Постановления

28.02.23 AR MPM-in 164-cü mad. tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair



AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

28 fevral 2023-cü il                                                                                       Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin şikayətini  və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“ÖZ-AK” Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkəti (bundan sonra – “ÖZ-AK” Şirkəti) S.Kazımlıya qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.

İddia onunla əsaslandırılmışdır ki, “ÖZ-AK” Şirkəti iddianı təmin etmə tədbirinin (hazırda müvəqqəti təminat tədbiri) tətbiqi nəticəsində külli miqdarda pul vəsaitini istifadə etməkdən məhrum olmuşdur. Belə ki, S.Kazımlı tərəfindən "ÖZ-AK" Şirkətinə qarşı pul tələbinə dair iddia qaldırılmış və iddianı təmin etmə tədbiri kimi Abşeron Rayon Məhkəməsinin 12 avqust 2014-cü il tarixli qərardadı ilə "ÖZ-AK" Şirkəti və "Səba" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 mart 2014-cü il tarixli "Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alğı-satqısı haqqında müqavilə"yə əsasən sonuncunun "ÖZ-AK" Şirkətinə 15 yanvar 2015-ci il tarixədək ödəyəcəyi 600 000 manat pul məbləğinin  üzərinə həbs qoyulmuş, həmin məhkəmənin 29 avqust 2014-cü il tarixli qərardadi ilə isə iddianı təmin etmə tədbiri olaraq ödəniləcək pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır.

Göstərilənlərə əsasən iddiaçı hesab etmişdir ki, "ÖZ-AK" Şirkətinin pul vəsaitinin üzərinə həbs qoyulmadığı təqdirdə o, 765 013 ABŞ dolları əldə etmiş olardı.  Belə ki, qərardad qəbul olunan tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi 1 USD = 0.7843 AZN olmuşdur.

S.Kazımlı öz növbəsində "ÖZ-AK" Şirkətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qərardadı ilə iddianı təmin etmə tədbirinə dair ərizə təmin edilərək  mülkiyyətində olan torpaq sahələrinin və avtomobillərin üzərinə həbs qoyulmasının və həmin əmlakların özgəninkiləşdirilməsinin və ya digər formada yüklü edilməsinin qadağan olunması qərara alınmış, bununla da ona külli miqdarda ziyan dəymişdir. Belə ki, sadalanan torpaq sahələri mülkiyyətində olduğu halda, o həmin əmlakları alğı-satqı yolu ilə digər şəxslərin sərəncamına verə bilməmişdir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək 381 073 ABŞ dollarının tutularaq "ÖZ-AK" Şirkətinə ödənilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir.

  Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 10 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi S.Kazımlıdan şirkətin xeyrinə pul vəsaitinin tutulması hissəsində ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün iş apellyasiya baxışına göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə S.Kazımlının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddia üzrə S.Kazımlıdan pul vəsaitinin tutularaq "ÖZ-AK" Şirkətinə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 2 mart 2020-ci il tarixli qərarı ilə “ÖZ-AK” Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək "ÖZ-AK" Şirkətinin S.Kazımlıya qarşı irəli sürdüyü iddiasının təmin edilməməsi qət edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli qərarı ilə “ÖZ-AK” Şirkətinin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş təkrar apellyasiya baxışına göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 iyul 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarı ilə "ÖZ-AK" Şirkəti və S.Kazımlı tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 iyul 2021-ci il tarixli qətnaməsinin “ilk iddiada irəli sürülmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılması” hissələri ləğv edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

S.Kazımlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417 və 418-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi  zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə müdafiəsi hüququ insan hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquqların da təminatı kimi çıxış edir. Bu müdafiə vasitəsi məhkəməyə müraciətlə məhdudlaşmayaraq, pozulmuş hüquq və azadlıqların səmərəli bərpasına yönələn ədalət mühakiməsini də nəzərdə tutur.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı).

Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir.

Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin  tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur (Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsi).

Lakin, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

Bu səbəbdən də işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.

Müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir:

bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir;

bu tədbirlər müvəqqəti xarakter daşımalıdır;

tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır.

Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.

Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci  maddələrinin bəzi müddəalarına dair” 2018-ci il 14 mart tarixli Qərar).

Qeyd olunmalıdır ki, qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir.

Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə görə, işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci  maddələrinin bəzi müddəalarına dair” 2018-ci il 14 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyinə görə, təmin etmə tədbirlərinin qəbul olunması haqqında qərardadın yerinə yetirilməməsi nəticəsində vurulmuş ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbiri qanunverici tərəfindən təsbit olunan və icrası Mülki Prosessual Məcəllənin 157.5-ci maddəsində göstərilən əsaslarla mümkün olan prosessual hüquq olduğundan maraqlı şəxsin bu hərəkəti heç bir halda mülki hüquq pozuntusu (deliktlər) kimi qiymətləndirilə bilməz (Mülki Məcəllənin 1096-1097-ci maddələri).

Müvəqqəti təminat tədbirinin tətbiqini tələb edən şəxsin bu hərəkəti nəticəsində vurulmuş ziyana görə daşıdığı öhdəlik qanundan irəli gələn öhdəlik olmaqla, müvafiq olaraq maraqlı şəxs də təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin qarşılanmasını yalnız məhkəməyə Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiyasının şərtlərinə uyğun olaraq pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə, real zərərin dəyməsi və ya əldən çıxmış faydaya dair mötəbər sübutları təqdim etməklə tələb edə bilər.

Zərərin əvəzinin ödənilməsi zamanı zərərin mövcudluğu və həcmi, dəymiş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu faktı sübut edilməlidir. Həmin faktları sübut etmək vəzifəsi zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin üzərinə düşür.

Məhkəmələr tərəfindən Mülki Prosessual Məcəllənin 164-cü maddəsi üzrə işlərə baxılarkən, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizənin mülki prosesin uzadılması, ilkin iddianın hüquqdan sui-istifadə məqsədi ilə verilib-verilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı,  işin hallarından asılı olaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmi ağlabatanlıq meyarlarına cavab verməklə mütənasiblik və ədalətlilik prinsipləri əsasında müəyyənləşdirilməlidir.

Eləcə də Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin qeyd etməyi vacib hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizələrə baxılarkən, məhkəmələr tərəfindən Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı qanundan irəli gələn öhdəliyin yaranması ehtimalının ərizəçiyə izah edilməsi məqsədəmüvafiqdir.

Hazırkı iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyası ilk dəfə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına göndərərkən göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1096.1-ci maddəsinə iddianın qanuni əsası kimi istinad edərkən, iddianı təmin etmə tədbiri barədə ərizənin delikt olmamasını nəzərə almamış və həmin normanın hazırkı mübahisəyə tətbiq edilməsinin mümkünlüyü imkanını əsaslandırmamışdır.

Kassasiya instansiyası məhkəməsi qərarında məsələnin Mülki Məcəllənin 21-ci və Mülki Prosessual Məcəllənin 164-cü maddələrinin tələbləri baxımından həll edilməli olduğunu göstərmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası həmçinin qeyd etmişdir ki,  "ÖZ-AK" Şirkəti təminat tədbiri nəticəsində pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə, əmlakının zədələnməsi (real zərərin dəyməsi), adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbi mülki hüquq pozuntusundan (deliktdən) irəli gəlmir və o, yalnız maraqlı şəxsin məruz qaldığı xərclərə, əmlakının zədələnməsinə, habelə adi mülki dövriyyə şəraitində müvəqqəti təminat tədbirlərinin tətbiq edilmədiyi halda əldə edəcəyi gəlirlərə dair mötəbər sübutlarla təsdiq olunduğu təqdirdə təmin edilə bilər.

Mülki prosessual qanunvericiliyin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını  özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (Mülki Prosessual Məcəllənin 8.1, və 9.3-cü maddələri).

Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın.

Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).

Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən isə qətnamə iş üzrə müəyyən edilmiş  hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, məhkəmə (hakim) qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“ÖZ-AK” Şirkətinin S.Kazımlıya qarşı dəymiş zərərin ödənilməsi tələbinin qismən təmin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan Ali Məhkəmənin Mülki Kollegiyası 9 fevral 2022-ci il tarixli qərarında  qeyd olunan nəticəyə gələrkən müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin həcmi ilə bağlı kifayət qədər sübutların olub-olmamasını və bununla bağlı ətraflı araşdırılmanın aparılmamasını nəzərə almamışdır. Halbuki məhkəmələr Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə müvafiq olaraq, müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiya şərtlərinin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.

O da qeyd olunmalıdır ki, ilk dəfə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib işi təkrar apellyasiya baxışına göndərərkən Ali Məhkəmənin Mülki Kollegiyası vurğulamışdır ki, iddianın təmini tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin mülki hüquq pozuntusu (delikt) nəticəsində yaranmış zərər kimi qiymətləndirilməsi yolverilməzdir. Lakin kassasiya instansiyası məhkəməsi sonuncu dəfə işə baxarkən qərarında Mülki Məcəllənin delikti nəzərdə tutan 1096-cı maddəsinə istinad etmişdir.

Mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən isə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Ali Məhkəmənin Mülki Kollegiyası isə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrinin I hissələrində nəzərdə tutulmuş mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

 Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu onu da  qeyd etməyi vacib bilir ki, kassasiya və işə yenidən baxan apellyasiya instansiyası məhkəmələri arasındakı mülki prosessual hüquq münasibətləri Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. İşin yeni apellyasiya baxışına göndərilməsi ona mahiyyəti üzrə yenidən baxılması zərurətindən irəli gəlir və apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri ilə şərtləndirilir.

Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Bu səbəbdən, sözügedən vəzifənin yerinə yetirilməsi kassasiya məhkəməsinin fəaliyyətinin qanunun bütün tələblərinə riayət edilməsi baxımından mükəmməl olmasını tələb edir. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

Bu həmçinin Mülki Prosessual Məcəllənin 419.2.9-cu maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, kassasiya instansiyası məhkəməsinin qərarında apellyasiya instansiyası məhkəməsinin aktları ləğv edildikdə apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, yaxud düzgün tətbiq etməməsi barədə kassasiya instansiyası məhkəməsinin dəlilləri göstərilməlidir.

Göründüyü kimi, qanunverici kassasiya instansiyası məhkəməsinin qərarında göstərişlərin həmin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburiliyini onların hərtərəfli əsaslandırılması və birmənalı izah edilməsi ilə şərtləndirmişdir. Əks yanaşma, yəni hazırkı işdə olduğu kimi, kassasiya instansiyası məhkəməsi tərəfindən müxtəlif məzmunlu göstərişlərin verilməsi məhkəmə təcrübəsində hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasında çətinlik yaratmış olur. Bu, həmçinin mübahisənin həlli zamanı prosessual qənaət prinsipinin pozulması ilə nəticələnə bilər.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “ÖZ-AK” Şirkətinin S.Kazımlıya qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinin I hissələrinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1, 418.2 və 419.2.9-cu maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.          “ÖZ-AK” Tarım Gıda və Turizm Sənayi və Ticarət Anonim Şirkəti Samir Kazımlıya qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinin I hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1,  418.2 və 419.2.9-cu maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2.        Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.        Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4.        Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                          Fərhad Abdullayev