyasiya baxışına
göndərərkən Ali Məhkəmənin Mülki Kollegiyası vurğulamışdır ki, iddianın təmini
tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin mülki hüquq pozuntusu (delikt)
nəticəsində yaranmış zərər kimi qiymətləndirilməsi yolverilməzdir. Lakin
kassasiya instansiyası məhkəməsi sonuncu dəfə işə baxarkən qərarında Mülki Məcəllənin
delikti nəzərdə tutan 1096-cı maddəsinə istinad etmişdir.
Mülki prosessual qanunvericiliyə müvafiq
olaraq, kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin
instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin
416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində
baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün
tətbiq edilməsini yoxlayır.
Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin
tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq
olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin
vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının
ləğv edilməsi üçün əsasdır.
Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən
isə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları
pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın
ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul
edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Ali Məhkəmənin Mülki Kollegiyası isə
apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual
hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçinin
Konstitusiyanın 29 və 60-cı maddələrinin I hissələrində nəzərdə tutulmuş
mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları
pozulmuşdur.
Göstərilənlərlə
yanaşı Konstitusiya Məhkəməsinin Plenumu onu da
qeyd etməyi vacib bilir ki, kassasiya və işə yenidən baxan apellyasiya
instansiyası məhkəmələri arasındakı mülki prosessual hüquq münasibətləri Mülki
Prosessual Məcəllənin 417.1.3-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən
kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə
və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi
yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. İşin
yeni apellyasiya baxışına göndərilməsi ona mahiyyəti üzrə yenidən baxılması zərurətindən
irəli gəlir və apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri ilə
şərtləndirilir.
Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi
olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən
biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin
işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının
alınmasından ibarətdir. Bu səbəbdən, sözügedən vəzifənin yerinə yetirilməsi
kassasiya məhkəməsinin fəaliyyətinin qanunun bütün tələblərinə riayət edilməsi
baxımından mükəmməl olmasını tələb edir. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin
qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək
hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət
olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və
inandırıcı formada izah etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə
dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
Bu həmçinin Mülki Prosessual Məcəllənin
419.2.9-cu maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən,
kassasiya instansiyası məhkəməsinin qərarında apellyasiya instansiyası məhkəməsinin
aktları ləğv edildikdə apellyasiya instansiyası məhkəməsinin maddi və
prosessual hüquq normalarını pozması, yaxud düzgün tətbiq etməməsi barədə kassasiya
instansiyası məhkəməsinin dəlilləri göstərilməlidir.
Göründüyü kimi, qanunverici kassasiya
instansiyası məhkəməsinin qərarında göstərişlərin həmin işə yenidən baxan
apellyasiya instansiyası məhkəməsi üçün məcburiliyini onların hərtərəfli əsaslandırılması
və birmənalı izah edilməsi ilə şərtləndirmişdir. Əks yanaşma, yəni hazırkı işdə
olduğu kimi, kassasiya instansiyası məhkəməsi tərəfindən müxtəlif məzmunlu göstərişlərin
verilməsi məhkəmə təcrübəsində hüquq normalarının dəqiq və vahid qaydada tətbiq
olunmasında çətinlik yaratmış olur. Bu, həmçinin mübahisənin həlli zamanı
prosessual qənaət prinsipinin pozulması ilə nəticələnə bilər.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu belə nəticəyə gəlir ki, “ÖZ-AK” Şirkətinin S.Kazımlıya qarşı vurulmuş zərərin
əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki
Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı
maddələrinin I hissələrinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1, 418.2 və
419.2.9-cu maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra
edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
“ÖZ-AK” Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkəti Samir
Kazımlıya qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci
il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinin
I hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1,
418.1, 418.2 və 419.2.9-cu maddələrinə
uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda
əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2. Qərar
dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi
təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev