Qərarlar

28.12.22 AR CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd”

hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə”

 ilə bağlı müddəasının şərh edilməsinə dair

 

 

28 dekabr 2022-ci il                                                                                       Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi C.Hüseynin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri M.Mustafayev və V.Babayevin mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Rzayevanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, İ.Əhmədovaya Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarına əsasən barəsində cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən apellyasiya protesti verilmiş və protest belə əsaslandırılmışdır ki, məhkəmə təqsirləndirilən şəxsin əvvəllər Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini nəzərə almamışdır.

Belə ki, İ.Əhmədova 2019-cu ilin sentyabr ayında törətmiş olduğu əməllərə görə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Eyni zamanda Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü ilə 2019-cu ilin avqust, 2021-ci ilin may aylarında törətdiyi dələduzluq cinayətlərinə görə təqsirli bilinərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hazırkı iş üzrə onun törətdiyi əməllər 2020-ci ilin yanvar və aprel aylarına təsadüf etməklə, Sumqayıt Şəhər Məhkəməsinin və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin müvafiq aktları çıxarılmamışdan əvvəl törədilmişdir.

Müraciətdə göstərilmişdir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin tələbinə görə, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.

Cinayət işinə baxılması zamanı həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilmə ilə bağlı formalaşmış təcrübə nəzərdən keçirilərkən fərqli mövqelərin olduğu müəyyən edilmişdir.

Belə ki, mübahisə doğuran məsələ şəxsin Cinayət Məcəlləsinin 11-ci fəslində təsbit edilmiş maddələrdə nəzərdə tutulmuş bir neçə əsasla məsuliyyətdən azad edilməsinin, yəni bir dəfə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxsin, sonradan həmin Məcəllənin 73-1.2-ci maddəsi ilə yenidən məsuliyyətdən azad edilməsinin mümkün olub-olmaması ilə bağlıdır.

Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin şəxsin müvafiq qaydada məsuliyyətdən yalnız bir dəfə azad olunması ilə bağlı tələbin Cinayət Məcəlləsinin 11-ci fəslində təsbit edilmiş hər hansı bir əsasla əvvəl cinayət məsuliyyətindən azad edilmiş şəxsin sonradan həmin fəsildə nəzərdə tutulmuş başqa bir əsasla məsuliyyətdən azad edilməsini ehtiva edib-etməməsi, yəni bir dəfə Cinayət Məcəlləsinin 72-ci maddəsinə əsasən səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilmiş şəxsin sonradan mülkiyyət əleyhinə olan cinayətlərə görə yenidən Məcəllənin 73-1-ci maddəsinə əsasən məsuliyyətdən azad edilməsinin mümkünlüyü ilə bağlı da fərqli yanaşmalar müşahidə olunmaqdadır.

Müraciətedən həmçinin qeyd edir ki, şəxsin Cinayət Məcəlləsinin 11-ci fəslində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilənədək törətdiyi, lakin sonradan aşkar edilmiş əməllərə görə yenidən cinayət məsuliyyətindən azad edilməsinin mümkün olub-olmaması ilə əlaqədar hüquq tətbiqedənlər arasında müxtəlif mövqelər vardır.

Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi vahid təcrübənin formalaşdırılmasına və qüvvədə olan qanunvericiliyin eyni qaydada tətbiq edilməsinə nail olmaq, bununla da hüquqi müəyyənlik prinsipinin tələblərinin təmin edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun normativ hüquqi aktların rəsmi şərh edilməsi qaydası adlanan 90.2-ci maddəsinə əsasən, normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (“M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarlar).

Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirilməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərarı).

Buna görə də Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərin həlli ilə əlaqədar, ilk növbədə, cinayət məsuliyyəti və məsuliyyətdən azad etmə institutlarının mahiyyəti, həmçinin Cinayət Məcəlləsinə əlavə olunmuş və şərhi tələb edilən 72-ci maddənin “Qeyd” hissəsinin tənzimləmədə rolu, hüquqi təyinatı və digər maddələrlə funksional əlaqəsi haqqında aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır.

Bununla belə qanunla nəzərdə tutulan bir sıra hallarda şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Cinayət məsuliyyətindən azad etmə təqsirləndirilən şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət tədbirlərinin təsirinə məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli dövlət orqanının rəsmi aktında ifadə edilmiş qərardır.

Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 11-ci fəslinə 2017-ci il 20 oktyabr tarixli Qanunla dəyişiklik edilənədək cinayət məsuliyyətindən azad etmə Məcəllənin 72-ci (səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə), 73-cü (zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə), 74-cü (şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) və 75-ci (müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) maddələri ilə tənzimlənirdi və müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə istisna olmaqla, həmin maddələrlə məsuliyyətdən azad etmə yalnız ilk dəfə böyük ictimai təhlükə törətməyən (şəraitin dəyişməsi ilə bağlı, həmçinin az ağır) cinayət törətmiş şəxslərə tətbiq edilirdi.

Cinayət qanunvericiliyinə edilmiş qeyd edilən dəyişikliklərlə Cinayət Məcəlləsinin 11-ci fəslinə  məsuliyyətdən azad etmənin yeni şərtlərini tənzimləyən 73-1 (mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə), 73-2 (iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə) və 74-1-ci (narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) maddələri əlavə edilmiş, o cümlədən həmin Qanunla Məcəllənin 72, 73, 74-cü maddələrindən “ilk dəfə” sözləri çıxarılmış, 72-ci maddəsinə  “Qeyd” hissəsi əlavə edilmişdir. “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.

Göründüyü kimi, qanunverici şəxsin cinayət məsuliyyətindən azad olunması ilə bağlı müvafiq müddəalardan cinayətin ilk dəfə törədilmiş olması tələbini çıxararaq, cinayət məsuliyyətindən azad etmənin “yalnız bir dəfə” tətbiq oluna bildiyini təsbit etmişdir.

Bu dəyişikliklərin səbəbi ondan ibarət olmuşdur ki, əvvəllər törədilmiş cinayətə görə cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən yenidən eyni və ya başqa cinayətlərin törədilməsi Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrinin tələblərinə əsasən nə təkrarlığı, nə cinayətlərin məcmusunu, nə də residivi yaratdığından, həmin əməllər ilk dəfə törədilmiş hesab edilməklə şəxsin təkrar-təkrar məsuliyyətdən azad edilməsini mümkün edirdi.

Qanunverici tərəfindən Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi ilə məhdudiyyətin tətbiq edilməsi, yəni şəxsin müvafiq qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilməsinin müəyyənləşdirilməsi şəxsin məhdudiyyətsiz şəkildə məsuliyyətdən azad edilməsinin qarşısını alır ki, burada da məqsəd cəmiyyətdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranmasının qarşısını almaq, məsuliyyətdən azad etmə institutunun tətbiqi zamanı Cinayət Məcəlləsinin qarşısında duran vəzifələrə mütənasibliyi qoruyub saxlamaqdır.

Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərar).

Qeyd edilməlidir ki, cinayət məsuliyyətindən azad etmə dövlət adından mühakimə edilməməsi və barəsində ittihamedici hökm çıxarılmaması ilə əlaqədar təqsirləndirilən şəxs üçün  tanınan imkandır. Lakin şəxs barəsində cinayət mühakiməsinin aparılmasından müxtəlif əsaslarla və dəfələrlə imtina edilməsi, həmçinin yalnız bir dəfə deyil, dəfələrlə cinayət törətmiş şəxsə münasibətdə məsuliyyətdən azad etmənin tətbiq edilməsi Cinayət Məcəlləsinin 2.1-ci maddəsi ilə müəyyən edilən cinayətlərin qarşısını almaqla bağlı Cinayət Məcəlləsinin vəzifəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 8-ci maddəsi ilə müəyyən edilən şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək kimi cinayət mühakimə icraatının vəzifələrinə uyğun gəlməməklə bərabər, yuxarıda qeyd olunduğu kimi, digər şəxslərdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranması, eyni zamanda sosial ədalətin pozulması ilə nəticələnə bilər.

Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da ifadə olunmuş hüquqi mövqeyə əsasən,  ibtidai araşdırmanın gedişində bir neçə cinayət əməlinin törədilməsinə dair güclü əsaslı şübhələrin müəyyən edilməsinə baxmayaraq, təqsirsizlik prezumpsiyasına əsaslanmaqla bu cinayətlərdən heç olmasa biri üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün çıxarılmamasına istinadən əməlin ilk dəfə törədilmiş hesab olunması, cinayətlərin təkrar törədilməsinin və ya cinayətlərin məcmusunun yaranmasının obyektiv həqiqət kimi inkarına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş “ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs” anlayışının şərh edilməsinə dair” 2009-cu 25 dekabr il tarixli Qərar).

Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən yenidən cinayət əməlinin törədilməsi cinayətin ilk dəfə törədilməsi hesab edilməməlidir. Çünki əməli ilk dəfə törətmiş şəxs qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri yerinə yetirdiyi halda artıq ictimai təhlükəli olmadığını ifadə etməklə, cinayət məsuliyyətinə cəlb edilmədən də onun belə davranışlardan çəkinməsinə, islah olunmasına nail olmaq mümkün olur. Lakin şəxsin bir neçə cinayət əməlinin törədilməsində və ya eyni əməli bir neçə dəfə törətməsində təqsirləndirilməsi artıq həmin şəxsin şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir. Bu kimi hallarda şəxsi cinayət məsuliyyətindən azad etmək, yəni onu dövlət adından mühakimə etməmək, hüquq qaydalarının qorunmasına mane olmaqla və şəxsin təkrar cinayət törətməsinə imkan yaratmaqla bərabər, cinayət qanunvericiliyinin qarşısında duran vəzifələrin həllinə imkan verməmiş olar.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin məzmunu kifayət qədər aydın və birmənalı olmaqla, imperativ qaydada Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə nəzərdə tutulmuş əsaslar üzrə mühakimə olunmaqdan ümumilikdə yalnız bir dəfə azad edilmənin mümkünlüyünü müəyyən etmişdir.

Həmçinin göstərilməlidir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən azad edildikdən sonra yenidən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar qismində cəza təyini cəzanın növünün və həddinin seçilməsi zamanı nəzərə alına bilər.

Müraciətdə qaldırılan digər məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı zəruri hesab edir ki, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının vəzifələridir (Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi).

Bu baxımdan əgər şəxsin törətdiyi cinayət əməllərinin hər biri onun törətmiş olduğu cinayət əməllərindən hər hansı birinə görə cinayət məsuliyyətindən azad edilməsindən əvvəl aşkar olunmuş olsaydı, bu, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 16 və 17-ci maddələrinə əsasən təkrarlıq və ya cinayətlərin məcmusunu yaradardı. Bu isə şəxsin qanunvericiliklə məsuliyyətdən azad edilmənin mümkün olduğu halda cinayət məsuliyyətindən azad edilməsinə imkan vermiş olardı. Lakin şəxsin cinayət məsuliyyətindən azad edildikdən sonra həmin ana qədər törətdiyi digər cinayət əməli ilə bağlı icraatda artıq bir dəfə cinayət məsuliyyətindən azad edilmiş şəxs kimi qiymətləndirilməsi onun vəziyyətini ağırlaşdırmaqla, cinayət qanunvericiliyinin prinsiplərinin pozulmasına gətirib çıxarar.

Nəzərə alınmalıdır ki, qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquqtətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması  hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olmaqla, cinayət qanunvericiliyinin vəzifələrinin icrasının mümkünsüzlüyünə gətirib çıxara bilər.

Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin həmin anadək törətmiş olduğu digər cinayətləri aşkar edildiyi halda, barəsində cinayət məsuliyyətindən azad etmənin tətbiqi mümkündür.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər.

Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər;  

- Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər.  

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                                          Fərhad Abdullayev