AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Palatasının
Q Ə R A R D A D I
Bərdə Rayon Məhkəməsinin
müraciətinə dair
6 fevral 2023-cü il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Palatası hakimlər Sona Salmanova
(sədrlik edən və məruzəçi-hakim), Rövşən İsmayılov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
Vüqar
Zeynalovun katibliyi ilə,
“Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən
Bərdə Rayon Məhkəməsinin müraciətinə
baxaraq,
MÜƏYYƏN
ETDİ:
Bərdə Rayon
Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət
edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477 və 558-ci
maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58, 257 və
258-ci maddələri ilə, eləcə də Mülki Məcəllənin 1243-cü maddəsinin Mülki
Prosessual Məcəllənin 4.1, 218.3, 306, 307.2.3 və 307.2.9-cu maddələri ilə
əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən
göründüyü kimi, Bərdə Rayon Məhkəməsinin icraatında “AccessBank” Qapalı Səhmdar
Cəmiyyətinin Ramiz, Rövşən və Əziz Şərifxanovlara və Zaur İmanova qarşı
kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş vardır.
Belə ki,
R.Şərifxanov və “AccessBank” QSC arasında 2 may 2014-cü il tarixli kredit xətti
müqaviləsi bağlanılmış, veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması
ilə müəyyən edilmiş, müxtəlif tarixlərdə müvafiq sazişlərlə kredit razılaşmasına
və ödəniş planına dəyişiklik edilmişdir.
Kredit
xətti müqaviləsi üzrə borclu tərəfindən öhdəliklərin icrasını təmin etmək
məqsədi ilə “AccessBank” QSC və
R.Şərifxanov, Ə.Şərifxanov və Z.İmanov arasında zaminlik müqavilələri
bağlanılmışdır. Həmin müqavilələrdə öhdəliyin icra edilməməsi halında
zaminlərin birgə məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur.
Borclu üzərinə
düşən öhdəliyi icra etmədiyi üçün “AccessBank” QSC 1 iyun 2020-ci il
tarixində kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi
ilə məhkəməyə müraciət etmişdir.
Bərdə Rayon
Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərardadı ilə borclu
R.Şərifxanov 22 sentyabr 2019-cu il tarixində öldüyündən onun hüquq
varisləri müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır.
Bundan
sonra “AccessBank” QSC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, R.Şərifxanovun hüquq
varisinin müəyyən edilməsi üçün notariat ofisinə müraciət edilmiş və
avtomatlaşdırılmış “Elektron notariat” informasiya sisteminin məlumat axtarış
bazasında 23 noyabr 2020-ci il tarixinədək olan dövrə qədər cavabdeh barəsində
vərəsəlik işinin açılmaması qeyd olunmuşdur. Bu səbəbdən əsas borcluya qarşı
iddia tələbinə digər cavabdeh olan və birgə məsuliyyət daşıyan zaminlərə
münasibətdə baxılması üçün icraatın təzələnməsi xahiş olunmuşdur.
Bərdə Rayon
Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli qərardadı ilə mülki işin icraatı
təzələnmişdir.
Müraciətdə qeyd
olunur ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra əsas borclunun öldüyü
məlum olduğu halda, məhkəmələrin sonrakı prosessual hərəkətləri ilə bağlı
məhkəmə təcrübəsində fərqli yanaşmalar mövcuddur. Belə ki, bəzi hallarda əsas
borclunun hüquq varisi müəyyən edilənə qədər mülki iş üzrə icraat dayandırılır,
bəzən əsas borclunun hüquq varisi müəyyən edilmədən iddia tələbi zaminlərə
münasibətdə təmin olunur və ya iddia tələbi (zaminlərə münasibətdə də) rədd
olunur, həmçinin bank tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl ölmüş
borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya
qaydasında) həll edilməsi barədə qaydaya əməl edilməməsi səbəbindən iddia
ərizəsi baxılmamış saxlanılır.
Mülki
Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq
münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən
biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə,
tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində
şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi
ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində
mümkündür.
Müraciətedən
həmçinin göstərir ki, zaminliyin hər iki növünün xüsusiyyətləri baxımından
kredit müqaviləsi üzrə öhdəliyin icrasının zaminə yönəldilməsi, vərəsəlik
şəhadətnaməsinin olmadığı halda borclunun öhdəliklərinin icrasının miras
qalmış əmlak hesabına təmin edilməsi, məhkəmələr tərəfindən müstəqil olaraq
mirasın faktiki qəbulu məsələsinin (qeyri-formal üsul) və ya cavabdehin ölüm
haqqında şəhadətnaməsi olmadıqda və ölüm faktının proses iştirakçılarına məlum
olduğu halda bu faktın müəyyən edilməsinin Mülki Prosessual Məcəllənin 218.3-cü
maddəsi baxımından iddia tələbindən kənara çıxılma kimi qiymətləndirilməsi, bu
faktın ayrıca məhkəmə prosesi çərçivəsində iddia icraatı qaydasında və ya
xüsusi icraat qaydasında müəyyən edilməsi, eyni zamanda bu hal üzrə kreditorun
müvafiq olaraq ərizəçi və ya iddiaçı kimi subyektiv hüquqa malik olub-olmaması
ilə bağlı məsələlərin həlli mübahisə doğurmaqla hüquq tətbiqetmədə
qeyri-müəyyənlik və çətinliklər yaradır.
Konstitusiya
Məhkəməsinin Palatası müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri
hesab edir.
Məhkəməyə
müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və
azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli
müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini
şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının
təminatı sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə
qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək
imkanlarını da əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid
olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını
deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya
instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci
maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral və “Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə
dair” 2017-ci il 12 aprel tarixli Qərarları).
Qeyd
olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi
müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə baxılmasının prosessual
qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə
qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını
təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən
şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini
müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.
Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və
şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən
mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət
olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi
və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.
Mülki
Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını,
həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq
hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya
Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust
tarixli Qərarı).
Kredit
müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə
cavabdehin (əsas borclunun) öldüyü halda onun vərəsələrinin prosessual hüquq
varisliyi qaydasında işə cəlb edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin
Palatası, ilk növbədə, qeyd etməyi vacib hesab edir ki, prosessual hüquq
varisliyi institutunun mövcudluğu bilavasitə maddi hüquqların varisliyi ilə
şərtləndirilmişdir. Yəni yalnız qarşılıqlı hüquq və vəzifələrin həyata
keçirilməsi ilə əlaqədar müvafiq davranış və hərəkətlərin icra edilməsini
ehtiva edən maddi hüquq münasibətləri olduğu halda mülki məhkəmə icraatında
prosessual hüquq varisliyi mümkün sayıla bilər.
Maddi hüquq
varisliyinin universal (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə) və
sinqular (tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq
münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) formaları mövcuddur.
Məsələn, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü
öhdəliyin xitamına səbəb olmaqla prosessual hüquq varisliyini istisna edir.
Belə ki, Mülki
Məcəllənin 558.1-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan
icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb ola bilər. Buna görə
də məhkəmələr tərəfindən, ilk növbədə, maddi hüquq varisliyi, sonradan isə
prosessual hüquq varisliyi məsələləri həll edilməlidir.
Konstitusiya
Məhkəməsinin Palatası qeyd etməyi zəruri hesab edir ki, mülki məhkəmə
prosesi məhz tərəfin onun hüquq varisi ilə əvəz edilməsi ilə davam edir
və Mülki Prosessual Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi
prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi
şəxs üçün məcburi olduğu kimi, hüquq varisi üçün də məcburidir. Bu halda
o, əvəz olunan şəxsin hüquq və vəzifələrinin ona keçməsini təsdiq edən
müvafiq sənədləri məhkəməyə təqdim etməyə borcludur (məsələn, vərəsəlik
şəhadətnaməsi).
Göründüyü kimi,
mülki hüquq münasibətlərinin iştirakçılarının hüquq və maraqlarının
ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməsinə yönələn
prosessual hüquq varisliyi institutu tərəflərin prosessual hüquqlarını təmin
edir, işlərə ağlabatan müddət ərzində baxılmasına və icraata qoşulmuş yeni
iştirakçı tərəfindən təqdim olunan sübutlara (əvəz edilən şəxsin prosessual hərəkətləri
ilə sıx bağlı olan) istinad edilməsinə imkan yaradır.
Burada qeyd
olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 254.1.1 və 256.0.1-ci
maddələrinin tələbinə görə, tərəfin ölümü prosessual hüquq varisliyinə yol
verərsə məhkəmə iş üzrə icraatı dayandırmağa borcludur və sıradan çıxmış
şəxsin hüquq varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmalıdır.
İşin
dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda və ya bu Məcəllənin
101.3-cü maddəsində nəzərdə tutulan ekspertin vəsatətinə baxılması zərurəti
yarandıqda, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü
ilə iş üzrə icraat təzələnir. İş üzrə icraatın dayandırılması və onun
təzələnməsi barədə məhkəmə qərardad çıxarır. İş üzrə icraatın dayandırılması
barədə məhkəmənin qərardadından şikayət verilə bilər (Məcəllənin 257 və 258-ci
maddələri).
Lakin Mülki
Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən
biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq
varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verməlidir. Buraya Mülki
Məcəllənin 558.1-ci maddəsində nəzərdə tutulan halları (məsələn sağlamlığa
vurulan zərərin ödənilməsi və s.) aid etmək olar.
Borclunun ölüm
haqqında şəhadətnaməsi olmadıqda ölüm faktının kredit borcunun tutulması
tələbinə baxan məhkəmə tərəfindən müəyyən edilməsinin iddia tələbindən kənara
çıxma kimi qiymətləndirilib-qiymətləndirilməməsi ilə bağlı Konstitusiya
Məhkəməsinin Palatası bir daha qeyd etməyi vacib hesab edir ki, tərəfin sıradan
çıxması işin məhkəmə baxışına hazırlanması zamanı baş verdikdə, Mülki
Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın
icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə
ərizə qaytarıla bilər.
Göstərilənlərə
əsasən, tərəflərdən biri sıradan çıxdıqda məhkəmə tərəfindən işə
baxılması davam etdirilərək (maddi hüquq varisliyin mövcud olduğu hal istisna
olmaqla) ölüm faktının müəyyən edilməsi yuxarıda sadalanan prosessual hüquq
normalarının tələblərinə uyğun olmamaqla yanaşı, Mülki Prosessual Məcəllənin
218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə
bilər.
Konstitusiya
Məhkəməsinin Palatası kreditorun borclunun ölüm faktının təsdiq edilməsi ilə
bağlı subyektiv hüquqa malik olub-olmaması ilə əlaqədar məsələyə gəldikdə isə
qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə
borclunun ölüm faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq
sahibi tərəfindən verilmədiyindən, lakin bu faktla bağlı olaraq digər
münasibətlərin tənzimlənməsində (məsələn, miras əmlakın faktiki qəbulu və s.)
mübahisə mövcud olduğundan, işə qanunvericilik normalarına uyğun olaraq
xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll
edilməlidir.
Konstitusiya
Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı
maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü
maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu
maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli
Qərarında kreditorun vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi
barədə ərizəsinin baxılmasının mümkünlüyü məsələsinə dair də oxşar mövqe ifadə
etmişdir.
Konstitusiya
Məhkəməsinin Palatası hesab edir ki, əks yanaşma, yəni kreditorun bu cür tələb
irəli sürmək hüququnun formal mülahizələrə əsasən məhdudlaşdırılması mülki
dövriyyə iştirakçılarının məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması
hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan
maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər.
Müraciətdə
qaldırılan zaminliklə təmin edilmiş öhdəlik üzrə borclunun öldüyü halda zaminin
məsuliyyəti ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 477-ci maddəsində
borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə
tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə
məsuliyyətli olmaqda davam edir.
Konstitusiya
Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, kreditorun tələbi, ilk növbədə,
mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə
alınmaqla, mirası qəbul etmiş vərəsələrə yönəlməlidir. Vərəsələrin isə öhdəliyi
icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda və ya miras əmlakın həcmi
vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan
vermədiyi təqdirdə kreditor zaminə qarşı tələb irəli sürməkdə haqlıdır.
Nəzərə
alınmalıdır ki, subsidiar məsuliyyətlə müqayisədə birgə məsuliyyət kreditorun
əsas borclunun öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi
təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya,
həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəltməsini
nəzərdə tutur.
Həmçinin, vərəsələrdən
fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə
məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə
görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam
təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı
maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun
tarixli Qərarı).
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, Bərdə Rayon
Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərin Mülki və Mülki
Prosessual Məcəllələrin müvafiq normalarına və həmin normalara dair
Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə
uyğun həll edilməsi mümkün olduğundan, hazırkı vəziyyətdə müraciətin
Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib baxılmasına və ayrıca
qərar qəbul edilməsinə zərurət duyulmur.
Konstitusiya
Məhkəməsinin Palatası “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 37.0.2, 60, 62, 68.1 və 69.2-ci maddələrini rəhbər tutaraq
QƏRARA
ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadında göstərilən
hallar nəzərə alınsın.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının
təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Bərdə Rayon
Məhkəməsinin müraciətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun icraatına qəbul olunmasından imtina edilsin.
3. Qərardadın
surəti 7 gün müddətində Bərdə Rayon Məhkəməsinə göndərilsin.
4. Qərardad
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc olunsun.
Sədrlik edən Sona Salmanova