Постановления

06.02.23 AR MM-in 477 və 558-ci maddələrinin AR MPM-in 58, 257 və 258-ci maddələri ilə, eləcə də MM-in 1243-cü maddəsinin MPM-in 4.1, 218.3, 306, 307.2.3 və 307.2.9-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair QƏRARDAD

           

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Palatasının

 

Q Ə R A R D A D I

 

 

Bərdə Rayon Məhkəməsinin müraciətinə dair

 

 

6 fevral 2023-cü il                                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası hakimlər Sona Salmanova (sədrlik edən və məruzəçi-hakim), Rövşən İsmayılov və  Kamran Şəfiyevdən ibarət tərkibdə,

Vüqar Zeynalovun katibliyi ilə,

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin müraciətinə baxaraq,      

 

MÜƏYYƏN  ETDİ:

 

Bərdə Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin  477 və 558-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58, 257 və 258-ci maddələri ilə, eləcə də Mülki Məcəllənin 1243-cü maddəsinin Mülki Prosessual Məcəllənin 4.1, 218.3, 306, 307.2.3 və 307.2.9-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən göründüyü kimi, Bərdə Rayon Məhkəməsinin icraatında “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin Ramiz, Rövşən və Əziz  Şərifxanovlara və Zaur İmanova qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş vardır.

Belə ki, R.Şərifxanov və “AccessBank” QSC arasında 2 may 2014-cü il tarixli kredit xətti müqaviləsi bağlanılmış, veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən edilmiş, müxtəlif tarixlərdə müvafiq sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir.

 Kredit xətti müqaviləsi üzrə borclu tərəfindən öhdəliklərin icrasını təmin etmək məqsədi ilə “AccessBank” QSC və R.Şərifxanov, Ə.Şərifxanov və Z.İmanov arasında zaminlik müqavilələri bağlanılmışdır. Həmin müqavilələrdə öhdəliyin icra edilməməsi halında zaminlərin birgə məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur.

Borclu üzərinə düşən öhdəliyi icra etmədiyi üçün “AccessBank” QSC 1 iyun 2020-ci il tarixində kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Bərdə Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərardadı ilə borclu R.Şərifxanov 22 sentyabr 2019-cu il tarixində öldüyündən onun hüquq varisləri müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır.

Bundan sonra “AccessBank” QSC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, R.Şərifxanovun hüquq varisinin müəyyən edilməsi üçün notariat ofisinə müraciət edilmiş və avtomatlaşdırılmış “Elektron notariat” informasiya sisteminin məlumat axtarış bazasında 23 noyabr 2020-ci il tarixinədək olan dövrə qədər cavabdeh barəsində vərəsəlik işinin açılmaması qeyd olunmuşdur. Bu səbəbdən əsas borcluya qarşı iddia tələbinə digər cavabdeh olan və birgə məsuliyyət daşıyan zaminlərə münasibətdə baxılması üçün icraatın təzələnməsi xahiş olunmuşdur.

Bərdə Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmişdir.

Müraciətdə qeyd olunur ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra əsas borclunun öldüyü məlum olduğu halda, məhkəmələrin sonrakı prosessual hərəkətləri ilə bağlı məhkəmə təcrübəsində fərqli yanaşmalar mövcuddur. Belə ki, bəzi hallarda əsas borclunun hüquq varisi müəyyən edilənə qədər mülki iş üzrə icraat dayandırılır, bəzən əsas borclunun hüquq varisi müəyyən edilmədən iddia tələbi zaminlərə münasibətdə təmin olunur və ya iddia tələbi (zaminlərə münasibətdə də) rədd olunur, həmçinin bank tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl ölmüş borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barədə qaydaya əməl edilməməsi səbəbindən iddia ərizəsi baxılmamış saxlanılır.

Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

Müraciətedən həmçinin göstərir ki, zaminliyin hər iki növünün xüsusiyyətləri baxımından kredit müqaviləsi üzrə öhdəliyin icrasının zaminə yönəldilməsi, vərəsəlik şəhadətnaməsinin olmadığı  halda borclunun öhdəliklərinin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi, məhkəmələr tərəfindən müstəqil olaraq mirasın faktiki qəbulu məsələsinin (qeyri-formal üsul) və ya cavabdehin ölüm haqqında şəhadətnaməsi olmadıqda və ölüm faktının proses iştirakçılarına məlum olduğu halda bu faktın müəyyən edilməsinin Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsi baxımından iddia tələbindən kənara çıxılma kimi qiymətləndirilməsi, bu faktın ayrıca məhkəmə prosesi çərçivəsində iddia icraatı qaydasında və ya xüsusi icraat qaydasında müəyyən edilməsi, eyni zamanda bu hal üzrə kreditorun müvafiq olaraq ərizəçi və ya iddiaçı kimi subyektiv hüquqa malik olub-olmaması ilə bağlı məsələlərin həlli mübahisə doğurmaqla hüquq tətbiqetmədə qeyri-müəyyənlik və çətinliklər yaradır.

Konstitusiya Məhkəməsinin Palatası müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Məhkəməyə müraciət etmək  hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarları).

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.

Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).

Kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə cavabdehin (əsas borclunun) öldüyü halda onun vərəsələrinin prosessual hüquq varisliyi qaydasında işə cəlb edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Palatası, ilk növbədə, qeyd etməyi vacib hesab edir ki, prosessual hüquq varisliyi institutunun mövcudluğu bilavasitə maddi hüquqların varisliyi ilə şərtləndirilmişdir. Yəni yalnız qarşılıqlı hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq davranış və hərəkətlərin icra edilməsini ehtiva edən maddi hüquq münasibətləri olduğu halda mülki məhkəmə icraatında prosessual hüquq varisliyi mümkün sayıla bilər.

Maddi hüquq varisliyinin universal (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə) və sinqular (tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) formaları mövcuddur. Məsələn, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olmaqla prosessual hüquq varisliyini istisna edir.

Belə ki, Mülki Məcəllənin 558.1-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb ola bilər. Buna görə də məhkəmələr tərəfindən, ilk növbədə, maddi hüquq varisliyi, sonradan isə prosessual hüquq varisliyi məsələləri həll edilməlidir.

Konstitusiya Məhkəməsinin Palatası qeyd etməyi zəruri hesab edir ki, mülki məhkəmə  prosesi məhz tərəfin onun hüquq varisi ilə əvəz edilməsi ilə davam edir və Mülki Prosessual Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquq varisi üçün də məcburidir. Bu halda o, əvəz olunan şəxsin hüquq və vəzifələrinin ona keçməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməyə borcludur (məsələn, vərəsəlik şəhadətnaməsi).

Göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməsinə yönələn prosessual hüquq varisliyi institutu tərəflərin prosessual hüquqlarını təmin edir, işlərə ağlabatan müddət ərzində baxılmasına və icraata qoşulmuş yeni iştirakçı tərəfindən təqdim olunan sübutlara (əvəz edilən şəxsin prosessual hərəkətləri ilə sıx bağlı olan) istinad edilməsinə imkan yaradır.

Burada qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 254.1.1 və  256.0.1-ci maddələrinin tələbinə görə, tərəfin ölümü prosessual hüquq varisliyinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırmağa borcludur və sıradan çıxmış şəxsin hüquq varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmalıdır.

İşin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda və ya bu Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulan ekspertin vəsatətinə baxılması zərurəti yarandıqda, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. İş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər (Məcəllənin 257 və 258-ci maddələri).

Lakin Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verməlidir. Buraya Mülki Məcəllənin 558.1-ci maddəsində nəzərdə tutulan halları (məsələn sağlamlığa vurulan zərərin ödənilməsi və s.) aid etmək olar. 

Borclunun ölüm haqqında şəhadətnaməsi olmadıqda ölüm faktının kredit borcunun tutulması tələbinə baxan məhkəmə tərəfindən müəyyən edilməsinin iddia tələbindən kənara çıxma kimi qiymətləndirilib-qiymətləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Palatası bir daha qeyd etməyi vacib hesab edir ki, tərəfin sıradan çıxması işin məhkəmə baxışına hazırlanması zamanı baş verdikdə, Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.

Göstərilənlərə əsasən, tərəflərdən biri sıradan çıxdıqda məhkəmə tərəfindən  işə baxılması davam etdirilərək (maddi hüquq varisliyin mövcud olduğu hal istisna olmaqla) ölüm faktının müəyyən edilməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə uyğun olmamaqla yanaşı, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilər.

Konstitusiya Məhkəməsinin Palatası kreditorun borclunun ölüm faktının təsdiq edilməsi ilə bağlı subyektiv hüquqa malik olub-olmaması ilə əlaqədar məsələyə gəldikdə isə qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə borclunun ölüm faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən, lakin bu faktla bağlı olaraq digər münasibətlərin tənzimlənməsində (məsələn, miras əmlakın faktiki qəbulu və s.) mübahisə mövcud olduğundan, işə qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu  “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında kreditorun vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə ərizəsinin baxılmasının mümkünlüyü məsələsinə dair də oxşar mövqe ifadə etmişdir.

Konstitusiya Məhkəməsinin Palatası hesab edir ki, əks yanaşma, yəni kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrə əsasən məhdudlaşdırılması mülki dövriyyə iştirakçılarının məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər.

Müraciətdə qaldırılan zaminliklə təmin edilmiş öhdəlik üzrə borclunun öldüyü halda zaminin məsuliyyəti ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir.

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, kreditorun tələbi, ilk növbədə, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla, mirası qəbul etmiş vərəsələrə yönəlməlidir. Vərəsələrin isə öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda və ya miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədiyi təqdirdə kreditor zaminə qarşı tələb irəli sürməkdə haqlıdır.

Nəzərə alınmalıdır ki, subsidiar məsuliyyətlə müqayisədə birgə məsuliyyət kreditorun əsas borclunun öhdəliyi icra etmədiyi  və ya lazımınca icra etmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəltməsini nəzərdə tutur.

 Həmçinin, vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il  4 iyun tarixli Qərarı).

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, Bərdə Rayon Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərin Mülki və Mülki Prosessual Məcəllələrin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsi mümkün olduğundan, hazırkı vəziyyətdə müraciətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib baxılmasına və ayrıca qərar qəbul edilməsinə zərurət duyulmur.

Konstitusiya Məhkəməsinin Palatası “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 37.0.2, 60, 62, 68.1 və 69.2-ci maddələrini rəhbər tutaraq

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadında göstərilən hallar nəzərə alınsın.

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Bərdə Rayon Məhkəməsinin müraciətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunmasından imtina edilsin.

3. Qərardadın surəti 7 gün müddətində Bərdə Rayon Məhkəməsinə göndərilsin.

4. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc olunsun.

 

 

 

Sədrlik edən                                                                Sona Salmanova